Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-127/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı üzvlükdən çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3568/2023 nömrəli qətnaməsindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 MTK-nın üzvlüyündən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3568/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3568/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndələri məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, izahatları dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3568/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə icraata qismən- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı hissədə xitam verilməlidir. Məhkəmə ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamə yalnız iddianın Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı təmin edildiyi hissədə mübahisələndirilir. Ona görə də, apellyasiya baxışının predmetini bu hissə təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh1 Nizamanməsi xx.xx.2006-cı il tarixində 0106-P215-45745 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.4-cü bəndinə əsasən Qanuni nümayəndə1, X5, X11, X7, X1 üzvləridir; 5.6-cı bəndinə əsasən kooperativ üzvlərinin kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq hüququ var; 6.1-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxmaq fiziki və (və ya) hüquqi şəxsin ərizəsi əsasında, ümumi yığıncağın qərarı ilə həyata keçirilir; 7.1.3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən xaricetmə ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 digər üzvləri Qanuni nümayəndə1, X4 və X2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi cəlb olunmaqla) qarşı “mənzil-tikinti kooperativinin üzvlüyündən çıxarılma” barədə iddia qaldırmış, həmin iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-301/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamədən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia tələbi rədd edilmişdir. Həmin mübahisəyə baxılarkən Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsi ilə Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinin müqayisəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir. MM-nin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir. Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.” Qeyd edilən qərarda qeyd edilmişdir ki, “kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-301/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsində Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına istinad edərək iddianı əsl cavabdehə qarşı qaldırılmadığı üçün rədd etmiş, İddiaçı mənzil tikinti kooperativinin üzvlüyündən çıxmaq hüququ olduğu müəyyən edilərək ona Cavabdeh1nə qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Lakin hazırda iddiaçı Cavabdeh1 MTK-nın üzvlüyündən çıxarılması barədə tələbi Mənzil-Tikinti Kooperativi ilə yanaşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı da irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnamənin 2.0.2-ci bəndinə əsasən qanunla müəyyən olunmuş qaydada kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək, 3.0.27-ci bəndə əsasən kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını təşkil etmək, 6.27.4-cü bəndə əsasən vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər edilməsi barədə məlumatları AVİS-ə daxil etmək, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin inzibati orqan olaraq publik hüquq sahəsində həyata keçirdiyi fəaliyyətə aiddir. Buna görə də məhkəmə hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının tələbi onun inzibati orqan olaraq publik hüquq sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı olduğundan birinci instansiya məhkəməsi inzibati məhkəmənin səlahiyyətinə aid tələbə baxmağa haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Cavabdeh apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilərək iddianın rədd edilməsini xahiş etdiyindən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyatora aid hissədə ləğv edilərək ona aid hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3568/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3568/2023 nömrəli qətnaməsi qismən- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı hissədə ləğv edilsin. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-127/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-127/2024
24.01.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver