Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1209/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3098/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2010-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd VİR markalı soyuducuların dəyərinin iki misli həcmində, yəni 2000 ABŞ dollar dəyəri, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) 70 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3098/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, Ankara Məktəbi Təhsil Nazirliyinin nəzdindədir.Cavabdeh tərəfindən soyuducular təhvil-təslim aktı ilə Milana şirkətinə təhvil verilib, lakin təhvil-təslim aktında “Coca Cola”soyuducusu olduğu qeyd olunmamışdır. Orada su soyuducularının olduğu göstərilmişdir. Müqavilə üzrə Abdullayeva Xədicə cavabdeh tərəfindən iştirak etməmiş, həmin şəxs “Məktəbli və tələbə iaşə” ATSC-nin əməkdaşı olmuşdur.Lakin məhkəmə həmin halları qətnamədə qeyd etsə də, məhkəmə prosesində bu halın cavabdeh tərəfindən ortaya qoyulmasını nəzərə almamışdır. Çünki iddiaçı olaraqdan biz iddia tələbinin əsaslandığı ikitərəfli müqavilənin təsdiq olunmuş surətini iş materiallarına daxil edib. Həmin müqavilə cavabdeh Ankara Məktəbi adı yazılmaqla Abdullayeva Xədicə təfindən imza olunmuşdur və bundan sonra Cavabdeh Azərbaycan Respublikasının gerbi olan möhürlə təsdiq olunmuşdur. Buradan görünür ki, cavabdehin Abdullayeva Xədicəyə etibarı olmadığı təqdirdə onun imzasının qanuniliyini təsdiq etmək məqsdilə dövlət gerbi olan möhürü ilə təsdiq etməzdi. Çünki məhz bu möhür vurulduqdan sonra "xxxx" MMC öz əmlakı olan soyuducunu Cavabdeh istifadəsinə vermişdir. Həmin vaxtı Xədicə Abdullayevanın cavabdehin əməkdaşı olub-olmamasına görə məsuliyyət isə cavabdehin öz üzərində qalır. Ankara Məktəbi Təhsil Nazirliyinin nəzdində olmaqla dövlət təhsil təsisatı olması da həmin müqavilənin etibarlılığını daha da artırır. Bununla yanaşı, cavabdehin nümayəndəsinin izahatında “cavabdeh tərəfindən soyuducular təhvil-təslim aktı ilə Milana şirkətinə təhvil verilməsini ,lakin təhvil-təslim aktında “Coca Cola”soyuducusu olduğu qeyd olunmamasını, orada su soyuducuları olduğunu” bildirməsi, hər şeydən əvvəl müqavilə üzrə götürülmüş soyuducunun həqiqətən Cavabdeh istifadəsində oldugunu göstərir. Sözügedən soyuducu da "xxxx" MMC-nin istehsal etdiyi su məhsullarının sərinləşdirilməsi üçün cavabdehin istifadəsinə verilmişdir və su soyuducusu hesab olunur. Hətta, cavabdehin nümayəndəsinin işin məhkəmədə baxılması zamanı verdiyi vəsatətindən də görünür ki, "xxxx" MMC və Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından da görünür ki, müddəti bitmiş yararsız hala düşmüş, inventar onlara təhvil verilmişdir.Həmin inventarlar arasında su soyuducusu, yəni mübahisə predmeti olan soyuducu da olmuşdur ki, həmin soyuducu da yararsız olmuş və "xxxx" MMC-yə təhvil verilmişdir.Eyni zamanda xx.xx.2022-ci il tarixli Qüsur aktından da görünür ki, həmin soyuducu texniki rəyə əsasən yararsız olduğundan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı ilə"xxxx" MMC-yə təhvil verilmişdir.Bu hal bir daha təsdiq edir ki, soyuducu Cavabdeh istifadəsində olmuşdur. Hazırda soyuducunun cavabdehdə olubolmamasına görə maddi məsuliyyət onun öz üzərində qalır. Çünki iddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin 2.2.3-cü bəndinə əsasən cavabdehin soyuducunu başqa şəxslərin istifadəsinə verməsinə və satılmasına yol verilmir. Qətnamədə adı çəkilən müqavilənin 2.2.4-cü bəndindən aydın olur ki, istifadəyə verilən əmlakın “İstifadəyəverən”in rəsmi razılığı olmadan özgəninkiləşdirilməsinə, dəyişdirilməsinə, sökülməsinə, rəng dəyişikliyinə və başqa formada dəyişiklik edilməsinə yol verilmir. Bu halda soyuducuya görə məsuliyyət cavabdehin öz üzərində qalır. Çünki müqaviləyə görə "istifadəçi" əmlakın qorunub saxlanılmasını və toxunulmazlığını təmim etməlidir. Həmin müqavilənin 5.1-ci maddəsinə görə müqavilə tərəflərin imzaladığı andan soyuducu cavabdehə təhvil verilmiş hesab olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
11. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
12. Həmin Məcəllənin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.
13. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
14. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 1 ədəd V/K ensiz 1000 ABŞ dolları dəyərində soyuducu Cavabdehndə fəaliyyət göstərən X3 əvəzsiz istifadəyə verilmişdir. İddiaçı həmin soyuducuya vurulmuş zərərin əvəzini istəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Abdullayeva Xədicənin müqavilənin bağlandığı tarixdə Cavabdeh işçisi olmadığını, “Məktəbli və tələbə iaşə” ATSC-nin əməkdaşı olduğunu, həmin soyuducunun isə Cavabdehnə deyil X3 təhvil verildiyini qeyd etmişdir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır.
20. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.
21. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə qarşı əvəzsiz istifadəyə verilmiş əmlakın dəyərinin ödənilməsinin tələb edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir.
22. Çünki müqaviləni imzalayan şəxs, yəni X5 13 sentyabr 2010-cu il tarixində cavabdeh müəssisənin işçisi, nümayəndəsi olmamış, “Məktəbli və tələbə iaşə” ATSC-nin əməkdaşı olmuş və iddiaçı soyuducunu onun əvəzsiz istifadəsinə vermişdir. İddiaçı tərəfindən məhkəməyə həmin şəxsin müəssisənin adından müqaviləni imzalamasına dair səlahiyyət verən etibarnamə təqdim edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilədən göründüyü kimi müqaviləni X5 imzalamış, lakin cavabdeh müəssisənin direktoru və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq olunmamışdır. Buna görə də Cavabdeh həmin müqavilənin tərəfi hesab edilə bilməz və yaranmış öhdəlik onun üçün vəzifələr yaratmamışdır.
23. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının xx.xx.2010cü il tarixli müqaviləyə istinad edərək cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Bundan başqa cavabdehin nümayəndəsinin soyuducunun "xxxx" şirkətinə təhvil verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı, əmlakının özünün razılığı olmadan cavabdeh tərəfindən üçüncü şəxsə verilməsinə görə dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb edə bilər. Lakin o, hazırda müqavilə şərtinə əsasən cavabdehdən əvəzsiz istifadəyə verdiyi soyuducunun dəyərinin iki mislini tələb etmişdir.
25. Bundan əlavə müqavilənin imza qrafasında X2 imzasında hüquqi şəxsin möhürünü olması, həmin hüquqi şəxsin müqaviləni bəyənməsi və öhdəliyi qəbul etməsi kimi başa düşülə bilməz. Möhürün vurulması yalnız hüquqi şəxsin nümayəndəsinin imzasının həqiqiliyini təsdiq etdiyi halda hüquqi şəxs üçün öhdəlik və vəzifələr yarada bilərdi.
26. İşdən görünür ki, iddiaçı tərəfindən soyuducu cavabdehə deyil, X3 təhvil verilmişdir. Soyuducu onun faktiki sahibliyinə verilmişdir. Soyuducunun cavabdehin binasında olması müqavilə tərəfi olmayan şəxsin sahibliyinə verilməsi anlamına gəlmir. Sahib və cavabdeh arasında müqavilə münasibətləri olmamışdır. İddiaçı əşyanı cavabdeh deyil, müqavilə tərəfindən tələb edə bilər.
27. Cavabdeh müqavilə tərəfi olmadığına görə əşyanı üçüncü şəxsə verərkən iddiaçıdan icazə almalı deyil. (MM 735)
28. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən soyuducuya zərər vurulmasını sübut edə bilməmişdir.
29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3098/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.