Məhkəmə qərarları › İş №2-2(103)-167/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-167/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-167/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-5168/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli 0102/U nömrəli xidmət müqaviləsinə müqaviləyə əsasən və sifariş zamanı dəqiqləşdirilən, həmçinin fəaliyyət zamanı Sifarişçinin istəyinə əsasən korporativ tədbir təşkilatçdığı xidmətlərinin icrasını öhdəsinə götürmüşdür. Müqavilənin: - 3.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin dəyəri müqaviləyə Əlavələrlə (X3) ilə müəyyən olunur. Ödənişlər İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura, e-qaimə əsasında, həmin sənədlərdə müəyyən edilmiş xidmət haqqına uyğun olaraq ödənilir. -3.4-cü bəndinə əsasən son ödəniş hər bir halda xidmət göstərildiyi aydan ilk 5 günü ərzində həyata keçirilməlidir. -3.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniş Tərəflərin qarşılıqlı razılığı ilə hissəhissə və ya qabaqcadan avans formasında həyata keçirilə bilər. -5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətdə xx.xx.2024-cü il tarixinədək qüvvədədir.

2. 20 sentyabr 2023-cü il tarixli 0102/U nömrəli xidmət müqaviləsinə əsasən tərtib olunmuş X1 əsasən müqaviləyə uyğun olaraq Sifarişçiyə 25/xx.xx.2023-cü il tarixində olan “Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun 3-cü iclası” tədbiri ilə bağlı görüləcək işlər üzrə ümumi məbləğ 19762,64 manat müəyyənləşdirmişlər.

3. EBDQ seriyalı, 442183 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 19762,77 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

4. 04.09.2024-cü il tarixli 010XOH********** saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində ödəniş olunmuşdur.

5. 04.09.2024-cü il tarixli 010BUDG242480176 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 900 manat məbləğində ödəniş olunmuşdur.

6. 12 iyul 2024-cü il tarixli **********4 saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 152 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 13862,34 manat əsas borcun və 9 ay üçün vurulmuş ziyana görə 741,06 manat məbləğində faizlərin, cəmi 14603,4 manat məbləğində pul vəsaitinin və 320 manat məbləğində vəkil xərcinin və 152 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcraçı)” ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında xx.xx.2023-cü il tarixli, 0102/U saylı xidmət müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmışdır. Həmin tarixdə Müqaviləyə əlavə olaraq qiymət razılaşdırma protokolu tərəflər arasında razılaşdırılaraq təsdiq edilmişdir. Bundan sonra tərəflərindən işlərə başlanılmış, xx.xx.2023-cü il tarixində işlər yekunlaşmış və Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. Göndərilən elektron qaimə cavabdeh 5 gün ərzində təsdiq edilmişdir. Lakin, bütün bunlaraq baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bu günə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini artıq 9 aydır ki, icra etməkdən qəsdən yayınmışdır. Beləliklə, cavabdehin cəmi 19762,34 manat məbləğində əsas borc, 741,06 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, cəmi 20503,4 manat borcu var. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-5168/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 13862 manat 34 qəpik məbləğində əsas borc, 741 manat 6 qəpik faiz borcu, habelə ödənilmiş 320 manat vəkil xərcinin və 152 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilələrdə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilələr ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşması protokolu və s.), həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra elektron qaimə üzrə cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən, 5900 manat ödəniş edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən 19762,64 manat dəyərində xidmət göstərildiyi ilə razılaşmış, qalan 13862,34 manat məbləğin ödənilməsi ilə bağlı və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 13862,34 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 13862,34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 741,6 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır.

11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-5168/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, direktor (qanuni təmsilçisi) olduğu hüquqi şəxs Cavabdeh MMC xx.xx.2021-ci il tarixində təsis edilmişdir. Əsas fəaliyyət istiqaməti isə - “regional inkişaf siyasəti ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”ndən ibarətdir. Bu illər ərzində müxtəlif işlərin və xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Əməkdaşlıq etdikləri yüzlərlə şirkətlər, eləcə də hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan şəxslərlə münasibətləri var. 2023-cü ilin sentyabr ayında əməkdaşlıq etdikləri nazirliklərin birinin dövlət əhəmiyyətli beynəlxalq tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu beynəlxalq tədbirinin keçirilməsi üçün onlar “X6” binası seçilmişdir. Həmin məkanda “2-ci X7 Biznes Forumu”nun keçirilməsi nəzərdə tutulduğundan bir neçə ölkədən qonaq və iştirakçının iştirakı nəzərdə tutulmuşdur. İlk növbədə qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında bağlanılmış “Xidmətlərin göstərilməsi haqqında” 01/02 U nömrəli xx.xx.2023-cü il tarixli müqaviləsinin predmet hissəsinə əsasən “sifarişçi”nin istəyinə əsasən “korporativ tədbirlər təşkilatçılığı” xidmətlərinin icrası iddiaçının üzərinə götürülmüşdür. Qarşılığında isə şirkətləri də göstərilmiş xidməti qəbul edir və əvəzinə haqq ödəməli idi. Lakin qeyd etmək istəyir ki, müqavilə əsasında və şifahi danışdıqlları işlərin həcmi onlara lazımi qaydada və həcmdə, eləcə də keyfiyyətdə iddiaçı tərəfindən göstərilməmişdir. Əksinə, tədbirin keçirilməsi zamanı orada iştirak edən qonaqlar və iştirakçılar çoxsaylı iradlarla onlara müraciət etməli olmuşdur. Belə ki, tədbirin təşkilatıçısı olan Nazirlik tədbir zamanı printerlə baş vermiş çoxsaylı nasazlığa görə onlara iradlar bildirilmişdir. Lazımi vaxtda ondan istifadə etmək mümkün olmurdu. Bu haqda tədbir zamanı da bütün baş vermiş uyğunsuzlaqlar haqqda iddiaçıya tərəflərindən məlumat verilmişdir. Daha sonra aralarında imzalanmış xx.xx.2023-cü il tarixli “qiymət razılaşdırma” protokoluna əsasən göstəriləcək xidmətin həcmi və mahiyyəti, eləcə də onların hər birinin qiyməti və vahidi (ədədi) göstərilmişdir. Lakin protokola diqqətlə baxarkən və tədbirlərin keçirilmə zamanı istifadə olunan və təqdim edilən xidmətin həcmi, keyfiyyəti uyğun gəlmədiyi açıq-aşkar görsənir. Belə ki, zalda quraşdırılmış monitorun ölçüsü 12x4 metr (eni hündürlüyü) olmalı idi, lakin həmin monitorun hündürlüyü 3 metrdən çox deyildir. Həmin monitor LED olmalı idi, lakin bildiklərinə görə həmin xususiyyətlərə malik deyil monitor. Daha sonra tərcüməçilərin sayı protokolda (3 və 14-cü sətrlər) ümumlikdə 4 nəfər göstərilir, lakin ümumulikdə ən çoxu (cəmi) 2 nəfər idi. Bundan başqa həmin protokola əsasən video prosessor avadanlığı kimi həm 13 və 17-ci sətirdə qeyd olunubdur. Hər biri 1 ədəd olmaqla, cəmi 2 ədəd. Lakin prosessor sayının 2 ədəd olmasına dair onların böyük şübhələri var idi. Halbuki, onlara bu tədbirlərin həyata keçirilməsi üçün yalnız 1 ədəd prosessor lazım idi. Çünki heç bir yerdə onlar gözə dəymir. Daha sonra isə protokolun 23-cü sətrində ƏDV-nin ödənilməsi üçün 3014,64 manat göstərilmişdir. Lakin iddaçının o anda ƏDV vergi ödəyicisi kimi qeydə alınmasına dair hər hansı bir arayış nə müqavilə bağlanılan zaman, nə də ki, məhkəmə baxışı zamanı sübut kimi təqdim edilməmişdir. Maraqlısı odur ki, işə baxan məhkəmə bu faktı ümumiyyətlə araşdırmamışdır. Onlar elə başa düşürlər ki, onların üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiklərindən sui-istifadə olunaraq, iş hərtərəfli araşdırılmamış və işə səthi, şablon yanaşılaraq bu iş üzrə qətnamə qəbul edilmişdir. Onlar bu iddia tələbini əsassız hesab edirlər. Ən azı bu iddia tələbi yenidən araşdırılmalı və onlara göstərilmiş xidmətin keyfiyyəti və həcmi ərtraflı olaraq araşdırılmalıdır. Bundan başqa qeyd etmək istəyir ki, aralarında olan müqavilədə icraının gecikdirməsi nəticəsində hər hansı bir maliyyə sanksiyasının ödənilməsi nəzərdə tutulmur. Lakin iddiada bu hissədə də təmin olunmuşdur. Maraqlıdır ki, bu faiz borcu məhkəmə nəyə əsasən və hansı qaydada bu faiz borcu müəyyənləşdirmişdir. Hesab edir ki, bu faiz borcu da əsassızdır və məhkəmə müstəqil qaydada onu hesablanmalı deyildi, ekspertiza təyin etməli idi. Əksinə müqavilə ilə və protokolla şərtləşdirilmiş xidmət şirkətlərinə tam həcmdə və keyfiyyətlə göstərilməmişdir. Maraqlısı odur ki, faktiki görülmüş işlərin təhvil-təslim aktının tərtib olunması və onun imzalanması iddiaçıya dəfələrlə verdikləri təklifləri onun tərəfindən rədd olunmuşdur. Bu günə qədər göstərilmiş xidmətin həcmi, keyfiyyətini və ümumiyyətlə onun göstərilməsini əks etdirən müvafiq akt da yoxdur. İddiaçı aktın imzalanmasından imtina etmişdir. Hesab edirlər ki, protokolda göstərilmiş xidmət ümumiyyətlə göstərilməmiş və təbii ki, orada qeyd olunmuş 19.762,64 manat pul vəsaiti tərəflərindən ödənilməli deyildir. Həmçinin, bu iş üzrə bəzi məsələlərin aydınlaşdırılmasıüü üçün mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində Dövlət Vergi Xidməti də cəlb olunmalı idi. Çünki, protokola əsasən ümumi qiymətə ƏDV məbləği də hesablanmışdır, halbuki onların bu vergi ödəyəcisinin olmasına dair bir sübut belə əlavə olunmamışdır. Beləliklə, qətnamə saxta və uydurma hallar əsasında qəbul edildiyindən, eləcə də onların hüquqlarını kobud surətdə pozduğundan, eləcə də iştirakları olmadan işə baxıldığından onların hazırki prosessual hüquqları təmin olunaraq, şikayətlərinə mahiyyəti üzrə baxılmalı və qətnamə ləğv olunaraq iddia rədd olunmalıdır.

13. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazı edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsini təsdiq edən sübutları əlavə etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -764.1-ci maddəsinə görə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. -765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. -766-cı maddəsinə görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. -769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. -770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

-119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 20 sentyabr 2023-cü il tarixli 0102/U nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı korporativ tədbir təşkilatçılığı xidmətlərini göstərməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.

26. Hazırda İddiaçı MMC mübahisəli müqaviləyə əsasən ƏDV daxil 19.762,64 manat dəyərində xidmət göstərdiyini, lakin həmin xidmətlərə görə 13.862,34 manat məbləğində xidmət haqqının cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək həmin borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 741,06 manat məbləğində faizlərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə xidmətlərin razılaşdırılmış həcmdə və keyfiyyətdə göstərilmədiyini bildirərək iddiaya etiraz edir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə “xidmət” müqaviləsi adlandırılsa da, həmin müqavilə üzrə icraçı tərəfindən göstərilməli olan “təşkilatçılıq xidmətləri”nə maddi nəticələri olan işlərin görülməsi (monitorların, mikrofonların və digə avadanlıqların quraşdırılması və s.) də daxil edildiyindən həmin müqavilə xidmət və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından müqaviləyə podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.

28. Beləliklə, xidmət haqqının (işə görə muzdun) tutulması hissəsində iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

29. Məhkəmə qeyd edir ki, hazırkı halda dəyərinin ödənilməsi tələb edilən xidmətlərin iddiaçı tərəfindən tam həcmdə və lazımi keyfiyyətdə göstərilib-göstərilməməsi (işlərin görülüb-görülməməsi) işin mübahisəli halını təşkil edir.

30. İddiaçı xidmətlərin göstərilməsi (işlərin görülməsi) və cavabdeh tərəfindən qəbul edilməsi faktını sübuta yetirmək üçün qiymətlərin razılaşdırılması protokolu, elektron qaimə və həmin elektron qaimə əsasında cavabdeh tərəfindən qismən ödənişlər edilməsini təsdiq edən ödəniş tapşırıqlarını məhkəməyə təqdim etmişdir.

31. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının qiymətlərin razılaşdırılması protokolu əsasında tərtib edilmiş elektron qaiməni düzəliş üçün cavabdehə qaytarmaması, məhkəməyədək dövrdə xidmətlərin keyfiyyəti və həcmi ilə bağlı cavabdehə hər hansı irad bildirməməsi, əksinə həmin qaimə əsasında ƏDV daxil 5900 manat məbləğində ödəniş etməsi ona dəlalət edir ki, qiymətlərin razılaşdırılması protokolunda və qaimədə qeyd olunan xidmətlər göstərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir.

32. Digər tərəfdən kollegiya hesab edir ki, göstərilmiş xidmətlərin tam şəkildə göstərilməməsi və qüsurlu olması barədə cavabdehin dəlillərinə Mülki Məcəllənin 763- 766-cı maddələri tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.

33. Həmin maddələrinin məzmunundan göründüyü kimi qanunverici görülmüş işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaq və ya muzdu azaltmaq və yaxud da müqavilədən imtina etmək hüququna malik olmasını müəyyən etmişdir.

34. Hazırkı halda iş materiallarına əsasən görülmüş işlərdə (göstərilmiş xidmətlərdə) qüsurların olması və həmin qüsurlarla bağlı cavabdehə irad bildirilməsi və qüsurların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə əsasən əlavə vaxt verilməsi və s. müəyyən edilmir.

35. Bununla yanaşı göstərilmiş xidmətlərdə cavabdehin iddia etdiyi qüsurların mövcud olmasını ehtimal etsək belə iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkret vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən və xidmətin dəyərini ödəməkdən imtina etdiyini bildirməsi iş materialları ilə öz təsdiqini tapmır.

36. Odur ki, göstərilmiş xidmətlərin qüsurlu olması (həcm və keyfiyyət baxımından) barədə cavabdehin dəlilləri əsassızdır.

37. Beləliklə, hazırkı halda mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 19.762,64 manat dəyərində xidmət göstərilməsi,(işlərin görülməsi) cavabdehin isə həmin xidmətlərə görə yalnız ƏDV daxil 5900 manat məbləğində ödəniş etməsi öz təsdiqini tapır. Belə olan halda isə iddiaçı Mülki Məcəllənin 752.1-ci və 753.1-ci maddələrinə əsasən cavabdehə göstərdiyi xidmətin (gördüyü işin) dəyəri olan 13862,34 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

38. Həmçinin kollegiya əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə 741,6 manat məbləğində faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

39. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində xidmətlərə görə ödənişlərin ən geci xidmət göstərildiyi aydan sonrakı ayın ilk 5 günü ərzində ödənilməsi nəzərdə tutulduğundan, mübahisəli xidmətlər isə 2023-cü ilin sentyabrında göstərildiyindən hazırkı halda xidmətlərə görə ödəniş 2023-cü ilin oktyabrında həyata keçirilməli idi. Odur ki, 2024-cü ilin iyul ayınadək, yəni məhkəmədə iddia qaldırılanadək həmin ödəniş 9 ay gecikdirilmişdir.

40. Odur ki, birinci instansiya məhkəməsi borcun ödənilməsinin gecikdirilməsiniə görə 9 aylıq müddət üçün hesablanmış 741,06 manat faizlərin tutulması hissəsində də iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövtlər rüsumu cavabdehə aid edilməlidir. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-5168/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar