Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-124/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh «xxxx» MTK-ya qarşı “kredit borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-347/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh «xxxx» MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.500.000,00 manat məbləğində əsas borc, 720415,51 manat faiz borcu, ümumilikdə, 8220415,51 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə 60 ay müddətinə, 7% dərəcəsi ilə 7 500.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin borcalan aldığı həmin krediti və ona hesablanmış faiz məbləğini ödəniş qrafiki əsasında qaytarmağı öhdəsinə götürsə də bu öhdəliyini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-347/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.Tərəflər arasında bir neçə kredit müqaviləsi imzalanmış, həmin müqavilələr üzrə MTK tərəfindən banka həmin kredit müqavilələri üzrə müəyyən məbləğdə ödənişlər həyata keçirilmişdir. İşin gedişində mübahisələndirilən kredit müqaviəsi üzrə borc ilə bağlı kassa kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim edilməsi tələb olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, məhkəmə həmin sənədləri ondan tələb etməmişdir. İddiaçı cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış təqdim etmişdir ki, həmin çıxarışda da, hansı hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyil. İddia edilən halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 14, 77, 218, 385-ci maddələrinin müddəalaorına istinadən şikayətin təmin olunması məhkəmədən xahiş olunur). Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, MPM-in 135.5 v, 135.8 və 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında iştirak edən nümayəndəsi X1 məxaric orderini, hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi X4 isə iddiaçının hesabından çıxarıı məhkəməyə təqdim edərək, cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu qeyd etmş və qətnaməni qüvvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı ilə aralarında xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsini bağlandığı və bank tərəfindən ona 7 500.000 manat məbləğində kredit verilməsi onun tərəfindən mübahisələndirilmir. Lakin, hər bir halda, apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə borc ilə bağlı kassa məxaric orderi təqdim edilməmişdir. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə hazırkı mərhlədə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxx 2016-cı il tarixli 068856 saylı çekdən görünür ki, həmin çeklə cavabdeh xxxx MTK-ya xx xxxx 2016-cı il tarixində həqiqətən 7 500 000 manat məbləğində kredit məbəlği verilmişdir (Çek MTK tərəfindən imzalanmış və dairəvi möhürü ilə təsdiq olunmuşdur). Cavabdeh apellyasiya şikayətində həmçinin mübahisələndirir ki, iddiaçı məhkəməyə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış təqdim etmişdir ki, həmin çıxarışda da hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə də razılaşmır. Çünki, iddiaçı tərəfindən məhkəməyə iddiaçının hesabından çıxarışdan əlavə, xx.xx.2017-ci ili tarixli maliyyə arayışı da təqdim edilmiş, bundan əlavə, birinci instansyia məhkəməsi tərəfindən borcun dəqiqləşdirilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası da təyin olunmuş və AR ƏN Məhkəmə Ekspekrtizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi də məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan sənədlərə əsasən isə müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2016cı il tarixli, 020/16 saylı kredit müqaviləsi üzrə ödənişləri mövcud olmamış, xx.xx.2017-ci il tarixinə onun 7 500 000 manat əsas borcu, 720 415,51 manat faiz borcu yaranmış, onun banka olan cəmi borcu 8.220.415,51 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, borcun dərhal qayğtarılmasını tələb etmək hüququ (məhkəmə qaydasında və s.) vardır. Mülki Məcəlllənin 743-cü maddəsi də məhz nəzərdə tutur ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Tərələr arasındakı kredit müqaviləsinin qeyd olunan şərtini və Məcəllənin sözügedən normasından irəli gələn tələbini nəzərə alan məhkəmə kollegiysı hesab edir ki, iddiaçı hazırkı iddia tələbində haqlıdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Şikayətin, iddiaçının ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli olduğunu mübahisələndirən dəlillinə gəldikdə isə, onun bu dəlili formal xarakterli dəlil kiimi qiymətləndirilməlidir. Çünki, hazrkı mübahisənin predmetini yalnız bir müqavilə üzrə, o cümlədən xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi təşkil edir ki, həmin müqavilə üzrə də bank hesabından çıxarış məhkəməyə təqdim edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. MPM-in 385.1-ci maddəsinin tələbi baxımından ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, cavabdehin qətnamənin əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-347/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «xxxx» MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-347/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-124/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-124/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver