Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-140/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QSC "xxxx" KB-nın (ləğv prosesindədir) "xxxx" MMC-yə qarşı və İddiaçı2 "xxxx" KB QSC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmış hesab edilməsi, ipoteka saxlayanın protokolun imzalanması üçün zəruri hərəkətləri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Sadıqova Zenfira Xıdır qızının katibliyi, iddiaçı (cavabdeh) - ləğv prosesində olan QSC "xxxx" KB-nın nümayəndəsi Vəkil1, iddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Ləğv prosesində olan QSC "xxxx" KB-nın "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” (birinci iş) və İddiaçı2 ləğv prosesində olan "xxxx" KB X5, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv olunması” (ikinci iş) tələblərinə dair bir icraatda birləşdirilmiş kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli qətnaməsi ilə QSC “Bank Standart” KB-nın "xxxx" Müəssisəsinə və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək, 140 000 manat məbləğində əsas borcun, 13 468,30 manat məbləğində faiz borcunun, cəmi 153 468,30 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Müəssisəsindən alınıb QSC "xxxx" KB-yə ödənilməsi, tələbin ilkin olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinin ilkin satış qiymətinin 66 000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiymətinin isə 18 000 manat məbləğində olmaqla açıq hərracdan satılmaları, həmin əmlakların satılmasından əldə edilən vəsaitdən QSC "xxxx" KB-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50.7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindəı ibarət 2 otaqlı 28 nömrəli mənzilə tutma yönəldildikdə və mənzil satıldıqda İddiaçı2 və onunla birlikdə yaşayan ailə üzvləri - X4, X8, X7 və X2 mənzili bir ay ərzində tərk etmədikdə, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir.
2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 05 avqust 2016-ci il tarixli sifariş məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin 66 000 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin 9000 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin 18 000 manata açıq hərraca çıxarılması üçün "xxxx" MMC-yə göndərilmişdir.
3. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 9 saylı evin 28 saylı mənzilinin ilkin satış qiyməti 66 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 9000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiyməti 18 000 manat olmaqla açıq hərracın keçirilməsi 03 oktyabr 2016-ci il tarixinə saat 11.00-a təyin edilmiş və bu barədə tərəflərə 02 sentyabr 2016-cı il tarixli 01 nömrəli və 16 sentyabr 2016-cı il tarixli 01/2 nömrəli bildirişlər göndərilmiş, “Birja yenilikləri” qəzetində elanlar verilmişdir.
4. Həmin hərracın keçirilməsi baş tutmamış və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 9 saylı evin 28 saylı mənzilinin satış qiyməti 56 100 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin satış qiyməti 7650 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin satış qiyməti 15 300 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 07 noyabr 2016-ci il saat 11.00-a təyin edilmiş, bu barədə tərəflərə 07 oktyabr 2016-cı il tarixli 02 nömrəli və 21 oktyabr 2016-cı il tarixli 02/2 nömrəli bildirişlər göndərilmiş, “Birja yenilikləri” qəzetində elanlar verilmişdir.
5. Təkrar hərrac baş tutmamış, "xxxx" MMC tərəfindən bu barədə Xətai rayon İcra şöbəsinə, "xxxx" KB ASC-nə, "xxxx" müəssisəsinə, İddiaçı2 və onun ailə üzvlərinə xx.xx.2016-cı il tarixdə məlumat göndərilərək “Birja yenilikləri” qəzetində müvafiq elan yerləşdirilmişdir.
6. Ləğv prosesində olan "xxxx" KB tərəfindən xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nə məktub ünvanlanmış, bankın, borclu İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzili 42.075 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsini 5737,50 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 0.06 ha torpaq sahəsini 11 475 manata almağa razı olduğu bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
Birinci iş üzrə
7. Ləğv prosesində olan QSC "xxxx" KB (bank və ya birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh) "xxxx" MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi 129 saylı torpaq sahəsinin satılması ilə bağlı cavabdeh tərəfindən xx.xx.2016-cu il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair protokolun (ipoteka saxlayanın ipoteka predmetini hərracdan əldə etməsinə dair) qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC banka məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmiş, xx.xx.2016-cı il tarixli məktubla ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən "xxxx" MMC-nin məktubuna cavab olaraq bildirilmişdir ki, bank borclu İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin 42.075 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinin 5737,50 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 0.06 ha torpaq sahəsinin 11 475 manata alınmasına razıdır. Lakin sonradan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzil, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC "xxxx" KB-nin adına rəsmləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş etmələrinə baxmayaraq hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC "xxxx" KB-yə təqdim olunmamışdır. Qanunvericiliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən protokol tərtib edilməmiş və bankın iradəsinə zidd olaraq ipoteka predmeti əldə edilə bilinməmişdir. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozularaq ipoteka predmetinin onlar tərəfindən əldə edilməsi məhdudlaşdırılmışdır.
9. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, hərrac təşkilatı sözügedən əmlakların ləğvedici tərəfindən əldə edilməsi istiqamətində bütün tədbirləri görmüş, lakin ləğvedici ötən müddət ərzində həmin əmlakların əldə edilməsində maraqlı olmamış, bu istiqamətdə heç bir real addım atmamışdır. İddia ərizəsinin təsviri hissəsində də etiraf olunduğu kimi hərrac təşkilatı ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc edildikdən sonra ayırca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. Halbuki, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 dekabr 2022-ci il tarixli Qərardadının 34-cü paraqrafında qeyd olunmuşdur ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının istinad olunan Qərardadındakı hüquqi mövqedən və ipoteka haqqında qanunvericilikdən göründüyü kimi hərrac təşkilatının ipoteka predmetinin təkrar hərracdan satışı baş tutmadıqdan sonra ipoteka saxlayana bununla bağlı ayrıca sənəd şəklində təklif göndərmək öhdəliyi mövcud olmasa da hərrac təşkilatı ipoteka predmetlərinin ipoteka saxlayan bank tərəfindən əldə edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərlə yanaşı, hətta qanunvericilikdə nəzərdə tutulmamış tədbirləri də öz təşəbbüsü ilə həyata keçirmiş, bununla da sözügedən əmlakların ipoteka saxlayan tərəfindən əldə edilməsində maraqlı olduğunu, bu istiqamətdə iradə ifadəsini göstərmişdir. Beləliklə, hərrac təşkilatı sözügedən ipoteka predmetlərinin iddiaçı tərəfindən əldə edilməsi istiamətində nəinki qanunvericilikdə müəyyən edilmiş tədbirləri, hətta qanunvericilikdə müəyyən edilməmiş tədbirləri də həyata keçirmiş, öz təşəbbüsü ilə bu barədə tələbkarı ayrıca məktubla məlumatlandırmışdır. Halbuki belə məktubun tərtibatı, göndərilməsi özlüyündə əlavə vaxt, işçi qüvvəsi, poçt xərcləri və s. resurslar tələb edir. İddiaçı iddia ərizəsində hərrac təşkilatının sözügedən əmlakların bank tərəfindən əldə edilməsində maraqlı olmamasını, buna mane olmasını və ya sair formada protokolun imzalanmasında yayındığını və ya imtina etdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə iddiaçı iddia ərizəsinin təsviri hissəsində hərrac təşkilatının ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc edildikdən sonra ayırca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etdiyini etiraf etmişdir. Ötən 7 illik müddət ərzində isə bankın ləğvedicisi sözügedən əmlakların əldə edilməsi istiqamətində heç bir real addım atmamış, yalnız hərrac təşkilatına ünvanladığı cavab məktubu ilə həmin əmlakların əldə edilməsinə razı olduğunu ümumi şəkildə bildirməklə kifayətlənmişdir. Yalnız ipoteka qoyan mülkiyyətçi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə ipotekaya xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra bankın ləğvedicisi həmin əmlakları itirməmək üçün hazırki iddianı süni surətdə qaldırmışdır. Beləliklə ağlabatan mühakimə əsasında müəyyən etmək mümkündür ki, sözügedən əmlakların bank tərəfindən əldə edilməsinə mane olmaq, bununla bağlı protokolun imzalanmasından yayınmaq üçün hərrac təşkilatının heç bir motivi və məqsədi mövcud olmamış, əksinə hərrac təşkilatı əmlakların əldə edilməsi istiqamətində mümkün olan, hətta qanunvericilikdə nəzərdə tutulmamış tədbirləri də həyata keçirmiş, bankın ləğvedicisi isə əmlakların əldə edilməsi, bununla bağlı protokolların imzalanmasından yayınmış, bu istiqamətdə heç bir real addım atmamış, sadəcə olaraq hərrac təşkilatından daxil olmuş məktubu ümumi şəkildə əmlakları əldə etməyə razılığını bildirməklə kifayətlənmişdir. Ləğvedici ötən müddət ərzində sözügedən bankın ipoteka təminatlı tələbləri üzrə tutmanın yönəldildiyi sayı 100-lərlə əmlakın əldə edilməsinə dair protokollar əldə etmişdir. Bu müddət ərzində hərrac təşkilatı tərəfindən hər hansı bir əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsinə maneçilik və ya yayınma halları müşahidə olunmamış, bununla bağlı nə sifarişçi icra şöbələrinə, nə də birbaşa hərrac təşkilatına müraciət daxil olmamışdır. Bu baxımdan, bankın ləğvedicisi həmin bank üzrə etiraza əlavə edilmiş digər işlər üzrə protokolları əldə etdiyi kimi, əgər maraqlı olsa idi bu əmlaklar üzrə də protokolları əldə etmiş olardı. Beləliklə, iddiaçı hazırki iş üzrə daşınmaz əmlakların əldə edilməsi ilə bağlı iddia tələbini 7 ilə yaxın müddət keçdikdən sonra vermişdir. Həmin iddia tələbi məhz ipoteka müqavilələrindən irəli gələn iddia tələbidir. Odur ki, hazırki tələbə də iddia müddəti tətbiq edilməlidir.
İkinci iş üzrə
10. İddiaçı2 (ikinci iş üzrə iddiaçı və birinci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) ləğv prosesində olan "xxxx" KB X5, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyəndə olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin daşınmaz əmlaklara dair LPO QSC “Bank Standard" KB-nin ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka predmetlərinə dair qanunvericiliyin tələbinə uyğun olaraq keçirilmiş hərraclarda alıcı olmamış, həmçinin ipoteka saxlayan öz hüququndan istifadə edərək hərraca çıxarılmış əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamamışdır. Ona görə də, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas mövcud olmuşdur.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 Banka, ƏSF-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Bakı Kommersiya Məhkəməsində baxılan birinci işə birləşdirilməsi qərara alınmışdır.
13. İddiaçı2 məhkəmə iclasında iştirak edən nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əmlaklarla bağlı 2016-cı ildə hərraclar keçirilmişdir, lakin bankın bu məsələ ilə bağlı hərəkətsizliyi vardır. Qanunvericilikdə də qeyd olunmuşdur ki, elan verildikdən 30 gün ərzində protokol bağlanmalı idi. Hər hansı bir əsasla protokolun bağlanmaması ilə bağlı həmin dövrdə iddia qaldırsaydılar və ya tərəflər arasında hər hansı yazışma olsaydı başa düşülən olardı ki, burda Hərrac Mərkəzinin hərəkətsizliyi olmuşdur. Qarşı tərəf özü də etiraf edir ki, onlar bu məsələni unutmuş, heç bir şəkildə mübahisələndirməmişlər. Ən azından 30 gün tamamında bank öz əməkdaşları ilə Hərrac Mərkəzinə müraciət edərək hansı əsasla protokolun verilməməsi məsələsini aydınlaşdırmalı idi. Bankın məktubun ora göndərilməsini artıq etiraf etmələri onu deməyə əsas verir ki, 30 gün müddətinin başlanması və bitməsindən məlumatlı olmuşlar. Onlar iddianı verdikdən sonra digər iddia məhkəmədə qaldırılmışdır. Eyni zamanda Ali Məhkəmənin müvafiq qərardadı artıq 1 ildən çoxdur ki, çıxarılmışdır. Burada iddia müddətinin ötürülməsi məsələsi də tətbiq edilməlidir. Hərrac mərkəzinin hərəkətsizliyindən deyil, bankın özünün hərəkətsizliyindən həmin müddət keçmişdir, çünki burada Hərrac Mərkəzi maraqlı şəxsdir, Hərrac Mərkəzi hər bir bankdan xidmət haqqı alır. 2016-cı ildə bağlanılmış digər işlər üzrə protokollar da sübut edir ki, Hərrac Mərkəzinin bank ilə heç bir qərəzi olmamışdır. İddiaçı2 mübahisədə boclu olmadığı üçün məlumatsız olmuş, ona görə də 7 il sonra məhkəməyə müraciət etmişdir. O, xx.xx.2024-cü il tarixdə QSC "xxxx" Kommersiya Bankının xx.xx.2016-cı il tarixli 26/15428 saylı məktubunun Hərrac təşkilatına daxil olub-olmaması barədə məlumat verilməsi barədə Hərrac Mərkəzinə sorğu ilə müraciət etmiş və sorğuya cavab olaraq bildirmişdilər ki, xx.xx.2016-ci il tarixli məktubla bağlı heç bir məlumat aşkar edilməmişdir. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının iddiasının təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, 2016-cı ildə təklifə bir münasibət bildirməklə bu məsələni həll etmək olmazdı. Bank özü aralarında heç bir ədavət olmadan, münasibət pozulması olmadan həmin dövrdə protokolu qəbul etməmişdir. Elan verildikdən 30 gün müddətində protokol bağlanılması zəruridir. 30 gün ərzində qarşı tərəfin yeganə etdiyi əməl təklifə münasibət bildirməsi olmuşdur. Müqavilə qüvvəsinə malik olan protokol bağlanılır, lakin bu o demək deyil ki, müqavilə münasibətlərini tənzimləyən bütün normaları bura şamil etmək olar. Nə 2014-cü ilin Konstitusiya Məhkəməsinin şərhində, nə də Ali Məhkəmənin qərarında qeyd olunmayıb ki, məktub iradə ifadəsi sayıla bilər. Ali Məhkəmənin qərarında qeyd edilir ki, 30 gün ərzində razılığı ala bilmədiyi halda məhkəməyə müraciət edə bilər, aksept offerta deyilən bir məsələ yoxdur, yalnız 30 gün müddətində protokol imzalanmalıdır. Bank özü də etiraf etdi ki, onlar iddia qaldırdıqdan sonra sonunculara məsələ məlum olmuş və iddia qaldırmışlar.
14. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi ilə bankın iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin hərracdan əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsi, İddiaçı2 iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. İpoteka predmeti olan əmlaklar barədə 2016-cı il 7 noyabr tarixində təkrar hərrac baş tutmadıqdan və bu barədə 2016-cı il 11 noyabr tarixində qəzetdə elan verildikdən sonra 16 noyabr 2016-cı il tarixində Bank məktubla Hərrac Mərkəzinə müraciət edərək ipoteka predmeti olan əmlakları müvafiq qiymətlərə almağa razı olduğunu bildirmişdir. Hərrac Mərkəzi öz etirazında da bu faktı təsdiq edərək ona məktubla müraciət olunduğunu bildirmişdir. Bununla da ipoteka saxlayan Bank ipoteka predmetlərinin əldə edilməsi üçün zəruri tədbir görmüş və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etmişdir. Lakin həmin dövrdə, yəni 2016-cı il 4 oktyabr tarixindən Bank müflis elan olunaraq iflas proseduruna başlandığından, bununla bağlı təyin olunmuş ləğvedici ƏSF ilə böyük həcmdə sənədləşmə işləri aparıldığından və ƏSF-də Bankdan başqa bir neçə bankın da ləğv prosesi getdiyindən həmin ərəfələrdə bu məsələ diqqətdən kənar qalmış, yekun protokol Bankdan asılı olmayan səbəblərdən imzalanmamışdır. 15.2. Bu səbəbdən, 2016-cı il 11 noyabr tarixində təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 5 təqvim günü ərzində ipoteka saxlayan Bank 2016-cı il 16 noyabr tarixində ipoteka predmetlərini almağa razılıq barədə müraciəti olduğu halda Hərrac Mərkəzi protokolu imzalamaqdan yayındığından, məhkəmə ipoteka saxlayan Bankın ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olması qənaətinə gəlmiş, onun iddiasını əsaslı hesab etmişdir. 15.3. Məhkəmə Hərrac Mərkəzi tərəfindən verilmiş etirazda iddia müddətinin tətbiq olunması barədə məsələ ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə dair tərəflər arasında hər hansı müqavilə olmadığından, hazırkı mübahisə müqavilə tələbindən irəli gəlmədiyindən və 10 illik ümumi iddia müddəti ötürülmədiyindən, Hərrac Mərkəzinin 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri əsassız olmuşdur. 15.4. Bank tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, İddiaçı2 iddiasının təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmamışdır. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka saxlayan Bank tərəfindən ipoteka predmetləri əldə edildiyi müəyyən olunduğundan, həmin ipoteka predmetlərinə dair ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv olunması barədə iddia təmin edilməməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci, 373.2-ci, 415.5-ci və 415.7-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci, 41.5-ci, 42.1-ci, 42.8-ci, 43.7-ci, 43.7-1-ci və 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli qərardadının 55 və 57-60-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.
17. Qətnamədən İddiaçı2 nümayəndəsi (vəkili) apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və bankın iddia tələbinin rədd, təmsil etdiyi şəxsin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini bankın iddia tələbinə etirazının məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ipoteka saxlayanın ipoteka predmetinin əldə etmək üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri görmədiyini nəzərə almadığını və beləliklə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadını düzgün tətbiq etmədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
b) Apellyasiya məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 iyun 2024cü il tarixli nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq bankın iddiası rədd edilmiş, İddiaçı2 iddiası təmin olunmuş; İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair Bankın xeyrinə olan ipotekaya xitam verilməsi və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki ipotekaya dair qeydlərin ləğv olunması, Bank tərəfindən çəkilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumunun Bankdan tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 19.1. Bankın iddia tələbindən onun irəli sürülməsində əsas məqsədin ipoteka predmetinin əldə edilməsindən ibarət olması görünür. Qanunverici təkrar hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. 19.2. Bununla yanaşı, vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan olunduqdan 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə olunma anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə olunması üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. 19.3. Eyni zamanda, 7 sentyabr 2023-cü il tarixində ipoteka qoyan tərəfindən ipotekaya xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmış, yalnız bundan sonra Bank 2023-cü il 22 noyabr tarixində (təkrar hərracın baş tutmadığı tarixdən 7 il keçdikdən sonra) məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. 19.4. İddiaçı 2016-cı ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş və hazırki iddianı irəli sürsə də, Hərrac Mərkəzinin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qanunvericiliklə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 19.5. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutmadığı tarixdən 7 il müddət keçdikdən sonra və ən əsası ipoteka predmetləri ilə bağlı ipoteka qoyan tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürülməsi MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. 19.6. İddiaçı2 iddiası isə əsaslı olmuşdur. Belə ki, 2016-cı il 7 noyabr tarixinə təyin edilmiş təkrar hərrac baş tutmamış və ipoteka saxlayan Banka həmin əmlakların alması təklif edilsə də, o, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni zamanda, həmin qanunun “ipotekaya xitam verilməsi” adlı normasında nəzərdə tutulmuşdur ki, ipotekaya həmin qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan, kollegiya İddiaçı2 ipotekaya xitam verilməsi barədə iddiasının təmin olunması qənaətinə gəlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1-ci və 425.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 15.1-ci, 43.1-ci, 43.3- 43.5-ci, 43.7-ci, 43.7-1-ci, 43.8-ci və 48.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
21. Qətnamədən bank kassasiya şikayəti verərək onun ləğv olunmasını və öz iddia tələbinin təmin, İddiaçı2 iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə bankın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
23.1. İlk növbədə qeyd olunmalıdır ki, MM-in mülki qanunvericiliyin məqsəd və vəzifələrini təsbit edən 1-ci maddəsində göstərilir ki, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən; vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarətdir. 23.2. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur ki, bunlardan biri də ipoteka hüququdur (MM, 460.1-ci maddə). 23.3. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur. 23.4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir. 23.5. Baxılan iş üzrə ipoteka saxlayan bank, ləğv prosesində olmaqla məhkəmə qərarı ilə ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. 23.6. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərar). 23.7. Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir. 23.8. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi). 23.9. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinin məzmununa görə, müflis elan olunan bankın ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır. 23.10.Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır. 23.11. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir. 23.12.İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, ipoteka saxlayan MM-nin 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir. Lakin iddiaçı təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə, müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, Hərrac Mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır. 23.13.Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısı hərracın yekunları barədə protokolu imzalanmaqdan imtina etdikdə və ya yayındıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardadının 55-60-cı bəndlərindəki hüquqi mövqelərə əsasən, ipoteka saxlayanın – konkret halda ləğv prosesində olan bankın, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” məhkəmədə iddia qaldırmaq hüquqları vardır. 23.14.Digər tərəfdən, nə qanunvericilikdə, nə də Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad edilən qərardadında təkrar hərrac baş tutmadıqda, ipoteka saxlayanın 30 təqvim günü müddətində protokolun imzalanması üçün ilk dəfə iradəsini rəsmi şəkildə ifadə etdikdən sonra məhz hansı təşkilatlara, neçə dəfə və hansı qaydada təkrar müraciət(lər) etməli olduğuna dair konkret müddəalar nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı irəli sürməsinin MM-nin 425.1-ci maddəsinin tələblərinə zidd olmasına dair məhkəmənin qənaətini də əsaslı və ədalətli hesab etmir. 23.15.Bundan başqa, öhdəliklərin icrasında vicdanlılıq prinsipini əks etdirən MMin 425.1-ci maddəsi yalnız kreditorlara deyil, eyni dərəcədə borclulara da aiddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətlərini vicdanlılıq prinsipi ilə uzlaşmayan hərəkət kimi qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, İddiaçı2 da 2016-cı ildə keçirilmiş hərracın baş tutmadığını bildikdən yalnız 7 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 23.16.Göründüyü kimi, apellyasiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 və 43.8-ci, habelə MM-in 425.1-ci maddələrinin tətbiqində də səhvə yol vermiş, MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 23.17.Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla işdə olan sübutları, o cümlədən iddiaçının 2016-cı il 16 noyabr tarixli aksept məktubuna prosessual tələblərə uyğun şəkildə qiymət verməli, habelə qanunun tələblərini, qeyd olunan xüsusatları diqqətdə saxlayaraq düzgün tətbiq etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
Təkrar apellyasiya baxışı, izahatlar
24. İddiaçı2 təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əvvəlki apellyasiya baxışı zamanaı gəlinən nəticənin tam obyektiv və qanuni olduğunu bildirmiş, bankın nümayəndəsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlara istinadla şikayətin təmin olunmamasını xahiş etmişdir.
25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Xətai rayon icra şöbəsi nümayəndələrini məhkəməyə göndərməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
27. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.
28. Maddə 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
29. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
30. Maddə 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
31. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
32. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.
33. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
34. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
35. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
36. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
37. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
38. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarı
39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı
40. Bənd 57. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.
41. Bənd 59. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
42. Bənd 60. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir.
43. Bənd 61. Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.
44. Bənd 62. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Bənd 63. Konstitusiya Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli Qərarında da qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.
46. Bənd 64. Beləliklə, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.
47. Bənd 65. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi tələbinə baxılarkən başqa məhkəmənin icraatında hərrac protokolunun imzalanmış hesab edilməsinə dair mülki işin olması Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması, həmin iddianın təmin edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktının olması isə iddianın rədd edilməsi üçün əsas olacaqdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
58. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
59. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmuşdur.
60. Məhkəmə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 dekabr 2022-ci il tarixli Qərardadına istinadla haqlı olaraq vurğulamışdır ki, bank tərəfindən ipoteka predmetlərinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirlərin görüldüyü və protokolun qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığın ifadə edildiyi işin halları ilə öz təsdiqini tapır.
61. Hazırkı işin halları baxımından həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, iddiaçı bank ləğvetmə prosesindədir, onun ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
62. Ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.
63. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi).
64. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.
65. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.
66. Baxılan işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmiş, bununla müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.
67. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 saylı iş üzrə 18 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva