Məhkəmə qərarları › İş №2-2(103)-1333/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1333/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1333/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, cərimə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-7672/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 149- AGR/25 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı alıcıya mineral gübrə satır. Satılacaq mallar ammofos (gübrə), 8 ton, bir tonu 1250 manat, ümumi dəyəri 100000 manatdır. Həmin müqavilənin: 3.2-ci bəndinə əsasən alıcı malların dəyərinin 100 faiz təşkil edən məbləğini 2025-ci ilin 30 may tarixindən gec olmayaraq satıcının hesabına tam ödənilməsini təmin edir. 4.4-cü bəndinə əsasən alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa satıcı hər gecikmiş gün üçün müqavilənin 0,1 faizi məbləğində cərimə saksiyaları tətbiq edə bilər.

2. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil aktına əsasən 80 ton ammafos (gübrə) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt cavabdehin möhürü və nümayəndəsinin imzası ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci il 09 aprel tarixli 149-AGR/25 nömrəli müqaviləyə əsasən 100000,00 (bir yüz min) manat əsas borcun, 9600,00 (doqquz min altı yüz) manat cərimənin və 399,60 (üç yüz doxsan doqquz manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 109999,60 (bir yüz doqquz min doqquz yüz doxsan doqquz manat altmış qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Ammofos gübrələrin alqı-satqısı barədə 2025-ci il 09 aprel tarixli 149-AGR/25 nömrəlimüqaviləyə əsasən “Satıcı” müqavilədə qeyd edilən malları “Alıcı” təhvil aldığı mineral gübrələrin dəyərini 10 gün ərzində ödəmək şərti ilə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən Cavabdeh Məhdud MəsuliyyətCli əmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə üzrə müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirilməsini öhdəsinə götürməsinə baxmayaraq ödənişləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2025-ci il 09 aprel tarixli 149-AGR/25 nömrəli müqaviləyə əsasən ümumi müqavilə dəyəri 100000,00 (bir yüz min) manat, bir tonunun qiyməti 1250,00 (bir min iki yüz əlli) manat olan 80 (səksən) ton Ammofos gübrəsindən Cavabdeh tərəfindən qəbul edilmiş gübrələrin dəyərindən heç bir ödəniş yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh Məhdud MəsuliyyətliCəmiyyətinin qeyd edilən müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 100000 manat məbləğində yerinə yetirmədiyi borc öhdəliyi mövcuddur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh sifariş verdiyi malın hər partiyasının 100 faizlik təşkil edən məbləğini 2025-ci il 30 may tarixindən gec olmayaraq “Satıcı”nın hesabına ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişləri vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü maddəsinə əsasən “Alıcı” müqavilədə müəyyən olunmuş müddət ərzində göstərilmiş qaydada ödəmələri aparmasa “Satıcı” gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə tətbiq edə bilər. Buna əsasən, hazırkı dövrədək olan borcun məbləği 100000 manat və gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin məbləği 9600 manat təşkil etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7672/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh MMC-dən 100000 manat əsas borc, 4500 manat dəbbə pulu, 394,50 manat dövlət rüsumu, ümumilikdə 104894,50 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 5,10 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında balanmış xx.xx.2025-ci il tarixli, 149-AGR/25 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqaviləyə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, təhvil verilmiş malların müqabilində yaranmış 100000 manat borcu ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 100000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən hesablanmış 9600 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 6. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 4500 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, cavabdehdən 100000 manat əsas borc və 4500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən 394,50 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,10 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

7. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, -Qətnamədə dəbbə pulunun 4500 manat məbləğində hesablanması zamanı gecikmiş günlərin dəqiq hesablanması, apellyatorun maliyyə vəziyyəti və gecikmənin səbəbləri tam qiymətləndirilməmişdir. Qətnamədə dəbbə pulunun azaldılması nəzərə alınmışdır, lakin 4500 manat məbləğinin müəyyən edilməsində tərəflərin əsaslı maraqları və apellyatorun ödəmə qabiliyyəti tam qiymətləndirilməmişdir. -Qətnamədə xərclərin hesablanması zamanı apellyatorun faktiki ödəniş qabiliyyəti və borcun qismən icrası nəzərə alınmamış, nəticədə prosessual bərabərlik prinsipi tam təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi Maddəyə görə, məhkəmə işin faktiki hallarını dəqiq müəyyən etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsal da, məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

13. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlilləri isə qətnamənin dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 149- AGR/25 nömrəli alqı-satqı müqaviləsinə görə iddiaçı alıcıya mineral gübrə satmağı, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən dəyəri 80 ton ammafos (gübrə) iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, cavabdeh tərəfindən isə həmin malların dəyəri olan 100.000 manat pul vəsaiti ödənilməmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir.

21. Apellyasiya şikayətində cavabdeh tərəfindən mübahisələndirilən hissəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqısatqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 4500 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

23. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7672/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar