Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-146/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3789/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. 24.02.2020-ci il tarixdə iddiaçıya məxsus ünvana Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və eyni tarixli 933 nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən X3 məxsus “Tahir- Aqro” KTMİ-nin Elster G1000 markalı ********** nömrəli elektron qaz sayğacı xx.xx.2020-ci il tarixdən keçən qazın sərfini qeyd etmir, xx.xx.2020-ci il tarixdə sayğaca yerində xidmət olundu və işlək vəziyyətə gətirildi, xx.xx.2020-ci il tarixdə sayğacın göstəriciləri oxunaraq 1 günlük sərfiyyat 7142 m3 çıxarıldı, qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək sayacğın orta günlük qaz sərfinə uyğun olaraq 157124 m3 (31424,80 manat) müəyyən olundu, hesabatın müəyyən olunmuş qaz sərfi ilə aparılmasına müəssisə tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir.
3. Həmçinin xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, X3 məxsus istixanaya sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış çıxarışa əsasən (KY 2********) baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacı giriş və çıxış siyirtmələrinin arasında olan hissədən çıxarılaraq yerinə ötürülmüş, boru quraşdırılmaqla təbii qazdan qeyri-qanuni istifadə edir, video görüntülərlə öz təsdiqini tapmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən X3 aktlar əsasında hesablanmış 65503,90 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə və mediasiya xərcinə görə ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, 2020-ci ilin fevral ayına qədər tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtı-vaxtında ödənilmişdir. 2020-ci ildə isə cavabdehlə mübahisə yaranmış və bugünədək davam edir. Belə ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilat tərəfindən 933 saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 31424,80 manat, 2022-ci ilin sentyabr ayında təqdim edilməmiş akta əsasən 11548,90 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 22530,20 manat, ümumilikdə 65503,90 manat məbləğində borc hesablanmışdır. İlk iki aktla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirdilər ki, aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmışdır. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu səbəbindən çıxılmaz vəziyyətdə olduqları üçün məcbur qalıb hesablanmış borcun ödənilməsi üçün razılaşma imzalamışlar. Cavabdeh təşkilatın nümayəndələri bildirirdilər ki, iltizamı imzalıdığı halda araşdırma aparılaraq artıq hesablanmış borc silinəcək. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcu iddiaçıya ödətdirməyə çalışırdı. Cavabdeh təşkilat tərəfindən iki il müddətində hər hansı araşdırmanın aparılmadığı və onların aldadıldığı aydın oldu. Belə ki, ilk iki aktdan əlavə üçüncü akt əsasında 22530,20 manat məbləğində əlavə borc hesablanmışdır. İlk iki akt qaz sayğacının işləmədiyi üçün, üçüncü akt isə təbii qazdan qanunsuz istifadə edildiyi üçün tərtib edilmiş, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi və ya təbii qazdan sayğacdan kənar istifadə edilsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Cavabdeh təşkilatın əməkdaşları iddiaçının qaz təchizatı sahəsində kifayət qədər biliyə malik olmamasından istifadə edərək iddiaçıya ayrı ayrı sənədlərə sadə baxış adı ilə imzalatdırmışlar. Qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacda hər hansı qüsur aşkar edilməmişdir. Belə olan halda cavabdehin iddiaçıya əlavə borcun hesablaması əsassızdır. Sayğac tam saz vəziyyətdə olmuş və göstəricilərinə əsasən sərf edilən qazın həcmi müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Belə ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmiş və aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3789/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixanada qüsurlu, uçotu düzgün aparmayan sayğac vasitəsilə, eləcə də sayğacsız təbii qazdan istifadə edildiyi üçün ümumilikdə 65503,90 manat məbləğində dəymiş ziyan müəyyən edilərək abonent hesabına işlənmişdir. Hazırda mübahisə olunan 65503,90 manat məbləğ qeyd olunan sayğac vasitəsilə istehlak edilmiş qaz sərfinin tam qeydə alınmaması səbəbindən yaranan məbləğdir. Məhkəmə nəzərə almamışdır ki, bilavasitə abonentin də iştirakı təmin olunmaqla (imza qeydi aparılmaqla) aparılmış araşdırma nəticələrinə tərtib olunmuş hər bir sənədləşmə ilə də qeyd olunan qanunsuz hallar öz təsdiqini tapmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
14. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
15. Həmin Qaydaların 5.2-ci bəndinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
19. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
20. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
21. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
22. Həmin Qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
23. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
24. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
25. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
29. Hazırki işdə isə iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği düzgün hesablanmamışdır.
30. Belə ki, iş materiallarında 2 ədəd akt mövcuddur: xx.xx.2020-ci il tarixli 933 nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt və xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt.
31. Bununla belə, X1 abonent saldosuna əsasən müəyyən olunur ki, qalıq və aktlar qrafasında 2020-ci ilin fevral ayı üçün 31424,80 manat, 2022-ci ilin sentyabr ayı üçün 11548,90 manat, 2023-cü ilin fevral ayı üçün isə 22530,20 manat, ümumilikdə 65503,90 manat məbləğində cərimə hesablanmışdır.
32. Göründüyü kimi abonent saldosunda 2022-ci ilin sentyabr ayı üçün 11548,90 manat borcun akt əsasında hesablandığı qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən həmin akt və onun həqiqliyi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
33. 31424,80 manat məbləğdə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda dair isə qeyd edilir ki, həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir.
34. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər.
35. xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 22530,20 manat cərimə tələbi ilə bağlı da kollegiya qeyd edir ki, həmin aktda sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması qeyd edilmiş, lakin iş materiallarına əlavə edilmiş çıxarışda (çıxarışın çap tarixi xx.xx.2023) sözügedən yoxlamaların aparılması müddəti kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri göstərilmişdir.
36. Göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçirilməsi nəzərdə tutulsa da, yoxlama bundan bir gün öncə xx.xx.2023-cü il tarixdə keçirilmiş və akt əsasında X3 22530,20 manat məbləğində cərimə hesablanmış, yəni həmin tarixə yoxlama vahid məlumat reyestrindən qeydiyyatdan keçməmişdir.
37. Bununla yanaşı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları reyestrə təqdim edilməsi qeyd edilsə də, Cavabdeh yoxlamaların nəticələrini barədə məlumatları reyestrə təqdim etməmişdir.
38. Belə olan halda isə xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
39. Bundan əlavə, kollegiya qeyd edir ki, təqdim olunan xx.xx.2020-ci il tarixli aktda qeyd olunan faktların (qaz sayğacı xx.xx.2020-ci il tarixdən keçən qazın sərfini qeydə almaması) faktiki mövcüd olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.
40. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.
41. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
43. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən ümumilikdə 65503,90 manat borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Ona görə də, iddiaçı həmin məbləğdə borcun öz hesabından silinməsini tələb etməkdə haqlıdır.
44. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın nəticəsi olaraq qanunsuz olaraq tərtib olunmuş və bu səbəbə görə hüquqi nəticəsi olmayan aktların iddiaçı tərəfindən imzalaması faktı həmin aktların qanunsuz olmasını aradan qaldırmır.
45. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3789/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn