Məhkəmə qərarları › İş №2-2(103)-1235/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1235/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1235/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satılması tələbinə dair ilk, Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı sonrakı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-2392/2021 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ləğv prosesində olan "xxxx" ASC-nin 19.03.2019-cu il tarixli, KBY19-1868 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 530 000 manat faiz borcu olmaqla, ümumilikdə 10530000 manat, 05.04.2019-cu il tarixli, KBY19-1877 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 185500 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat olmaqla, cəmi 14215500 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 9094 kv.m. ümumi sahədən ibarət 5 mərtəbəli yaşayış binasına yönəldilməsinə, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04.04.2019-cu il tarixli İBY19-1868/1 nömrəli sonrakı ipoteka müqaviləsi və 10.04.2019-cu il tarixli İBY19-1877/1 nömrəli sonrakı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsini 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-2392/2021 nömrəli qərardadına əsasən iş məhkəmədə baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi normaya - “Banklar haqqında” Qanunun 77.3-cü maddəsinə əsasən tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 81.1-ci maddəsinə görə 81.1.1 və 81.1.2-ci maddələrində göstərilən hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlərin ləğvedici tərəfindən açıq hərracda satılması müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici ləğvetmə prosesi çərçivəsində yalnız bank aktivlərinə daxil olan girova (ipotekaya) qoyulmuş əmlakların ləğvedici tərəfindən satışını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddia tələbinin predmeti isə ləğv prosesində olan bankın aktivinə daxil olmayan, onun öhdəliklərinin təminatı üçün üçüncü şəxs tərəfindən ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsindən ibarətdir. İpotekaya qoyulmuş əmlak xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsə, yəni Cavabdeh MMC-yə məxsusdur və bu əmlak heç bir hissədə bankın aktivlərinə daxil deyildir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2392/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsini 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-2392/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı halda iddia Azərbaycan Respublikasının Mərkəzi Bankının ləğv prosesində olan "xxxx" ASC-nə qarşı təminatlı və ləğvedici tərəfindən təsdiq edilmiş kreditor tələbindən irəli gəlir. Tələbin "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21.05.2020-ci il tarixdə qeydə alınması barədə arayış iş materiallarına əlavə edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. İrəli sürülmüş qarşılıqlı iddia ilk iddia tələbi ilə bağlı olduğundan məhkəmənin hər iki iddia tələbi üzrə icraata xitam verilməli olduğuna dair iş üzrə gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin birinci instansiya məhkəməsi şikayətə baxarkən qüvvədə olmuş redaksiyasına əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsini 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-2392/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsini 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-2392/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar