Məhkəmə qərarları › İş №2-2(103)-1283/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1283/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1283/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı “xidmət müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 9046/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12920 manat məbləğində pul vəsaitinin və ödənilmiş 128,76 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, İddiaçı2 MMC ilə cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16948 manat məbləğində pul vəsaitinin və ödənilmiş 140,84 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı2 MMC-yə ödənilməsi, İddiaçı3 MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16063 manat məbləğində pul vəsaitinin və ödənilmiş 138,19 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı3 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9046/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı “xidmət müqavilələri üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçıların nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9046/2025 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İlk növbədə qeyd edilməlidir ki, qeyd olunan maddədə müştərək qaydada bir neçə iddiaçı tərəfindən iddia verilməsi üçün tələblərin predmet və ya əsas baxımından mütləq bağlı olması barədə şərt nəzərdə tutulmamışdır. Hətta belə bir şərt olsa belə və birgə iddiaçı qismində çıxış etmənin əsasını müştərəklik təşkil etməsi qənaəti əsaslı olsa belə, qeyd edilməlidir ki, hazırkı iddia üzrə cavabdeh eyni şəxsdir və iddianın predmetini cavabdeh tərəfindən hər 3 iddiaçıya satılan eyni xidmətin nöqsanlı və keyfiyyətsiz olması təşkil edir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş proqram təminatı texniki baxımdan qeyri-standart prinsiplərlə hazırlanmış, funksional baxımdan isə xarici moduldan asılılıq səbəbindən istismara yararsız vəziyyətdədir və müqavilə üzrə qoyulmuş əsas şərtlərə cavab vermir və eyni zamanda lisenziyaya malik deyildir. Bu baxımdan iddia tələbləri həm predmet, həm də əsas baxımından bağlıdır və eynilik təşkil edir. Digər tərəfdən, prosessual qənaət prinsipi baxımından da tələblərə eyni iddiada baxılması zəruridir. Belə ki, qeyd olunan iddia tələbi ilə bağlı xüsusi bilik tələb edən suallar mövcudur. Bu da proses zamanı mütəxəssis cəlb olunması və müvafiq ekspertizanın keçirilməsini zəruri edir. Mahiyyəti üzrə eyni məsələ ilə bağlı ayrı-ayrı müstəqil iddialar verilməsi, ayrı-ayrılıqda hər bir iş üzrə mütəxəssis cəlb edilməsi, eyni suallarla bağlı müvafiq ekspertizaların ayrı-ayrılıqda keçirilməsi prosessual qənaət prinsipi baxımından məqsədəuyğun deyildir. Lakin məhkəmə iddia ərizəsini geri qaytarmaqla iddiaçıların məhkəmə müdafiəsi hüququnu pozmuşdur.. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərini bir iddia ərizəsində birləşdirmək və iddianın müştərək qaydada bir neçə iddiaçı tərəfindən qaldırılması imkanı nəzərdə tutulmuşdur. Lakin bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərinin birləşdirilməsi hüququnun realizə edilməsi üçün zəruri şərt iddia tələbləri arasında bağlılığın olması, başqa sözlə, tələblərin predmet və ya əsas baxımından əlaqəli olmasıdır. Eyni qayda bir neçə iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia qaldırdığı hallara da aiddir. , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsini təhlil etdikdə aydın olur ki, birgə iddiaçı qismində çıxış etmənin əsasını müştərəklik təşkil edir. Bu isə tələblərin predmet və ya əsas baxımından əlaqəli olması qənaətinə gəlməyə əsas verir. Lakin hazırkı iş üzrə belə bir bağlılığın olması istisna edilir. Belə ki, iddiaçılar cavabdehlə ayrı-ayrılıqda müqavilə bağlamış, hər bir iddiaçı cavabdehlə bağladığı müstəqil müqavilə üzrə öhdəlikləri ayrı-ayrılıqda icra etmiş, cavabdehin hər üç müqavilə üzrə öhdəlikləri icra etməməsi iddia olunmuşdur. Belə olan halda tələblərin predmet və ya əsas baxımından bağlılığını təsdiq olunmur. Məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllədə mülki mühakimə icraatının davam etmə müddətləri ilə bağlı xüsusi tənzimləmə həyata keçirilərək, işə ağlabatan müddətdə, lakin ərizənin məhkəməyə daxil olduğu vaxtdan həmin Məcəllədə nəzərdə tutulmuş müddətlərdən gec olmayaraq baxılması və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalı olması ilə bağlı tələb müəyyən edilmişdir. Bu isə təsadüfi deyildir. Belə ki, qeyd olunan tələb şəxslərin hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, sübutların vaxtında toplanması və qiymətləndirilməsinə, süründürməçilik hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə xidmət edir. Belə olan halda, predmet və ya əsas baxımından bağlılığı olmayan ayrı-ayrı tələblərin bir iddiada birləşdirilərək baxılması, işin bir-biri ilə bağlı olmayan fərqli halları ilə bağlı sübutların toplanıb araşdırmanın aparılmasını tələb edir ki, qeyd olunan tələbə əməl olunması prosessual müddətlərin pozulmasına da səbəb olar və nəticə etibarilə yuxarıda qeyd olunan məqsədlərə zidd olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.7-ci maddələrinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müstəqil iddialar verilməklə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9046/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar