Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1267/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: pul tələbi, baxılmamış saxlama, üzrlü səbəblər) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(113)-7817/2024 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 46000 manat məbləğində maddi zərərin əvəzinin, eləcə də birgə fəaliyyətdən əldə edilmiş məhsulun 36%-nin, yəni 379364,23 manat məbləğində pulun (ümumilikdə 425364,23 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7817/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
3. Hazırda iddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)- 7817/2024 saylı qərardadından şikayət verib sözügedən qərardadın ləğv edilməsini xahiş edir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7817/2024 saylı qərardadında “məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salındığına və xx.xx.2024-cü il tarixində tərəflərin məhkəmə iclasına gəlməmələrinə əsaslanaraq iddia ərizəsi baxılmamış saxlanılması qərarına gəlmişdir. Halbuki iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət olunaraq vəkilin iş materialları ilə tanış olması üçün məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. Qeyd edilir ki, "xxxx" MMC hüquqlarının müdafiə və təmsil olunması üçün vəkil Nümayəndə2 ilə müqavilə bağlamışdır. Vəkil Nümayəndə2 səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Belə ki, O, xx.xx.2024-cü il tarixində Universal Hospitalda kəskin ürək çatışmazlığından əməliyyat olunmuş və stasionar cərrahi müalicələr almışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7817/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
Apellyasiya baxışının həddi
7. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
8. İş materiallarından görünür ki, hazırkı kommersiya mübahisəsi üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Tərəflərə yenidən məhkəmə iclasının vaxtı və yeri barədə yenidən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə ümumiyyətlə məlumat verməmişlər. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən ərizə baxılmamış saxlanılmışdır.
9. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə (ərizə baxılmamış saxlanıldıqdan 2 gün sonra) vəkil müraciəti edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş orderdə hüquqi yardım göstərilən şəxs kimi iddiaçı deyil, Nümayəndə1 göstərilmiş, habelə ərizəyə nümayəndənin səlahiyyətli olmasını təsdiq edən sənəd (etibarnamə) ümumiyyətlə əlavə edilməmişdir.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir.
12. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC hüquqlarının müdafiə və təmsil olunması üçün vəkil Nümayəndə2 ilə müqavilə bağlamış, lakin vəkil Nümayəndə2 səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Belə ki, O, xx.xx.2024-cü il tarixində Universal Hospitalda kəskin ürək çatışmazlığından əməliyyat olunmuş və stasionar cərrahi müalicələr almışdır (Tibbi sənədlər şikayətə əlavə olunmuşdur).
13. Bundan əlavə, məhkəmə ərizəyə əlavə edilmiş orderdə hüquqi yardım göstərilən şəxs kimi iddiaçı deyil, Nümayəndə1 göstərilməsini düzgün hesab etməsə də, iş materiallarında olan aktdan, birgə fəaliyyət haqqında müqavilədən və digər sənədlərdən Nümayəndə1 iddiaçı "xxxx" MMC-nin direktoru olması aydın görünür. Ona görə də, məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə yanlışdır.
14. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(113)-7817/2024 saylı qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.