Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1466/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadından (hakim Leyla Əliyeva) kreditor Ərizəçi1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının X2 Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. 06 iyul 2021-ci il tarixdə Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, halhazırda ləğvetmə prosesində olan ASC "xxxx" Sığorta şirkətinin kreditorlarının reyestri siyahısına onun adının qeyd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərardadı ilə ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının kreditor tələbinin rədd edilməsi barədə qərarının ləğv edilməsi barədə kreditor Ərizəçi1 tərəfindən verilmiş ərizə rədd edilmişdir. Sonradan iddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı iş üzrə qəbul olunmuş 08 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qərardadı ilə 08.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.08.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.10.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayət elektron qaydada verilmədiyinə və prosessual müddət buraxıldığına görə geri qaytarılmışdır. Bundan sonra Ərizəçi1 yenidən 29.10.2021-ci il tarixdə kağız daşıyıcıda ərizə ilə müraciət edərək 08.07.2021-ci il tarixli qərardadın ləğv edilməsini və Müflisləşmə və iflas haqqında” AR Qanununun 45.3-cü maddəsində nəzərdə tutulmuş əmlak inzibatçısının qərarının ləğv edilməsi barədə ərizə verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir.(19-cu cild 236-cı vərəq) Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2021 saylı 02.11.2021-ci il tarixli qərardadı ilə qərardadın ləğvi və müddətin bərpa edilməsi barədə kreditor Ərizəçi1 tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Ərizəçi1 tərəfindən həmin qərardaddan EMİS vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il qərardadının ləğv olunmasını, ərizənin təsviri hissəsində qeyd edilənlərə əsasən LPO olan ASC "xxxx" sığorta şirkəti tərəfindən ona kreditor-tələbkar olaraq ödənilməli olan əmək haqqının 30.835,70 manat pulun alınıb ona ödənilməsi barədə qərardad verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ləğvetmə prosesində olan ASC "xxxx" sığorta şirkəti ilə bağlanmış 01 iyun 2018-ci il tarixli əmək müqaviləsinə əsasən mən LPO olan "xxxx" ASC Gəncə şəhəri və Qərb bölgəsi üzrə ASC-nin qəza komissarı vəzifəsini icra etmişdir. 01 iyun 2018- ci il tarixdə LPO olan ASC-nin İdarə Heyətinin sədri X1 onun arasında 04/GC saylı xidməti əmək müqaviləsi bağlanmışdır ki, müqaviləyə də uyğun olaraq öhdəliklərini vaxtında və lazımi qaydada tam yerinə yetirmişdir. Bu günə ASC "S.İ." sığorta şirkətinin ona əmək haqqı olaraq qalmış borcu 30835.70 manatdır ki, bir ildən çoxdur ki, həmin pulu əsassız bəhanələrlə vermir. Dəfələrlə müraciətlər etsə də, (Ləğvetmə Komissiyasına,Bakı Kommersiya Məhkəməsinə) müraciətləri, tələbləri təmin edilməmişdir. Kreditor olaraq tələbim LPO olan ASC "S.İ." sığorta şirkəti tərəfindən pozulmuşdur və bu günədək də pozularaq qalmışdır. Mülki Məcəllənin 61.3- cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbir görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir. "Müflisləşmə və İflas" haqqında AR Qanununun 13-cü maddəsinə əsasən borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı Kreditorların ilkin yığıncağını bütün məlum Kreditorlara yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Lakin ona münasibətdə Ləğvetmə komissiyası bu cür tədbirləri həyata keçirməmiş və bilərəkdən kreditorların reyestrində onun tələbini əks etdirməmişdir. Təəsüflər olsun ki, Bakı Kommersiya Məhkəməsi də müflis elan etdiyi LPO olan ASC-nin öhdəlikləri, xüsusilə də işçiləri qarşısında ödəməli olduğu ödənişlərinə dair aydın və konkret qərar vermə prosesini icra etməmişdir. Bakı Kommersiya Məhkəməsi aidiyyatı olmayan əsaslarla qərarlar qəbul edir ki, bu da onun Konstitusyon haqlarının kobudcasına pozulması deməkdir. "Müflisləşmə və İflas" haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən bu qanunun tələblərinə uyğun olaraq iflas prosesinə başlanması məqamından etibarən borclu ös təsərrüfat fəaliyyətini həyata keçirmək və ya öhdəliklərini yerinə yetirmək məqsədi ilə yaxud digər məqsədlərlə öz əmlakının hər hansı hissəsi barədə sərəncam verə bilməz. Bu cür sərəncamları borclu yalnız məhkəmənin, əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının müvafiq icazə ilə qəbul edə bilər. Beləliklə görünür ki, işçiyə əmək qanunvericiliyi ilə ödəmələri etməli olan cavabdeh qurumlar bunu etməməklə konstitusyon haqlarını tapdalamış olurlar və əsassız yerə ləngitmələr etməklə də onun qanuni hüquq və mənafeyinin təmin edilməsindən imtina etmiş olurlar. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2021 saylı, 18.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin e-2-2(113)-1575/2021 saylı 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Ərizəçi1 məhkəməyə təqdim etdiyi ərizə məzmununa görə həm müddətin bərpası barədə ərizə, həm də məhkəmənin 08.07.2021-ci il tarixli qərardadından verilmiş şikayət olmaqla şikayət üçün MPM-nin 361.1-ci maddəsi ilə müəyyən edilmiş forma tələblərinə cavab vermir. Eyni zamanda MPM-in 10-1.3-ci maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Ərizəçi1 tərəfindən verilmiş ərizə elektron kabinet vasitəsilə məhkəməyə göndərilmədiyindən MPM-in 363.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin e-2-2(113)-1575/2021 saylı 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kreditor Ərizəçi1 şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin e-2-2(113)-1575/2021 saylı 02.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1466/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1466/2021
24.12.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver