Məhkəmə qərarları › İş №2-2(103)-130/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-130/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-130/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4657/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 499,32 manat sığorta ödənişi həyata keçirilmişdir.

2. RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə ünvan 2 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 700 manat sığorta ödənişi həyata keçirilmişdir.

3. RAZ211106006 nömrəli xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə ünvan 3 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 1177.18 manat sığorta ödənişi həyata keçirilmişdir.

4. RAZ********** nömrəli xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə ünvan 4 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 507 manat sığorta ödənişi həyata keçirilmişdir.

5. BA659330 nömrəli xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Atatürk prospekti, 37 A ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2017-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 154 manat sığorta ödənişi həyata keçirilmişdir.

6. BA664991 nömrəli xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə ünvan 6 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2016-cı il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 952 manat sığorta ödənişi həyata keçirilmişdir.

7. RAZ********** nömrəli xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 32 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 250 manat sığorta ödənişi həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" ASC Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4239,57 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı hesab edir ki, ödənilmiş 4239,57 manat məbləğində pul vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Cavabdeh ASC iddiaya etiraz edir və bildirir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda baş vermiş su basma hadisələri ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edir ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4657/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

12. İddiaçı ”Azsığorta” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyatı dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansındadır. Göründüyü kimi, qeyd edilən işlərdə baş vermiş subasma hadisələri CavabdehSC-nin nəzarətsizliyi səbəbindən baş vermişdir. Cavabdeh ASC su təchizatı tələbatının etibarlı və keyfiyyətli təminatını həyata keçirməmiş və sığortalı obyektlərdə sığorta hadisələri baş vermişdir. Hazırki hadisədə də bilavasitə səlahiyyətli qurum kimi Cavabdeh ASC məsuliyyət daşımamaqdadır. Belə ki, işlərin bəzilərinə cavabdehin qəzanın aradan qaldırılması ilə bağlı arayışları, məktubları, bəzilərinə isə MKİS-lərin aktları, həmçinin ekspert rəyi əlavə olunmuşdur. Həmin sənədlərdə su xətlərində, kanalizasiya sistemlərində baş vermiş hadisələrin təfərrüfatları göstərilmişdir. Həmin təfərüfatlardanda aydın olur ki, Cavabdeh ASC cavahdehlik daşıyır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh ASC-nin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

20. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərinə görə su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. 26.Həmin Qaydaların 1.2.8-ci bəndinə görə balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

29. Belə ki, Mülki Məcəllənin 936.1, 936.2, 936.5-ci maddələrindən müəyyən edilir ki, sığortaçının subroqasiya hüququ sığortalıya zərərvuran şəxs və ya zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsə qarşı yaranır.

30. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə isə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

31. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir.

32. Beləliklə, hazırki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, sığorta hadisələri cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

33. Lakin həmin hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

34. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1ci bəndlərində müəyyən edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. 35.Həmin Qaydaların 1.2.8-ci bəndində isə göstərilmişdir ki, balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.

36. Lakin sığorta hadisəsinin (subasmanın) Cavabdeh ASC-nin balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularındakı nasazlıqlara görə baş verməsini təsdiq edən sübutlar da təqdim edilməmişdir.

37. Belə olan halda isə iddianın təmin edilməsi üçün əsaslar mövcüd deyil.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ”Azsığorta” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4657/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar