Məhkəmə qərarları › İş №2-2(103)-139/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-139/2025

17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-139/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MTK-nın Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılıb iddiaçıya təhvil verilərək sökülməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil5, cavadeh Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı da əhatə edən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MTKnın istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi həmin MTK-ya tapşırılmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə istifadəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktı tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli 2014-cü il 13 iyun tarixli inşaat pasportu hazırlanmışdır.

4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamına əsasən “2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” İddiaçı MTK-nın 2018-ci il 21 fevral tarixli 01 saylı müraciəti və "xxxx" MTK-nın 2018-ci il 21 fevral tarixli 173 saylı razılıq məktubu nəzərə alınaraq, sözügedən ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2020-ci il 9 aprel tarixli 27 nömrəli, 2021-ci il 10 iyun tarixli Tİ-53/21 nömrəli və 2022-ci il 5 sentyabr tarixli Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrə əsasən, həmin ünvanda müvafiq olaraq 1, 1a, 2 və 3 saylı binaların tikintisinə icazə verilmişdir. 2022-ci il 16 iyun tarixli 1708 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, həmin ünvanda yerləşən sahəsi 19.276 kv.m olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MTK-ya icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə ona məxsus qeyri-yaşayış sahəsindən 20 % böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamına əsasən sözügedən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamla həmin ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu iddiaçının adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 25 fevral tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. Sözügedən binanın sakinlərindən biri də cavabdeh olmuşdur. Cavabdehə qeyd olunan binada 1 saylı mənzil məxsus olmuşdur. Həmçinin cavabdeh binanın birinci mərtəbəsində mağaza kimi istifadə edilən və onun mənzilinə bitişik sahənin də ona məxsus olduğunu bildirmişdir. ünvan 5 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onun adına çıxarış olsa da, həmin çıxarış iddiaçıya təqdim edilməmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar cavabdehlə dəfələrlə danışıqlar aparılsa da, razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdehlə razılıq alına bilinməməsi bina tikintisini uzatmaqla, digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzadır, nəticədə həmin şəxslərin hüquqları pozulur.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 noyabr tarixli e-2-2(113)- 4106/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müvafiq razılıqlar alınaraq 1, 1a, 2 və 3 saylı binanın tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr alınmış, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerində tikiləcək bina ilə bağlı sənədləşmə işləri aparılmamışdır. İddiaçı isə mübahisəli qeyriyaşayış sahəsi üçün pul deyil, tikintisi üçün icazə alınmış 3 saylı binada qeyri-yaşayış sahəsi təklif etmiş, cavabdeh də öz növbəsində pul istəməmiş, ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində inşa olunacaq binada qeyri-yaşayış sahəsi istəmişdir. İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikintisi nəzərdə tutulmuş obyektin təyinatının müəyyənləşdirilmədiyini, ona görə də həmin binada qeyri-yaşayış sahəsinin hazırda təklif edilməsinin mümkün olmadığını qeyd etmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli Qərarı 2016-cı il 25 fevral tarixində qüvvəyə minmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 2014-cü il 10 aprel tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür. Beləliklə, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, cavabdehin həmin qərarların icrasına maneçilik törətməsi ilə bağlı arqumentləri əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuş, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi 86 nömrəli Qərar isə bu qərarın 11-ci paraqrafında göstərilən əsaslara görə hazırkı iş üzrə qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə olan halda, hazırkı iddianın təmin olunması qanunçuluq prinsipinə cavab vermir. Bundan başqa, işin müəyyən olunmuş hallarına əsasən iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsində cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olan halda, şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququna müdaxilə zamanı onun sahibkarlıq mənafelərinin də nəzərə alınması mütənasibliyin tələblərindəndir. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyrimüəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir. Məhkəmə nəzərə almışdır ki, təsərrüfat obyektinin yerinin dəyişdirilməsi zamanı qeyri-müəyyənliklər cavabdehin sahibkarlıq fəaliyyətinə mənfi təsir edəcəkdir. Belə ki, iddia tələbində qeyri-yaşayış sahəsinin hansı binadan, neçənci mərtəbədən verilməli olması, qeyri-yaşayış sahəsinin ünvanı kimi əhəmiyyətli hallar göstərilməmiş, bu məsələnin həllində qeyri-müəyyənliyə yol verilmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəf 3 saylı binadan qeyri-yaşayış sahəsinin veriləcəyini bildirsə də, cavabdeh bununla razılaşmamış, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək binada qeyriyaşayış sahəsi istəmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməmişdir. Hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutduğundan bu qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz. İddiaçının cavabdehin mülkiyyət hüququndan suiistifadə etməsi ilə bağlı izahatları isə subyektiv mülahizələrdən ibarətdir. Belə ki, iddiaçı cavabdehin yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçının təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçıya və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmiş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyrimüəyyənlik mövcuddur. Həmçinin iddiaçı həmin binada yaşayan digər şəxslərlə bağlı da məhkəmə mübahisələrinin olduğunu qeyd etmişdir. Belə olan halda, cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi işin halları, təqdim edilən sübutlarla təsdiqlənmir, suiistifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.1, 152.1, 152.5, 152.6-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Həmin qətnamədən iddiaçı tərəifndən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan qeyri – yaşayış sahəsinə əvəzinə təmirli və daha geniş qeyri-yaşayış sahəsi verilməsindən imtina edilməsi, həmçinin qeyri-yaşayış sahəsinin əvəzinə dəyərindən bir neçə dəfə çox pul tələb etməsi tam olaraq hüquqdan sui-istifadədir və bu həm iddiaçı həm də digər bina sakinlərinə ziyan vurmağa davam edir. İddiaçının cavabdehin mülkiyyətinin əvəzində ona daha çox kv.m olan tam təmirli qeyri-yaşayış sahəsi verməsi, cavabdehin mülkiyyət hüququnun pozulması deyil, əksinə cavabdehin mülkiyyətinin yaxşılaşdırılması, istismar müddəti başa çatmış binanın sökülməsi, qəza baş verməsinin qarşısının alması və paytaxtın abadlaşdırılmasıdır. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, iş üzrə iddiaçının heç bir sübut olmadan iddia təmin edilmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehin hüquqdan sui-istifadə etməsini iddiaçı tərəfindən sübut edilə bilməsi qeyd edilir. Halbuki məhkəmə iclasında cavabdehin iddiaçı tərəfin bütün təkliflərindən imtina etməsi, heç bir məntiqə sığmayan tələblər irəli sürməsi cavabdehin niyyətini açıq-aşkar ifadə edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz şikayətində qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmişdir. Lakin, maraqlıdır ki, xx.xx.2014-cü il tarixdə qeyd edilən ünvan hazırki iş üzrə iddiaçıya deyil, bir digər hüquqi şəxsə ayrılmış və həmin ünvanda tikinti üçün icazə həmin hüquqi şəxsə verilmişdir. Hətta cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Çıxarışdan da görünür ki, iddiaçı hüquqi şəxs xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla təsis edilmişdir. Bundan əlavə, iddiaçı tərəf Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirildiyini qeyd etsə də İddiaçı MTK-nın əvvəlki hüquqi şəxs "xxxx" MTK ilə bağlılığı da iş materiallarından görünmür. Bundan əlavə, iddiaçı öz iddiasının əsası kimi “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarını qeyd etmiş və göstərmişdir ki, yerli icra hakimiyyətinin Sərəncamı əsasında qəzalı vəziyyətdə binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. İddianın əsaslandığı bu hissədə diqqət çəkən iki hal vardır ki, bu iki halın dəqiqləşdirilməsi məhkəmə tərəfindən ədalətli qətnamənin çıxarılmasını şərtləndirən vacib hallardandır. Qeyd edilən hallardan birincisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 86 nömrəli qərarı, digəri isə binanın qəzalı vəziyyətdə olması halıdır. Göründüyü kimi iddiaçı həm iddia tələblərində, həm də ki, apellyasiya şikayətində Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına istinad etsə də məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 86 nömrəli Qərar 25 fevral 2016-cı il tarixdə qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 10 aprel 2014-cü il tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür. Göründüyü kimi iddianın əsaslandığı qərar yalnız imzalandığı andan sonrakı dövrə (19 dekabr 2019cu ilədək) aid edilmiş və sonradan ləğv edilmişdir. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı ikinci hal ilə əlaqədar isə deyə bilərik ki, məhkəmə araşdırması zamanı elə iddiaçı tərəfin izahatından görünür ki, Fövqəladə Hallar Nazirliyinin binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar aidiyyəti rəyi mövcud deyildir, yalnız FHN X3 Xidmətinin xx.xx.2014-cü il tarixli rəyi var. Hətta iddiaçının nümayəndəsinin izahatında görünür ki, binanın inşaatının başa çatdığı il (1954) onun istismar müddətinin başa çatmasını deməyə əsas verir. Lakin, bildirməlidir ki, bu qeyd edilənlər ehtimaldan başqa bir şey deyildir. Hətta yuxarıda qeyd edilən qərarlarda da binanın istismar müddətinin başa çatmasının deyil, qəzalı vəziyyətdə olub-olmamasının araşdırılması, yalnız bundan sonra müvafiq qərar qəbul edilməsi vurğulanmışdır. Göründüyü kimi birinci instansiyası sübutları tam və obyektiv araşdıraraq qətnamə çıxarmış, cavabdeh isə qərəzli olaraq həmin hissədə qətnamənin düzgün olmadığını bildirmişdir. Bundan əlavə, iddiaçı öz şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Məcəllənin) 152-ci maddəsinin ozulduğuna istinad etmiş və yenəd də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamını xatırlatmaqla həmin sahənin iddiaçının mülkiyyətində olduğunu əsaslandırmışdır. İddiaçının bu əsaslanması da qanunsuzdur. Çünki, iddiaçı qeyd edilən əmlak üzərində hər hansısa hüququnu rəsmi reyestrdə qeydə aldırmamışdır. Bundan əlavə, iş materiallarından o da aydın olur ki, cavabdeh mülki qanunvericiliyin mülkiyyətlə bağlı normaları baxımından iddiaçıdan daha üstün hüquqa malikdir. Çünki, iş materiallarında surəti olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Həmçinin iddiaçının öz şikayətində istinad etdiyi hüquqdan sui-istifadə ilə əlaqədar onu qeyd edə bilər ki, bu hissədə apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə əvəzinə təmirli və daha geniş qeyri-yaşayış sahəsi verilməsindən imtina edilməsi, həmçinin qeyriyaşayış sahəsinin əvəzinə dəyərindən bir neçə dəfə çox pul tələb etməsi tam olaraq hüquqdan sui-istifadədir və bu həm iddiaçı, həm də digər bina sakinlərinə ziyan vurmağa davam edir. Lakin, cavabdeh apellyatorun bu mövqeyi ilə də razı deyil və düşünür ki, iş materialları, məhkəmə qətnaməsinin əsaslanması və iddiaçı tərəfin birinci instansiya məhkəməsində verdiyi izahatı da bu əsaslanmanın düzgün olmadığını tam sübuta yetirir.

Apellyasiya instansiya məhkəməsindəki birinci icraat:

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(103)-226/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, yaşayış binası artıq inşa edilmiş və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələri inşa edilməsi planlaşdırılır. Göründüyü kimi, cavabdehin hərəkətləri digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzatmır və onların hüquqlarını pozmur. Ona görə də cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi təsdiqlənmir və sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

16. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir.

Kassasiya instansiya məhkəməsindəki birinci icraat:

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(102)-427/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qeyrimüəyyənliklər aradan qaldırılmamış, mübahisə həll olunmadan qalmışdır. Bu da iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir. Belə ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsinin ilkin şərti iddiaçının sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzində cavabdehə təklif etdiyi sahənin “ədalətli kompensasiya” hesab edilibedilməməsinin dəqiq müəyyən edilməsidir. Apellyasiya instansiyası məhkəməsi isə bir tərəfdən qətnamənin əsaslandırıcı hissəsində cavabdehin mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğuna dair mülahizələrinə istinad edir, digər tərəfdən isə işdəki fotoşəkillərə və iddiaçının nümayəndəsinin izahatına istinadən, yaşayış binasının artıq inşa edildiyini və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələrinin inşa edildiyinin planlaşdırıldığını bildirir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, iddiaçının aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunmuş tikinti layihəsinə istinad etməmiş, müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərini almaq imkanlarını dəyərləndirməmiş, bir sözlə, mötəbər sübutlar əsasında mübahisəli yerdə yaşayış və ya qeyri-yaşayış binasının tikilməsinin planlaşdırıldığını, ərazidə konkret olaraq həmin binalardan hansının faktiki tikilib-tikilmədiyini dəqiqləşdirməmiş, əgər yaşayış binası tikilmişdirsə, orada cavabdeh üçün əlverişli sayıla biləcək qeyri-yaşayış sahələrinin olubolmadığını aydınlaşdırmamış, əlverişli qeyri-yaşayış sahələri olduğu halda, oradan cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olub-olmadığını, mümkün olduğu halda isə həmin sahənin iddiaçı tərəfindən ayrılmamasının səbələrini dəqiqləşdirməmişdir. Əgər həqiqətən də layihələndirilən və ya tikilən binalardan cavabdehə onun üçün tam əlverişli qeyri-yaşayış sahəsinin ayrılması mümkün deyildirsə (səbəbləri dəqiq bilinməklə), o zaman iddiaçının faktiki təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının, habelə cavabdehə əvəz kimi verilən əmlakın sahəsi, mərtəbəsi, həcmi və digər fərdiləşdirici əlamətlərinin konkretləşdirilməsi də hazırkı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Yalnız göstərilən məsələlərə aydınlıq gətirildikdən sonra iddiaçının təklifinin “ədalətli kompensasiya” meyarına uyğun gəlib-gəlmədiyinə dəqiq cavab vermək mümkündür.

Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat:

19. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli 2-2(102)-112/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi sökülməklə əvəzində onun arxasında, yəni giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında iddiaçı tərəfindən inşa edilmiş yeni tikilidə cavabdehin mülkiyyətində 78 kv.m sahəsi olan qeyriyaşayış sahəsindən 20 faiz böyük, yəni 93,6 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən cavabdehə verilməsi qət edilmişdir.

20. Apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi yerində müayinə edilmiş və ərazidə iddiaçı tərəfindən layihəyə və tikintiyə icazə sənədlərinə uyğun 1, 1 “A”, 2 və 3 saylı yaşayış binalarının inşa edildiyi və mübahisəli qeyri-yaşayış sahəsinə ən yaxın binanın mübahisəli qeyri-yaşayış sahəsinin arxasında olan bina olduğu müəyyən edilmişdir. Apellyasiya baxışında iştirak etmiş iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə ən yaxın binanın 2 saylı bina olduğunu və həmin binadan cavabdehə istədiyi yerdən mübahisəli qeyri-yaşayış sahəsinə uyğun 20% sahə əlavə edilməklə qeyri-yaşayış sahəsinin verilməsinin mümkün olduğunu bildirmişdir. Bu hal iddiaçı tərəfindən etiraf edildiyindən və yerində müayinə zamanı, habelə 2 saylı binanın layihəsindən həmin binada qeyri-yaşayış sahəsinin mövcud olduğu müəyyən edildiyindən əlavə mütəxəssis rəyinin alınmasına zərurət görülməmişdir. Lakin cavabdeh məhz mübahisəli qeyri-yaşayış sahəsinin yerində sahənin verilməsini istədiyi üçün qeyd edilən binada qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı razılıq əldə edilməsi mümkün olmamışdır. Digər tərəfdən, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ikimərtəbəli binada bütün sakinlərin razılığı alına bilmədiyindən, hələ ki, həmin binanın yerində aparılacaq tikinti ilə bağlı icazə sənədlərinin olmadığını bildirmişdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin yerində qeyri-yaşayış sahəsinin tikilməsinin nəzərdə tutulduğunu bildirsə də, bununla bağlı hər hansı sübut mövcud deyil. İcazə və layihə sənədləri olmadığından mübahisəli qeyri-yaşayış sahəsinin yerində hər hansı tikintinin nəzərdə tutulmadığı, gələcəkdə isə bunun baş verəcəyinin qeyri-müəyyən olduğu müəyyən edilmişdir. Hazırkı vəziyyətdə cavabdeh üçün ən əlverişli qeyri-yaşayış sahəsi mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinə zamanı müəyyən edilmiş, mübahisəli tikiliyə olan giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında verilə biləcək qeyri-yaşayış sahəsidir ki, iddiaçı tərəfindən orada cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzində ona ən yaxın inşa edilmiş binada mübahisəli qeyri-yaşayış sahəsinin arxasında 20% sahə əlavə edilməklə uyğun qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə təklif edilməsi “ədalətli kompensasiya” hesab edilir. Bu isə cavabdehin qeyriyaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Bakı ŞİH-nin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerində yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi qeyri-yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli qeyriyaşayış sahəsi təklif edən iddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə iddiaçıdan əsassız olaraq real olmayan sahənin verilməsini tələb etməsində və sair hərəkətlərdə ifadə olunur. Bundan başqa, fərdi sahibkar olan cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması yuxarıda qeyd edilənlərə görə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh ona dəymiş zərərin (əldən çıxmış fayda və sair) əvəzinin ödənilməsi ilə bağlı ona zərər vurmuş şəxs(lər)ə qarşı müvafiq iddialarla müraciət edə bilər.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 43-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə qəbul etdiyi 2009-cu il 19 fevral tarixli Qərarına və MM-nin 5.3, 16.1, 152.6, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edilmişdir.

Kassasiya instansiya məhkəməsindəki ikinci icraat:

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-448/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 mart tarixli 2-2(103)-112/2024 nömrəli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı MTK cavabdehin mülkiyyətində olan 78 kv.m qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə ona məxsus qeyri-yaşayış sahəsindən 20% böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə işə birinci dəfə kassasiya icraatında baxmış məhkəmə kollegiyası iddianın əsassız olmasına dair məhkəmələrin mövqe ilə razılaşmayaraq işi yeni apelyasiya baxışına göndərərkən göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən, iddiaçının aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunmuş tikinti layihəsinə istinad etməmiş, müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərini almaq imkanlarını dəyərləndirməmiş, bir sözlə, mötəbər sübutlar əsasında mübahisəli yerdə yaşayış və ya qeyri-yaşayış binasının tikilməsinin planlaşdırıldığını, ərazidə konkret olaraq həmin binalardan hansının faktiki tikilibtikilmədiyini dəqiqləşdirməmiş, əgər yaşayış binası tikilmişdirsə, orada cavabdeh üçün əlverişli sayıla biləcək qeyri-yaşayış sahələrinin olub-olmadığını aydınlaşdırmamış, əlverişli qeyri-yaşayış sahələri olduğu halda, oradan cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olub-olmadığını, mümkün olduğu halda isə həmin sahənin iddiaçı tərəfindən ayrılmamasının səbəblərini dəqiqləşdirməmişdir. Əgər həqiqətən də layihələndirilən və ya tikilən binalardan cavabdehə onun üçün tam əlverişli qeyriyaşayış sahəsinin ayrılması mümkün deyildirsə (səbəbləri dəqiq bilinməklə), o zaman iddiaçının faktiki təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının, habelə cavabdehə əvəz kimi verilən əmlakın sahəsi, mərtəbəsi, həcmi və digər fərdiləşdirici əlamətlərinin konkretləşdirilməsi də hazırkı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. MPM-in 420-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il tarixli 28 fevral Qərarı). İşə yenidən baxan apellyasiya məhkəməsi isə kassasiya məhkəməsinin göstərişlərini qismən icra etməklə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə baxış keçirmiş və layihəyə və tikintiyə icazə sənədlərinə uyğun 1, 1 “a”, 2 və 3 saylı yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə sadəcə yerində müayinənin nəticələrinə və MTK-nın razılığına istinad etməklə cavabdeh üçün ən ədalətli kompensasiyanın ona məxsus qeyri-yaşayış sahəsinə ən yaxın, yəni onun arxasında giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında inşa edilmiş yeni tikilidə (iddiaçının nümayəndəsinin apellyasiya instanyası məhkəməsində verdiyi izahata əsasən həmin sahə 2 saylı binada yerləşir) sahəsindən 20 % böyük, yəni 93,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə cavabdehə ödənilməli olan ədalətli kompensasiyanı müəyyən edərkən yalnız iddiaçı tərəfindən mübahisəli ərazidə inşa edilmiş binalardan hansının ona məxsus qeyriyaşayış sahəsinə daha yaxın olmasını əsas götürmüşdür. Halbuki kassasiya məhkəməsinin göstərişlərindən biri də məhz iddiaçının təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının qiymətləndirilməsi və bununla bağlı müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərinin alınması imkanlarının müzakirə olunması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə” 31 may 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi isə tərəflərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığına və mübahisənin düzgün hüquqi həllinə nail olmaq məqsədilə işin halları üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmamış, mübahisə ilə bağlı bütün mümkün həll imkanlarını, iddiaçının təkliflərinin konkret olaraq nədən ibarət olmasını, cavabdehin onları qəbul edib-etmədiyini, bunun səbəblərini tərəflərlə qarşılıqlı şəkildə müzakirə etməmiş, nəticədə isə natmam araşdırma aparmaqla tərəflər arasındakı mübahisəni tam həll etməyən, qeyri-müəyyən qətnamə qəbul etmişdir. Bunun nəticəsidir ki, hazırkı icraat gedişində iddiaçı MTK Ali Məhkəməyə ünvanlanmış 2024-cü il 16 oktyabr tarixli müraciətində (elektron icraatın materiallarına əlavə edilib) həmin ünvanda cavabdehin seçimi əsasında 2a saylı binanın birinci mərtəbəsindən və ya inşası başa çatmış 1a saylı binadan 93,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsi təklif etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin məhkəmə araşdırması zamanı izahatından, hazırki kassasiya şikayətinin məzmunundan aydın olur ki, hazırki mübahisənin qarşılıqlı şəkildə həlli istiqamətində cavabdeh də, məhz öz əmlakının yerində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin verilməsinə razıdır. Cavabdehin qeyriyaşayış sahəsinin olduğu binanın yerində isə 2 a saylı qeyri-yaşayış binasının tikintisi layihələndirilmişdir. Cavabdeh hesab edir ki, bu həm müvafiq sərəncamın, həm də cavabdehin sahibkarlıq fəaliyyətinə tam uyğundur, sərəncamın icrasına hansısa maneə yaratmır ( bax yuxarıda bu Qərarın 38-ci bəndi). Göründüyü kimi, hər iki tərəf, sözügedən ünvanda, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində 2 a saylı binadan cavabdehə yeni sahəsinin verilməsinə razıdır. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, qeyd olunan təkliflər tərəflərlə qarşılıqlı şəkildə müzakirə edilməli, mübahisənin qanuni həlli təmin edilməlidir. Həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsi də qeyri-müəyyən olmaqla bu hissədə də kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmamış, bununla da mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin qət etdiyi göstəricilərdə (cavabdehə məxsus qeyri-yaşayış sahəsinin arxasında, yəni giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında inşa edilmiş yeni tikilidə 93,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsi) sahənin mövcudluğunun, qeyri-yaşayış sahəsinin hansı binada, hansı mərtəbədə yerləşməsinin, nömrələrinin və digər fərdiləşmə məlumatların qətnamənin nəticə hissəsində dəqiq göstərilməməsi, qətnamənin icrası mərhələsində cavabdehlərə veriləcək yeni sahələrin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə, son nəticədə cavabdehin hüquqları pozulmaqla, yeni məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Hazırkı halda qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə cavabdehə hansı ünvanda yerləşən, hansı girişdə, neçənci mərtəbədə, hansı ölçüdə qeyri-yaşayış sahəsi təklif edilməsini dəqiqləşdirilməli, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yeri, layihəsi, sahənin planı və s. bu kimi halları araşdıraraq iddiaya qiymət verməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Əlavə olaraq cavabdehə söküləcək qeyri-yaşayış sahəsinin əvəzində onun yerində inşa ediləcək 2 A saylı binada 110 kv.m. tam təmirli, əsas küçəyə çıxan qeyri-yaşayış sahəsi təklif etdiklərini, daha böyük ölçüdə sahənin verilməsinin mümkün olmamasını bildirdi. Belə ki, cavabdehə kompensasiyanın veriləcəyi 2 A saylı birmərtəbəli qeyri-yaşayış binasında qeyri-yaşayış sahələrinin ümumi sahəsi 421 kv.m-dir və təklif ediləndən artıq sahənin verilməsi iddiaçı üçün sərfəli deyil. Belə olan halda qeyri-yaşayış binası yalnız cavabdehin maraqları üçün inşa edilmiş olacaq. Bundan başqa digər mülkiyyətçilər ilə bağlanmış müqavilələrin şərtləri də fərqlidir. Ümumiyyətlə kassasiya instansiya məhkəməsinin göstərişi kompensasiyanın artırılması ilə bağlı deyil, cavabdehə təklif olunan sahənin rekvizitlərinin dəqiqləşdirilməsi ilə bağlıdır.

26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq vəkil bildirdi ki, ümumiyyətlə hər hansı kompensasiya verilməsinə razı deyillər və hesab edirlər ki, iddia rədd edilməlidir, çünki maddi və prosessual hüquq normaları pozulub. İddiaçının digər mülkiyyətçilərə təklif etdiyi kompensasiya ilə əmlakın dəyəri arasında fərq 65-260% aralığındadır, onlara tam təmirli əmlak təqdim edilir. Lakin cavabdehə təklif edilən sahə ilə qeyriyaşayış sahəsi arasındaki fərq çox cuzidir. Bu ədalətli kompensasiya hesab edilmir. Təklif edilən binanın ümumiyyətlə tikintiyə icazəsi yoxdur.

27. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən təklif edilən sahənin müdaxiləyə mütənasib olmamasını, digər sakinlərə daha çox kompensasiya verilməsini, ona ən azı 150 kv.m. kompensasiya verilməli olmasını, bu səbəbdən razılığa gələ bilmədiklərini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında verdiyi izahatda nümayəndə bildirmişdir ki, iddiaçıdan nə təmir pulu, nə də icarə haqqı tələb etmədiklərindən, eyni zamanda uzun müddətdir ki, qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiklərindən iddiaçının 93 kv. m sahənin verilməsi barədə təklifi ilə razı deyillər, belə ki, qonşuların 2 otaqlı evə görə 700.000 manat məbləğində kompensasiya verildiyi halda onlara təklif edilən sahənin ölçüsü azdır. Cavabdehin tələbi ona məxsus qeyri-yaşayış sahəsinin olduğu yerdə inaş ediləcək binadakompensasiya verilməsi və sahənin daxili divardan hesablanması ilə bağlıdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

29. İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

30. Mülki Məcəllənin: -152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -152.6-ci maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir.

31. Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. -4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. -17-ci maddəsinə görə ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

32. AR Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

33. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).

34. Mülki Prosessual Məcəllənin:

- 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin tam ləğv edilməsini, iddianın təmin edilməsinə yönəldillmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam olaraq yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.

39. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 154 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MTK-nın istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi həmin MTK-ya tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə istifadəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktı tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli 2014-cü il 13 iyun tarixli inşaat pasportu hazırlanmışdır. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamına əsasən sözügedən ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

40. Digər tərəfdən məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmaqla həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış ərazidə yerləşir.

41. Hazırda İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı razılıq əldə edilməsi mümkün olmadığını, cavabdehlə razılığa gəlinməməsinin bina tikintisini və son nəticədə digər mənzil sakinlərinə yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzatdığını əsas göstərərək cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə ona məxsus qeyri-yaşayış sahəsindən 20 % böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda İddiaçı MTK-nın iddiası əsasında cavabdehə kompensasiya ödənilməklə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi cavabdehin mülkiyyət hüququna müdaxiləni təşkil edir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından da göründüyü kimi həmin müdaxilə dövlətin ərazi planlaşdırılması və mənzil siyasətinin həyata keçirilməsi, eləcə də vətəndaşların layiqli həyat səviyyəsinin və mənzil hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirildiyindən qanuni məqsədlərə xidmət edir. Belə olan halda isə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolun 1 saylı maddəsinin tələbləri baxımından həmin müdaxiləyə hüquq münasibətlərinin iştirakçılarının qanuni maraqları arasında ədalətli və ağlabatan tarazlığın qorunması şərti ilə yol verilə bilər.

43. Mülkiyyət hüququna hər bir konkret müdaxilə halında ədalətli balans pozulub-pozulmamasının qiymətləndirilməsi ilk növbədə qanuni məqsədlərə nail olmaq üçün müdaxilənin zəruri və mütənasib olub-olmamasının araşdırılmasını tələb edir. Hazırkı halda cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində inşa ediləcək bina qeyri-yaşayış təyinatlı birmərtəbəli bina olsa da, qeyd edilməlidir ki, birincisi, həmin qeyri-yaşayış binası iddiaçı tərəfindən tikilən çoxmərtəbəli yaşayış kompleksinin tərkibinə daxil olmaqla həmin binanın tikilməməsi bütövlükdə kompleksin tikintisinin başa çatdırılmasını və sakinlərə təhvil verilməsini ləngitməklə kompleksdə mənzil və qeyri-yaşayış sahəsi əldə etmiş şəxslərin, eləcə də mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın digər tərkib hissələri mülkiyyətçilərinin hüquqlarını pozur, eyni zamanda həmin kompleksin tikintisi üçün torpaq sahəsi ayrılması barədə dövlət orqanı tərəfindən verilmiş qərarın reallaşdırılmasına və belə olan halda geniş mənada dövlət tərəfindən mənzil və ərazi planlaşdırılması sahəsində siyasətinin həyata keçirilməsinə maneə törədir.

44. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hazırkı halda müdaxilənin həyata keçirilməsi ictimai və dövlət maraqlarınin təmin edilməsi məqsədlərinə nail olmaq üçün zəruri olduğundan mülkiyyətçi və fərdi sahibkar kimi cavabdehin maraqlarının şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasında, abadlaşdırılmasında ifadə olunan dövlət marağından və sökülmüş binalarının sakinlərin yaşayış kompleksinin tikintisinin başa çatmasında ifadə olunan ictimai maraqdan üstün tutulması üçün əsaslar yoxdur.

45. Kollegiya həmçinin xatırladır ki, ədalətli balans prinsipinin mühüm elementlərindən biri də hüquqa müdaxiləyə görə ədalətli və ağlabatan kompensasiya verilməsidir.

46. Əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

47. Kompensasiyanın ədalətliliyi meyarlarına gəldikdə həmçinin qeyd edilməlidir ki, hazırkı halda söküləcək əmlak qeyri-yaşayış sahəsi olduğundan kompensasiyanın ədalətli olub-olmamasının qiymətləndirilməsi üçün kompensasiya olaraq veriləcək qeyriyaşayış sahəsinin ölçüləri, yerləşdiyi yer ilə yanaşı sahibkarlıq fəaliyyəti baxımından əlverişliyinə də xüsusi diqqət yetirilməlidir.

48. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinə əsasən ona kompensasiya verilməli olan 2 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin əsas yola çıxışın olmadığını və söküləcək binanın əvəzində inşa edilməsi planlaşdırılan 2 A saylı qeyri-yaşayış binasının ona 2 saylı binadan verilməsi planlaşdırılan qeyri-yaşayış sahəsinin qarşısında inşa ediləcəyi və bu da 2 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti baxımından əlverişliyinin daha da aşağı düşəcəyini bildirmiş, eyni zamanda kompeksə daxil olan 2 a saylı qeyri-yaşayış binasının cavabdehin qeyri-yaşayış sahəsinin olduğu binanın yerində layihələndirildiyini və tələbinin ona qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin verilməsindən ibarət olduğunu vurğulamışdır.

49. Həmin kassasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsini ləğv edən Ali Məhkəmənin Kollegiyasının qoyduğu göstərişlərdən biri də yeni apellyasiya baxışından kompleksin tikilmiş binalarında cavabdehə verilə biləcək əlverişli qeyri-yaşayış sahəsinin olub-olmamasının, olmadığı təqdirdə cavabdehə məhz mülkiyyətində olan qeyri-yaşayış sahəsində yerində inşa ediləcək 2 A saylı qeyri-yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsinin mümkünlüyünün tərəflərlə müzakirə edilməsi olmuşdur.

50. Təkrar apellyasiya baxışı zamanı iş üzrə yerində müayinə keçirilmiş və yerində müayinə zamanı ərazidə İddiaçı MTK tərəfindən 1, 1a, 2 və 3 saylı binaların inşa edildiyi, həmin binalardan yalnız 2 və 3 saylı binaların əsas küçə - Şirin Mirzəyev küçəsinə çıxışının olması müəyyən edilmiş, eyni zamanda cavabdehə 2 saylı binada verilməsi təklif edilən qeyri-yaşayış sahəsinin qarşısında 2 A saylı qeyri-yaşayış binasının inşa ediləcəyi təqdirdə həmin sahəsinin qarşısını kəsəcəyi barədə cavabdehin dəlillərinin əsaslılığı da təsdiqlənmişdir.

51. Digər tərəfdən iddiaçının nümayəndəsinin izahatlarından aydın olmuşdur ki, 2 və 3 saylı binalarda Şirin Mirzəyev küçəsinə çıxan hissədə özgəninkiləşdirilməmiş qeyri-yaşayış sahəsi yoxdur. Cavabdehə 1 A saylı binadan küçəyə çıxan hissədən qeyriyaşayış sahəsinin verilməsi təklif edilsə də, cavabdeh həmin binanın əsas küçəyə çıxmamasını əsas göstərərək ölçüsündən asılı olmayaraq həmin binadan qeyri-yaşayış sahəsi almaq istəmədiyini qeyd etmiş və ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək 1 mərtəbəli qeyri-yaşayış binasının əsas yola çıxan hissəsindən kompensasiya verilməli olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidmətinin çıxarışında qeyd olunmuş 78 kv.m. sahənin daxili divarlardan hesablandığı üçün iddiaçının təklif etdiyi kompensasiyanın isə daxili divarlardan hesablanmalı olmasını da qeyd etmişdir.

52. Odur ki, məhkəmə araşdırması zamanı tikilmiş binalarda cavabdehə ədalətli kompensasiyanın verilməsinin mümkün olmaması müəyyən edildiyindən məhkəmə tərəfindən söküləcək qeyri-yaşayış binasının yerində inşa ediləcək 2 A saylı binada kompensasiya verilməsinin mümkünlüyünün və şərtlərinin müzakirə edilməsi təklif edilmiş və tərəflərə barışmaq üçün vaxt verilmişdir.

53. Həmin müddət ərzində İddiaçı MTK tərəfindən 2 A saylı qeyri-yaşayış binasının Ş.Mirzəyev küçəsinə çıxan hissəsindən (küçəyə çıxan hissəsi 6 metr olmaqla) əvvəl 93,6 kv.m., daha sonra 100 kv.m. və nəhayət 110 kv.metr sahə təklif olunmuş, eləcə də həmin ölçülərin daxili divarlardan hesablanacağı, təqdim ediləcək sahənin tam təmirli olacağı bildirilmiş, lakin tərəflər razılığa gələ bilməmişlər.

54. Sonuncu məhkəmə iclasında tərəflərin razılığa gələ bilməməsinin səbəbləri müzakirə edilsə də, cavabdeh tərəf razılığın əldə olunmamasının səbəbi kimi kompensasiya olaraq təklif edilən obyektin sahəsinin az olmasına, iddiaçı tərəfindən digər sakinlərə 65-260% artıq sahənin verilməsinə istinad edilmişdir. İddiaçı tərəf isə daha artıq sahədə kompensasiya verilməsinin mümkün olmamasını tikiləcək qeyriyaşayış binasının 1 mərtəbəli olması və cavabdehə daha böyük sahəsinin verilməsinin həmin binanın tikintisinin MTK üçün iqtisadi cəhətdən əlverişsizliyinə səbəb olması ilə əsaslandırmışdır.

55. Kollegiya kompensasiya qismində təklif edilən qeyri-yaşayış sahəsinin söküləcək binaya nəzərən ən yaxın və əlverişli yerdə yerləşməsi meyarı ilə bağlı qeyd edir ki, birincisi, təklif edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 A saylı binanın cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində inşa edilməsi nəzərdə tutulur, ikincisi, təklif edilən qeyri-yaşayış sahəsinin giriş hissəsi (6 metr) əsas küçədə - Şirin Mirzəyev küçəsində yerləşməklə qeyri-yaşayış sahəsinin qarşısında hər hansı tikilinin inşa edilməsi planlaşdırılmır. Üçüncüsü, o da qeyd edilməlidir ki, cavabdeh tərəf məhkəmə prosesi gedişində (birinci instansiya məhkəməsindəki icraatdan başlayaraq) dəfələrlə mübahisəli qeyri-yaşayış sahəsinə görə kompensasiyanın məhz 2 A saylı binadan verilməsinin onun üçün ən əlverişli və hətta yeganə əlverişli variant olduğunu bildirmiş və son məhkəmə iclasında kompensasiya ilə razı olmamasının səbəblərini təklif olunan sahənin əlverişsizliyi ilə deyil, ölçüsünün az olması ilə izah etmişdir. Odur ki, kollegiya yuxarıda göstərilən diqqətəlayiq halları da nəzərə alaraq təklif edilən qeyri-yaşayış sahəsinin cavabdeh üçün mülkiyyətində olan qeyri-yaşayış sahəsinə nəzərən həm ən əlverişli, həm də ən yaxın yerdə yerləşməsi qənaətinə gəlir.

56. Eləcə də kollegiya göstərilən hallarla yanaşı təklif olunan qeyri-yaşayış sahəsini fərdiləşdirməyə imkan verən plan-sxemin, eləcə də sahənin yerləşdiyi 2 A saylı binanın layihəsinin məhkəməyə təqdim edildiyini nəzərə alaraq hesab edir ki, sahənin əlverişliliyinin müəyyən edilməsi və fərdiləşdirilməsi üçün tikinti sahəsində mütəxəssislərin rəyinin alınması zərurəti mövcud deyildir.

57. Kompensasiya olaraq təklif edilən qeyri-yaşayış sahəsinin ölçüləri və qiyməti ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi Avropa Məhkəməsinin qərarlarında formalaşdırılmış mövqeyə əsasən kompensasiyanın ədalətli hesab edilməsi üçün onun dəyəri itirilmiş mülkiyyətin qiymətinə uyğun olmalıdır(Skordino İtaliyaya qarşı iş)..

58. Digər tərəfdən “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanında dövlət ehtiyacları üçün alınan daşınmaz əmlaklara münasibətdə “...alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olması” barədə norma müəyyən edilmişdir. Qeyd edilməlidir ki, bununla bağlı imperativ hüquqi tənzimləmə mövcud olmasa da, təşəkkül tapmış praktikaya əsasən MTK-lar tərəfindən tikinti həyata keçirilməsi ilə əlaqədar mülkiyyətçilərə ödənilən kompensasiyaların məbləğləri müəyyənləşdirilərkən də əmlakın ölçüsünə və ya qiymətinə 20 faizi miqdarında əlavə tətbiq edilir. Kollegiya qeyd edir ki, həmin əlavənin tətbiq edilməsi mülkiyyətçisinin itirdiyi mülkiyyətinin müqabilində mülkiyyətinin dəyərindən daha artıq haqq almasını təmin edir və mülkiyyətçini MTK ilə razılığa gəlməsinə və mülkiyyətindən imtina etməsini stimullaşdırmaq məqsədi daşıyır.

59. Hazırda iddiaçı tərəfindən təqdim edilmiş sonuncu təklifdə cavabdehə kompensasiya olaraq sahəsi (110 kv.m.) cavabdehin müllkiyyətində olan qeyri-yaşayış sahəsindən (78kv.m.) 41% və ya 32 kv.m. artıq olan qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur.

60. Bu da öz növbəsində həm iddiaçının, həm də cavabdehin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarında qeyd etdikləri kimi MTK-nın tikdiyi yaşayış kompeksində qeyri-yaşayış sahəsinin kv.m.-in təqribi bazar qiymətinin 8000 manat təşkil etdiyini nəzərə aldıqda cavabdehə kompensasiya olaraq təklif edilən əmlakın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəyərindən təxminən 250.000 manat (əlavə 32 kv.m.-in dəyəri 32x8000) artıq dəyərdə olması deməkdir.

61. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, cavabdehə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi hazırda mövcud olmamaqla, yalnız mübahisəli əmlak iddiaçıya təhvil verildikdən sonra inşa edilməsi nəzərdə tutulur. Digər tərəfdən tərəflər arasında razılaşma imkanının mövcudluğu müzakirə edilərkən cavabdehin nümayəndəsi müəyyən müddət ərzində mülkiyyətindən istifadə edilməyəcəyinə görə haqqı (icarə haqqını) tələb etmədiyini, göstərilən halın da veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən nəzərə alınmalı olduğunu bildirmiş və bundan sonra iddiaçı tərəfindən təklif edilən kompensasiya iki dəfə artırılmışdır.

62. Bununla bağlı kollegiya razılaşır ki, analoji hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlarda (AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı) qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə əmlakından istifadə edə bilməməsinə görə haqq ödənilməsi nəzərdə tutulmasa (yalnız sakinlərin kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi nəzərdə tutulsa) belə, cavabdehə müəyyən müddət ərzində mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilməyəcəyi kompensasiya edilməlidir.

63. Odur ki, hazırkı halda kollegiya məhz yuxarıda göstərilən halları nəzərə alır və mübahisəli əmlakın iddiaçıya təhvil verildiyi vaxtdan yeni qeyri-yaşayış sahəsi cavabdehə təqdim edilənədək olan müddət ərzində əmlakdan istifadə edə bilməməsinə görə kompensasiyanı da cavabdehə veriləcək əlavə sahəyə daxil etməklə həmin sahəni təşəkkül tapmış praktikaya uyğun olaraq yaşayış sahələrinin sökülməsinə görə verilən ölçüdən (20%) daha artıq ölçüdə (41%) müəyyənləşdirilməsini ədalətli hesab edir.

64. Bundan əlavə digər sakinlərə mülkiyyətlərində olan daşınmaz əmlaka daha böyük sahə (65-260%) əlavə edilməklə kompensasiya verilməsi barədə cavabdehin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, birincisi, iş materiallarına əlavə edilmiş müqavilələr ərazidə yerləşən mənzillərin sökülməsi və əvəzində sakinlərə inşa ediləcək yaşayış kompleksinin hündürmərtəbəli yaşayış binalarından mənzil verilməsinə dair bağlanmışlar. Hazırkı halda isə sökülməsi tələb edilən sahə qeyri-yaşayış sahəsi təyinatlı olmaqla yanaşı əvəzində də qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulur. Kollegiya tikiləcək yaşayış kompleksinin binalarında yaşayış sahələrinin ümumi sahəsinin qeyri-yaşayış sahələrinin ümumi sahəsindən dəfələrlə çox olduğunu, belə olan halda isə MTK-nın kompensasiya olaraq mənzil verildiyi halda daha böyük sahələri təklif etmək imkanının mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırda ona kompensasiya olaraq verilməsi təklif edilən qeyri-yaşayış sahəsini yaşayış sahəsi mülkiyyətçilərinə verilən yaşayış sahələri ilə müqayisə etməsi ağlabatan hesab edilə bilməz.

65. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ikimərtəbəli evin yerində yaşayış kompleksinin tərkibinə daxil olan, birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsi 421 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edilməsi nəzərdə tutulur və cavabdeh ona məhz həmin binadan kompensasiya verilməsində israrlıdır. Odur ki, cavabdehə məxsus qeyri-yaşayış binasında həm birinci, həm də ikinci mərtəbədə cavabdehdən başqa digər mülkiyyətçilərin olmasını nəzərə alsaq hazırkı halda MTK-nın üzərinə daxili divarlardan hesablanmaqla 110 kv.m.-dən daha böyük sahənin kompensasiya olaraq verilməsi öhdəliyinin qoyulması həmin qeyri-yaşayış sahəsinin inşa edilməsinin MTK üçün iqtisadi baxımından səmərəsizliyinə və son nəticədə tərəflərin hüquq və maraqlarının ədalətli tarazlaşması prinsipinin pozulmasına gətirib çıxara bilər.

66. Mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsinə uzun müddət ərzində iddiaçı tərəfindən maneə törədilməsi, nəticədə ona zərər vurulması barədə cavabdeh tərəfin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində cavabdeh tərəfindən iddiaçının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi barədə qarşılıqlı tələb irəli sürülməmişdir. Odur ki, iddiaçının delikt törədibtörətməməsinin, nəticədə cavabdehə zərər vurulub-vurulmamasının araşdırılması və ehtimal olunan zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi hazırkı icraat çərçivəsində həyata keçirilə bilməz.

67. Beləliklə, kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq hazırkı halda iddiaçının sonuncu təklifində əks olunan kompensasiyanın ədalətli və ağlabatan olması qənaətinə gəlir.

68. Bununla yanaşı kassasiya instansiya məhkəməsı hazırkı işi yeni apellyasiya baxışına qaytararkən qoyduğu göstərişlərindən biri də hüquq müəyyənlik prinsipinin və qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədilə iddiaçının tələbi üzrə cavabdehə hansı ünvanda yerləşən, hansı girişdə, neçənci mərtəbədə, hansı ölçüdə qeyri-yaşayış sahəsi təklif edilməsini dəqiqləşdirilməli, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yeri, layihəsi, sahənin planı və s. bu kimi halları araşdırmasından ibarət olmuşdur.

69. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən məsələlər üzrə iddiaçının təklifi dəqiqləşdirilmiş, məhkəməyə yaşayış kompleksinə daxil olan binaların ümumi planı, eləcə də Memarlıq və Planlaşdırma Bölməsinin 2 A binasına aid hissəsi, 2 A binasının memarlıq həlli, eləcə də 2 A saylı binanın layihəsində təklif olunan sahənin yerləşmə yeri və ölçülərini (eni və uzunluğunu) əks etdirən plan-sxem təqdim edilmişdir. Həmin plana əsasən təklif olunan qeyri-yaşayış sahəsi 2 A saylı birmərtəbəli qeyriyaşayış binasının 1-ci mərtəbəsində yerləşir, sahəsi daxili divarlardan hesablanmaqla 110 kv. m, eni 6 metr, uzunluğu 18,3 metr, hündürlüyü 5,5 metr, Şirin Mirzəyev küçəsinə çıxan giriş hissəsi isə 6 metrdir, 2 A saylı binanın küçəyə baxan hissəsindən sağ tərəfdən birinci sahədir.

70. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehin mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, həmin qeyri-yaşayış sahəsinin sökülməklə əvəzində həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə tikiləcək Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, Kamil Balakişiyev küçəsi, Mehdi Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən yaşayış kompleksinin 2 A saylı birmərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində daxili divarlardan hesablanmaqla sahəsi 110 kv. m, eni 6 metr, uzunluğu 18,3 metr, hündürlüyü 5,5 metr, Şirin Mirzəyev küçəsinə çıxan giriş hissəsi isə 6 metr olan (təklifə əlavə edilmiş plan-sxemə uyğun şəkildə) tam təmirli qeyri-yaşayış sahəsi cavabdehə verilməlidir.

71. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehin mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. Həmin qeyri-yaşayış sahəsi sökülməklə əvəzində həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə tikiləcək Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, Kamil Balakişiyev küçəsi, Mehdi Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2 A saylı birmərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində sahəsi daxili divarlardan hesablanmaqla 110 kv. m, eni 6 metr, uzunluğu 18,3 metr, hündürlüyü 5,5 metr, Şirin Mirzəyev küçəsinə çıxan giriş hissəsi isə 6 metr olan tam təmirli qeyri-yaşayış sahəsi (təklifə əlavə edilmiş plan-sxemə uyğun şəkildə, 2 A saylı binanın Ş.Mirzəyev küçəsinə baxan hissədə sağ tərəfdən birinci sahə) cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar