Məhkəmə qərarları › İş №2-2(103)-1243/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1243/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1243/2025 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5333/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (istehlakçı) ilə Cavabdeh İB (paylayıcı) arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli, 3391-11-16 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

2. İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin mart ayında 26470,60 manat və 2022-ci ilin mart ayında 26262,06 manat borc hesablanmışdır.

3. Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, 2021-ci ilin yanvar və fevral aylarında hər hansı qaz sərfi olmamış, mart ayında iddiaçıya 26470,60 manat borc yazılmışdır. 2022-ci ilin yanvar və fevral aylarında ümumiyyətlə qaz sərfi olmamış, 2022-ci ilin digər aylarında isə iddiaçının orta qaz sərfi 2331,42 manat ((1725,68 manat + 188,98 manat + 130,90 manat + 3863,42 manat + 5748,16 manat)/5 ay) olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən iddiaçıya məxsus fərdi istixanaya (kod: **********00000) əsassız olaraq hesablanmış 69619,46 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən ona məxsus fərdi istixanaya (kod: **********00000) əsassız olaraq hesablanmış 69619,46 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ona məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağları ünvanda yerləşən fərdi istixanada əsasən şəxsi təlabatlarımı ödəmək üçün əkin işləri ilə məşqul olur. İstixana çox xırda və ailəmi dolandırmağa yeganə gəlir mənbəyidir. İstixanada təbii qazdan istifadəyə görə tərəfimdən vaxtı-vaxtında ödənişlər aparılmışdır. Qaz sərfiyyatı abonent saldosundan da göründüyü kimi qış aylarında orta hesabla 1000-1200 manat, yaz-payız aylarında isə 300-500 manat dəyərində təbii qazdan istifadə edilir. Xeyli vaxtdır ki bu tendensiya davam edir. Lakin 2020-ci ilin mart ayında qaz tənzimləyicinin yeri dəyişdirilərək qaz sayğacından sonraya quraşdırılmışdır. Bundan sonra mart ayında bir aylıq sərfiyyat olaraq ona Azəriqaz tərəfindən 16886,80 manat, 2021-ci ilin mart ayında 26470,60 manat, 2022-ci ilin mart ayında isə 26262,06 manat (ümumilikdə 69619,46 manat) borc hesablanmışdır. Göründüyü kimi cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində ona 3 ay üçün 69619,46 manat məbləğində borc hesablanmışdır. abonent saldosundan göründüyü kimi absurt borclar hər ilin mart ayında hesablanmışdır. Mart və aprel ayı isə yaz mövsümüdür, havalar artıq isti keçir və belə olan halda ona 3 ay üçün 69619,46 manat borc hesablanmışdır. Orta düşüncəli insana belə məlumdur ki bu mümkün olmayan bir haldır. Mart ayı artıq havaların qızması deməkdir və belə olan halda ağlasığmaz dərəcədə borc məbləğinin hesablanması absurddur. Qeyd etmək istəyirəm ki qaz tənzimləyicinin yerinin dəyişərək sayğacdan sonraya keçirilməsi heç bir texniki norma və qaydalara uyğun deyil. Belə ki, tənzimləyicinin funksiyası qazı tənzimləyərək qaz sayğacına ötürməsindən ibarətdir. Tənzimləyici olmadığı halda isə qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac qüsurla işləyərək artıq hesabat aparmağa başlayır. Abonent saldosundan da göründüyü kimi o, hər il demək olar ki, bir ay təbii qazdan istifadə etmişdir. Buna səbəb absurd, həqiqətə uyğun olmayan borcun hesablanması olmuşdur. Bundan başqa maraqlı bir sual çıxır ortaya çıxır ki, istixananın ölçüləri dəyişmədiyi təqdirdə necə ola bilər ki aylıq sərfiyyat on dəfədən artıq olsun. Digər bir vacib məsələni məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, iddiaçı Cavabdeh İB ona qarşı Xəzər rayon Məhkəməsinə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 18386,35 manat borcun ondan tutulmasını xahiş etmişdir. Xəzər rayon Məhkəməsində iştirakı təmin edilmədən işə baxılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(003)-3102/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sözügedən qətnamədən məlumatı olan kimi tərəfimdən apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsində işə artıq nümayəndəmin və vəkilin iştirakı ilə baxıldıqda məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)- 587/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətim təmin edilərək Xəzər rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh İB-nin iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-587/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd etmək lazımdır ki, hazırda mübahisələndirdiyi ümumi borc məbləğinin 18386,35 manat hissəsi ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və qətnamədən də göründüyü kimi ona əsassız borc hesablanmışdır. Apellyasiya icraatı zamanı iş üzrə kompleks məhkəmə-mühəndis və məhkəmə mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4795 və 9/5281 nömrəli ekspert rəyinə görə, qaz təzimləyici qurğunun qaz sayğacından sonraya keçirilib-keçirilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən qərardadın birinci sualının həmin hissəsi üzrə tədqiqat aparılmadı. “Qaz təchizatı. Layihələndirmə normaları”nın (AzDTN 2.13-1) 7.14-cü bəndinin tələblərinə əsasən qaz tənzimləyici qurğu nəzarət-ölçü cihazından (sayğacdan) əvvəl quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər. Ekspert rəyində daha sonra qeyd olunub ki, abonentin saldosu cədvəlində olan məlumatlara əsasən, İddiaçı tərəfindən ödənilməli olan məbləğ 18.385,95 manat təşkil edir. Həmin məbləğ Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olubolmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər.

6. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya əsassız olaraq hesablanmış 52732,66 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5333/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən fərdi istixanaya (abonent kodu: **********00000) əsassız olaraq hesablanmış 51006,98 (əlli bir min altı manat doxsan səkkiz qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilmişdir. Cavabdeh İB-dən 243,02 (iki yüz qırx üç manat iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 55,98 (əlli beş manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ilk öncə 2021-ci ilin mart ayında yazılmış 26470,60 manat borc mübahisələndirilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən həmin dövrdə ümumiyyətlə təbii qazdan istifadə edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin borcun əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə borcun hansı qaydada hesablanması, sayğacın həmin ay üzrə göstəricilərinin müəyyən edilməsi üçün iddiaçıya təqdim edilmiş hesab fakturaların, zəruri əlavə sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə cavabdeh tərəfindən abonent haqqında məlumatdan başqa hər hansı sübut təqdim edilməmiş, borcun əsaslı olub olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünüb ki, 2021-ci ilin yanvar və fevral aylarında hər hansı qaz sərfi olmadığı halda, mart ayında iddiaçıya 26470,60 manat borc yazılmışdır. Halbuki, saldodan görünüb ki, iddiaçının əvvəlki illərdə bir il üzrə olan borcu belə 5464,20 manatdan artıq olmamışdır. Belə ki, iddiaçının 2017-ci il üzrə ümumi sərfi 3076,30 manat, 2018-ci il üzrə 2376,20 manat, 2019- cu il üzrə 5464,20 manat olmuşdur. İddiaçının əvvəlki illərə nisbətən bir ay ərzində 26470,60 manat (bir ildə sərf etdiyindən ən azı dörd dəfə çox) həcmində təbii qazdan istifadə etməsi ağlabatan və inandırıcı deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünüb ki, 2021-ci ilin digər aylarında isə ümumiyyətlə qaz sərfi olmamışdır (2021-ci ilin noyabr ayı üzrə yazılmış 95,26 manat istisna olmaqla). Bu səbəbdən məhkəmə hesab edib ki, həmin borcun əsaslı olması, habelə iddiaçının həmin dövrdə təbii qazdan istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırda ona 2021-ci ilin mart ayında yazılmış 26470,60 manat borcun silinməsini tələb etməklə haqlıdır. Məhkəmə 2022-ci ilin mart ayı üzrə hesablanmış 26262,06 manat borcun silinməsi hissəsində isə iddianı qismən əsaslı hesab edib. Belə ki, məhkəmə tərəfindən həmin borcun da əsaslı olub olmamasının müəyyən edilməsi məqsədilə iddiaçıya həmin ay üzrə, həmin borcla bağlı təqdim edilmiş hesab fakturanın, zəruri əlavə sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə cavabdeh tərəfindən abonent haqqında məlumatdan başqa hər hansı sübut təqdim edilməmiş, həmin borcun da əsaslı olub olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünüb ki, 2022-ci ilin yanvar və fevral aylarında ümumiyyətlə qaz sərfi olmamış, 2022-ci ilin digər aylarında isə iddiaçının orta qaz sərfi 2331,42 manat ((1725,68 manat + 188,98 manat + 130,90 manat + 3863,42 manat + 5748,16 manat)/5 ay) olmuşdur. Cavabdeh tərəfindən həmin borcun da əsaslı olmasını təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən həmin ayda təbii qazdan istifadə edildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, həmin ay üzrə iddiaçının borcu həmin ilin aprel ayı üzrə yazılmış borc (1725,68 manat) nəzərə alınmaqla müəyyən edilməli, qalan 24536,38 manat borc (26262,06 manat - 1725,68 manat) əsassız hesab edilməklə silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 51006,98 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən ödənilmiş 243,02 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 55,98 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5333/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsini və əsassız iddia ərizəsinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarından da göründüyü kimi mübahisələndirilən borc məbləği bütövlükdə iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, “Qazlıq və aktlar” bölümündə heç bir məbləğ əks olunmamışdır. Yəni sayğac göstəricisindən əlavə hesabat aparılmamış və borc yazılmamışdır. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi borcu silərkən yalnız bir hala istinad etmişdir. O da cavabdeh tərəfindən hesablanmış məbləğə dair sübutların təqdim edilməməsi (hesab-faktura və s.). Qeyd etmək lazımdır ki, borcun hesablanması barədə məhkəməyə kifayət qədər sübutlar cavabdeh tərəfindən təqdim edilmişdir. Yəni mübahisə müddəti ərzində sayğac göstəriciləri, həmin göstəricilərə əsasən hesablanmış borc barədə ətraflı məlumatı özündə əks edən istehlakçı olan İddiaçı istehlakçı hesabından çıxarış verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, istehlakçılara hesab fakturalar istehlakçının şəxsi hesabına (abonent saldosuna) işlənmiş borc məbləğlərinə dair verilir. Yəni məhkəmənin qeyd etdiyi hesab fakturalar borcun əsasını təşkil etmir. İddia tələbinin tam əsassız olduğu halda və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdiyi halda, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd etmək istəyir ki, mübahisələndirilən dövr ərzində İddiaçı, ona məxsus istixanada istifadə edilən təbii qazın dəyəri qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və istifadə edilən qazın dəyəri onun şəxsi istehlakçı hesabına işlənmişdir. Bundan başqa sayğac göstəriciləri bu gündə sayğacın üzərindədir və istənilən an abonent saldosunda olan qeydlərnən eyniləşdirmə aparmaq olar. Bundan başqa iddiaçı belə mübahisələndirdiyi borcun qaz sayğacının göstəricilərinə əsasən hesablandığını qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tamyerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tamhəcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildiriri ki, iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh məhz İddiaçı tərəfindən sərf edilmiş təbii qazın həcmini hesablayaraq müvafiq hesaba yükləmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -13.8-ci maddəsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). AR Nazirlər Kabinetinin 2 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

15. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın qismən təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (istehlakçı) ilə Cavabdeh İB (paylayıcı) ilə arasında xx.xx.2016-cı il tarixli qazın alqı-satqısı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qaz ilə təmin etmişdir. Həmin müqavilə üzrə iddiaçıya sayğac göstəricilərinə əsasən 2021-ci ilin mart ayında 26470,60 manat, 2022-ci ilin mart ayında isə 26262,06 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı sözügedən borcun tənzimləyicinin düzgün quraşdırılması nəticəsində hesablandığını, həmin aylar üzrə sərfiyyatın digər aylar üzrə sərfiyyatdan dəfələrlə artıq olduğunu əsas göstərərək borcun silinməsini tələb edir.

21. Kollegiya əvvəla qeyd edir ki, iddiaçının abonent saldosundan da göründüyü kimi mübahisəli borc məbləğləri sayğac göstəricilərinə əsasən hesablanmışdır. Abonent haqqında məlumatda müvafiq aylar üçün sayğacın göstəriciləri, eləcə də əvvəlki dövrdəki sayğac göstəriciləri göstərilmişdir.

22. İddiaçı həmin hissədə tələbinin əsası kimi qaz sayğacının sərfiyyatı düzgün qeydə almamasına istinad etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır.

23. Belə ki, birincisi, iddiaçı mübahisəli aylarda qaz sayğacında hər hansı nasazlıq olması, bununla bağlı iddiaçının cavabdehə müraciət etməsi, qaz sayğacının nasazlıqla bağlı təmirə göndərilməsi və s. halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

24. İkincisi, qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmalı olduğu halda sayğacdan sonra quraşdırılması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, mövcud qanunvericilikdə və tikinti normalarında qaz tənzimləyici və qaz sayğacının quraşdırılma ardıcıllığına aid tələb yoxdur. Qaz tənzimləyici və qaz sayğacının quraşdırılması yeri qaz paylayıcı tərəfindən verilən texniki şərt əsasında hazırlanan qazlaşma layihəsində layihəçi tərəfindən sayğac və tənzimləyicinin işləmə təzyiqinə uyğun olaraq müəyyən olunur. Odur ki, qaz tənzimləyicinin qaydalara uyğun quraşdırılmaması barədə dəlillər də əsassız olmaqla borcun əsassız hesablanması üçün əsas vermir.

25. Üçüncüsü, o da vurğulanmalıdır ki, cavabdeh yalnız müvafiq olaraq 2022-ci ilin mart ayında və 2023-cü ilin mart ayında hesablanmış borclarının əsaslılığını mübahisələndirir. Halbuki qaz sayğacında nasazlıq və ya tənzimləyicinin düzgün quraşdırılmaması səbəbindən qaz sərfiyyatı artıq qeydiyyata alınmasaydı, yalnız ildə bir dəfə deyil, abonentə büten aylarda yüksək məbləğdə borclar hesablanardı. Qaz sayğacının hər il məhz mart ayında sərfiyyatı düzgün qeydə almaması isə inandırıcı və ağlabatan görünmür.

26. Müvafiq illərin digər aylarında sərfiyyat aşağı olduğu halda mart aylarında sərfiyyatın yüksək olması, göstərilən halın qaz sayğacının düzgün işləməməsinə dəlalət etməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə iddiaçıya məxsus obyekt mübahisəli sahədə istixana kimi fəaliyyət göstərir. Digər tərəfdən iddiaçı mübahisəli dövrlərdə qazdan istifadə etməsi faktını da inkar etmir, yalnız qaz sərfiyyatının düzgün hesablanmamasına istinad edir. Göstərilən hallar nəzərə alınaraq kollegiya tərəfindən istixanalarda əsas sərfiyyatın qış mövsümünə təsadüf etdiyi halda 2020-2021-ci il və 2021-2022-ci il mövsümlərində sərfiyyatın yalnız qış aylarında sərfiyyatın ümumiyyətlə olmamasının səbəbləri barədə iddiaçının nümayəndəsi və vəkilinə sual verilmiş, sonuncu qış aylarında sərfiyyatın olmamasını istixananı qızdırmaq üçün qış aylarında alternativ vasitələrdən (mazutdan) istifadə edilməsi ilə izah etmiş, lakin nə istixanada mazutdan da istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmiş, nə də qış aylarında yanacaq qismində mazutdan istifadə edildiyi halda məhz hər ilin mart ayında təbii qazdan istifadə edilməsinin səbəblərinə aydınlıq gətirmişdir.

27. Göstərilən hallar isə belə qənaətə gəlməyə əsas verir ki, istixanada qış aylarında sərfiyyatın qeydiyyata alınmaması və mart ayında yüksək sərfiyyatın qeydiyyata alınması qazpaylayıcı tərəfindən qış aylarında sərfiyyatın ölçülməməsi, yəni qaz paylayıcı tərəfindən qış mövsümündəki sərfiyyatın yalnız mart ayında ölçülməsi ilə bağlı olmuşdur.

28. Bununla bağlı o da vurğulanmalıdır ki, Cavabdeh İB tərəfindən sərfiyyatın hər ay ölçülməməsi “Qazdan istifadə qaydaları”nın pozulması kimi dəyərləndirilsə də, göstərilən pozuntuya yol verilməsi iddiaçını sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsi öhdəliyindən azad etmir və mübahisəli borcun silinməsi üçün əsas vermir.

29. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli dövrdə qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması iş materialları müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdeh tərəfindən iddiaçıya sayğac göstəricilərinə əsasən hesablanmış 51006,98 manat məbləğində borcu silməkdə haqlı olmamışdır. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

30. Buna müvafiq olaraq qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tamamı iddiaçının özünə aid edilməlidir.

31. Apellyasiya şikayəti təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş 149,43 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə qaytarılmalıdır.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5333/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə məhkəmə xərcləinin bölüşdürülməsi hissəsində dəyişdirilsin.İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tamamı iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş 149,43 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar