Məhkəmə qərarları › İş №2-2(103)-183/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-183/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-183/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2932/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, satıcı İddiaçı MMC ilə alıcı «Azərişıq” ASC arasında xx.xx.2020-ci il tarixdə 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 2-ci maddəsinə əsasən müqaviləyə uyğun olaraq satıcı istehsal edilən və ya satılan mallar, göstərilən xidmətlər, yerinə yetirilən işlər və onların qiymətlərinə dair informasiyanın abonentlərə SMS yolu ilə qısa mesaj (toplu SMS) göndərilməsi hüququnun alıcıya aylıq satışını, habelə "İnterfeys”in yazılmasını və ona texniki dəstək göstərilməsini öz öhdəsinə götürür. Alıcı isə həmin ay üçün müştərilərə çatdırılmış SMS-İərin haqqının ödənilməsinə öhdəlik daşıyır; 3.1.1-ci maddəsinə əsasən alıcıya, “Bakcell” abunəçilərinə göndərilmiş toplu sms-lərin sayına, xidmətin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktını təqdim etmək, alıcının işin icrası ilə bağlı etirazı olmadığı təqdirdə sənədləri imzalayaraq qarşı tərəfə vermək satıcının öhdəliklərinə aid edilmişdir.

3. Müqavilənin 4.1-ci maddəsinə əsasən ay ərzində istifadə edilmiş toplu sms paketi üçün nəzərdə tutulan bır SMS-in qiyməti Bakcell operatoru üçün 0.02 AZN (iki qəpik) təşkil edir. Bu məbləğə ƏDV daxil deyil. Müqavilənin 6.1-ci bəndində onun müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilsə də, 6.2-ci bənddə qeyd edilmişdir ki, hazırkı müqavilənin müddətinin bitməsinə ən azı 30 təqvim günü qalmış ona xitam verilməsi haqqında hər hansı tərəfin yazılı müraciəti olmadıqda müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə müddətinin xx.xx.2021-ci il tarixdən sonra uzadıldığı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

4. 01 sentyabr 2022-ci il tarixli, 360/22 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətlərin dəyəri yekun olaraq 14212,79 (ƏDV daxil) manat təşkil edir.

5. 03 oktyabr 2022-ci il tarixli, 411/22 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətlərin dəyəri yekun olaraq 13283,26 (ƏDV daxil) manat təşkil edir.

6. 01 noyabr 2022-ci il tarixli, 465/22 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətlərin dəyəri yekun olaraq 11818,71 (ƏDV daxil) manat təşkil edir.

7. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 973582 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14212,79 (ƏDV daxil) manat təşkil edir.

8. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 331786 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13283,26 (ƏDV daxil) manat təşkil edir.

9. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 401982 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11818,71 (ƏDV daxil) manat təşkil edir.

10. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 49143,45 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (İddiaçı MMC) cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49143,45 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən İddiaçı MMC istehsal edilən və satılan mallar, göstərilən xidmətlər, yerinə yetirilən işlər və onların qiymətləndirilməsinə dair informasiyanın abonentlərə SMS yolu ilə qısa mesaj (toplu SMS) göndərilməsi hüququnun alıcıya aylıq satışını, habelə “İnterfeys”in yazılmasını və ona texniki dəstək göstərilməsini öz öhdəsinə götürmüş, cavabdeh "xxxx" ASC isə həmin ay üçün müştərilərə çatdırılmış SMS-lərin haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Belə ki, 2022-ci ilin avqust, sentyabr və oktyabr ayları ərzində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 39314,76 manat məbləğində müqavilə üzrə toplu SMS xidmətinin göstərilməsinə baxmayaraq, cavabdeh göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, müqaviləyə əsasən 2022-ci ilin avqust ayı üzrə 14212,79 manat, sentyabr ayı üzrə 13283,26 manat və oktyabr ayı üzrə 11818,71 manat dəyərində toplu SMS xidməti göstərilmişdir. Göstərilən xidmətlər tam şəkildə həyata keçirilsə də, bu günədək ödəniş həyata keçirilməmişdir. Müqaviləyə əsasən yerinə yetirilmiş toplu SMS xidmətinə görə cavabdeh "xxxx" ASC-nin İddiaçı MMC-yə 39314,76 manat məbləğində borcu qalmışdır. Cavabdeh "xxxx" ASC qeyd edilən borc məbləğinin olması haqqında məlumatlıdır, borcun ödənilməsi ilə bağlı 02 dekabr 2022-ci il tarixdə və 07 fevral 2023-cü il tarixlərində cavabdehə yazılı müraciətlər edilmişdir. Müqaviləyə əsasən cavabdeh 39314,76 manat yerinə yetirilmiş toplu SMS xidmətinə görə pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüş, lakin 08 may 2023-cü il tarixə kimi qeyd olunan pul vəsaitini ödəməmişdir. Müqavilənin 9.3-cü bəndində ödənişin gecikdirilmiş hər günü üçün 0,1% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə xidmətlərin göstərilməsi xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq aldığı toplu SMS xidmətinin dəyərini bu günə kimi ödəməmişdir, ona görə də cavabdehə əsas məbləğdən başqa əsas borc ödənişini gecikdirdiyinə görə cərimə də hesablanmalıdır. Qeyd edilən tarixdən iddia ərizəsinin məhkəməyə hazırlandığı xx.xx.2023-cü il tarixə kimi olan dövr üzrə keçən 250 günə görə 39314,76 manat əsas borca görə 9828,69 manat (39314,76 manat x 0,1% = 39,31 manat x 250 gün = 9828,69 manat) cərimə ödənilməlidir. Son nəticədə cavabdeh "xxxx" ASC-nin İddiaçı MMC-yə 39314,76 manat əsas borc, 9828,69 manat cərimə olmaqla, cəmi 49143,45 manat borcu yaranmışdır. Həmin borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehə məktub ünvanlanaraq müqavilə üzrə öhdəliklərin icra edilməsi, vurulmuş zərərin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mübahisənin mediasiya prosesində həll edilməsi ilə bağlı həyata keçirilmiş mediasiyanın da nəticəsi olmamışdır. İş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 200 manat mediasiya xərci ödənilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2932/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 39314,76 manat əsas borc, 800 manat cərimə olmaqla, cəmi 40114,76 məbləğində pulun İddiaçı xeyrinə tutulmasını qət etmişdir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə alqısatqı müqaviləsi adlansa da, mahiyyət etibarilə müqavilə xidmət müqaviləsidir. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, eləcə də tərəflər arasında tərtib edilmiş üzləşmə aktları ilə öz təsdiqini tapır.

16. Məhkəmə iddianın əsas borca görə 39314,76 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən əsas borca görə 39314,76 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qeyd olunan borcun mövcudluğu hesab-fakturalar, elektron qaimələr və yuxarıda qeyd olunan digər sübutlarla öz təsdiqini tapır. Belə ki, üç ay (avqust, sentyabr və oktyabr ayları) üzrə göstərilmiş xidmətin ümumi məbləği (ƏDV daxil) 39314,76 manat (14212,79+13283,26+11818,71=39314,76) təşkil edir.

17. Məhkəmə iddianın borcun ödənilməsinin gecikdirilməsinə görə 9828,69 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilənin 9.3-cü bəndinə əsasən alıcı hazırkı müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş haqların ödənilməsini gecikdirdikdə, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,1 faizi, lakin 5 faizdən artıq olmamaq şərtilə, həcmində satıcıya cərimə ödəyir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq cərimə məbləği azaldılaraq 800 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2932/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, cəmiyyət tərəfindən təqdim edilmiş təhvil-təslim aktları üzrə ödənişlər aparılmışdır. Lakin iddiaçının iddia tələbi üzrə qeyd edilən borc məbləği üzrə cəmiyyətə təhvil-təslim aktı təqdim edilməmişdir. Odur ki, göründüyü kimi cəmiyyət tərəfindən müqavilənin şərtləri pozulmamışdır. Ödənişlər görülən işlər üzrə təqdim edilmiş təhvil-təslim aktlarına uyğun olaraq hesablanıb ödənilmişdir. "xxxx" ASC-nin iddiaçı qarşısında heç bir borc öhdəliyi mövcud deyildir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

22. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.3-cü maddə-iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 154.4-cü maddə-işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2932/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında «Azərişıq” ASC-nin abonentlərinə İddiaçı MMC tərəfindən “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” xx.xx.2020-ci il tarixdə 1-10/128 saylı müqavilə bağlanmışdır.

26. İddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr aylarında göstərilmiş xidmətlərə görə cavabdehdən ödəniş tələb etmişdir. Bu barədə qarşı tərəfə xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 973582 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 331786 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 401982 nömrəli elektron qaimələr göndərilmişdir.

27. Cavabdeh tərəf iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə hər hansı pretenziya verməmiş, borcla bağlı göndərilmiş xəbərdarlıq məktubuna, o cümlədən birinci instansiya məhkəməsində irəli sürülmüş iddiaya hər hansı etiraz bildirilməmişdir.

28. Cavabdehin birinci instansiya məhkəməsində bildirmədiyi və yalnız apellyasiya şikayətində qeyd etdiyi dəlil bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmuş və cavabdeh tərəfindən təhvil-təslim aktları üzrə ödənişlər aparılmışdır.

29. Apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndində satıcı tərəfindən alıcıya “Bakcell” abunəçilərinə göndərilmiş toplu sms-lərin sayına, xidmətin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktının təqdim edilməli olduğu nəzərdə tutulsa da, məhkəməyə bu barədə nə iddiaçı, nə də cavabdeh tərəfindən qeyd edilən aktlar təqdim edilmədiyindən tərəflərin işgüzar münasibətlərində müqavilənin bu şərtinə uyğun davrandığı müəyyən olunmur. Cavabdeh apellyasiya şikayətində təqdim edilmiş təhvil-təslim aktları əsasında ödənişlərin həyata keçirildiyini, qarşı tərəfə hər hansı borc qalmadığını qeyd etsə də, nə aktlar, nə də ödəniş sənədləri apellyasiya şikayətinə əlavə edilmədiyindən, o cümlədən cavabdeh məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən şikayət əsassız hesab edilir.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2932/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "Azərişıq” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2932/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar