Məhkəmə qərarları › İş №2-2(103)-169/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-169/2022

21.02.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-169/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə Cavabdeh MTK-ya (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 668/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabehdən 273.973,68 manat məbləğdə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanmış 27.09.2018-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının cəmiyyətə borclu olduğu 244.994 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27.09.2018-ci il tarixli borc müqaviləsi etibarsız hesab edilmiş, iddiaçı və cavabdeh arasında bağlanmış 27.09.2018-ci il tarixli borc müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 207.990 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qarşılıqlı iddia qismən təmin edilən hissədə qismən ləğv edilib, qarşıqlı iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2019-cu ilə qədər cavabdehin direktoru İddiaçı olmuşdur. İddiaçı ona edilən narazılıqlar səbəbilə direktor olduğu 2018-ci dövr üçün audit yoxlaması keçirmiş ("xxxx" MMC-nin 30.12.2018-ci il tarixli audit akti) və audit yoxlaması zamanı həmin dövrdə iddiaçı və cəmiyyət arasında olan bütün əməliyyatlar (direktorun cəmiyyətdən götürmüş olduğu pul vəsaiti, həmin vəsaitdən kassaya geri qaytarmış olduğu pul vəsaiti, onun tərəfindən xərclənmiş pullar, 207.990 manat cəmiyyətin bank hesabına köçürülmüş pullar, armatur üçün vermiş olduğu 173.486 manat (güya), Vaqif adlı şəxsə 350.304 manat (güya) və sair) hesablanmaqla cəmiyyətin iddiaçıya 273.973,68 manat borclu olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı direktor vəzifəsindən kənarlaşdırılmış və sonradan məlum olmuşdur ki, həmin audit aktında olan əməliyyatlardan sabiq direktor iddiaçı tərəfindən dekabr 2018-ci ildə “armatur üçün” 173.486 manat xərclənmiş kimi qeyd edilən pulun müqabilində cəmiyyətdə armaturun gətirilməsini təsdiq edən qanunauyğun olaraq tələb olunan hər hansı bir sənəd mövcud deyil, “armatur 173.486 ton” yazılmış kağızda armatur materialını gətirmiş avtomobilin dövlət nömrə nişanları haqqında, materialı verən və alan təşkilatın adı göstərilməmiş, armaturun haradan və kimdən alınması, hara gətirilməsi və kimə təhvil verilməsi kimi hər hansı bir hal mövcud deyil. Bu barədə natamam və qeyri-müəyyən bir kağız olmasına baxmayaraq faktiki olaraq həmin armaturlar mövcud olmamışdır. Həmin audit yoxlaması zamanı auditora iddiaçı tərəfindən yalnış məlumat və uydurma sənədlər təqdim edilmiş, sonradan yoxlamalar aparılması zamanı nə armaturun alınmaması, nə də ki Vaqif adlı şəxsə pulun verilməməsi məlum olmuşdur. Bu səbəblə cəmiyyətlə iddiaçı arasında narazılıqlar yaranmış və ondan borclu olduğu 249.816 manat (173.486 + 350.304 = 523.790 – 273974 = 249.816) pul tələb edilmişdir. Xususi olaraq diqqət edilməlidir ki, 30.12.2018-ci il tarixli audit aktının 2-ci səhifəsində bütün əməliyyatlarla yanaşı həmin qeyd edilən 207.990 manat pul vəsaitinin də iddiaçı tərəfindən cəmiyyətin bank hesabına ödənilməsi göstərilmiş və o pul vəsaiti iddiaçının cəmiyyətə olan borcundan çıxılmaqla hesablaşılmışdır. Yəni, o pul vəsaiti borc müqaviləsindən irəli gələrək ödənilməmiş və hər bir halda iddiaçının borcundan silinərək qaytarılmışdır (bu hallar iddiaçının təşəbbüsü ilə keçirilmiş audit akti ilə təsdiq olunur və işin mübahisəsiz halıdır). Göründüyü kimi, məhkəmə öz qətnaməsi ilə iddiaçının borcundan silinərək qaytarılmış pul vəsaitini yenidən tutaraq ikinci dəfə ona ödənilməsini qət etmişdir. Eyni zamanda, iddiaçı tərəfin vəsatəti ilə audit aktı vermiş auditorlar hər ikisi məhkəmədə dindirilimiş və 30.12.2018-ci il tarixli audit aktinı vermiş auditor məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, həmin audit yoxlaması iddiaçının sifarişi ilə aparılmışdır. Suallara cavab olaraq isə, 207.990 manat pul vəsaitinin audit aktında hesablanması və borca silinməsini təsdiq etmiş, aktda həmin hissəni göstərməklə məhkəməyə izah vermişdir. Bundan əlavə, “armatur üçün” 173.486 manat xərclənmiş kimi qeyd edilən pulun iddiaçının şifahi məlumatı əsasında hesablanması və bu barədə rəsmiləşmə aparılmaması və mötəbər sənədlərin olmamasıni ifadə etmişdir. Bundan əlavə, 350.304 manat pul vəsaiti tikinti üçün (Vaqifə) verilməsi barədə də heç bir sənədləşmə və mötəbər sənəd olmamasını bildirmiş, həmin rəqəmin iddiaçının şifahi məlumatı üzrə hesablamasını qeyd edərək, ona görə də mötərizədə (Vaqifə) sözünü qeyd etdiyini bildirmişdir. İddiaçı 30.12.2018-ci il tarixli audit akti ilə müəyyən edilmiş 273.974 manatı tələb edir, məhkəmənin qət etdiyi 207.990 manatı tələb etmir, çünki həmin pul vəsaiti audit aktından da göründüyü kimi, onun borcundan çıxılmaqla qaytarılmışdır. Bununla da, iddiaçının cəmiyyətə 249.816 (523.790 – 273.974 = 249.816) manat borclu olduğu müəyyən edilmişdir. Beləliklə, həmin pul vəsaiti tam şəkildə iddiaçıdan tutulmalıdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin qarşılıqlı iddia rədd olunan hissədə qismən ləğv edilərək, qarşılıqlı iddianın tam təmin olunması xahiş edildiyi, iddiaçı ilk iddianın rədd və qarşılıqlı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan və qarşılıqlı iddia təmin olunan hissələrdə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız qarşılıqlı iddia rədd olunan, o cümlədən 207.990 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissələrdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən olunur ki, tərəflər arasında 27.09.2018-ci il tarixdə 1 nömrəli Təsisçi ilə borc müqaviləsi bağlanmış, cavabdeh tərəfindən müqaviləni həmin dövrdə cavabdehin direktoru olan iddiaçı imzalamış, müqavilənin icrası ilə bağlı iddiaçı 207.990 manat məbləğdə pul vəsaitini cavabdehin hesabına köçürmüşdür. Belə ki, Müqavilənin 1.1-ci bəndi ilə nəzərdə tutulmuşdu ki, “Borc verən” iddiaçı 3.000.000 manat məbləğdə pul vəsaitini hissə-hissə şirkətin tələbatına uyğun olaraq “Borc alan”a (cavabdehə) qaytarılmaq şərti ilə təsisçisi olduğu cavabdehə maliyyə yardımı kimi hesabın möhkəmlənməsi məqsədi ilə borca verir, “Borc alan” isə borcu bu Müqavilənin şərtləri əsasında və 31.12.2022-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürür. Bir müddət sonra tərəflərin münasibətlərində narazılıqlar yaranmış, qarşılıqlı borc tələbləri irəli sürülmüş, qeyd olunan mübahisəli halların həll edilməsi məqsədilə tərəflərin təşəbbüsü ilə auditor aktı və rəyi alınmışdır. İddiaçı ilə bağlanmış 26.12.2018-ci il tarixli jü/R nömrəli müqaviləyə əsasən təsisçisi olduğu cavabdehin fəaliyyəti ilə əlaqədar olan pul vəsaitinin məbləğinin və pul vəsaitinin maddələr üzrə xərclərinin müəyyən edilməsinin auditinə dair "xxxx" MMC-nin 30.12.2018ci il tarixli aktında qeyd olunmuşdur ki, 30.12.2018-ci il tarixə iddiaçının 195.923,32 manat pul vəsaiti borcu qaldığı halda, banka ödənilmiş olan 207.990 manat məbləği ilə hesablanması aparılaraq, son nəticədə cəmiyyətin təsisçiyə 12.066,68 manat borclu qaldığı müəyyən edilir. Qeyd edilən pul vəsaitindən əlavə iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayında 173.486 manat pul vəsaiti armatur üçün, 350.304 manat pul vəsaiti tikinti üçün (Vaqifə), cəmi 523.790 manat pul vəsaiti xərclənmiş, həmin pul vəsaitindən 154.049 ABŞ dolları və ya 261883,0 manat pul vəsaiti iddiaçıya tikinti işlərinə ödəniş edilməsi üçün digər təsisçi tərəfindən ödənildiyindən, artıq xərclənmiş olan 523.790 manat məbləğdən azaldılmalı, nəticədə 523.790 manat – 261.883 manat = 261.907 manat pul vəsaitinin iddiaçı tərəfindən artıq xərcləndiyi ilə nəticələnməsi müəyyən edilir. İddiaçıya 01 fevral - 30 dekabr 2018-ci il tarixə kimi olan dövrdə 3.346.361,43 manat pul vəsaiti verilmiş, həmin pul vəsaitindən 207.990 manat məbləğdə pul vəsaiti cəmiyyətin bank hesabına qaytarılmış, nəticədə cəmiyyətdən qəbul edilmiş pul vəsaiti məbləğinin 3.138.371,43 manat olması, qeyd edilən dövr ərzində isə cəmiyyətin kassasına 3.150.438,11 manat pul vəsaiti təsisçi tərəfindən qaytarılması ilə nəticəni müqayisə etdikdə, 12.068 manat pul vəsaitinin təsisiçi iddiaçı tərəfindən artıq xərcləndiyi müəyyən edilir. ... Son nəticədə iddiaçı tərəfindən 12.068 manat mühasibat uçotu üzrə hesabatlara görə artıq pul vəsaitinin xərcləndiyi, son əməliyyatlar üzrə isə 261.907 manat, cəmi 27397,68 manat və ya ABŞ dolları ilə 161.161 ABŞ dolları məbləğdə pul vəsaitinin artıq xərcləndiyi müəyyən edilir, yəni cəmiyyətin təsisçiyə 273.974 manat kreditor borcu yaranır. Arayış akta əlavə edilir. Beləliklə, audit zamanı müəyyən edildi ki, iddiaçıya cəmiyyət tərəfindən verilmiş nəğd pul vəsaiti ilə xərclədiyi pul vəsaitinin məbləğini müqaisə edərək, son nəticədə 273.973,68 manat artıq pul vəsaitinin xərcləndiyi müəyyən edilir. Cavabdehlə bağlanmış 22.10.2021-ci il tarixli 21/3 nömrəli müqaviləyə uyğun "xxxx" MMC tərəfindən verilmiş 25.01.2021-ci il tarixli audit rəyində göstərilmişdir ki, sabiq direktor iddiaçı tərəfindən dekabr 2018-ci ildə “armatur üçün”173.486 manat xərclənmiş kimi qeyd edilən pulun müqabilində cəmiyyətdə armaturun gətirilməsini təsdiq edən qanunauyğun olaraq tələb olunan hər hansı bir sənədin olmadığı müəyyən edilmiş, “armatur üçün” 173.486 ton” yazılmış kağızda armatur materialını gətirmiş avtomobilin dövlət nömrə nişanları haqqında, materialı verən və alan təşkilatın adı belə göstərilməmiş, bu isə armaturun cəmiyyətə gətirilmədiyini təsdiq edir. ... İddiaçı tərəfindən cəmiyyətin kassasından götürdüyü nağd pul vəsaitindən xərc kimi silinmiş 173.486 manat armaturun dəyəri və 350.304 manat “Vaqifə”, cəmi 523.790 manat pul vəsaitinin onun tərəfindən təhtəl hesab məbləğindən xərclənməsi təsdiq edilmədiyindən, iddiaçı tərəfindən artıq xərclənmiş kimi göstərilən 273.974 manat pul vəsaiti məbləğini xərclənmiş kimi göstərilən, lakin xərclənməyən 523.790 manat pul vəsaiti qalığı ilə (523.790 manat – 273.974 manat = 249.816 manat) əvəzləşdirilməsi aparılmalı, təhtəl hesab məbləğləri üzrə iddiaçının cəmiyyətin hüquqi varisi olan cavabdehə 249.816 manat məbləğində (523.790 manat – 273.974 manat = 249.816 manat) borcu qaldığı müəyyən edilir. ... 16.912 manat iddiaçıya aid olan pul məblğidir. Deməli, 16.912 manat pul vəsaiti iddiaçının cəmiyyətə olan 249.816 manat borcundan azaldılmalıdır. Beləliklə, cəmiyyətin sabiq direktoru iddiaçının cəmiyyətə 232.904 manat (249.816 manat – 16.912 manat = 232.904 manat ) borclu olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM: 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, işdən göründüyü kimi, iddiaçı ilk iddia pul tələbini "xxxx" MMC-nin 30.12.2018-ci il tarixli aktı, cavabdeh isə qarşılıqlı iddianın pul tələbini "xxxx" MMC-nin 25.01.2021-ci il tarixli audit rəyi ilə əsaslandırır. Tərəflər qeyd olunan audit aktı və rəyindən başqa Məhkəməyə sair mötəbər sübut təqdim etməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın 27.09.2018-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbini təmin edərkən mübahisəyə Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq edərək, tərəflərin əqd üzrə aldıqlarının digər tərəfə qaytarmalı olması barədə düzgün nəticəyə gəlsə də, müqavilə üzrə cavabdehin iddiaçıya qaytarmalı olduğu pulun məbləğində, o cümlədən cavabdehin iddiaçıya ümumiyyətlə hər hansı məbləğdə pul vəsaitini qaytarmalı olub-olmamasında səhvə yol vermişdir. Belə ki, tərəflər arasında bağlanmış 27.09.2018-ci il tarixli 1 nömrəli Təsisçi ilə borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 207.990 manat məbləğdə pul vəsaitinin köçürüldüyü işin mübahisəsiz halı olsa da, iddiaçının özü ilə bağlanmış müqaviləyə əsasən aparılmış 30.12.2018-ci il tarixli audit aktında bir neçə dəfə vurğulanmışdır ki, “... banka ödənilmiş olan 207.990 manat məbləği ilə hesablanması aparılaraq, son nəticədə cəmiyyətin təsisçiyə 12.066,68 manat borclu qaldığı müəyyən edilir.”, “... həmin pul vəsaitindən 207.990 manat məbləğdə pul vəsaiti cəmiyyətin bank hesabına qaytarılmış...”, “... 12.068 manat pul vəsaitinin təsisiçi iddiaçı tərəfindən artıq xərcləndiyi müəyyən edilir. ... Son nəticədə iddiaçı tərəfindən 12.068 manat mühasibat uçotu üzrə hesabatlara görə artıq pul vəsaitinin xərcləndiyi ... müəyyən edilir”. Başqa sözlə, iddiaçının özünün əldə etdiyi və tələbinin əsası kimi təqdim etdiyi audit aktı ilə müəyyən edilir ki, banka ödənilmiş olan 207.990 manat məbləğ tərəflər arasında həyata keçirilmiş qarşılıqlı hesablaşmalarda artıq nəzərə alınmış, həmin məbləğ də hesablanmaqla iddiaçının artıq xərclədiyi, yəni cavabdehdən tələb edə biləcəyi məbləğ 12.068 manat təşkil etmişdir. İddiaçının pul tələbinin əsası kimi istinad etdiyi hallara o cümlədən 173.486 manat dəyərdə armaturun alınmasının təsdiqi məqsədilə Məhkəməyə təqdim etdiyi vatsap yazışmaları da aiddir ki, məhkəmə kollegiyasının qənaətinə görə həmin materiallar mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, adıçəkilən materiallardan hansı növ və ölçüdə armaturların, kimdən, nə vaxt, hansı qiymətə, dəyəri necə (nağd yaxud köçürmə) ödənilməklə alındığı, kimə, nə vaxt, harada təhvil verildiyi, təhvil verən və təhvil alan şəxslərin kimliyi, səlahiyyətləri və sair zəruri minimum məlumatlar əldə olunmur. Odur ki, məhkəmə kollegiyası 30.12.2018-ci il tarixli audit aktının “Qeyd edilən pul vəsaitindən əlavə iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayında 173.486 manat pul vəsaiti armatur üçün ... xərclənmiş, ...” hissədə əsassız sayır və cavabdehin həmin məbləğdə pul vəsaitini iddiaçıdan tələb etməsini haqlı qəbul edir. Belə ki, iddiaçının cavabdehin hesabına armatur alınması üçün 173.486 manat xərclədiyi irəli sürülsə də, həmin fakt yalnız iddiaçının təqdim etdiyi materiallar və bildirdiyi hallar əsasında tərtib olunan audit aktında əks olunmuş, aktın özündə heç bir mötəbər sənədə istinad olunmamış, bu barədə iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi materiallar isə mötəbərlik əhəmiyyətinə malik olmamışdır. Cavabdehin də iddiaçıdan tələb etdiyi məbləğ yalnız 25.01.2021-ci il tarixli audit rəyi ilə əsaslandırılmış, həmin rəydə isə yalnız 30.12.2018-ci il tarixli audit aktı ilə aparılan hesablamalara münasibət bildirilmiş, başqa heç bir mötəbər sənədə istinad olunmamışdır. Digər tərəfdən, 25.01.2021-ci il tarixli audit rəyi ilə iddiaçının cavabdehə 232.904 manat borclu olduğu müəyyən edilsə də, qarşılıqlı iddia ilə iddiaçıdan 244.994 manat pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Bununla da, iddiaçının cavabdehdən tələb edə biləcəyi məbləğ 12.068 manat, armaturun alınması üçün cavabdehdən götürdüyü, lakin bu məqsədlə xərcləndiyi sübuta yetməyən 173.486 manatdan çıxıldıqda, qarşılıqlı iddianın iddiaçıdan pul vəsaitinin tutularaq ona ödənilməsi tələbinin 161.418 manat həddə əsaslı olması müəyyən edilmiş olar. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə 207.990 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi hissədə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia müzakirə ediən qaydada qismən təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-668/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən - 207.990 manat məbləğdə pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı qaytarılması və qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə qarşılıqlı iddia qismən təmin edilsin. 161.418 (yüz altmış bir min dörd yüz on səkkiz) manat məbləğdə pul vəsaiti İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar