Məhkəmə qərarları › İş №2-2(103)-1214/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1214/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1214/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv proresində olan) qarşı “sığorta ödənişi” tələbinə dair iş üzrə (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi,sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, "xxxx" ASC-nin nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv proresində olan) nümayəndəsi X8 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv proresində olan) qarşı “sığorta ödənişi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5050/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz marka**-JS-*** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir.

2. Sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı İddiaçı ASC arasında bağlamış KSK********** saylı şəhadətnaməyə əsasən Mercedes Benz marka**-JS-*** dövlət qeydiyyat nömrəli avtomobil (ban nömrəsi: WDD2120761A990323, buraxılış ili 2014, rəngi qara) 80.000 manat sığorta məbləğində, 4696 manat sığorta haqqı və 300 manat azadolma məbləği müəyyən edilməklə sığorta olunmuşdur. Avtomobil xx.xx.2023cü ildən xx.xx.2026-cı ilə qədər avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanuna zidd hərəkəti, təbii fəlakət, heyvanların hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış risklərindən sığortalanmışdır.

3. X6 tərəfindən Dövlət Sığorta Kommersiya Şirkətinə ünvalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Mercedes Benz marka**-JS-*** dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2024-cü il tarixində saat 01:30-da Gəncə şəhərində yanğın səbəbi ilə zərər dəymişdir.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Gəncə X11 Xidmətinin Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə X4 məxsus “Mercedes Benz E63 AMG” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş hadisə Gəncə regional X14 İdarəsində yanğın hadisəsi kimi qeydiyyata alınmamışdır.

5. Tarixi və nömrəsi qeyd olunmayan Gəncə şəhər BPİ-nin ƏYPXB-nün (YNH) tərəfindən X4 verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə Arayışda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixidə, saat 00:30-da Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanında yol-nəqliyyat hadisəsində Mercedes markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı "xxxx" ASC cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuş və X6 tərəfindən idarə olunan Mercedes Benz markalı, **-JS-*** dövlət qeydiyyat nömrəli avtomobilə 2014-ci il buraxılışlı, sedan tipli, “WDD2120761A990323” ban nömrəli,) 06 iyun 2024-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində 33200 manat məbləğində dəymiş zərərin və ödənilmiş 190 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş sığorta şəhadətnaməsi əsasında İddiaçı ASC-yə məxsus Mercedes Benz marka1l0ı-JS-027 dövlət qeydiyyat nömrəli avtomobil (ban nömrəsi: WDD2120761A990323, buraxılış ili 2014, rəngi qara) 80.000 manat sığorta məbləğində, 4696 manat sığorta haqqı tutulmaqla və 300 manat azadolma məbləği (hər bir sığorta hadisəsi üçün) razılaşdırılmaqla sığorta olunmuşdur. Sığorta müqaviləsinə əsasən sığorta müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixinədək müəyyən edilmişdir. İddiaçı ASC-nin mülkiyyətində olan2014-ci il buraxılışlı, Mercedes Benz markalı, sedan tipli, “WDD2120761A990323” ban nömrəli, qara rəngli, **-JS-*** dövlət qeydiyyat nişanlıavtomobil İddiaçı ASC, X6 və X10 bağlanmış 14 noyabr 2023-cü il tarixli, LM-372-3/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, 10 mart 2023-cü il tarixli, 372/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər X4 ötürülmüşdür. Həmin nəqliyyat vasitəsi X2 və istifadəsində olduğu müddətdə 06 iyun 2024-cü il tarixdə gecə saat 1 radələrində hərəkətdə olduğu zaman alışıb yanmağa başlamışdır. Yanğın kənar şəxslərin köməkliyi ilə söndürülmüş və polis çağırılmışdır. X1 xəsarət vurulmadığı üçün avtomobil evakuatr çağırılaraq aparılmışdır. Avtomobilin təmiri X3 öz şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Avtomobilə vurulmuş ziyana görə təmir xərci ümumilikdə 33200 manat təşkil edir. Bununla bağlı sığorta ödənişinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilmiş, lakin sığorta ödənişi verilməmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, hadisə 4-cü gün gecə baş vermişdir. 4-5-ci gün tərəfə məlumat verilə bilməmişdir. Daha sonra şənbə və bazar günləri olmuşdur və tərəf birinci gün cavabdeh tərəfə məlumat vermişdir. Burada təqsir yoxdur, avtomobil getdiyi yerdə yanmağa başlamışdır. Hadisənin baş verməsinə dair polisdən sənəd təqdim edilmişdir. Arayışın tarixi verilməmişdirsə belə hadisənin necə baş verməsinə dair məlumatlar sorğu və ya arayışı vermiş şəxsin dəvət edilməsi ilə əldə edilə bilər. Buradakı əsas problem sığorta hadisəsinin olub-olmamasıdır. Hazırlıq iclası dövründə işin məhkəmə baxışına təyin edilməsinə dair ərizənin yazılma səbəbi, iş üzrə şirkətin işçisinin hazırlıq və baxış iclasları arasındakı fərqi bilməməsidir. Qeyd edilən sübutların təqdim edilməmə səbəbi isə sübutların yeni əldə edilməsidir. Qüsur aktından daha yüksək məbləğdə xərc çıxarılmışdır.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Və bildirdi ki, 33500 manat həcmində iddia tələbi irəli sürülmüşdür. Hadisənin baş verməsinə dair hər-hansısa bir sənəd cavabdeh tərəfə təqdim edilməmişdir. Keçən il iyun ayında hadisə ilə bağlı Gəncə Regional İdarəsinə yəni FHN-nə sorğu ünvanlanmışdır. Hadisə baş verdiyi halda səlahiyyətli qurum tərəfindən sənəd təqdim edilməli idi. Sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən hadisənin baş verməsi təsdiq edilə bilmir. Bu səbəblə iddiaçı tərəfə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən sorğu göndərilmişdir, lakin hadisəsi yanğın müəyyən edilməmişdir və səlahiyyətli orqan tərəfindən verilmiş sənəd yoxdur. Əlavə olaraq qeyd edir ki, nəqliyyat vasitəsini sığorta müqaviləsi qüvvədə olduğu müddətdə şəxs başqa şəxsə lizinqə vermişdir. Bu halda de-facto özgəninkiləşdirmə olmuşdur və qanunvericiliyin tələblərinə əsasən 5 gün müddətində iddiaçı tərəf cavabehə məlumat verilməli idi. İddia ərizəsində heç hadisənin harada baş verməsi qeyd edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən sonuncu baxış iclasında təqdim edilən arayış forma 3 arayışıdır. Bu arayışın, yolda polis avtomobili saxladıqda avtomobilin niyə zədəli halda idarə edildiyinə dair açıqlama olması məqsədi ilə verilir. İddiaçı tərəf isə forma 4 arayışı təqdim etməli idi. Bu arayışlar üçün möhür vurulmalıdır. Əlavə olaraq isə sənədlərin dünən, yəni xx.xx.2025-ci il tarixində əldə edilməsinə dair iddiaçı tərəfin hansı sübutu vardır. Tərəf ilk gündən nümayəndə kimi işə qoşulmuşdur. Lakin qüsur aktını belə sübut kimi işə əlavə etməmişdir. 34000 manata yaxın tələb vardır və buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsinə sığorta hadisəsinin (yanğın) baş verməsini təsdiq edən hər-hansı sübut və Mülki Məcəllənin 933-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayyət edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Əksinə, cavabdehin sorğusu nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Mercedes Benz E63 AMG” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın hadisəsinin baş verməsi Gəncə regional X14 İdarəsində qeydiyyata alınmamışdır.

12. Bundan əlavə məhkəmə onu da qeyd etmişdir ki, iş materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçının və onun vəkilinin EMİS-də yaradılmış elektron kabinetləri mövcuddur. Məhkəmə tərəfindən iş üzrə ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir və tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı şirkət ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə hazırlıq iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə buna baxmayaraq, hazırlıq iclasını bir dəfə də xx.xx.2025-ci il tarixinə təxirə salmışdır. İddiaçının nümayəndəsi ikinci hazırlıq iclasında da iştirak etməmişdir və iş xx.xx.2025-ci il tarixinə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxış iclasında iddiaşının nümayəndəsi/vəkili (hansının ki, etibarnaməsi xx.xx.2025-ci il tarixə, vəkil orderi xx.xx.2025-ci il tarixə, yəni iddianın məhkəməyə verildiyi tarixdən əvvələ təsadüf etmiş və iddia məhkəməyə verilən zaman belə vəkil qismində göstərilmiş) iştirak edərək, sübutların təqdim edilməsi və sənədlərin araşdırılması üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən qısa müddətə iddiaçının nümayəndəsinə vaxt vermişdir. Təyin edilmiş ikinci məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi “Nəqliyyat vasitəsinin zədələnməsi” adlı Arayışı və CD-diski (boş, heç bir məlumat əlavə edilməyən) sübut qismində məhkəməyə təqdim etmişdir. Baxış mərhələsində təqdim edilən (tarixi, nömrəsi, möhürü olmayan) Gəncə şəhər BPİ-nin ƏYPXB-nün (YNH) tərəfindən X4 verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə Arayış iddianın təmin edilməsi üçün mötəbər və təkzibolunmaz sübut qismində giymətləndirilə bilməz, sübut qismində giymətləndirildiyi halda belə, məhkəmə qeyd edir ki, həmin arayışdan sığortalanmış nəqliyyat vasitəsində yanğın hadisəsinin baş verməsi halı müəyyən edilmir.

13. Beləliklə, yuxarıda qeyd edilən bütün faktiki falları və qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə təminat verilmiş risklərdən hər-hansı birinin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün, 33.200 manat məbləğində sığorta ödənişinin tutulması tələbinə dair iddia təmin edilə bilməz.

14. Məhkəmə xərclərinə gəldikdə məhkəmə aşağıdakıları qeyd etmişdir ki, iddia tələbi rədd olunduğu üçün, işə baxılması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclər onun özünə aid edilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə Mülki Məcəllənin 385.1, 883.1, 884.1, 884.3, 884.6, 922.1, 922.2, 922.3, 923.1, 923.2, 923.3, 923.4, 926.1, 933.1, 935.1-ci maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, məhkəməyə 2014-ci il buraxılışlı, Mercedes Benz markalı, sedan tipli, “WDD2120761A990323” ban nömrəli, qara rəngli, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın hadisəsi baş verən zaman vurulan ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi ilə bağlı şifahi qaydada vəsatət verilmişdir, yanğın hadisəsi baş verən zaman X5 və X9 adlı şəxslər olmuşlar, həmin şəxslər eyni zamanda yanğın hadisəsinin söndürülməsində iştirak etmişlər. Həmin şəxslərin şahid qismində dindirilməsiylə bağlı məhkəməyə vəsatət verilmiş, lakin həmin vəsatət də qərəzli olaraq təmin edilməmiş, avtomobildə yanğın hadisəsinin baş verməsiylə bağlı video görüntüləri əks etdirən CD-diski və Gəncə şəhər BPİ-nin ƏYPXB-nün verdiyi Arayışın iddiaçı tərəfindən gec əldə edildiyinin nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş və bildirmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş arqumentlərin heç biri qətnamənin nəticələrinə təsir göstərə biləcək səviyyədə deyil, əksinə iş materialları iddianın təmin edilməməsinin tam əsaslı olduğunu bir daha təsdiq edir. İddiaçı sığorta hadisəsi kimi nəqliyyat vasitəsində guya yanğın baş verdiyini göstərsə də, yanğının baş verməsini təsdiq edən hər hansı rəsmi sənəd nə sığortaçıya, nə də məhkəməyə təqdim edilməmişdir. X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış ərizədə xx.xx.2024-cü il, saat 01:30-da Gəncə şəhərində yanğın baş verdiyi bildirilmişdir. Müraciətin daxil olmasından sonra şirkət tərəfindən hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Gəncə X11 Xidmətinə sorğu göndərilmişdir. Fövqəladə Hallar Nazirliyinin qeyd olunan sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda açıq şəkildə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə **-JS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E63 AMG” markalı avtomobil üzrə heç bir yanğın hadisəsi Gəncə Regional X14 İdarəsində qeydiyyata alınmamışdır. Bu sənəd rəsmi dövlət qurumunun məlumatıdır və hadisənin baş verməməsini birbaşa təsdiq edən əsas sübutdur. İddiaçının təqdim etdiyi “arayış” prosessual normalara uyğun deyil və sübut qüvvəsinə malik deyil. İddiaçı tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayış” tarixsizdir, nömrəsizdir və möhürü yoxdur. Həmin sənəd rəsmi sənəd tələblərinə cavab vermədiyi üçün mötəbər sübut hesab edilə bilməz. Bundan əlavə, arayışda yanğın barədə heç bir qeyd yoxdur və yalnız “yol-nəqliyyat hadisəsi”ndən bəhs olunur. Bu isə iddiaçının sığortaçıya verdiyi ilkin məlumatlarla da ziddiyyət təşkil edir. Bu səbəblə birinci instansiya məhkəməsinin həmin sənədi sübut kimi qəbul etməməsi tam qanunidir. Zərərin məbləği və həcmi sübuta yetirilməmişdir İddiaçı 33.200 manat zərərin dəyməsini iddia etsə də, bu məbləğin hansı əsaslarla müəyyən edildiyini təsdiq edən qüsur aktı, ekspert rəyi və s. kimi sənədlər təqdim edilməmişdir. Hazırki mübahisə üzrə sığorta hadisəsinin baş verməsi və iddia tələbində qeyd olunan zərər məbləği iddiaçının sübutetmə yükünə daxildir (MPM, maddə 77). Bu öhdəlik yerinə yetirilmədikdə sığortaçı tərəfindən ödəniş aparılması hüquqi baxımdan mümkünsüzdür. İddiaçının sübutları gec əldə etməsi barədə iddiası əsassızdır İddiaçı məhkəmə baxışı zamanı sübutların gec əldə edildiyini bildirmiş, lakin bu iddianı təsdiq edən heç bir əsaslı sübut təqdim etməmişdir. İddiaçının prosessual passivliyinin nəticəsi olaraq sübutların təqdim edilməməsi birinci instansiya məhkəməsinin məsuliyyətində olan məsələ deyil və məhkəmənin bu mövqeyi tam əsaslıdır.

Apellyasiya baxışı, izahatlar

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

25. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

26. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

27. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

28. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

29. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

30. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.

31. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

32. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

33. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

34. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

35. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

36. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

37. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

38. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

39. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

49. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

50. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

51. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

52. İddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə ona məxsus nəqliyyat vasitəsi müəyyən risklərdən sığortalanmış və sığorta müddəti dövründə yanğın hadisəsi baş vermiş, ancaq cavabdeh tərəfindən avtomobilə dəymiş zərərə görə sığorta ödənişi edilməmişdir.

53. Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırki işdə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir.

55. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

56. Kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, yanğın hadisəsinin baş verməsini və həmin hadisənin sığorta hadisəsi olubolmamasını kifayətedici aydınlıqla sübut edə bilməmişdir.

57. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 40, 41).

58. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Gəncə şəhər BPİ-nin ƏYPXB-nün (YNH) tərəfindən X4 verilmiş Nəqliyyat vasitəsinin zədələnməsi barədə Arayış iddianın təmin edilməsi üçün mötəbər və təkzibolunmaz sübut qismində giymətləndirilə bilməz, sübut qismində qiymətləndirildiyi halda belə, məhkəmə qeyd edir ki, həmin arayışdan sığortalanmış nəqliyyat vasitəsində yanğın hadisəsinin baş verməsi halı müəyyən edilmir.

59. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçı yanğın hadisəsi barədə sığortaçıya ən qısa müddət ərzində hər hansı vasitə ilə xəbər verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5050/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar