Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-187/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınar və daşınmaz əmlakın verilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-805/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh1 MMC-nin təsisçiləri Cavabdeh2, Cavabdeh3 və İddiaçıdur. Cəmiyyətin nizamnamə kapitalı 10500 manat həcmindədir və hər biri 10 manat olmaqla 1050 paydan ibarətdir. Təsisçilərin nizamnamə kapitalındakı payı aşağıdakı kimidir: Cavabdeh2 – 3500 manat, 350 pay, 33,33% pul şəklində, Cavabdeh3 - 3500 manat, 350 pay, 33,33% pul şəklində, İddiaçı - 3500 manat, 350 pay, 33,33% pul şəklində.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin 100 faiz (1.050) payının nizamnamə kapitalının iddiaçıya məxsus olan cəmi payından 20 faizinə düşən payına aid daşınar və daşınmaz əmlakının ayrılaraq ona verilməsi və iddiaçının Cavabdeh1 MMC-nin 20 faiz payına düşən nizamnamə kapitalından çıxarılması, hər iki tələbin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, son bir-iki il ərzində cəmiyyətin təsisçilərindən biri olan Cavabdeh2 Cəmiyyətin fəaliyyətinə əsassız müdaxilələr edir, Cəmiyyətin direktoru və İddiaçı özünün Cəmiyyətin icra orqanında heç bir vəzifə tutmamasına baxmayaraq, onu cinayətdə ittiham edərək, hüquq mühafizə orqanlarına əsassız şikayətlərlə müraciət edir və Cəmiyyətin hələ təsisçilər arasında bölüşdürülməmiş cari il üzrə əldə edilməyən mənfəət üzrə dividentlərin vaxtından əvvəl ona ödənilməsini tələb edir və buna da nail olur. Bütün bunlar Cəmiyyətin illər boyu Azərbaycan bazarında qazanıbqoruduğu işgüzar nüfuzuna artıq mənfi təsir göstərir ki, bu da Cəmiyyətin gələcəkdə müflisləşməsinə səbəb ola bilər.
4. Cavabdeh2 birinci instansiya məhkəməsində bildirmişdir ki, iştirak payının azaldılmasını tələb etmək iddiaçının hüququdur, lakin MMC tərəfindən təqdim edilmiş balans dəyəri barədə məlumatlar bir-birinə zidd olmaqla həqiqəti əks etdirmir, bu səbəbdən cəmiyyətə məxsus əmlakın hazırkı günə balans dəyərinin ekspertiza keçirilməklə müəyyən edildikdən sonra iddiaçının tələbinin təqdim ediləcək ekspert rəyinə uyğun təmin edilməsinə dair yekun qərarın qəbul edilməsini xahiş edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-805/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 35A nömrəli məktubla iddiaçıya Cavabdeh1 MMC-nin digər təsisçilərinin ona məxsus olan payı almaq üçün maddi imkanlarının olmadığı səbəbdən Cavabdeh1 MMC-dən çıxmaq, bunun nəticəsində də payına düşən daşınar və daşınmaz əmlakların ayrılaraq, qaytarılmasına dair tələblərinin icrasından imtina olunmuşdur. Məhkəmə iclasında çıxış edən, həm təsisçi Cavabdeh2 nümayəndəsi, həm də Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaçının Cavabdeh1 MMC-nin təsisçilərin sırasında çıxması və bunun nəticəsində də payınız düşən daşınar və daşınmaz əmlakların ayrılaraq iddiaçıya verilməsi məsələsi ilə bağlı digər təsisçilərin, yəni qalan 66,66 faiz payların sahiblərinin buna razı olmadığına və ən əsası da bu məsələyə qeyd edilən səbəbdən heç baxılmayacağı dəfələrlə bildirmişdirlər. Nəticə etibarı ilə Cavabdeh1 MMC-nin digər təsisçiləri iddiaçının payını almaq istəmirlər, Cavabdeh1 MMC-nin iddiaçıya məxsus olan payı almaq üçün maddi imkanları yoxdur və iddiaçının Cəmiyyətdən çıxması ilə bağlı ümumi yığıncağın keçirilməsi və həmin məsələnin ümumi yığıncağın heç gündəliyə belə daxil edilməməsi faktıdır. Cavabdeh1 MMC-nin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıb və səbəbdən də iddiaçının nizamnamə kapitalındakı payı əmlak hissəsi ödənilə bilər. Cavabdeh1 MMC-nin Nizamnamə kapitalı qətnamənin (13) bəndində qeyd etdiyi kimi, Nizamnamənin 3.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 10500 manat həcmindədir və hər biri 10 manat olmaqla 1050 paydan ibarətdir. Göründüyü kimi, Cavabdeh1 MMC-nin Nizamnamə “kapitalı” əmlak şəkilində deyil, pul şəkilində, yəni 1.050 manat miqdarındadır və iddiaçının Mülki Məcəllənin 95-ci maddəsi ilə təsbit edilmiş hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin vəsatətini təyin etsə də, ekspertiza təyin edərkən kobud səhvə yol vermiş, Cavabdeh1 MMC-nin mülkiyyətində olan əmlakların hazırkı vaxta balans (həqiqi) dəyəri müəyyən etmək üçün “məhkəmə əmtəəşünaslıq ekspertizası” yerinə, “məhkəmə mühasibatlıq ekspertizası” təyin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 MMC-nin nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi.
10. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 90.8-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.
13. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.
14. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.
15. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.
16. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir. Cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun aparılır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, Mülki Məcəllənin 93.1, 93.2, 93.3-cü maddələrindən göründüyü kimi qanunverici yalnız məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək hüququnu, eləcə də cəmiyyətin iştirakçısının öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etmək vəzifəsini nəzərdə tutur.
20. Mülki Məcəllənin 96-cı maddəsində isə məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, habelə cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsini əmlakın naturada verilməsi ilə əvəz edilməsi nəzərdə tutulmuşdur.
21. Hazırki iş üzrə iddia tələbləri isə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarından birinin nizamnamə kapitalındakı payının bir qisminin azaldılması və azaldılmış hissəyə uyğun payın naturada verilməsindən ibarətdir.
22. Lakin nə Mülki Məcəllədə, nə də Cavabdeh1 MMC-nin nizamnaməsində məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarından birinin nizamnamə kapitalındakı payının azaldılmasını və azaldılmış hissəyə uyğun payın naturada ona verilməsini müəyyən edən normalar mövcud deyildir.
23. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması isə bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər və bu məsələ Mülki Məcəllənin 90.8-ci maddəsinə əsasən cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir.
24. Göründüyü kimi iddia tələbləri özü-özlüyündə əsassızdır.
25. Eyni zamanda kollegiya izah edir ki, əgər cəmiyyətin digər iştirakçıları payın satın alınmasına dair təklifi qəbul etmirlərsə, iddiaçı Mülki Məcəllənin 93.3-cü maddəsində təsbit olunan hüququna uyğun olaraq öz payını üçüncü şəxslərə özgəninkiləşdirilə və ya özü Mülki Məcəllənin 95-ci maddəsinə əsasən cəmiyyətdən çıxmaq hüququndan istifadə edə bilər.
26. Hazırki halda isə iddia tələblərinin təmin edilməsi həm hüquqi cəhətdən əsassızdır, həm də Cavabdeh1 MMC-nin mənafeyinə uyğun hesab edilə bilməz. Ona görə də, iddia tələbləri rədd edilməlidir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-805/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn