Məhkəmə qərarları › İş №2-2(103)-144/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-144/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-144/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadədən və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 2019-cu il 8 iyul tarixində 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə 85.000 manat məbləğində kredit vermişdir.

2. 2019-cu il 8 iyul tarixli 23-BİZ-1-0-1283-19 nömrəli ipoteka müqaviləsinə görə, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzil ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ******* nömrəli 2019-cu il 21 may tarixli çıxarışla təsdiq edilmişdir. İpoteka predmetinin bazar dəyərinin 130.000 manat təşkil etməsi müəyyən olunmuşdur.

3. 2022-ci il 17 may tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə borcu 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə olmaqla ümumilikdə 83.586,21 manat təşkil etmişdir.

4. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 29 sentyabr tarixli qiymətləndirmə barədə hesabatına əsasən ipoteka predmetinin bazar dəyəri 105.000 manat, likvid dəyəri isə 89.000 manat müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/1132 saylı rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə olan banka əsas borcu 63.587,31 manat müddət üçün hesablanmış faiz borcu (bütün ödənişlər nəzərə alınmaqla) 0 manat məbləğində müəyyən edilmişdir. Rəydə göstərilmiş cədvəl məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixə 3861,01 manat məbləğində faiz üzrə qalıq borc mövcud olmuş, həmin tarixdən sonra müxtəlif vaxtlarda cəmi 10.030 manat məbləğində ödəniş edilmiş və ödənişlər faizlər üzrə qalıq borcdan silinərək xx.xx.2021-ci il tarixə borc alanın faiz borcu qalmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 8 iyul tarixli 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə, ümumilikdə cəmi 83.586,21 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, cavabdehə məxsus ipoteka predmeti açıq hərracda satılaraq əldə olunan vəsait hesabına mövcud olan borcun iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin ipoteka predmeti olan əmlakdan istifadə hüquqlarının itirilmiş hesab olunaraq, həmin şəxslərin əmlakdan çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 85.000 manat məbləğində 36 ay müddətinə 18 faizlə kredit verilmişdir. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzili 2019-cu il 08 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 19-dək cavabdehin 2019-cu il 11 iyul tarixli kredit müqaviləsi üzrə banka 67886,23 ABŞ dolları əsas borc, 5452,16 ABŞ dolları faiz borcu, olmaqla ümumilikdə cəmi 73.338,39 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır.

8. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 16 avqust tarixli 9/4890 nömrəli ekspert rəyində cavabdehin 2022-ci il 17 may tarixə 67.586,44 manat əsas və 11.830,39 manat faiz borcunun mövcud olduğu göstərilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 sentyabr tarixli e-2-2(113)- 2055/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 67.586,44 manat əsas, 11.830,39 manat faiz və 283,17 manat cərimə, cəmi 79.700 manat pulun, həmçinin 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehə məxsus ilkin satış qiyməti 89.000 manat olan ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin mənzili boşaltmaqla tərk etməsi, daha sonra mənzilin banka təhvil verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı tqiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı tələbində göstərdiyi məbləğdə deyil, ekspert rəyində qeyd edilən 67/586,44 manat əsas 11830,39 manat faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimə hissəsinə qiymət verərək göstərmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 283,17 manat məbləğində müəyyən edilməlidir. İpoteka müqaviləsi imzalanarkən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar qiymətinin 130000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən mənzilin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 89.000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və cavabdehdən 67.586,44 manat əsas, 11.830,39 manat faiz, 283,17 manat cərimə, cəmi 79.700 manat, bundan əlavə 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 man dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməli, tutma cavabdehə məxsus ilkin satış qiyməti 89.000 manat olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilə yönəldilməli, həmin ipoteka predmeti hərracda satılmalı və əldə olunan vəsaitin hesabına iddiaçının borcu ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra 1 ay müddət ərzində cavabdeh mənzili boşaltmaqla tərk etməli, daha sonra mənzil banka təhvil verilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətindəki mənzil satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması ilə bağlı iddia tələbi təmin edilə bilməz. Belə ki, mənzilə olan istifadə hüquqi ilə bağlı tələbləri yalnız mülkiyyətçi irəli sürə bilər, həmçinin digər şəxslərlə bağlı iddiaçı heç bir sübut təqdim etməməklə yanaşı hazırki iş üzrə cavabdeh qismində yalnız Cavabdeh çıxış edir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin kredit müqaviləsi üzrə faiz borcunun 11.830,39 manat, mənzilin ilkin satış qiymətinin isə 89.000 manat müəyyən edildiyi hissədə ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 2.1ci bəndində nəzərdə tutulmuş əsas və dövriyyə vəsaitinin artırılması məqsədilə 85000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 86.8 kv.m mənzil "xxxx" KB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Krediti aldıqdan sonra təyinatı üzrə dövriyyə vəsaitinin artırılmasına sərf edilmişdir. Kredit müqaviləsindən də göründüyü kimi cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Kredit almaqda da məqsəd sahibkarlıq fəaliyyətini inkişaf etdirmək olmuşdur. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini mütəmadi icra etsə də bir müddət sonra ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində hər bir sahibkar kimi cavabdehdə fəaliyyətində geriləmələr yarandı, nəticədə kredit ödənişlərini vaxtında icra edə bilməmişdir. Qeyd edilənlərə baxmayaraq kreditor Bank bu problemləri nəzərə almamış və əksinə kredit borcunu şişirdilmiş şəkildə hesablayıb məhkəmədə 67.886,23 manat əsas, 5452,16 manat faiz borcunun tutulması və həmin məbləğin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi cavabdeh olduğu 2-2(113)-2055/2022 nömrəli iş üzrə qətnamə qəbul etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı ilə əlaqədar cavabdehin Bakı şəhərində olmadığı üçün məhkəmə prosesinin vaxtı və yeri barədə elektron kabinetinə yerləşdirilmiş bildirişləri, eyni zamanda barəsində qəbul edilmiş qətnamə ilə xx.xx.2022-ci il tarixdə tanış ola bilmişdir. Bundan əlavə elektron kabinetə daxil olmazdan əvvəl həmin qətnamənin cavabdehə rəsmi qaydada verilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən 2020-ci ildə, yəni ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar satış həyata keçirən sahibkarlıq fəaliyyəti subyektlərinin işləmədiyi dövrdə ödədiyi 20.000 manat məbləğində kredit ödənişinin hamısının faiz borcuna çıxılmasına qiymət verməmiş, 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0- 1283-19 nömrəli kredit müqaviləsi üzrə faiz borcunu yalnız digər sübutlarla qiymətləndirilməli olan və məcburi qüvvəsi olmayan ekspert rəyinə əsasən müəyyən etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə 01/21-473 nömrəli, 29 sentyabr 2021-ci il tarixli hesabatından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar dəyərinin 105000 manat, likvid dəyərinin isə 89000 manat olduğu qeyd olunmuşdur. 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli ipoteka müqaviləsi ilə ipoteka predmetinin bazar dəyəri 130.000 manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il və ya başqa tarixlərdə cavabdehin evinə heç bir qiymətləndirici təşkilat tərəfindən baxış keçirilməmiş, formal rəqəmlər əsasında mənzil qiymətləndirilmişdir. Mütəmadi olaraq daşınmaz əmlak bazarında qiymət artımı olduğu bir dövrdə cavabdehin mənzilinin bazar dəyərinin 130.000 manatdan 89.000 manata düşməsi ağlabatan deyil. Bundan əlavə məhkəmənin 2021-ci ildə keçirilmiş qiymətləndirmə hesabatına istinad edərək cavabdehin mənzilinin bazar dəyərini müəyyən etməsi maddi hüquq normalarının pozuntusudur. "Qiymətləndirmə fəaliyyəti" haqqında qanunvericiliyə əsasən qiymətləndirmə hesabatının qüvvədə olma müddəti cəmi 3 (üç) aydır. Bu hal qiymətləndirmə hesabatlarının və ya rəylərinin özündə də qeyd olunur. Həmçinin iş materiallarında ev mənim istifadəmdə ola-ola qiymətləndirmə ekspertinin müayinə aktı yoxdur. Əgər belə bir akt həqiqətən tərtib olunmuş olsaydı həmin aktda ya mənim imzam, ya da etirazlarımla bağlı qeyd olmalı idi. Qeyd olunanlara əsasən hesab edirəm ki, ipoteka predmeti bazar dəyərindən qat-qat aşağı dəyərləndirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, faiz məbləği və mənzilin bazar dəyəri düzgün müəyyən olunmamış və bu hal cavabdehin qanunla qorunan mənafelərini pozur

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-15/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiymətinin 161.000 manat məbləğində müəyyən olunması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləs üzrə cavabdehə 36 ay müddətinə 85.000 manat məbləğində kredit vermiş, cavabdeh qrafik üzrə ödənişləri vaxtında həyata keçirmədiyindən bank müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edərək kredit borcunun və ona hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kredit üzrə faizlər 17 may 2022-ci il tarixədək tələb edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 17 may 2022-ci il tarixinədək müqavilə üzrə cavabdehin ödəməli olduğu faiz borcunun məbləği 11.830,39 manat müəyyən edilmiş və cavabdehdən həmin məbləğdə faiz tutulmuşdur. Cavabdeh apellyasiya şikayətində faiz borcunun hesablanması üçün təkrar ekspertiza keçirilməsini xahiş etsə də, iş üzrə verilmiş rəylə hansı əsasla razılaşmadığını göstərə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində eyni zamanda ipoteka predmeti olan ımlakın ilkin satış qiymətini mübahisələndirmişdir. Məhkəmə 08 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanarkən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar dəyərinin 130.000 manat müəyyən edildiyi halda, işdəki "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə 01/21-473 nömrəli 29 sentyabr 2021-ci il tarixli hesabatında həmin mənzilin bazar dəyərinin daha aşağı 105.000 manat qeyd edildiyini, daşınmaz əmlak bazarında qiymətlər hər il artdığından bu qiymətin ağlabatan olmadığını nəzərə olaraq iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının rəyinə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 olan mənzilin orta bazar qiymətlərinə uyğun likvid qiyməti təqribən 161.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmin rəyi mötəbər hesab edərək, belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməlidir

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 269.4, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 448.1 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9, 33, 38.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

18. AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(102)- 452/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-15/2024 nömrəli qətnaməsi qismən-Cavabdeh faiz borcunun tutulması hissəsində ləğv edilmişdir. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli Qərarında göstərilmişdir ki, «… kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qərarda həmçinin göstərilmişdir ki, «..ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Baxılan işin materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2021- ci il 3 fevral tarixli xəbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödəniməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı cavabdehə 3 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən kredit üzrə faizlər 2022-ci il 17 may tarixinədək tələb olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verildiyi tarixədək deyil, iddia olunan tarixədək müqavilə faizinin tutulması əsaslı hesab olunmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cu il tarixli qərarındakı hüquqi mövqeyə zidd nəticəyə gəlinmiş, həmin qərarda istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilməməsini xahiş etdi.

21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. -206-cı maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətində qətnaməni faiz borcunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində və ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən apellyasiya məhkəməsində birinci icraat zamanı qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi isə həmin qətnaməni yalnız faiz borcunun tutulması hissəsində ləğv etmiş və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarmışdır. Odur ki, hazırda qətnamənin əsaslılığı faiz borcuna dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 8 iyul 2019-cu il tarixli 23-BİZ-1-0- 1283-19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 faizlə 36 ay müddətinə 85.000 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı sözügedən kredit müqaviləsi üzrə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyini əsas göstərərək həmin müqavilə üzrə 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.

30. Kollegiya iddianın faiz borcunun tutulması hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 3 fevral 2021- ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı cavabdehə 3 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.

31. Odur ki, təkrar apellyasiya baxışı zamanı mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək olan müddət üçün hesablanmış faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə göstərilən tarixə faiz borcunun 3861,01 manat təşkil etməsi, lakin müxtəlif vaxtlarda (iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək olan dövr ərzində) cəmi 10.030 manat məbləğində ödəniş edilməsi nəticəsində ödənilməmiş faiz borcunun qalmaması müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmənin rəylə razılaşmaması üçün əsas olmadığından həmin rəy sübut qismində qəbul edilməlidir.

33. Beləliklə, ekspert rəyi ilə faiz borcunun cavabdeh tərəfindən tam olaraq ödənilməsi öz təsdiqini tapdığından faiz borcunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

34. Buna müvafiq olaraq qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 27 manat məbləğində müəyyən edilməlidir.

35. Apellyasiya şikayətinin qismən təmin edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi faiz borcuna dair iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 27 manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Nigar Nəbizadə

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar