Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1332/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbi üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halı
1. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 18 fevral 2020-ci il tarixli 05 nömrəli müqaviləyə əsasən 128 947,13 manat, 21 iyun 2022-ci il tarixli 45 nömrəli müqaviləyə əsasən 9345,6 manat, hüquqi yardıma görə vəkilə ödənilən 500 manat, dövlət rüsumu qismində 428,29 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
2. Birinci instansiya məhkəməsinin 04 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 18 fevral 2020-ci il tarixli 05 nömrəli müqaviləyə uyğun olaraq 123 711,8 manat, 21 iyun 2022-ci il tarixli 45 nömrəli müqaviləyə uyğun olaraq 7573,99 manat, hüquqi yardıma görə vəkilə ödənilən xərcin əvəzi qismində 300 manat, dövlət rüsumunun əvəzi olaraq 425 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 400 manatın 350 manat hissəsinin cavabdehdən, 50 manat hissəsinin isə iddiaçıdan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi qət olunmuşdur.
3. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən 12 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti verilərək onun ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin 18 avqust 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi əsas göstərilməklə geri qaytarılmışdır.
5. Cavabdehin nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət məhkəmənin 27 avqust 2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli qərardadı ilə 18 avqust 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır.
6. 22 oktyabr 2025-ci il tarixdə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qətnamədən növbəti dəfə verilmiş apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
7. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin ”Elektron məhkəmə” informasiya sistemindən istifadə bacarığı olmadığından, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüşdür.
8. Məhkəmənin 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Həmin qərardaddan cavabdehin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 128.1. - Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
12. Maddə 130.1. - Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3. - Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 133.1. - Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 135.1. - Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Maddə 135.2. - Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
17. Maddə 135.6. - “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə 268.1. - Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
19. Maddə 398.0.3. - Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
20. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarından aydın olur ki, məhkəmənin 04 iyun 2025-ci il tarixli qətnaməsi 04 iyul 2025-ci il tarixdə Cavabdeh MMC-nin, habelə onun nümayəndəsi (vəkili) X2 elektron kabinetinə yerləşdirilmiş, lakin apellyasiya şikayəti 12 avqust 2025-ci il tarixdə elektron sistemə yerləşdirilmişdir.
23. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir.
24. Hazırki işin halları baxımından isə belə hallar yoxdur və cavabdehin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün olmamaqla, bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir.
25. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh qətnamədən şikayətini prosessual müddət keçdikdən sonra verdiyi və müddətin ötürülməsinin üzrlü səbəbi olmadığı üçün məhkəmə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-147/2025 saylı iş üzrə 30 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.