Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-128/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: subroqasiya Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 850 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 40 manat məbləğin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4663/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Maraqlı şəxs MMC arasında bağlanmış RAZ********** saylı, xx.xx.2020-ci il tarixli sığorta müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi sığorta edilmişdir.
2. xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka baş vermiş su basma nəticəsində 1000 manat zərər dəymiş, müəyyən edilmiş həmin məbləğdən 150 manat azadolma çıxılaraq cəmi 850 manat sığorta ödənişi müəyyən edilmişdir.
3. Dəymiş zərərin hesabatına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 1000 manat müəyyən edilmişdir.
4. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Maraqlı şəxs MMC-nin hesabına 850 manat sığorta ödənişi verilmişdir.
5. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 27 saylı məktubundan görünür ki, "xxxx" MMCyə məxsus, ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs marketin yarımzirzəmisi xx.xx.2020ci il tarixində kanalizasiya xətlərinin tutulması səbəbindən subasmaya məruz qalmış və obyektə zərər dəymişdir.
6. “Sumqayıt Sukanal İdarəsi” tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli XQ-02/1-784 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında "Zəhmət' MTK-nın ərazisində yerləşən Maraqlı şəxs MMC adlı qeyri-yaşayış sahəsinə çirkab suların dolması sözügedən MTK-ya məxsus kanalizasiya xəttində baş vermiş tutulma ilə əlaqədardır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı cavabdehdən 850 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 40 manat məbləğin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı Maraqlı şəxs MMC-nin razı olması və İddiaçı ASC tərəfindən ona RAZ********** saylı, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixində ünvan 4 ünvanında yerləşən obyekti kanalizasiya xətlərinin tutulması səbəbindən subasma hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 1000 manat məbləğində real zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 850 manat məbləğində sığorta ödənişi verilmişdir. xx.xx.2021-ci il tarixində ünvan 5 ünvanında yerləşən obyekti kanalizasiya xətlərinin tutulması səbəbindən daşınmaz əmlaka 1000 manat məbləğində real zərər dəymişdir. CFİ-0022/2021/AKT1363/22 saylı sığorta aktına və RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 850 manat məbləğində sığorta ödənişi sığortalının hesabına köçürülmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən obyekti kanalizasiya xətlərinin tutulması səbəbindən subasmaya məruz qalmış və obyektə zərər dəymişdir. Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345s saylı sərəncamına əsasən Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyatı dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansındadır. Cavabdeh ASC-nin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4663/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Maraqlı şəxs MMC arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1000 manat müəyyən edilərək sığortalıya iddiaçı tərəfindən 850 manat sığorta ödənişi verilmişdir.
11. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur, iddiaçı subroqasiya qaydasında ödənilməsini tələb etdiyi zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini, eyni zamanda su basmanın baş verdiyi kanalizasiya xətlərinin cavabdehin məsuliyyəti dairəsində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 27 saylı məktubuna münasibətdə qeyd etmişdir ki, həmin məktubda subasmanın səbəbi kanalizasiya xətlərinin tutulması göstərilsə də, kanalizasiya xətlərinin kimə məxsus olması barədə hər hansı qeyd göstərilməmiş, eyni zamanda həmin məktubdan da göründüyü kimi subasmaya səbəb olmuş kanalizasiya xətti marketin yarımzirzəmisində yerləşmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4663/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektdə kanalizasiya xətlərinin tutulması səbəbindən subasma hadisəsi baş vermişdir. Cavabdeh ASC su təchizatı tələbatının etibarlı və keyfiyyətli təminatını həyata keçirməmiş və müvafiq sığorta hadisəsi baş vermişdir. Hazırki hadisədə də bilavasitə səlahiyyətli qurum kimi Cavabdeh ASC məsuliyyət daşımamaqdadır. Qeyd edilən ünvanda baş vermiş qəza ilə bağlı zərərin əvəzinin kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə təqsiri olan qurum tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxmalı və əlavə araşdırma etməlidir. Məhkəmə əlavə araşdırma aparmadan qətnamə qəbul etmiş və qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddəyə əsasən, əgər təqdim edilən sənədlər kifayət etmirsə o halda məhkəmə işə sadələşmış qaydada deyil, iddia icraatı qaydasında baxmalı idi. Apellyasiya şikayətində məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 345s saylı sərəncamının, Cavabdeh ASC-nin nizamnaməsinin 3.2-ci bəndinin nəzərə alınmaması maddi hüquq pozuntusu kimi qeyd edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
16. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
“Su təchizatı və tullantı suları haqqında” Qanun 34-cü maddənin 1-ci hissəsi- kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır: a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi; s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi. 34-cü maddənin 2-ci hissəsində əsasən kanalizasiya müəssisəsi tərəfindən su obyektlərinə tullantı sularının axıdılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 36-cı maddə-obyektlərin tikintisi aparılan və ya planlaşdırılan ərazilərdə ümumi istifadədə olan kanalizasiya sistemləri olmadıqda, yerli orqanlar (bələdiyyələr) və ya obyektlərin sahibləri kanalizasiya müəssisəsinə obyektlərin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə onların hesabına kanalizasiya kəmərlərinin çəkilməsi və ya kanalizasiya qurğularının tikintisinin təmin olunması haqqında yazılı sifarişlə müraciət edə bilərlər.
“Sudan istifadə Qaydaları” 9.6. İstehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər: 9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə; 9.6.2. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara; 9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə; 9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına; 9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına; 9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına; 9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına. 9.7. İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar. 9.8. Kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir. 9.9. STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. 9.10. STKM istehlakçının balansında olan kanalizasiya sisteminə nəzarət etmək hüququna malikdir. 9.16. STKM tərəfindən balansında olmayan kanalizasiya şəbəkələrinin təmizlənməsi və təmiri üzrə sifariş əsasında yerinə yetirilən işlərə görə istehlakçılar STKM-in təqdim etdiyi hesab üzrə vəsait ödəməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 345s saylı sərəncamı Nazirlik, Komitə, şəhər,rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondundan olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansına verilsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4663/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, sığortalı Maraqlı şəxs MMC tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yarımzirzəmisində kanalizasiya xəttinin tutulması nəticəsində baş vermiş su basma ilə əlaqədar obyektə dəymiş ziyana görə 850 manat sığorta ödənişi ödənilmişdir. İddiaçının MM-nin 936-cı maddəsinə əsasən sığortalıya ödədiyi məbləği partlamış kanalizasiya kəmərinin texniki vəziyyətinə görə məsuliyyət daşıyan şəxsdən tutulmasını tələb etmək hüququ vardır.
21. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tutulmuş kanalizasiya xəttinin cavabdehin balansında olduğu sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilə bilməz.
22. Sumqayıt Sukanal İdarəsi” tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli XQ-02/1-784 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən obyekt "Zəhmət' MTK tərəfindən inşa edilmiş binada yerləşmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 345s saylı sərəncamı yalnız Nazirlik, Komitə, şəhər,rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğularının Cavabdeh ASC-nin balansına verilməsini nəzərdə tutduğundan hazırkı halda tətbiq edilə bilməz.
23. “Su təchizatı və tullantı suları haqqında” Qanundan və “Sudan istifadə Qaydaları”ndan görünür ki, kanalizasiya sistemləri həm Cavabdeh ASC-nin, həm də istehlakçıların balansında ola bilər. Qaydaların 9.9 və 9.10-cu bəndlərinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməli, istehlakçının balansında olan kanalizasiya sisteminə isə yalnız nəzarət etmək hüququna malikdir. İstehlakçının balansında olan kanalizasiya sisteminin istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməsi istehlakçının vəzifəsi olaraq nəzərdə tutulmuşdur.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, MTK tərəfindən inşa edilmiş binanın daxili kanalizasiya sisteminin Cavabdeh ASC-nin balansında olduğu təsdiq edilmədiyindən iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4663/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4663/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.