Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1219/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Mənzil Tikinki Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə1, kreditor Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Mənzil Tikinki Kooperativinin iflas prosesinə başlanması və müflis elan olunmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4044/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsindən (hakim Kənan Hüseynov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinki Kooperativi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Mənzil Tikinki Kooperativi barəsində iflas prosesinə başlanılması və müflis elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinki Kooperativi 2016-cı ilin 01 fevral tarixindən etibarən fəaliyyətini tam dayandırmışdır və hal-hazırda da heç bir fəaliyyəti mövcud deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-1164/2016 saylı 26.10.2016-cı il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən İddiaçı Mənzil Tikinki Kooperativindən 16.754.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 27.472.832,48 manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən İddiaçı Mənzil Tikinki Kooperativinə məxsus daşınar və daşınmaz əmlaklar götürülmüş və satılmışdır. Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 05.02.2021-ci il tarixli hesabdan çıxarışa əsasən İddiaçı Mənzil Tikinki Kooperativinin 11.376.068,29 manat qalıq borcu qalmışdır. Hazırkı halda, İddiaçı Mənzil Tikinki Kooperativi təsdiq edir ki, onun 2016cı ildən etibarən heç bir fəaliyyəti yoxdur, ödəmə qabiliyyəti yoxdur və mövcud qanunvericiliyin tələbləri qaydasında müflis elan edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4044/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda, iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra 2 ay ərzində yerinə yetirməmişdir; b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. Hazırkı halda, İddiaçı Mənzil Tikinki Kooperativinin daxili qərarları və iddia ərizəsi ilə təsdiq edir ki, onun 2016-cı ildən etibarən heç bir fəaliyyəti yoxdur, ödəmə qabiliyyəti yoxdur və mövcud qanunvericiliyin tələbləri qaydasında müflis elan edilməlidir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 5-ci bəndinin tələbinə görə iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə əsasən borclu müəssisə ödəmə qabiliyyəti olmayan hesab olunmalı və iflas prosesinə məruz qalmalıdır. İşə baxan məhkəmə nəzərə almamışdır ki, hər hansı şirkət barəsində müflisləşmə prosesinin başlanılması həmin şirkətlə bağlı qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə aktlarını qüvvədən salmır, əksinə həmin məhkəmə aktlarının müflisləşmə prosesi çərçivəsində icrasını təmin edir. İşə baxan məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə istinad etməsi tamamilə bu işlə əlaqəsizdir. Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbi baxımından borclu barəsində icra edilməmiş məhkəmə aktının olması özü nəyinki borclunun müflis hesab edilməsi üçün hüquqi əngəl deyil, əksinə məhz belə bir icra edilməmiş məhkəmə aktının olması borclunun müflis hesab edilməsi üçün əsasdır. Digər tərəfdən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda icra edilməmiş məhkəmə aktının mövcud olmasının iddianın rədd edilməsi üçün bir əsas ola bilməsi ilə bağlı da hər hansı müddəa mövcud deyildir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, hər hansı şirkət barəsində müflisləşmə prosesinin başlanılması həmin şirkətlə bağlı qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə aktlarını qüvvədən salmır, əksinə həmin məhkəmə aktlarının müflisləşmə prosesi çərçivəsində icrasını təmin edir. İşə baxan məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə istinad etməsi tamamilə bu işlə əlaqəsizdir. Həmçinin anlaşılan deyil ki, bu maddəyə istinad etmənin hüquqi bağlılığı nədə ifadə olunur. Görünür ki, işə baxan hakim iddianı rədd edilməsi ilə bağlı bir hüquqi əsaslandırma axtarmış, lakin bunu tapa bilmədiyindən bu işə heç bir aidiyyəti olmayan maddi hüququ normasına istinad etmişdir. Qeyd etmək lazımdır ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda, iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra 2 ay ərzində yerinə yetirməmişdir; b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. Göründüyü kimi, Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbi baxımından borclu barəsində icra edilməmiş məhkəmə aktının olması özü nəyinki borclunun müflis hesab edilməsi üçün hüquqi əngəl deyil, əksinə məhz belə bir icra edilməmiş məhkəmə aktının olması borclunun müflis hesab edilməsi üçün əsasdır. Digər tərəfdən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda icra edilməmiş məhkəmə aktının mövcud olmasının iddianın rədd edilməsi üçün bir əsas ola bilməsi ilə bağlı da hər hansı müddəa mövcud deyildir. İddiaçı İddiaçı Mənzil Tikinki Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Kreditor Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4044/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarındakı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin fəaliyyəti 01.02.2016-cı il tarixdə dayandırılmış və bərpa ediləcəyi tarix kimi 01.02.2021-ci il göstərilmişdir. İş materiallarında olan Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən təqdim edilmiş 10.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin 11.376.068,29 manat əsas borc, 10.718.764,19 manat faiz borcu, cəmi 22.094.832,48 manat borcu vardır. İddiaçı Mənzil Tikinki Kooperativinin nizamnaməsindən görünür ki, kooperativin nizamnamə kapitalı 200 manatdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin vergi borcu yoxdur. İş materiallarında olan “vergilər.az” saytında yerləşdirilmiş elandan çıxarışdan görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativi müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının 04.05.2021-ci il tarixli qərarından və İddiaçı Mənzil Tikinti Kooperativinin sədrinin 23.02.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Mənzil Tikinki Kooperativinin iflas prosesinə başlanılması barədə qərar qəbul edilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsini xahiş edir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir, b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qanunun 5-ci maddəsinə əsasən borclunun iflas haqqında ərizəsinə həmin maddədə nəzərdə tutulmuş sənədlərlə yanaşı ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilməlidir. İstinad edilən normaların tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s) təqdim edilməsi və araşdırılması tələb olunur. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslı olduğunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Hazırkı halda iddiaçı öz kreditoru barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, fəaliyyət dayandırılanadək illik maliyyə hesabatlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, işdə olan sənədlər məhkəmə tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinin ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil. Buna görə də mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4044/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İddiaçı Mənzil Tikinki Kooperativinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4044/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1219/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1219/2021
03.11.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver