Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1285/2025 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Qətnamə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə münasibətləri, podrat müqaviləsi, əsassız varlanma, avans ödənişi, sübutetmə) hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndələri (vəkilləri) qanuni nümayəndə1 və vəkil1 iştirakları ilə İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İş materiallarında olan ## ###### 2024-cü il tarixli AZ********* nömrəli ödəniş tapşırığı üzrə 150000 manat, ## ###### 2024-cü il tarixli AZ********* nömrəli ödəniş tapşırığı üzrə 100000 manat, ## ###### 2024-cü il tarixli AZ********* nömrəli ödəniş tapşırığı üzrə 150000 manat məbləğində vəsait təyinat hissəsində avans göstərilməklə iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.
2. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 311700 (üç yüz on bir min yeddi yüz) manat məbləğində borc və 31170 (otuz bir min yüz yetmiş) manat məbləğində cərimə olmaqla, cəmi 342870 (üç yüz qırx iki min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitinin və çəkilmiş məhkəmə xərclərinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400000 manat pul, 690 manat məhkəməyə ödənilmiş dövlət rüsumu, cəmi 400690 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə avans şəklində 400 000 manat məbləğində pul ödənilmişdir. Belə ki, tərəflər şifahi olaraq müzakirələr apararaq razılığa gəlmişdir ki, cavabdeh iddiaçının sifarişi əsasında müvafiq işlər yerinə yetirəcəkdir. Lakin buna dair tərəflər arasında heçbir rəsmi sənədləşmə aparılmamış, hər hansı işlərin görülməsinə dair konkret sifarişlər verilməmişdir. Qarşılıqlı şəkildə imzalanmış heçbir razılaşma, müqavilə və s., sənəd mövcud deyil. Qeyd etmək istəyirik ki, avans şəklində cavabdehə köçürülmüş 400 000 manat pul müqabilində Cavabdeh MMC tərəfindən hər hansı işlər və xidmətlər görülməyib. Beləki cavabdehlə aramızda hər hansı mülki-təsərrüfat münasibətləri, işlərin və xidmətlərin yerinə yetirilməsinə dair rəsmi müqavilə və sair sənədlər mövcud olmamışdır. Bu səbəbdən də hesab edirik ki, cavabdehin qeyri-qanuni şəkildə saxladığı yuxarıda qeyd edilən məbləğdə pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır.
5. Cavabdeh ##.##.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı iddia qaldırılaraq, 400 000 manat pul, 690 manat məhkəməyə ödənilmiş dövlət rüsumu, cəmi 400 690 manat puulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair Qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə avans şəklində 400 000 manat məbləğində pul ödənilmişdir. Belə ki, tərəflər şifahi olaraq müzakirələr apararaq razılığa gəlmişdir ki, cavabdeh iddiaçının sifarişi əsasında müvafiq işlər yerinə yetirəcəkdir. Lakin buna dair tərəflər arasında heçbir rəsmi sənədləşmə aparılmamış, hər hansı işlərin görülməsinə dair konkret sifarişlər verilməmişdir. Qarşılıqlı şəkildə imzalanmış heçbir razılaşma, müqavilə və s., sənəd mövcud deyil. Qeyd etmək istəyirik ki, avans şəklində cavabdehə köçürülmüş 400 000 manat pul müqabilində Cavabdeh MMC tərəfindən hər hansı işlər və xidmətlər görülməyib. Beləki cavabdehlə aramızda hər hansı mülki-təsərrüfat münasibətləri, işlərin və xidmətlərin yerinə yetirilməsinə dair rəsmi müqavilə və sair sənədlər mövcud olmamışdır. Bu səbəbdən də hesab edirik ki, cavabdehin qeyri-qanuni şəkildə saxladığı yuxarıda qeyd edilən məbləğdə pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır.” Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən rədd edilməlidir. Bildiririk ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmuş və təhvil-təslim baş tutmuşdur. Lakin, İddiaçı MMC tərəfindən əsassız iddia qaldıraraq Cavabdeh MMC tərəfindən heç bir işin nəticəsinin təhvil verilməməsi iddia edilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı MMC işlərin nəticəsi ilə ümumiyyətlə maraqlanmamış, işin nəticəsini təhvil almadan iddia qaldırmışdır. Podratçı tərəfindən işin nəticəsinin təhvilə hazır olduğu sifarişçiyə bildirildikdən sonra sifarişçi həmin nəticəni əsaslı səbəb olmadan qəbul etmədikdə, təhvil-təslim rəsmiləşməsə belə, iş sifarişçiyə təhvil verilmiş hesab olunur. Bu, bir daha göstərir ki, İddiaçı MMC-nin işin nəticəsinin təhvil verilməməsi ilə bağlı irəli sürdüyü iddialar hüquqi baxımdan əsassızdır. Bundan əlavə, Cavabdeh MMC tərəfindən təqdim edilmiş çoxsaylı yazılı müraciətlərə, zəmanət məktublarına və təhvil-təslim üçün edilən rəsmi çağırışlara baxmayaraq, İddiaçı MMC bu çağırışlara cavab verməmiş, işin nəticəsini qəbul etməyə təşəbbüs göstərməmiş və bu hərəkətsizliyi ilə qarşı tərəfin hüquqlarını pozmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, işin təhvil verilməsi zamanı Cavabdeh MMC tərəfindən təqdim edilən sənədlər, o cümlədən görülmüş işlər barədə hesabatlar müvafiq qaydada tərtib olunmuş və bu sənədlərin surətləri İddiaçı MMC-yə təqdim olunmuşdur. Bu da Cavabdeh MMC-nin müqavilə üzrə şəffaf və qanuni fəaliyyət göstərdiyini bir daha sübut edir. AR Mülki Məcəlləsinin 385-ci maddəsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desək, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İ.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında ilkin olaraq tikinti işlərinin aparılması ilə bağlı danışıqlar aparılmış, bu məqsədlə cavabdehə 400000 manat avans verilmiş, lakin daha sonra hər hansı müqavilə, razılaşma olmamış, ümumiyyətlə iddiaçının sifarişi olmamış, cavabdeh tərəfindən hər hansı iş icra edilməmişdir. Cavabdehin iddia ərizəsinə əlavə etdiyi müqavilənin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Cavabdehlə hər hansı podrat müqaviləsi bağlanmamış, cavabdehin birtərəfli aktlarda göstərdiyi ünvanlarda hər hansı işlərin aparılması ilə bağlı iddiaçının hər hansı sifarişi olmamışdır. Ümumiyyətlə cavabdehin aktlarda göstərdiyi ünvanlara iddiaçının hər hansı əlaqəsi yoxdur. Cavabdeh görülmüş işlərlə bağlı 311700 manat pulun tutulması ilə bağlı onlara qarşı Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi vermiş, onun iddiası ##.##.2025-ci il tarixdə təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə qərardadla geri qaytarılmış, həmin akt cavabdeh tərəfindən mübahisələndirilməmiş, beləliklə qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda tələb edilən pulun geri qaytarılması ilə bağlı qarşılıqlı iddia ərizəsini qanunla nəzərdə tutulmuş 20 günlük müddəti ötürməsi səbəbindən vaxtında verə bilməmiş, daha sonra bu tələblə bağlı Bakı Kommersiya Məhkəməsinə ayrıca iddia ərizəsi vermişdir.
8. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi S.İsgəndərov iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı “xxxx” MMC-lə bağlı podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlərin icrasını subpodrat müqaviləsi əsasında cavabdehə həvalə etmiş, cavabdeh aktlarda göstərilmiş işləri tam şəkildə icra edib cavabdehə təhvil vermişdir. İşlər 5 ay ərzində, yəni 2024-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Tələb edilən mal-material cavabdeh tərəfindən alınmış, işçilik xərci tərəflərindən ödənilmişdir. İddiaçı tərəfindən onlara 2024-cü ilin avqust ayı ərzində ödənilmiş 400000 manat pul avans deyil, görülmüş işə görə muzd olmuşdur. O, müqaviləni, habelə aktları cavabdehin işlər icra edilən yerə həftədə bir dəfə gəlib nəzarət edən “prorab”a təqdim etmiş, lakin nə müqavilə, nə də aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Tərəflər arasında daha əvvəl müqavilə olmasa da, iddiaçı şirkəti onun qardaşı tanımış, tərəflər arasında etimad olmuş, bu səbəbdən hər hansı sənədləşmə aparılmadan bu həcmdə iş icra edilmişdir. İddiaçının görülmüş işlərin dəyərini tam şəkildə ödəyəcəyinə inandıqları üçün işləri dayandırmamış, vaxtında iddiaçıya hər hansı elektron qaimə təqdim edilməmişdir. İşlərin görülməsini təqdim etdikləri foto və videolar, habelə müqavilə, təhvil aktları, üçüncü şəxslərlə bağladıqları müqavilələr təsdiq edir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili qanuni nümayəndə1 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq işin dövlət büdcəsi hesabına maliyyələşdirilmiş təmir-bərpa işləri ilə bağlı olması və ictimai ittiham elementlərini əhatə etməsi səbəbindən, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmaq üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin *-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh MMCdən 400000 manat məbləğində pul, 690 manat dövlət rüsumu, ümumilikdə 400690 (dörd yüz min altı yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddiaçı iddia ərizəsində ilkin olaraq tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən cavabdehə 400000 manat avans ödənildiyini, lakin daha sonra hər hansı müqavilə bağlanmadığını göstərib ödədiyi vəsaitin əsassız varlanma qaydasında geri qaytarılmalı olmasını göstərmişdir. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında ##.##.2024-cü il tarixdə müqavilə bağlandığını (həmin müqavilənin iddiaçı tərəfindən sonradan imza edilməsindən imtina edildiyini), həmin müqavilə üzrə iddiaçının sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən bir sıra binaların fasad hissəsində ümumilikdə ƏDV daxil olmaqla 839815,57 manat həcmində işlərin icra edildiyini, həmin işlərin ##.##.2024-cü ildə aktlar əsasında iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı tərəfindən aktların imza edilmədiyini bildirir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli, 02- **/** saylı podrat müqaviləsinin predmet hissəsində ümumiyyətlə icra edilməli olan işlərin nədən ibarət olması, işlərin hansı ünvanlarda, hansı həcmdə həyata keçirilməli olması göstərilməmiş, müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh ümumiyyətlə müqavilənin, habelə onun eyni tarixli əlavəsinin iddiaçıya imza edilməsi məqsədilə təqdim edilməsini, iddiaçının həmin müqavilənin bağlanmasına razılıq verməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli aktları da məhkəmə mötəbər sübut qismində qəbul etmir. Belə ki, həmin aktlar birtərəfli qaydada tərtib edilmiş, ümumiyyətlə aktların iddiaçıya 2024cü ilin noyabr ayında göndərilməsi, imzalanmasının ondan tələb edilməsi, həmin aktlarda qeyd edilmiş işlərlə bağlı iddiaçı MMC-yə hər hansı hesab-fakturanın göndərilməsi, elektron qaimə(lər)in təqdim edilməsi, aktlarda göstərilmiş həcmdə işin icra edilməsi, material alınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin qanuni təmsilçisi S.İsgəndərov məhkəmə iclasındakı izahatında ümumiyyətlə bu həcmdə işlərin hər hansı yazılı müqavilə, razılaşma, yazılı sifariş olmadan görülməsini, işin həcminin necə razılaşdırıldığını, qiymətlərin hansı qaydada müəyyən edildiyini, tərəflər arasında yazışmaların işlərin davam etməsinin iddia edildiyi 5 ay ərzində, habelə ondan sonrakı dövrdə hansı qaydada aparıldığı, işlərin həqiqətən də görüldüyü halda, iddiaçıya görülmüş işlərlə bağlı ümumiyyətlə hesabatların, məlumatların hansı qaydada verilməsini, iddiaçı tərəfindən 400000 manat vəsaitdən başqa ödəniş edilmədiyi təqdirdə hansı səbəbdən işlərin dayandırılmaması, qalıq 439815,57 manat borcun işlərin davam etdiyi müddət ərzində habelə ondan sonra necə tələb edilməsini ağlabatan şəkildə izah edə bilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmalarından görünür ki, 2025-ci ilin avqust ayında iddiaçının işçisi olan Səbinə Hənifəyeva cavabdehin nümayəndəsinə avans ödənişlə bağlı qaimənin göndərilməsini təklif etmişdir. Məhkəmənin “işlərin 2024-cü ilin may ayında başlandığı halda hansı səbəbdən iddiaçıya hər hansı elektron qaimənin və ya hesab-fakturanın göndərilməməsi, hər hansı təhvil aktının (forma 2) imzalanmasının tələb edilməməsi, iddiaçıdan ondan işlərin icrasına başlandığı iddia edilən may ayından keçən 3 ay sonra avqust ayında elektron qaimənin deyil, avans qaiməsinin göndərilməsinin təklif edilməsinin səbəbi” kimi suallara da cavabdehin qanuni təmsilçisi S.İsgəndərov cavab verə bilməmişdir. Bundan əlavə, cavabdeh Məhkəməyə işlərin görüldüyünü iddia etdiyi binaların fotoşəkillərini təqdim etmiş, cavabdehin nümayəndələri öz izahatlarında fotoşəkillərdə olan binaların fasad hissəsində cavabdeh tərəfindən işlərin aparıldığını bildirmişlər. Məhkəmə hesab edir ki, həmin fotoşəkillər də hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz. Belə ki, həmin fotoşəkillərin hansı şəraitdə, harada çəkilməsi, orada olan işlərin cavabdehin bildirdiyi kimi həqiqətən onun tərəfindən icra edilməsi bəlli deyildir, bundan əlavə həmin şəkillərlə işlərin həqiqətən də cavabdeh tərəfindən, habelə məhz iddiaçının sifarişi əsasında görülməsi təsdiq olunmur. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı podrat müqaviləsinin bağlanması, iddiaçının sifarişi əsasında Bakı şəhəri, Azadlıq prospekti, 257, 259, 261, 263, *** saylı binalarda 103654,39 manat, Bakı şəhəri, Azadlıq prospekti, 245, 247, 249, 251, 253, *** saylı binalarda 104389,88 manat, Bakı şəhəri, Azadlıq prospekti, 198, *** saylı binalarda 249845,53 manat, Bakı şəhəri, Azadlıq prospekti, 202, 204, 206, 208, *** saylı binalarda 179116,63 manat, Bakı şəhəri, Azadlıq prospekti, 237, 239, *** saylı binalarda 202809,14 manat, ümumilikdə 839815,57 manat həcmində işlərin icra edildiyi öz təsdiqini tapmamışdır. Çünki işin yuxarıda müəyyən olunan hallarından da göründüyü kimi cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında 839815,57 manat dəyərində podrat işlərin görülməsi və iddiaçıya təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan cavabdeh tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə ##.##.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən hazırkı iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətini də əsassız hesab edir. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 690 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 405.1, 405.2, 407.1, 439.4, 752.1, 753.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir.
13. Qətnamədən cavabdehin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
15. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər, iddiaçının əvvəlki məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
24. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
25. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam və hərtərəfli araşdırmadan və sübutlara düzgün hüquqi qiymət vermədən iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.
41. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 400.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı həmin vəsaitin tərəflər arasında bağlanması nəzərdə tutulan xidmət müqaviləsi üzrə avans ödənişi kimi verildiyini, lakin sonradan müqavilə bağlanmadığını göstərərək pul vəsaitinin əsassız varlanma qaydasında geri qaytarılmasını tələb etmişdir.
42. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyini əsaslı hesab etmir.
43. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı özü də iddia ərizəsində tərəflər arasında ilkin olaraq şifahi razılaşmanın əldə olunduğunu göstərmişdir. Mülki qanunvericiliyə görə qanunla yazılı forma məcburi nəzərdə tutulmadığı hallarda müqavilə şifahi formada da bağlana bilər və belə razılaşma tərəflər üçün hüquqi nəticələr yaradır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında işlərin görülməsi ilə bağlı ilkin razılaşma (şifahi müqavilə) mövcud olmuş və tərəflər həmin razılaşmanın icrasına faktiki olaraq başlamışlar.
44. Belə ki, iddiaçı tərəfindən cavabdeh ardıcıl şəkildə pul vəsaitlərinin köçürülməsi; ödəniş sənədlərində müqaviləyə istinad edilməsi faktları tərəflər arasında yalnız danışıqların deyil, artıq formalaşmış və icra olunan müqavilə münasibətlərinin mövcud olduğunu sübut edir. Bu hal pul vəsaitinin təsadüfi və ya hər hansı hüquqi əsas olmadan verilmədiyini, konkret hüquqi münasibətlər çərçivəsində həyata keçirildiyini göstərir.
45. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, tərəflər arasında razılaşdırılmış şərtlər əsasında faktiki icraya başlanılması müqavilənin bağlanmasının əsas göstəricilərindən biridir və belə halda sonradan yazılı sənədin imzalanmaması müqavilə münasibətlərinin mövcudluğunu istisna etmir.
46. Belə olan halda kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu müəyyən edildiyindən, iddianın hüquqi əsası əsassız varlanma normaları ilə deyil, məhz həmin müqavilədən irəli gələn hüquq və öhdəliklər çərçivəsində qiymətləndirilməlidir.
47. İşin faktiki hallarına əsasən tərəflər cavabdehin müvafiq muzd qarşılığında iddiaçıya xidmət göstərməsi barədə razılığa gəlmiş və cavabdeh həmin razılaşma üzrə 400.000 manat avans ödəmişdir.
48. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü cavabdehin, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə iddiaçının üzərinə düşür.
49. Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC Bakı şəhərində binaların fasadlarının təmiri və abadlaşdırılması üzrə dövlət sifarişi üzrə İddiaçı MMC-yə həvalə etmiş, iddiaçı həmin işlərin böyük bir hissəsini subpodrat qaydasında cavabdehə tapşırmış, tərəflər arasında subpodrat müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçının sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən bir sıra binaların fasad hissəsində işlərin onun tərəfindən icra edildiyini, həmin işlərin ##.##.2024-cü ildə aktlar əsasında iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı tərəfindən aktların imza edilmədiyini bildirir.
50. Kollegiya qeyd edir ki, işlərin görülüb iddiaçıya təhvil verilib-verilməməsinin araşdırılması zərurəti yaranmışdır.
51. Bu kontekstdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı MMC arasındakı münasibətləri təsdiqləyən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
52. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər və izahatlar iddiaçı ilə həmin hüquqi şəxs arasında müvafiq müqavilə münasibətlərinin mövcud olduğunu təsdiq edir. Təqdim olunmuş sənədlərdən görünür ki, müqavilə üzrə nəzərdə tutulan işlər faktiki olaraq icra edilmiş, iddiaçı həmin işlərin nəticələrini üçüncü şəxsə təqdim etmiş və bunun müqabilində müvafiq ödəniş əldə etmişdir.
53. İş materiallarında olan sənədlərin müqayisəli təhlili zamanı müəyyən edilir ki, xxxx Xidməti ilə iddiaçı arasında müqavilədə göstərilən binalar və cavabdeh ilə münasibətlər çərçivəsində təqdim olunmuş müqavilə və digər sənədlərdə qeyd edilən binalar eyni obyektlərə aiddir və bir-biri ilə üst-üstə düşür.
54. Kollegiya qeyd edir ki, iddiaçı müqavilənin və işlərin yerinə yetirilməsi barədə tərtib olunmuş təhvil-təslim aktının imzalanmadığına istinad etsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən görülmüş işlərin nəticələri iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və üçüncü şəxsə təqdim olunmuşdur. İddiaçı həmin işlərin nəticələrindən istifadə etmiş və bunun müqabilində üçüncü şəxsdən müvafiq ödəniş əldə etmişdir.
55. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul vəsaitlərinin hər hansı hüquqi əsas olmadan əldə edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda əsassız varlanma institutu yalnız tərəflər arasında müvafiq hüquqi münasibət və ya müqavilə mövcud olmadığı hallarda tətbiq oluna bilər. Halbuki hazırkı iş üzrə pul vəsaitinin verilməsi tərəflər arasında yaranmış müqavilə münasibətləri çərçivəsində həyata keçirilmişdir.
57. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəfindən görülmüş işlər nəticə etibarilə iddiaçı tərəfindən qəbul edilmiş və üçüncü şəxsə təqdim olunmuş, iddiaçı həmin işlərin nəticəsindən maddi fayda əldə etmişdir. Bu halda iddiaçının həmin işlərin icrası müqabilində ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməsi mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq və ədalətlilik prinsipləri ilə uzlaşmır və faktiki olaraq əldə etdiyi nəticənin dəyərini ödəməkdən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.
58. Eyni zamanda kollegiya qeyd edir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “müqavilə əsasında görülmüş işlərə görə qalıq borcun tutulmasına” dair iddia tələbi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuşdur. Həmin iş üzrə məhkəmə iddianı təmin etməmiş və bunu əsasən işlərin görülməsi və borcun mövcudluğunun sübut olunmaması ilə əsaslandırmışdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, preyudisiya yalnız əvvəlki iş üzrə iş üçün əhəmiyyətli olan və məhkəmə tərəfindən birbaşa araşdırılaraq qəti müəyyən edilmiş faktlara şamil olunur.
60. Əvvəlki məhkəmə aktı ilə yalnız müqavilə üzrə ödənilməmiş 311700 manat dəyərində işlərin görülməsinin sübut olunmaması müəyyən edilmiş, lakin tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmaması faktı qəti şəkildə müəyyən edilmədiyindən həmin aktın hazırkı iş üzrə preyudisial əhəmiyyəti yoxdur.
61. Sübut çatışmazlığı ilə iddianın rədd edilməsi müqavilə münasibətlərinin mövcud olmamasının müəyyən edilməsi kimi qiymətləndirilə bilməz.
62. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan, sübutları tam və obyektiv qiymətləndirmədən iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddiaçının cavabdehə ödənilmiş 400.000 manat məbləğində pul vəsaitinin əsassız varlanma kimi geri qaytarılması barədə tələbi rədd edilməlidir.
64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən şikayət vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 346 manat pul vəsaiti İddiaçı MMC-dən cavabdehin xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı MMC-nin Cavabdeh MMC-dən 400.000 manat pul, 690 manat məhkəməyə ödənilmiş dövlət rüsumu, cəmi 400.690 (dörd yüz min altı yüz doxsan) manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 346 (üç yüz qırx altı) manat pul vəsaiti İddiaçı MMC-dən cavabdehin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.