Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-119/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3797/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. İddiaçıya məxsus ünvana xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və eyni tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib olunmuşdur. Akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2022-ci ilin oktyabr ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 825 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir.
3. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən iddiaçıya məxsus ünvana baxış keçirilmiş və eyni tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib olunmuşdur. Akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2022-ci ilin noyabr ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 80370 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir.
4. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilərkən ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib olunmuşdur. Akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2022-ci ilin dekabr ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 97542 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir.
5. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib olunmuş və həmin akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı MMC-yə məxsus istixanada yerləşən abonent kodu **********05600 olan 2023-cü ilin yanvar ayı ərzində qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki il(lər)in cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən 252995 m3 müəyyən edildi. Hesabatın müyyən olunmuş qaz sərfi ilə (günlərin sayından asılı olaraq) aparılmasına abonent tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir.
6. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən SS 14-2-2/3-5- 831-2 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtib olunmuş və həmin akta əsasən "Azəriqaz” İB-nin 14-2-2/3-5-831 saylı xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xəzər rayon Xidmət sahəsinin "P and P LTD” MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G1000 markalı 21942 nömrəli turbin tipli "Siqnal" qaz sayğacı xx.xx.2023-cü il tarixində xətdən çıxarılmış (Forma-2 №9033182), xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü daxildədir. Termo yataq sayğacın üzərində aşkar edilmədi. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Ehtiyat batareya quraşdırıldı. Göstəricilər Vbt =6737093 m3 , Vt:=1651605 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 188621 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Təzyiq çeviricisi normaldır. Temperatur çeviricisi nasazdır.
7. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən İddiaçı MMC-yə məxsus istixanada yerləşən sayğacın Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən korrektoru sönmüşdür.
8. "P and P LTD” MMC-nin abonent saldosunda qalıq və aktlar qrafasında 2022-ci ilin oktyabr ayı üçün 181,50 manat, 2022-ci ilin noyabr ayı üçün 17681,40 manat, 2022ci ilin dekabr ayı üçün 21459,24 manat, 2023-cü ilin yanvar ayı üçün 55658,90 manat, 2023-cü ilin may ayı üçün isə 39872,36 manat, ümumilikdə 134853,40 manat məbləğində cərimə hesablanmış, son borc isə 40031,88 manat göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 134853,40 manat məbləğində ümumi borcun 39872,36 manat hissəsinin **********05600 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 94981,04 manat hissəsinin isə **********05600 nömrəli abonent hesabına geri qaytarılması və mediasiyaya görə ödənilmiş 400 manat, dövlət rüsumuna görə isə ödənilmiş 24,85 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, 5 akt əsasında iddiaçıya ümumilikdə 134853,40 manat məbləğində borc hesablanmışdır. Sözügedən aktlarla bağlı tərəfindən cavabdehə müraciət edildikdə bildirmişlər ki, aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək onların qaz hesabına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcun ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu bildirilmişdir. Cavabdehin əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduqları üçün məcbur qalıb hesablanmış borcun ümumilikdə 94981,04 manat hissəsini ödəmişlər. Göründüyü kimi cavabdeh öz inhisarçı mövqeyindən sui-istifadə edərək borcun bir hissəsini iddiaçıya ödətdirmişdir. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və aldadıldığı iddiaçıya 2023-cü ilin aprel ayında aydın oldu. Belə ki, ilk 4 akt azmış kimi istifadələrində olan G-1000 tipli, 21942 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə çıxarılaraq yoxlamaya aparılmış və xx.xx.2023-cü il tarixdə aparılmış yoxlamanın nəticəsinə əsasən xx.xx.2023-cü il tarixdə, yəni iki aya yaxın müddət keçdikdən sonra ******* saylı akt tərtib edilir və iddiaçıya əlavə əsassız borc hesablanır. Aktlar qaz sayğacının işləmədiyi üçün tərtib edilsə də, abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın bu hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. xx.xx.2023-cü il tarixli aktdan isə görünür ki, hesabat müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə etmişdir. Halbuki 2022-ci ilin dekabr ayı üçün xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Göründüyü kimi cavabdeh təşkilat bir ay üçün iki dəfə akt tərtib edir. Tərtib edilmiş ilk dörd aktın "xxxx" bölümündə MMC-nin nümayəndəsi olan Saday Cəbrayılov və Vüsal Cəbrayılzadə adlı şəxslərin imzalaması da həqiqətə uyğun deyil. Belə ki, MMC-nin bu ad və soyadlı nümayəndələri yoxdur. Digər tərəfdən mütəxəssis belə olmadan aktlardakı imzalara baxdıqda imzaların fərqli olduğunu müəyyən etmək olar. Göründüyü kimi cavabdehin əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Bundan əlavə, Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda mübahisələndirilən aktlardan görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmiş, yoxlamaları vahid məlumat reyestrindən qeydə alınmamışdır.
11. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, 2022-ci ilin oktyabr-2023cü ilin yanvar ayları üçün iddiaçıya məxsus sayğacın elektron göstəricisi işləmədiyindən və sərfiyyatın tam həcmini müəyyən etmək mümkün olmadığından, sözügedən aylar üzrə sayğacın mexaniki göstəricisinə əsasən hesablanmış borcla yanaşı, Cavabdeh nümayəndələri tərəfindən hər 4 ay üzrə tərtib edilmiş aktlara əsasən əlavə borc hesablanmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3797/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 2022-ci ilin oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar aylarında hesablanmış borc məbləği qaz sayğacının mexaniki göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Həmçinin qanunvericiliyə əsasən qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin məhkəmə həmin normanı düzgün tədbiq etməmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi 2022-ci ilin yanvar, mart və oktyabr ayında iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmədiyinə görə cavabdeh tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır. Bundan əlavə, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 bəndlərinin tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar nə sayğaca müdaxilə nə də ki, qanunsuz istifadə halı ilə bağlı deyildir. Belə olan halda hər-hansı yoxlamanın reyestrdə qeydə alınmasına zərurət yoxdur. Bundan başqa məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8, 4.9-cu bəndlərinin tələblərinə ziddir. Belə ki, tərtib edilmiş aktlar məhkəməyə təqdim edilmiş və qaz sayğacının sərf edilən qaz həcmini tam qeydə almaması işin mübahisəsiz halıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
18. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
19. Həmin Qaydaların 5.2-ci bəndinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
21. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
22. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
23. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
24. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
25. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
26. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
27. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
29. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
30. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
32. Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
33. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
39. Hazırki işdə isə iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği düzgün hesablanmamışdır.
40. Belə ki, işin mübahisəsiz hallarına görə cavabdeh tərəfindən 5 ədəd akt tərtib edilmişdir.
41. İddiaçının hesabına geri qaytarılmasını tələb etdiyi cəmi 94981,04 manat borc məbləği “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlara əsasən, onun hesabından silinməsini tələb etdiyi 39872,36 manat borc məbləği isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmışdır.
42. Cavabdehin nümayəndəsi də borcun hesablanmasına əsas kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olması olduğunu bildirmişdir.
43. Göründüyü kimi cavabdehin hərəkətləri təkcə qaz sayğacının göstəricilərinin oxunmasından deyil, həm də elektron göstərici ilə mexaniki göstəricinin müqayisəli analizi və sayğacın yoxlanılmasından ibarət olmamış və bunun nəticəsində iddiaçıya borc ümumilikdə 134853,40 manat hesablanmışdır.
44. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 2.3-cü bəndində isə təsbit olunmuşdur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
45. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
46. Göründüyü kimi cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.
47. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş ümumilikdə 134853,40 manat borcun hesablanmasına əsas olan aktlar və həmin aktların tərtib edilməsinə əsas olmuş yoxlamalar qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
48. Belə olan halda isə həmin yoxlamalar nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
49. Göründüyü kimi iddiaçı tərəfindən 94981,04 manat məbləğin ödənilməsi üçün hüquqi əsas olmamış və cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Ona görə də, iddiaçı həmin məbləğin geri qaytarımasını, habelə 39872,36 manat məbləğdə qaz sərfiyyatının hesablanması qanunsuz yoxlama nəticəsində tərtib edilmiş akt əsasında müəyyən edildiyinə görə öz hesabından silinməsini tələb etməkdə haqlıdır.
50. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin aktlarda qeyd olunan faktların (sayğacının elektron göstəricisinin mexaniki göstəricidən az olması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.
51. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, qaz sayğacı iddiaçıya məxsus ərazidə deyil, cavabdehə məxsus ərazidə yerləşir və qaz sayğacına müdaxilə edilməsi halı mövcüd olmamışdır. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.
52. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, həmin yoxlamalar keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3797/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn