Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1315/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 X5 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin mühafizə zolağına açdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması və onlara ayrılmış torpaq sahəsində əkilmiş ağacların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı "xxxx" ASC cavabdeh "X1 kömək" İctimai Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X1 kömək" İctimai Birliyinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsisməşində yerləşən "xxxx" ASC-nin istifadəsində olan 671 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2-1433/2021 saylı qərardadı ilə həmin işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və 30.06.2021-ci il tarixli e-2-2(113)-223/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı X1 X5 tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddiaçı "xxxx" ASC tərəfindən irəli sürülmüş iddiaya aid hissədə yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllədə yerləşən 44067,0 kv.m torpaq sahəsi "Magistral Ekspress" ATSC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə "X1 kömək" ictimai birliyinin (icarəçi) arasında bağlanmış hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 20.05.2021-ci il tarixli 376 saylı müqaviləyə əsasən icarəyə verən tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül 1 və Ziya Bünyadov prospektinin kəsişməsi ünvanında 600 kv.m. torpaq sahəsi icarə şərtləri əsasında icarəçinin müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı "xxxx" ASC bildirir ki, "X1 kömək" İctimai Birliyi 2020-ci ilin mart ayından başlayaraq ASC-nin istifadəsində olan torpaq sahəsinin 671 kv.m hissəsini zəbt etmişdir. Həmin sahə ASC-nin mühafizə zolağıdır və əmlak hüququnu təsdiq edən müvafiq sənədlərdə əks olunmuşdur. Ərazidə xeyli sayda ağaclar əkilib və yaşıllıq zonasıdır. Cavabdeh ərazini boşaltmaqdan imtina edir və hətta həmin ərazidə hansısa tikintiquraşdırma işləri həyata keçirmək istəyir. Cavabdeh “X1 Kömək” İctimai Birliyi iddiaya etiraz edir və bildirir ki, "xxxx" ASC mühafizə zolağını zəbt etmiş, mühafizə zolağına qapı açmış, məhsullarını reklam etmək üçün mühafizə zolağına yığmışdır. Onun hərəkətləri nəticəsində uzun müddətdir ki, qeyd olunan torpaq sahəsində tikinti quraşdırma işləri apara bilmirlər, faktiki olaraq torpaq sahəsi istifadəsiz qalmışdır. Tikinti-quraşdırma işlərinin Dərnəgül-1 və Ziya Bünyadov prospektlərindən istifadə etməklə aparılması qeyri-mümkündür. Nəqliyyat vasitələrinin intensiv hərəkəti və əhalinin hərəkəti həmin prospektlərdən istifadə etməyi istisna edir. "xxxx" ASC ilə onlara ayrılmış torpaq sahəsinin arasında 6 metr enində mühafizə zolağı mövcuddur. Lakin "xxxx" ASC tərəfindən zəbt olunduğundan həmin mühafizə zolağından istifadə edə bilmirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiası rədd edilməlidir. Belə ki, iddia tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə isə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidməti kadastr və yerquruluşu layihə-tədqiqat mərkəzi tərəfindən tərtib olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsinin yaxınlığında yerləşən “X1 kömək" ictimai birliyinin faktiki istifadə vəziyyətinə uyğun 671 kv.m. torpaq sahəsinin yerquruluşu planından, eləcə də tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən olunur ki, "xxxx" ASC-nin qarşı tərəfin zəbt etdiyini iddia etdiyi “mühafizə zolağı” adlandırılmış torpaq sahəsi “X1 kömək" İctimai Birliyinin istifadəsində olan torpaq sahəsi ilə "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən və tərəflərdən heç birinin mülkiyyətində və ya qanuni istifadəsində olmayan eni 6 metr olan torpaq sahəsidir. Hər iki tərəf həmin torpaq sahəsini “mühafizə zolağı” kimi adlandırsa da, Torpaq Məcəlləsinin 22, 25, 30, 62-ci maddələrinin tələbləri baxımından həmi ərazi mühafizə zonası hesab edilmir. Göründüyü kimi birinci şərtin mövcud olması, yəni mübahisəli torpaq sahəsinin iddiaçı "xxxx" ASC-nin qanuni sahiblik və istifadəsində olması və onun həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun mövcud olması müəyyən olunmur. Bundan başqa iddiaçının nümayəndəsinin izahatına əsasən "xxxx" ASC-nin həmin torpaq sahəsində divarboyu qapıları vardır və “X1 Kömək” İctimai Birliyi ona həmin qapı çıxışlarından istifadə etməyə maneə törədir. Bununla bağlı kollegiya qeyd edir ki, "xxxx" ASC həmin hallara istinad etdiyinə görə məhz o, divarboyu qapıların həmin ərazidə yerləşməsinin (açılmasının) qanuni və zəruri olduğunu, həmin qapıların onun yeganə giriş-çıxış yolu olduğunu və həmin ərazidən başqa ərazidə yerləşdirilməsinin mümkün olmadığını sübut etməlidir. Lakin o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qətnaməsi iddiaçı "xxxx" ASC-nin cavabdeh "X1 kömək" İctimai Birliyinə qarşı torpaq sahəsindən boşaldılması tələbinə dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova