Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-139/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3492/2023 saylı qətnaməsindən iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə Cavabdeh MMC arasında “Birgə fəaliyyət haqqında” xx.xx.2009-cu il tarixli, 161 nömrəli (daha sonralar xx.xx.2011-ci il tarixi, 68 saylı müqavilə ilə əvəz edilib) və “Enerji təchizatı və kommunal xidmətlər üzrə” xx.xx.2009-cu il tarixli, 56 nömrəli müqavilələr bağlanmışdır.
2. “Birgə fəaliyət haqqında” müqavilə üzrə Cavabdeh MMC zavodun karbon qazı və buxara olan tələbatını ödəmək üçün zavod ərazisində olan karbon qazı istehsal sahəsini işlətməyi, bunun qarşılığında Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna istismar xərci olaraq aylıq 1.093 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. Digər xx.xx.2009-cu il tarixli, 56 nömrəli “Enerji təchizatı və kommunal xidmətlər üzrə” müqavilə isə Cavabdeh MMC-nin fəaliyyət göstərən zaman istifadə etdiyi kommunal ödənişlərin ödənilməsi ilə bağlıdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istismar xərci üzrə 20.767 manat, enerji təchizatı və kommunal xidmətlər üzrə borc 26.723,62 manat olmaqla, cəmi 47.490,62 manat debitor borcun, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərcinin və 33 manat dövlət rüsumunun iş üzrə Cavabdeh MMC-dən tutularaq Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavadeh tərəfindən birgə fəaliyyətdən əldə edilmiş gəlirə, həmçinin enerji təchizatına və kommunal xərclərə görə müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Öhdəliklərin vaxtında və tam yerinə yetrilməməsi səbəbi ilə onun xx.xx.2012-ci il tarixə debitor borcu birgə istifadəyə verilmiş əmlakdan əldə edilən gəlirə görə 20767 manat və enerji təchizatı və kommunal xərclərə görə 26723,62 manat olmaqla, cəmi 47490,62 manat təşkil etmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş edir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3492/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının 2015-ci ildən 2020-ci ilədək borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsinin iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas verməməsi qənaəti qətnamədə əsaslandırmamışdır. İddiaçı cavabdeh tərəfindən borcun ödənilmədiyini və cavabdehi tapa bilmədiyini, bununla da hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. İddiaçının cavabdehə çatımlılığı olmamış, cavabdehə göndərilən pretenziya məktubları, üzləşmə aktı çatdırılmamış geri qaytarılmışdır. İddiaçının cavabdehdən tələb etdiyi cəmi 47490,62 manat məbləğində borcun mövcudluğu işin mübahisəsiz halıdır, eyni zamanda bu hal cavabdeh tərəfindən etiraf edilir, hər hansı qeyri-mümkün sübuta istinad edilmir. Belə olan halda, məhkəmə tərəfindən sırf iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi qanuni və ədalətli hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
13. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
14. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
15. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.
16. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
17. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
20. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr “Birgə fəaliyyət haqqında” və “Enerji təchizatı və kommunal xidmətlər üzrə” adlandırılsa da, mahiyyət etibarı ilə tərəflər arasında icarə münasibətləri olmuşdur.
21. Bu baxımdan kollegiya hesab edir ki, iddia tərələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
22. Eyni zamanda, Cavabdeh MMC tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanmış 2014-cü ilin dekabr ayında verilmiş və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmş məktubdan görünür ki, Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna 2010-2012-ci illər ərzində zavoda istifadə haqqı, istismar və kommunal xidmətlərə görə cəmi 47.490,62 manat borcunun olduğunu etiraf etmişdir.
23. Həmçinin, xx.xx.2015-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna 47.490,62 borcunun olduğunu etiraf etmişdir.
24. Göründüyü kimi cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə iddiaçıya 47.490,62 borcunun mövcud olması yuxarıda qeyd olunan etirafedici sənədlərlə tam təsdiq olunur.
25. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilə bilər.
26. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.
28. Belə ki, iddiaçının tutulmasını tələb etdiyi borc məbləği 2012-ci ilin dekabr ayınadək olan tarixi əhatə edir və cavabdeh tərəfindən sonuncu dəfə borcun etiraf edilməsinə yönəlmiş hərəkət xx.xx.2015-ci il tarixli üzləşmə aktını imza edilməklə edilmişdir.
29. Lakin iddiaçı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixində, yəni qeyd edilmiş borcun hesablandığı tarixdən 10 il sonra, sonuncu etirafedici hərəkətdən isə 8 il sonra edilmişdir.
30. İddiaçı tərəfindən 2015-ci ildən 2020-ci ilədək borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsi isə iddia müddətinin kəsilməsinə əsas vermir.
31. Çünki qanunverici iddia müddətinin axımının kəsilməsinə əsas verən borcu etiraf etməsini göstərən hərəkətlərin kreditor tərəfindən deyil, borclu şəxs tərəfindən edilməsini nəzərdə tutmuşdur.
32. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülmüşdür.
33. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdən sonra ödənişlərin aparıldığını və ya digər borcun etirafı ilə bağlı hərəkətlərin edilməsini təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
34. İddia əsaslı olduğu halda məhkəmə tərəfindən iddia müddətinə istinad edilərək, iddianın rədd edilməsinin qanunsuz və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, iddia müddətinin ötürülübötürülməməsi yalnız iddia əsaslı olduğu halda yoxlanılır və iddia əsassız olduğu halda iddia müddətinin ötürülüb-ötürülməməsi yoxlanılmır. Çünki belə hallarda iddia əsassız olduğuna görə rədd olunur. İddia müddətinin keçməsinin iddianın rədd edilməsi üçün əsas olması isə Mülki Məcəllənin 375.2-ci maddəsində aydın şəkildə müəyyən olunub və iddia müddəti keçdiyi, habelə mübahisə tərəfi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia təmin edilə bilməz. Əks yanaşma iddia müddəti institunun mahiyyətini əhəmiyyətsiz edər və onu heçə endirmiş olar.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3492/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn