Məhkəmə qərarları › İş №2-2(103)-176/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-176/2025

22.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-176/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-5272/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən verilən xx.xx.2024-cü il tarixli 3-48-2F/2-H-5496-8-5698/2024 saylı arxiv çıxarışının surətindən görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı 21 sentyabr 1998-ci il tarixli sərəncamı ilə G.Şıxlinski küçəsi, ev 15, m.70 yaşayan vətəndaş İddiaçı Şıxlinski küçəsi ev 1a saylı evin qarşısında cizgidə göstərilən sahələrdə şəhid ailəsinin maddi vəziyyəti nəzərə alınaraq kommersiya fəaliyyyəti göstərmək məqsədi ilə İddiaçı məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmışdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli sərəncamdan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinə İddiaçı müraciəti nəzərə alınaraq, ona Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı 21 sentyabr 1998-ci il tarixli sərəncamı ilə G.Şıxlinski küçəsi 1 a saylı ünvanda ayrılmış məntəqəni maddi imkansızlıq səbəbi ilə tikə bilmədiyindən müraciəti nəzərə alınaraq, şəhid ailəsi İddiaçı Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı 21 sentyabr 1998-ci il tarixli sərəncamı ilə ona verilmiş 3x5=m ölçüdə məntəqənin S.Ə.Şirvani küçəsində 9 saylı binanın yaxınlığında çizgidə göstərilən sahəyə köçürülərək yenidən tikilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********** saylı vöen əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 9 saylı binanın yaxınlığında ümumi sahəsi 3x5=15m qeyriyaşayış sahəsindən (mağazadan) çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon General Şıxlinski küçəsi 15, mənzil 92-də yaşayan həyat yoldaşı (əri) X2 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsiyəm, birgə nikahdan 2 övladım vardır. Cavabdeh: Cavabdeh onun həmin nikahdan doğulmuş övladıdır. Şəhid ailəsi olduğuma görə xx.xx.1998-ci il tarixli, 343 saylı sərəncamı ilə G.Şıxlinski küçəsi 1 a saylı ünvanda ayrılmış (3x5)m ölçülü sahədə tikilib başa çatmamış sahə ona münasib olan S.Ə.Şirvani küçəsində 9 saylı binanın yaxınlığına köçürülərək yenidən tikintisinə icazə verilmişdir. 2005-ci ildə həmin ünvanda ümumi sahəsi 32 m olan qeyri-yaşayış sahəsi “Aynur–ləvəngi” mağazasını inşa edərək istifadə edir. Uzun müddətdir ki, qızı Cavabdeh həmin obyekti zəbt edərək ********** saylı vöen əsasında istifadə edir. Dəfələrlə obyekti boşaltmağı tələb etsəm də, boşaltmamış, mağazanı yandıracağı ilə məni təhdid edir.

5. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağı iddiaçının mülkiyyət hüququ yoxdur və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaışdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət tərəfindən iddiaçıya şəhid ailəsi olduğuna görə himayəsində uşaqları olduğu üçün ayrılmışdır. Bu da o deməkdir ki, həmin qeyri yaşayış sahəsi təkcə iddiaçıya deyil, həm də 1992-ci il də Ağdərə rayonu uğrunda gedən döyüşlər zamanı iddiaçının əri, cavabdehin atası hesab edilən X1 şəhid olduğuna görə sonuncun ailəsinin dolanışığı və maddi təminatının yaşılaşdırıılması üçün ayrılmışdır. Bu da o anlamı verir ki, qeyd olunan mübahisəli sahə təkcə iddiaçının deyil, ümumilikdə şəhid ailəsinin və şəhid ailə üzüvlərinin maddi vəziyyətinin yaxşılaşdılması üçün ayrılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5272/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh ********** saylı vöen əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu S.Ə. Şirvani küçəsi 9 saylı binanın yaxınlığında ümumi sahəsi 3x5=15m qeyri-yaşayış sahəsindən (mağazadan) çıxarılması və həmin qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı şəhid ailəsi olması səbəbilə ona İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə 2005-ci ildə qeyri yaşayış sahəsi tikmiş və orada kommersiya fəaliyyəti ilə məşğul olmuşdur, cavabdeh onun qızıdır, bir müddət mübahisəli qeyri-yaşayış sahəsində birlikdə sahibkarlıqla məşğul olsalar da, hal-hazırda münasibətləri gərgindir və cavabdeh iddiaçını mübahisəli qeyri-yaşayış sahəsinə buraxmır. Tərəflər arasında mübahisəli hal: iddiaçı iddianı qəbul etmir. Belə ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı sərəncamı ilə G.Şıxlinski küçəsi,ev 15,m.70 yaşayan vətəndaş İddiaçı Şıxlinski küçəsi ev 1a saylı evin qarşısında cizgidə göstərilən sahələrdə məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmış, iddiaçının həmin qeyri-yaşayış sahəsini tikməsi, orada kommersiya fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikiliyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini yuxarıda qeyd olunan sərəncam əsasında ona ayrılan ərazidə tikməklə, həmin qeyri-yaşayış sahəsinə illərlə kommersiya fəaliyyəti ilə məşğul olmaqla, mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olmuşdur. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh hal-hazırda mübahisəli qeyri-yaşayış sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmaqla, iddiaçını həmin qeyri-yaşayış sahəsinə buraxmamaqla, iddiaçının qanunla qorunan mülkiyyət (gözlənti) hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddianı qaldırmağa subyektiv hüququ vardır. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR Konstitusiyasının 13, 29-cu maddələrini, MM-nin 15, 151, 152, 157, 164-cü maddələrini tətbiq etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 5272/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, doğum haqqında şəhadətnamədən görünür ki, X2 1992-ildə şəhid olarkən cavadeh Cavabdeh 6 yaşı olmuş, hazırkı kommersiya işi üzrə iddia tələbinin predmetini təşkil edən qeyri-yaşayış sahəsi ayrılarkən isə cavabdehin 12 yaşı olmuşdur. Beləliklə də cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə hüququ yaranmış olmuşdur. Lakin, məhkəmə həmin hala hüquqi qiymət verməmişdir. Hazırkı kommersiya işi üzrə iddia ərizəsinin predmetini qeyri-yaşayış sahəsi təşkil etsə də, hesab edirəm hazırkı mübahisənin həlli üçün “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarı tətbiq edilməlidir. Belə ki, həmin qərarın 4.8-ci bəndində qeyd edildiyi kimi,... ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da ümumi birgə mülkiyyət hesab edilə bilər... Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Göründüyü kimi, hazırki iddianın və icraatın predmeti olmasa da qeyd olunan Plenum qərarında sözügedən qeyri-yaşayış sahəsinə ailə üzvlərinin sayı nəzərə alınmaqla verildiyindən həmin qeyri-yaşayış sahəsi ümumi istifadədə olan əmlak hesab edilməlidir. Qeyd olunduğu kimi mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya verilməsinin əsası onun şəhid yoldaşı olmaqla onun himayəsində iki şəhid uşağının olması olduğu işin mübahisəsiz halıdır. Bu mənada göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. Birinci instansiya məhkəməsi bir tərəfdən qəbul edir ki, iddiaçıya qeyri-yaşayış sahəsi verilərkən cavabdehlə eyni şəhid ailəsi satusu olduğundan mübahisə predmeti olan sahədən istifadə hüququ yaranmışdır. Digər tərəfdən isə qeyd edir ki, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına qərar verir. Bu qənaətə gələrkən tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsilə bağlı yaranmış münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci və 164-cü maddələrnin hazırki mübahisəyə tətbiq edilməsi üçün ən azından iddiaçının sözügedən qeyri-yaşayış sahsinə mülkiyyət hüququ qeydə alınmış olmalı idi. Ancaq iddiaçının o qeyri-yaşayış sahəsinə hələlik mülkiyyət hüququnun yaranmaması işin mübahisəsiz halıdır. Qeyd olunan işin hallarına, qüvvədə olan qanunvericiliyin tələbləinə, məhkəmə praktikasında formalaşmış töcrübəyə əsaslanaraq hesab edirik məhkəmə iddia tələbini təmin etməkdə cavabdehin həmin qeyri-yaşayış sahəsindən isitifadə hüququnu kobud şəkildə pozmuşdur. Həmin qeyri-yaşayı sahəsinin dövlət tərfindən ayrılmasında əsas məqsəd təkcə iddiaçının deyil də, ümumilikdə şəhid ailəsinin bütün üzvlərinin maddi rifahının yaxşılaşdırılması olmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12.İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

13. Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 15.1.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də mülkiyyət əleyhinə olan hər bir qanunsuz və mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətin qarşısı alınmalıdır. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, iddiaçı şəhid ailəsi olması səbəbilə ona İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə 2005-ci ildə qeyri-yaşayış sahəsi tikmiş və orada kommersiya fəaliyyəti ilə məşğul olmuşdur, cavabdeh onun qızıdır, bir müddət birlikdə mübahisəli qeyri-yaşayış sahəsində birlikdə sahibkarlıqla məşğul olsalar da, hal-hazırda münasibətləri gərgindir və cavabdeh iddiaçını mübahisəli qeyri-yaşayış sahəsinə buraxmır. Tərəflər arasında mübahisəli hal: cavabdeh iddianı qəbul etmir. Belə ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı sərəncamı ilə G.Şıxlinski küçəsi, ev 15, m.70 yaşayan vətəndaş İddiaçı Şıxlinski küçəsi ev 1a saylı evin qarşısında cizgidə göstərilən sahələrdə məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmış, iddiaçının həmin qeyri-yaşayış sahəsini tikməsi, orada kommersiya fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikililyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini yuxarıda qeyd olunan sərəncam əsasında ona ayrılan ərazidə tikməklə, həmin qeyri-yaşayış sahəsinə illərlə kommersiya fəaliyyəti ilə məşğul olmaqla, mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olmuşdur. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh hal-hazırrda mübahisəli qeyri-yaşayış sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmaqla, iddiaçını həmin qeyri-yaşayış sahəsinə buraxmamaqla, iddiaçının qanunla qorunan mülkiyyət (gözlənti) hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddianı qaldırmağa subyektiv hüququ vardır. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır.

19. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi müvafiq inzibati akt əsasında şəhid ailəsinin üzvlərinə deyil, yalnız iddiaçının istifadəsinə verilmişdir. Ona görə də cavabdehin mübahisəli əmlak üzərində hər hansı hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kollegiya tərəfindən müəyyən edilməmişdir. Apellyatorun şikayətdə qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının hazırkı mübahisəyə tətbiq edilməsi isə işin aidiyyatı, halları və tərəflər arasındakı hüquq münasibəti baxımından mümkün deyil. Belə ki, qeyd olunan qərar ərarvad arasında mövcud olan əmlak mübahisələrini tənzimləyir, hazırkı mübahisə isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsindən bəhs edir. Hazırkı mübahisə üzrə tərəflər hər hansı formada birgə vəsait qoyaraq birgə əmlak əldə etməmişlər, etdikləri halda da onların statusundan, aralarındakı hüquq münasibətinə istinadən qeyd olunan Plenum qərarının tətbiq edilməsi yolverilməzdir. Kollegiya qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar