Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-12/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya işi Açar söz: dividendin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh "xxxx" ASC-yə qarşı “dividendin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4676/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçılar nizamnamə kapitalı 42848 manat olan emitent "xxxx" ASC-nin səhmdarlarıdır. ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 21424 ədəd səhmi vardır. Milli Depozit Mərkəzindən verilmiş depo hesabından çıxarışdan görünür ki, İddiaçı2 560 ədəd, İddiaçı1 788 ədəd səhmə malik olmuşdur.
2. İşdəki xx.xx.2019-cu il tarixli səhmlərin alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı1 ona məxsus 788 ədəd səhmi, İddiaçı2 ona məxsus 560 ədəd səhmi, o cümlədən səhmdarlardan X8 ona məxsus 200 ədəd səhmi X1. Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən alqı-satqı müqavilələri bağlandıqdan sonra iddiaçı X2 "xxxx" ASC-də malik olduğu adi adlı səhmlərin ümumi sayı 1548 ədəd olmuşdur.
3. "xxxx" MMC tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 181/S-05-21/M-01 nömrəli daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (bazarın) 2018-2021-ci illər ərzində 1 kv.m sahəsinin (daş tikili, metal kontruksiyalı tikili və açıq piştaxta) aylıq icarə haqqı xx.xx.2021-ci il tarixinə daş tikilinin 1 kv.m icarə haqqı 25-30 manat, metal konstruksiyalı tikilinin 1 kv.m icarə haqqı 18-22 manat, açıq piştaxtanın 1 metrinin icarə haqqı 10-13 manat arası təşkil edir.
4. İddiaçılar tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçılar 2018-2021-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin kənar audit cəlb edilməklə yoxlanılması yolu ilə cəmiyyətin göstərilən illər üzrə ayrıayrılıqda gəlir, xərc və xalis mənfəətinin müəyyən edilməsini təklif etmişlər.
5. "xxxx" X11 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 30 iyun 2018-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin 2017-ci ildə yekun hesabat üzrə 27818 manat zərəri olmuşdur. Buna görə də qeyd edilən il üzrə dividendlərin verilməsinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir. 6."xxxx" X11 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 30 iyun 2019-cu il tarixli protokolundan görünür ki, cəmiyyətin göstərilən maliyyə ili üzrə mənfəəti 58303,29 manat olmuşdur. Lakin keçən maliyyə ilindən cəmiyyətin mənfəəti olmamış və əksinə 27818 zərər olmuşdur. Eyni zamanda ondan əvvəlki il üzrə 9143,34 manat zərər olmuşdur. Buna görə hazırkı maliyyə ilində əldə edilmiş gəlir hesabına həmin zərərin ödənilməsi və qalan məbləğin isə gündəlikdə duran üçüncü məsələ ilə bağlı yenidən qurma işlərinə yönəldilməsi və buna görə də qeyd edilən il üzrə dividendlərin verilməsinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir. 7."xxxx" X11 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 25 iyun 2021-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin 2019-cu maliyyə ili üzrə mənfəəti 38858,06 manat olmuşdur və həmin il üzrə səhmdarlara dividendin verilməsi mümkündür. 38858,06 manat / 21424 səhm = 1,82 manat dividend. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 1,82 manat dividendin ödənilməsi barədə qərar qəbul edilmişdir. Cəmiyyətin 2020-ci maliyyə ili üzrə mənfəəti 10802,20 manat olmuşdur və həmin il üzrə səhmdarlara dividendin verilməsi mümkündür. 10802,20 manat / 21424 səhm = 0,50 manat dividend. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 0,50 manat dividend ödənilməsi barədə qərar qəbul edilmişdir.
8. "xxxx" X11 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 30 iyun 2022-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin 2021-ci maliyyə ili üzrə mənfəəti 5374,71 manat olmuşdur və həmin il üzrə səhmdarlara dividendin verilməsi mümkündür. 5374,72 manat / 21424 səhm = 0,25 manat dividend. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 0,25 manat dividend ödənilməsi barədə qərar qəbul edilmişdir. 9.Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli 2-2(102)-386/17 nömrəli qərarından görünür ki, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “səhmlər üzrə dividendlərin, maddi və mənəvi zərərin ödənilməsi, pozulmuş hüquqların bərpa olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-49/2016 saylı iş üzrə 08 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 757/2017 saylı 15 dekabr 2017-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni cavabdeh "xxxx" ASC-dən devidend kimi 153801,24 manat pulun tutularaq İddiaçı2 ödənilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" ASC-dən 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı1 788 ədəd (ümumi səhmlərin 3.6781 faizi) səhminə görə payına düşən 57.056.88 manat məbləğində dividendin, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı2 560 ədəd (ümumi səhmlərin 2,6139 faiz) səhminə görə payına düşən 40.548.40 manat məbləğində dividendin, 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün səhmdar X2 1548 ədəd (ümumi səhmlərin 7,2 faizi) səhminə görə payına düşən 125802,41 manat məbləğində dividendin iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının 208-İQ nömrəli xx.xx.1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi Qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 2000-ci ilin dekabr ayında Suraxanı rayonu ərazisində fəaliyyət göstərən bazarın səhmdar cəmiyyətinə çevrilməsi yolu ilə yaradılmış, sonradan isə X6 Reyestrində emitent qismində ümumilikdə 21424 ədəd səhmlə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı1 2001-ci ildə həmin cəmiyyətin ümumilikdə 21424 ədəd olan səhmindən 788 ədədinə, yəni ümumi səhmlərin 3,6781 faizinə, İddiaçı2 isə 2002-ci ildə həmin cəmiyyətin yuxarıda göstərilən 21424 ədəd olan səhmindən 560 ədədinə, yəni ümumi səhmlərin 2,6139 faizinə sahib olmuş, 2019-cu ilin avqust ayında isə həmin səhmləri hazırkı iddiaçılardan olan X1. X5 əlavə olaraq həmin cəmiyyətin səhmdarlarından olan X7 (o, xx.xx.2019-cu ildə vəfat etmişdir) məxsus 200 ədəd səhmi, yəni ümumi səhmlərin 0,9335 faizini də almılş, beləliklə də 2019- cu ilin avqust ayından etibarən ümumilikdə 1548 ədəd səhmə (788+560+200), yəni ümumi səhmlərin 7,2255 faizinə (3,6781+2,6139+ 0,9335) sahib olmuşdur. İddiaçılardan İddiaçı1 və İddiaçı2, 20 ilə yaxın müddət ərzində cəmiyyətin səhmdarları olduqlarına baxmayaraq paylarına uyğun bir manat da olsun dividend almamışlar. Eləcə də iddiaçılardan X5 2019-cu ilin avqust ayından ümumi səhmlərin 7,2255 faizinə malik olsa da, bu günədək ona da dividend verilməmişdir. Qeyd edilməlidir ki, vaxtilə İddiaçı1, İddiaçı2və mərhum X8 tərəfindən SuraxanıBazar” Açıq Səhmdar Cəmiyyətinə qarşı dividend tələbinə dair iddia qaldırılmış və 2017-ci ilədək olan dövr ərzində gedən çəkişmələrin nəticəsi olaraq sonuncu, yəni 2017-ci maliyyə-təsərrüfat ili də daxil olmaqla cəmiyyətin audit yoxlamaları zamanı cəmiyyətin qənaətbəxş işləmədiyi, mühasibat uçotunun qanunauyğun aparılmadığı, rüsumların toplanması və xərclənməsində şəffaflığın təmin edilmədiyi və s. bu kimi neqativ hallar müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh, əvvəlki qaydada fəaliyyət göstərir, yəni əksər hallarda icarə haqlarının, gündəlik yığımların (rüsumların) toplanması rəsmiləşdirilmir, pullar qeyri-rəsmi yığılaraq hesabatdan gizlədilir, nəticə etibarilə cəmiyyətin xalis mənfəətinin formalaşmasından yayınmaqla dividend almaq hüquqları cavabdeh trəfindən pozulmaqda davam edir. Bir sözlə, əvvəlki illərdə olduğu kimi, son 4 il, yəni 2018-2021-ci illər ərzində də cəmiyyətin gəlir və xərcləri, habelə xalis mənfəəti barədə iddiaçılara heç bir məlumat verilməmiş, habelə göstərilən illər üçün onlara dividend ödənilməmişdir. Məsələ ilə bağlı şifahi müraciətlər zamanı cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən cəmiyyətin “yenə də zərərlə işlədiyi” bildirilsə də, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə bu günədək onlara heç bir rəsmi sənəd təqdim edilməmiş, həqiqi gəlir, xərclər və mənfəət gizlədilmişdir. Bundan əlavə, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 5 (beş) hazırlıq iclası keçirilmiş və sonuncu, yəni xx.xx.2022-ci il tarixdə keçirilən hazırlıq iclasından sonra xx.xx.2022-ci il tarixə iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Lakin cavabdeh, xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında iş üzrə məhkəmə baxışı təyin edildikdən 16 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, barəsində iddiaçıların heç bir məlumatı olmayan auditor rəylərini elektron qaydada təqdim etmişdir. Göründüyü kimi, cavabdeh mübahisə ilə bağlı əlaqəli hesab edtdiyi sübutu məhkəmə baxışı gedişində təqdim etmişdir. Auditor rəyləri cavabdeh tərəfindən məhkəmə baxışı mərhələsində təqdim edildiyinə görə həmin rəylərin əsaslı olub-olmadığını müəyyən etmək zərurəti yaranmışdır, belə ki, hesab etmişik ki, həmin rəylər formal xarakterlidir, yəni əsl həqiqəti əks etdirmir. Odur ki, tərəflərindən “X4”nə müraciət edilmiş və iş üzrə əlaqəli sənədlər təqdim edilərək iddianın predmetini təşkil edən məsələlər üzrə araşdırmalar aparılması və müvafiq rəy verilməsi xahiş edilmişdir. Həmin mərkəzin təqdim etdiyi 01 dekabr 2022-ci il tarixli 132 №-li rəyi ilə müəyyən edilmişdir ki, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı1 788 ədəd (ümumi səhmlərin 3.6781 faizi) səhminə görə payına düşən dividend məbləği 57,056.88 manat, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı2 560 ədəd (ümumi səhmlərin 2,6139 faiz) səhminə görə payına düşən dividend məbləği 40,548.40 manat, 13 iyun 2019- cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün səhmdar X2 1548 ədəd (ümumi səhmlərin 7,2255 faizi) səhminə görə payına düşən dividend məbləği 125,802.41 manat təşkil edir.
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4676/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən 717,08 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 Baləli oğluna, 509,60 manat məbləğində pul və ödənilmiş 100 dövlət rüsumu tutularaq İddiaçı2, 2569,68 manat məbləğində pul və ödənilmiş 200 manat dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
13. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıların iddia tələbində göstərdiyi illər üzrə, yəni 2018-2021-ci illər üzrə ASC-nin səhmdarlarının ümumi yığıncaqları keçirilmiş, 2018-ci il üzrə dividendin ödənilməməsi barədə qərar qəbul edilmiş, 2019-cu il üzrə hər bir səhm üzrə 1,82 manat, 2020-ci il üzrə 0,50 manat, 2021-ci il üzrə 0,25 manat dividend ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il üçün hər bir səhm üzrə ödənilməli olan dividendin 1,82 manat, 2020-ci il üzrə 0,50 manat, 2021ci il üzrə 0,25 manat olmasını nəzərə aldıqda İddiaçı1 788 ədəd adi adlı səhmə görə cavabdeh tərəfindən ödənilməli olan dividendlərin məbləği 717,08 manat, İddiaçı2 560 ədəd adi adlı səhmə görə cavabdeh tərəfindən ödənilməli olan dividendlərin məbləği 509,60 manat, İ.Ələkbərovaya ədəd 1548 ədəd adi adlı səhmə görə cavabdeh tərəfindən ödənilməli olan dividendlərin məbləği (2019-cu il üzrə 1408,68 manat, 2020-ci il üzrə 774 manat, 2021-ci il üzrə 387 manat olmaqla) cəmi 2569,68 manat təşkil edir. Habelə ASCnin səhmdarlarına göstərilən illər üzrə hər bir səhm üçün - 2020- ci il üzrə 0,50 manat, 2021-ci il üzrə 0,25 manat dividend ödənilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq həmin dividendlər hazırkı günədək iddiaçılara ödənilməmiş qalmışdır. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 717,08 manat tutularaq İddiaçı1 Baləli oğluna, 509,60 manat məbləğində pul tutularaq İddiaçı2, 2569,68 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə ASC-nin ümumi yığıncağı tərəfindən 2018-ci il üzrə dividendin ödənilməməsi barədə qərar qəbul edildiyindən belə hesab etmişdir ki, 2018-ci il üzrə ASCnin iştirakçılarının ümumi yığıncağı tərəfindən dividendin ödənilməməsi ilə bağlı qərar qəbul edildiyindən iddia tələbi həmin il üzrə iddiaçılara dividend ödənilməsi hissəsində əsaslı hesab edilə və təmin edilə bilməz.
15. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçılar ASC tərəfindən onlara ödənilməsi barədə qərar qəbul edilmiş dividendlərin məbləğləri ilə razılaşmadığını, ASC tərəfindən gəlirlərin gizlədildiyini, ASC-nin vergidən yayındığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4676/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisədən əvvəlki dövrdə, yəni 2010-cu illər ərzində tərəflər arasında gedən digər mübahisələr zamanı müvafiq məhkəmə aktları əsasında aparılmış “maliyyə təsərrüfat fəaliyyətinin audit yoxlama rəylərində” (sonuncu audit-yoxlamaları 2017-ci ildə aparılmışdır) cəmiyyətin qənaətbəxş işləmədiyi, mühasibat uçotunun qanunauyğun aparılmadığı, rüsumların toplanması və xərclənməsində şəffaflığın təmin edilmədiyi, cəmiyyətin fəaliyyətinin yalnız rəhbər şəxslərin və onların yaxın qohumlarının maraqlarına uyğun idarə edildiyi və s. bu kimi neqativ hallar bilavasitə öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq, cavabdehin əvvəlki qaydada fəaliyyət göstərməsi, icarə haqlarının və gündəlik yığımların (rüsumların) toplanmasının tam rəsmiləşdirilməməsi, pulların qeyri-rəsmi yığılaraq hesabatdan gizlədilməsi, cəmiyyətin xalis mənfəətinin formalaşmasından yayınma hallarına son qoyulmaması, nəticədə isə iddiaçıların dividend almaq hüquqlarının cavabdeh tərəfindən pozulmaqda davam etməsi faktı iddia ərizəsində biavasitə göstərilsə də, məhkəmə həmin dəlillərə qətiyyən əhəmiyyət verməmiş, mübahisənin obyektiv həlli üçün heç bir tədbir görməmişdir. Belə ki, məhkəmə heç bir əsas və təkzibedici hal olmadan, iddiaçı tərəfin təqdim etdiyi X4nin rəyini nəzərə almamış, həmin rəyi mötəbər hesab etməmişdir. Hansı ki, belə olan halda məhkəmə, mübahisə üzrə göstərilən halların obyektiv araşdırılması və məsələyə düzgün hüquqi qiymət verilməsi, eləcə də tərəflərin təqdim etdiyi sübutlar arasındakı kəskin ziddiyyətin aradan qaldırılması üçün iddiaçılar tərəfindən “Audit yoxlamasının təyin edilməsi barədə” verilmiş vəsatəti təmin etməli idi. Belə bir haqlı sual yaranır: Əgər cavabdeh, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair təqdim etdiyi sübutların obyektivliyinə əmindirsə, onda nə üçün iddiaçılar tərəfindən “Audit yoxlamasının təyin edilməsi barədə” verilmiş vəsatətə qəti olaraq etiraz etmişdir? Eləcə də eyni məntiqlə, yəni məhkəmə cavabdehin sübutlarının düzgünlüyünə əmindirsə, nə üçün iddiaçıların vəsatətini təmin etməmişdir? Cavabdeh cəmiyyət hüquqdan sui-istifadə edilməklə idarə edilir, yalnız rəhbərliyin maraq və mənafelərinə xidmət edir, səhmdar olaraq dividend almaq hüququna əhəmiyyət verilmir. Məhkəmə, cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətinin audit yoxlaması keçirilməklə iddiaçılara ödənilməli olan dividendin müəyyən edilərək tutulması barədə vəsatəti təmin etməmiş, yalnız cavabdehin təqdim etdiyi sübutlara əsaslanmış, tərəflərin təqdim etdikləri sübutlar arasında tam ziddiyyət olduğu halda ekspertiza (kənar audit yoxlaması) təyin etməməmiş, nəticədə iş üçün əhəmiyyətli olan hal aydınlaşdırılmamış qalmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçılara və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 49.1-ci maddə- hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddə- hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 98.1-ci maddə- nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 106-1.1-ci maddə- səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.3.7-ci maddə- cəmiyyətin xalis mənfəətindən dividend almaq səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının hüququdur. 106-3.1-ci maddə- səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddə- səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.5-ci maddə- dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. 106-3.9-cu maddə-əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz. 107.1-ci maddə- səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 107.1.4-cü maddə- cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 107-1.4-cü maddə- səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə iddiaçılar tərəfindən qismən – iddianın təmin edilmədiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4676/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Baxılan mübahisə hüquqi şəxs və onun səhmdarları arasında yaranmış korporativ mübahisədir. İşdən görünür ki, iddiaçılardan ikisi İddiaçı1 və İddiaçı2 "xxxx" ASC-nin əvvəllər səhmdarları olmuş, X5 isə hazırda 1548 ədəd adi adlı səhmin sahibidir.
23. İşdəki xx.xx.2019-cu il tarixli səhmlərin alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı1 ona məxsus 788 ədəd səhmi, İddiaçı2 ona məxsus 560 ədəd səhmi X1. Keçmiş səhmdarlar 13 iyun 2019-cu il tarixədək olan dövr üçün, X5 isə 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün ona ASC tərəfindən ödənilməmiş dividendlərin ödənilməsi üçün iddia qaldırmışlar.
24. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır ki, ASC-nin əldə etdiyi xalis mənfəətin onun səhmdarları arasında dividend şəklində bölüşdürülməsi qaydası və bu barədə qərar qəbul etmək səlahiyyəti nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa ümumi yığıncağa məxsusdur. Məhkəmənin hüquqi şəxsin əmlakını və əldə etdiyi mənfəəti onun iştirakçıları arasında bölüşdürmək səlahiyyəti qanunda nəzərdə tutulmadığından iddia ərizəsində qeyd edilən dövr ərzində hüquqi şəxsin əldə etdiyi mənfəətin məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə audit yoxlaması və ekspertiza keçirilməli olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. 25 Məhkəmə yalnız hüquqi şəxsin ümumi yığıncağının qəbul etdiyi qərarlar əsasında səhmdarlara ödənilməli olan dividendin tutulması ilə bağlı tələbə baxaraq bu tələblə bağlı qərar qəbul edə bilərdi ki, hazırkı halda birinci instansiya məhkəməsi "xxxx" ASC-nin 25 iyun 2021-ci il tarixli və 30 iyun 2022-ci il tarixli protokolları əsasında səhmdarlara ödənilməli olan dividendin hüququ şəxsdən tutulması hissəsində iddianı təmin etmişdir.
26. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılar "xxxx" ASC-nin ümumi yığıncağının qərarlarını mübahisələndirərək etibarsız hesab edilməsi barədə iddia qaldırdıqları üçün həmin işə baxılanadək icraatın dayandırılmasını xahiş etmiş, iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin KK-nın 2-2(103)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dayandırılmış, xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir. Müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli e-2-2(113)-97/2024 saylı qətnaməsi ilə iddiaçıların "xxxx" ASC-nin səhmdarların ümumi yığıncağının xx.xx.2019-cu il tarixli, 25 iyun 2021-ci il tarixli və 30 iyun 2022-ci il tarixli protokollarının etibarsız hesab edilməsi barədə iddiaları təmin edilməmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən hesab edir ki, iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4676/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4676/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.