Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-155/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Murtuz oğlunun cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazı idarəsi, Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh3 ASC-yə qarşı kommersiya işi Açar söz: ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Murtuz oğlunun cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazı idarəsi, Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh3 ASC-yə qarşı “ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3690/2023 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli 14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 200000 manat məbləğində 12 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı İddiaçı oğluna məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,28537 ha torpaq sahəsinsə yerləşən 3772,4 kv.m ümumi, 1574,2 kv.m əsas, 2198,2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini girov qoyur.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixdə verilmiş xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən LPO Cavabdeh3 ASC-nin xeyrinə xx.xx.2007ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240132 manat məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxsus əmlak kompleksinə yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.
3. "xxxx" MMC tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 01 nömrəli xx.xx.2021- ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 630000 manat olmaqla hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məh (İ mərtəbədə) keçiriləcəyi bildirilmişdir.
4. "xxxx" MMC tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 02 nömrəli xx.xx.2021- ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 535500 manat olmaqla hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məh (İ mərtəbədə) keçiriləcəyi bildirilmişdir.
5. "xxxx" MMC tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Texnikabank” ASC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 401625 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
6. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 262 nömrəli buraxılışından görünür ki, ünvan 1 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi 630000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir.
7. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 266 nömrəli buraxılışından görünür ki, ünvan 1 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi 1-ci hərrac baş tutmadığından 15 % aşağı olmaqla 535500 manat satış qiyməti ilə hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir.
8. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 269 nömrəli buraxılışından görünür ki, ünvan 1 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilə bağlı hərrac baş tutmamış hesab edilmişdir.
9. Cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən cavabdeh "xxxx" MMC-yə göndərilmiş 29 oktyabr 2021-ci il tarixi **********595 nömrəli məktubdan görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 %-dən az olmayan qiymətlə, yəni 401625 manata ləğv prosesində olan LPO Cavabdeh3 ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair LPO Cavabdeh3 ASCnin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən bankın xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240132 manatın tutulması və ona məxsus əmlak kompleksinə tutma yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurunun sifarişinə əsasən əmlak kompleksinin ilkin satış qiyməti 630.000 manat müəyyən edilmişdir. Bundan sonra Xətai rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilmiş, icra şöbəsi tərəfindən əmlakın açıq hərracdan satışı ilə bağlı xx/xx-173733/2019-9 saylı, xx.xx.2021-ci il tarixli məktub əsasında "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01/2672 saylı Açıq Hərracın keçirilməsinə dair bildirişdən müəyyən edilir ki, hərracın təşkilatşısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 630.000 manat olmaqla ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01/2982 saylı Açıq Hərracın keçirilməsinə dair bildirişdən müəyyən edilir ki, Hərracın təşkilatşısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 535.000 manat olmaqla təkrar hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən 01/3177 saylı xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair məktubdan müəyyən edilir ki, ləğv prosesində olan Cavabdeh3 ASC-yə müraciət edilmiş, əmlakın təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanın dərc edildiyi, bununla da bankın ipoteka saxlayan qismində “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən əmlakı təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətlə, yəni 401625 manat dəyərində əldə etmək hüququnun yaranması barədə məlumat verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 01/13 saylı məktubdan müəyyən edilir ki, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində 0,0228537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair mövcud qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmişdir. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər Xətai rayon icra şöbəsinə geri qaytarılmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3690/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.
13. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hərracın təşkilatçısı tərəfindən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 401625 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka xx.xx.2021-ci il tarixdə təklif məktubu göndərilmişdir. Həmin məktubda LPO Cavabdeh3 ASC-nin nəzərinə çatdırılmışdır ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. İcra sənədlərindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bank 29 oktyabr 2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirmiş, lakin sonrakı hərəkətlər (alqı-satqı müqaviləsinin bağlanması, protokol tərtib olunması, xidmət haqqının ödənilməsi və s.) icra edilməmişdir. Buna görə də, hərrac təşkilatçısı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmadığına istinad edərək sifariş məktubunu qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün icra məmuruna geri qaytarmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iş üzrə LPO Cavabdeh3 ASC ipoteka predmetinin əldə edilməsinə razılıq versə də, ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində protokol imzalanmamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Belə olan halda qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh LPO Cavabdeh3 ASC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3690/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il və tarixlərində Xətai rayonu, Əhmədli qəs., Ş.Səmədov küçəsində yerləşən əmlak kompleksi satılması üçün açıq hərraca çıxarılmışdır. xx.xx.2021-ci il tarixində hərrac mərkəzi əmlakın qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixində Banka oferta məktubu ünvanlamışdır. Məktub xx.xx.2021-ci il tarixində Banka daxil olmuşdur. xx.xx.2021-ci il tarixində bank tərəfindən əmlakın alınması üçün hərrac mərkəzinə aksept məktubu göndərilmişdir və bank əmlakın alınmasına razılığını bildirmişdir. Bankın əmlakın qəbulu barədə məktubu xx.xx.2021-ci il tarixində "xxxx" MMCyə çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün banka təqdim edilməmişdir. Bank tərəfindən verilən oferta məktubuna banka daxil olan kimi aksept məktubu verməyi onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış, LPO Cavabdeh3 ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmiş sayılmalıdır. Qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almağdan ibarətdir. Lakin, bu mübahisə ilə bağlı iddiaçı sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdi. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, tərəfimizdən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. Bankın hazırkı iş üzrə hərracın keçirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Nəzərə almağınızı istərdik ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1.2ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən iş üzrə ipoteka predmetinin əsassız olaraq ipotekadan azad edilməsi Fondun həmin Bank qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla əhəmiyyətli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən Bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, borclu tərəfindən qətnamənin icrası ilə bağlı ödənişlər edilmiş, borc 100.000 manata yaxın qalmışdır. Əmlakın dəyəri qalıq borcdan çox olduğu üçün bank bu əmlakı əldə etməkdə maraqlı deyil.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 414.1-ci maddə-Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddə- Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddə- Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddə- Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddə-Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.1-ci maddə-auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddə- Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir 415.7-ci maddə-onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun: 15.1-ci maddə-ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 42.6-cı maddə- hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 43.1-ci maddə- hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.7-ci maddə- bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddə- təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddə- ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3690/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı oğluna məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 kv.m ümumi, 1574,2 kv.m əsas, 2198,2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi 26 noyabr 2007-ci il tarixli 14 nömrəli ipoteka müqaviləsi əsasında "xxxx" MMC-nin kredit öhdəliyinin təminatı olaraq hazırda ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixdə verilmiş xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMCdən LPO Cavabdeh3 ASC-nin xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240132 manat məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxsus əmlak kompleksinə yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərrac keçirilmiş, təkrar hərracın baş tutmadığından ipoteka ilə yüklü edilmiş əmlakın əldə edilməsi xx.xx.2021-ci il tarixdə banka təklif edilmiş, bank 29 oktyabr 2021-ci il tarixi məktubla əmlakı əldə etməyə razılıq versə də, bu müddət ərzində əmlakın əldə edilməsi üçün real addım atmamışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir... Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ipoteka saxlayan olan LPO Cavabdeh3 ASC hərrac baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka predmetinin əldə edilməsinə dair razılığını bildirsə də, bu razılığın reallaşdırılması istiqamətində hər hansı bir tədbir görmədiyindən bu hal isə “İpoteka haqqında” Qanunun 43.8- ci maddəsinin tələbləri baxımından ipotekaya xitam verilməsi üçün əsasdır.
25. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilən normanın tətbiqi ilə vahid hüquqi mövqe nümayiş etdirildiyindən və bu mövqeyə görə, ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirildiyindən cavabdehin apellyasiya şikayəti əsassızdır.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3690/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3690/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.