Məhkəmə qərarları › İş №2-2(113)-147/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-147/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-147/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “damazlıq heyvanlar üzrə kredit borcunun ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “damazlıq heyvanlar üzrə kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 15210,00 manat əsas borc, 2725,63 manat cərimə borcu və 20 manat dövlət rüsumunun, cəmi 17955,63 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Səfərli X2 Rayon Məhkəməsinin 2(008)-7412/2018 nömrəli məhkəmə əmrindən etiraz vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3020/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadına əsasən, Cavabdeh vəsatəti təmin edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3020/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadına əsasən, Cavabdeh vəsatəti təmin edilmiş, İddiaçı ASC-nin Cavabdeh qarşı “damazlıq heyvanlar üzrə kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-3020/2019 nömrəli mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6947/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair 2(001)-6947/2019 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə həmin İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir.) İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli müqavilə üzrə xx.xx.2020-ci il tarixə yaranmış 33466.66 manat əsas borcun, 2725.63 manat cərimənin və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na uyğun olaraq İddiaçı ASC-nin Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 66933.04 manat olmaqla 22 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların ümumi dəyərindən 33466.43 manat məbləğində ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bu səbəbdən də xx.xx.2018-ci il tarixə 15210,00 manat əsas borc, 2725,63 manat cərimə borcu yaranmışdır. Hal-hazırda cavabdehin xx.xx.2020-ci il tarixə iddiaçıya olan borcu artaraq 33466.66 manat əsas borc, 2725.63 manat cərimə məbləği borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı ASC ilə “xxxx” ASC arasında bağlanmış İddiaçı ASC məxsus iri buynuzlu cins damazlıq heyvanların sığortalanması barədə 28/17 nömrəli müqavilə əsasında cavabdehə təqdim edilmiş damazlıq heyvanlar müvafiq olaraq sığortalanmışdır. Qeyd olunan heyvanların ölməsi faktı barədə “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli rəydə 22 baş düyədən 7 baş düyənin ağ ciyər və digər xəstəliklər nəticəsində müxtəlif vaxtlarda tələf olması barədə məlumatın araşdırılması üçün mal-qaranın saxlanma və bəslənmə şəraiti ilə bağlı qeyd olunan iri buynuzlu heyvanların saxlanıdığı Abşeron rayonu Qobu qəsəbəsində monitorinqlər keçirildiyi göstərilmişdir. Keçirilmiş monitorinqlər nəticəsində məlum olmuşdur ki, təsərrüfatda cins damazlıq düyələrin saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət olunmamışdır. Müəyyən edilmişdir ki, heyvanlar antisanitar şəraitdə bağlı vəziyyətdə saxlanılır, yemləmə birtərəfli aparılır və heyvanlara yaşıl, sulu şirəli yemlər verilmir. Bundan əlavə döşəmə beton olmaqla heyvanaların altına döşənəcək sərilməsi təşkil olunmamışdır. Heyvanların mütəmadi olaraq baytarlıq baxışı keçirmək və baytar xidməti göstərmək üçün təsərrüfatda müqavilə üzrə tələb olunan baytar həkimi yoxdur. Qeyd olunanlara əsasən göstərilən tələblərə riayət olunmadığından “xxxx” ASC sözügedən hadisələr ilə bağlı məsuliyyət daşımır. Belə olan halda cavabdeh tərəfindən müqavilə üzrə icra edilməmiş öhdəliklər yerinə yetirilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli müqaviləyə əsasən İddiaçı ASC-dən ümumi dəyəri 66933.04 manat olmaqla 22 baş “Holşten-Friz” cinsli damazlıq iribuynuzlu heyvanı lizinq yolu ilə almışdır. Qeyd olunan damazlıq heyvanların ümumi dəyərinin yarısı 33466.43 manat məbləq qabaqcadan ödənilmişdir. Bir müddət sonra alınmış damazlıq heyvanlar tələf olmuşdur. Bununla bağlı müvafiq ekspertiza keçirilmiş və tələf olunmuş heyvanlar yarılaraq ölüm səbəbləri müəyyən edilmişdir. Bundan sonra “xxxx” ASC tərəfindən tamamilə əsassız rəy tərtib edilərək heyvanların saxlanma şəratinin və yemlənməsini qaydalar uyğun təşkil edilməməsi səbəbindən sözügedən heyvanları tələf olması hadisəsi üzrə sığorta şirkəti olaraq məlumat daşımadıqlarını bildirmişlər. Bütün göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli müqaviləsindən görünür ki, “lizinq verən” 22 baş “Holşten-Friz” cinsli damazlıq heyvanı 3 illik müddətə lizinq yolu ilə “lizinq alan”a verməyi, “lizinq alan” isə öz növbəsində malların ümumi dəyərinin 33466.51 manat məbləğini əvvəlcədən, qalan 33466.53 manat məbləğini isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən damazlıq heyvanların sağlam vəziyyətdə bütün sənədlərlə birlikdə Lizinq alana verilməsini təmin edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən damazlıq heyvanların sığortalanmış vəziyyətdə lizinq alana verilməsini təmin edir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq alan damazlıq heyvanların damazlıq məqsədi üçün istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsinin, yem bazası ilə təmin edilməsini, qorunub saxlanılmasını öhdəsinə götürür. Həmin müavilənin 2.2.10-cu bəndinə əsasən lizinq alanın səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyavn tələf olarsa ödənilməmiş qalıq dəyərini lizinq verənə ödəyir. - İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışında görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli ümumi dəyəri 66932.99 manat olan müqavilə üzrə İddiaçı ASC-yə əsas borcu 33466.66 manat və hesablanmış cərimə 2725.63 manat təşkil edir. - İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 0791, 0800 nömrəli, xx.xx.2017-ci il tarixli 0794 nömrəli, xx.xx.2017-ci il tarixli 0825 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Laboratoriyası tərəfindən aparılmış müayinlərin nəticəsi barədə ekspertiza rəylərindən görünür ki, aparılan müayinələr zamanı infeksion xəstəliklərin törədiciləri aşkar olunmamışdır. - İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə “xxxx” ASC arasında bağlanmış İddiaçı ASC məxsus iri buynuzlu cins damazlıq heyvanların sığortalanması haqqında xx.xx.2017-ci il tarixli 28/17 nömrəli müqaviləsindən görünür ki, sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydaların icrası ilə əlaqədar bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu müqavilədə göstərilən sığorta hadisəsi baş verdikdə, sığortalının təqdim edəcəyi siyahıda göstərilən və bu müqavilənin tərkib hissəsi sayılacaq tərəflər arasında əlavə razılaşma ilə müəyyən olunan damazlıq heyvanlara dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 17.1-ci bəndinə əsasən lizinq alan (təsərrüfat sahibi) sığorta predmetini “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və müavfiq normativlərə uyğun olaraq saxlanılıb bəslənməsini təmin etməlidir. Həmin müqavilənin 17.2-ci bəndinə əsasən lizinq verən (sığortalı) lizinq alan (təsərrüfat sahibi) tərəfindən sığorta predmetinin Kənd Təsərrüfatı Nazirliyinin və İddiaçı ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış “Lizinq qydasında güzəştlə satılan damazlıq heyvanların saxlanılması və yemləndirilməsinə dair” qaydalara riayət etməsinə nəzarət etməlidir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, keçirilmiş monitorinqlər nəticəsində məlum olmuşdur ki, təsərrüfatda cins damazlıq düyələrin saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət olunmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, heyvanlar antisanitar şəraitdə bağlı vəziyyətdə saxlanılır, yemləmə birtərəfli aparılır və heyvanlara yaşıl, sulu şirəli yemlər verilmir. Bundan əlavə döşəmə beton olmaqla heyvanaların altına döşənəcək sərilməsi təşkil olunmamışdır. Heyvanların mütəmadi olaraq baytarlıq baxışı keçirmək və baytar xidməti göstərmək üçün təsərrüfatda müqavilə üzrə tələb olunan baytar həkimi yoxdur. Qeyd olunanlara əsasən göstərilən tələblərə riayət olunmadığından “xxxx” ASC sözügedən hadisələr ilə bağlı məsuliyyət daşımır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən “lizinq verən” 22 baş “Holşten-Friz” cinsli damazlıq heyvanı 3 illik müddətə lizinq yolu ilə “lizinq alan”a verməyi, “lizinq alan” isə öz növbəsində malların ümumi dəyərinin 33466.51 manat məbləğini əvvəlcədən, qalan 33466.53 manat məbləğini isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 33466.66 manat və hesablanmış cərimə 2725.63 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1. maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh 33466.66 manat məbləğində əsas borcu qanunsuz saxlamış, onun ödənilməsini gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə cavabdehə 2725.63 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə göstərilmiş 2725.63 manat cərimə məbləği 200 manat məbləğində azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 33466,66 manat əsas borc, 200 manat cərimə borcu və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 33466,66 (otuz üç min dörd yüz altmış altı manat altmış altı qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə borcu və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar