Məhkəmə qərarları › İş №2-2(103)-190/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-190/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-190/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublİddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın qüsurları, podrat müqaviləsinin xitamının nəticələri, hüquqdan sui-istifadə sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin "xxxx" MMC-nə qarşı “borcun, habelə mediasiya və hüquqi yardım xərcinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə 01/133 saylı müqavilə bağlanmış, müqaviləyə görə icraçı, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri (Xidmət) yerinə yetirib müvafiq hesabatla birlikdə sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun müqabilində Xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 8.1-ci bəndində onun müddəti 2023-cü il 25 mart tarixinədək müəyyən edilmiş, 8.2-ci bəndində sifarişçinin müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulmuşdur.

3. İcraçı və sifarişçi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “X2”nda İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilməli olan xidmətlərin adı, növü və ona dair digər tələblər olmaqla, dəqiq siyahısı göstərilmişdir. Həmin siyahının məzmunundan aydın olur ki, Cavabdeh MMC-nin adı Baş sponsor olaraq İddiaçı MMC tərəfindən çəkilmiş “Ofis işi” serialının anonslarında, efirdə yayımlanan zaman bölümün əvvəlində və sonunda, serialın iç blokunda yayımlanmalı, hər bölümdə bir dəfə ssenariyə uyğunlaşdırılmış 60 saniyəlik məhsul yerləşdirmə ssenarisi hazırlanmalı və yerləşdirilməli, baş sponsorun TV bantları serialın içində yayınlanmalı və reklam xarakterli digər xidmətlər yerinə yetirilməlidir. Bütün xidmətlərin dəyəri ƏDV daxil 63 720 manat müəyyən edilmişdir.

4. “X2”nda göstərilmişdir ki, Baş sponsorluq paketinə “Ofis işi” serialının aylıq 4 yeni bölümü və 4 təkrar bölümü daxildir, xidmətin icra müddəti “Ofis işi” serialının başlanma tarixindən etibarən 3 ay təşkil edir.

5. "xxxx" MMC-nin əməkdaşı Vəfa Rüstəmova “mailto:vafa.rustamova@abctelecom.azElektron ünvan 1” e-mail ünvanından İddiaçı MMC-nin əməkdaşı Nərgiz Hüseynovanın “mailto:nargiz.huseynova@cinemazadeh.azElektron ünvan 2” ünvanına xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda məktub göndərmişdir: “Hörmətli Nərgiz xanım, Öncədən sizə bildirdiyim kimi, xx.xx.2022-ci il tarixinədək sizdən serialın rəsmi təqdimatında göndərdiyiniz vaxtlara (həftə içi İV gün saat 21:30, təkrar bazar günü) uyğun mediaplanın təqdim olunmasını xahiş edirik. Əks halda, müqaviləni birtərəfli qaydada dayandırmaq məcburiyyətində qalacağıq”.

6. İddiaçı MMC-nin əməkdaşı Nərgiz Hüseynova tərəfindən həmin məktuba xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda cavab verilmişdir: “Salam. “Ofis işi” serialının çəkilişləri artıq bitdi. Bu gündən biz reklam kampaniyasına start vermək istəyirik və bununla bağlı efir vaxtını sizə elan etmək istəyirik. Öncə qeyd etmək istəyirik ki, sizin söylədiyiniz efir vaxtı ilə bağlı məlumatı bizim tərəfdən heç kim verməyib. Təqdimatın üstündə olan vaxta əsaslanırsınızsa, bunu ilk görüşdə şirkətin direktoru Axundzadə Cəfər qeyd etmişdi ki, serialın ilk seriyası ölkədə ilk lockdown-dan əvvəl efirə çıxan vaxtdır və bu vaxt təbii ki, dəyişəcək. Sizə ATV kanalının təklif etdiyi cümə axşamı saat 22:30 təklif olundu. Təklif olunan vaxt “prime time” olduğuna baxmayaraq Siz bu efir vaxtından imtina etdiniz və qeyd olunan vaxtın “prime time” olmadığı kimi əsas gətirdiniz (təklif olunan vaxtın “prime time” olması haqda sənəd əlavədədir). Buna baxmayaraq və nəzərə alaraq ki, siz bizim serialın baş sponsorusunuz və bu bizim ilk əməkdaşlığımızdır, biz ATV rəhbərliyi ilə yenidən danışdıq və bu serial Azərbaycan teleməkanında çəkilən ən bahalı televeziya serialı olduğunu və ATV kanalının serialın partnyoru olduğunu və kanalın reytinqini nəzərə alaraq, “Ofia işi” serialının efir vaxtını ən reytinqli və baxımlı vaxta keçirmələrini xahiş etdik. Bundan əlavə, ATV kanalı bizə əlavə ikinci təkrarı bonus kimi hədiyyə verdi (ikinci təkrar bu günə qədər ümumiyyətlə müzakirə olunmayıb). Efir vaxtı 23 apreldən başlayaraq şənbə günü saat 22:00-da, 1-ci təkrar bazar günü, 2-ci təkrar həftə içi 00:00-dan sonra. Əgər bu efir vaxtı sizi qane edirsə biz ATV kanalından aldığımız rəsmi media planı siz göndərə bilərik. Hörmətlə, Hüseynzadə Nigar”.

7. İddiaçı MMC tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 23 aprel 2022-ci il tarixindən yayımlanmağa başlanmışdır.

8. Şahid1 MTRK-nın xx.xx.2024-cü il tarixli məktubuda göstərilmişdir ki, MTRK ilə Şahid2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə, sosial reklamlar da daxil olmaq üzrə bütün növ reklam çarxlarının ..... efirə çıxarılması barədə danışıqlar aparmaq hüququ Şahid2 MMC-nə verilmişdir.

9. Şahid2 MMC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarında göstərilmişdir ki, “Kontakt home” mağazasının sifarişi ilə "xxxx" MMC və Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R-01012022/10 nömrəli müqaviləyə əsasən, “Ofis işi” serialının yayımlandığı 2022-ci il 21 may tarixində saat 22:22:37-də 15 saniyəlik “Kontakt Home” brendinə aid video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında və 04 iyun 2022-ci il tarixində 22:33:29-da 60 saniyəlik “Kontakt home” brendinə aid TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialında yerləşdirilmişdir.

10. Şahid2 MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 2022ci ilin may-iyul aylarında “ATV telekanalında “prime time” vaxtları – həftə içi: 18:00-dan 00:00-dək əhatə edən dövr; şənbə: 07.:00-dan 00:00-dək vaxtı əhatə edən dövr; bazar: 07:00-dan 00:00-dək vaxtı əhatə edən dövr olmuşdur.

11. "xxxx" MMC-nin Baş direktoru İddiaçı MMC-nin direktoru Cəfər Axundzadəyə ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdə qeyd etmişdir ki, “aramızda bağlanmış xx.xx.2022-ci il tarixli 01/133 saylı müqavilə ilə tənzimlənən və tərəfinizdən göstərilən xidmətin aramızdakı razılığa uyğun şəkildə həyata keçirilmədiyi üçün həmin müqavilənin 8.2-ci bəndinə əsaslanaraq xx.xx.2022-ci il tarixindən etibarən ona xitam vermək istəyirik”.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ƏDV daxil olmaqla 63 720 manat borcun, 400 manat mediasiya xərcinin və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2023-cü il 2 mart tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən xidmətləri icra etməyi, cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh iddiaçının çəkdiyi “Ofis işi” serialına baş sponsor olmağı, iddiaçı isə bunun müqabilində çəkdiyi “Ofis işi” serialında tərəflər arasında razılaşdırılmış ssenari üzrə cavabdehin fəaliyyəti ilə bağlı müvafiq səhnələr çəkməyi və həmin serialın yayımı zamanı nümayiş etdirməyi, həmçinin cavabdehə aid müvafiq reklamların da həmin serialın yayımı zamanı nümayiş etdirməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh heç bir əsas olmadan 2023-cü il 2 mart tarixli xidmət müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərmiş, müqaviləni ləğv etməsinə baxmayaraq, həmin müqavilə üzrə iddiaçı tərəfindən icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bundan sonra, iddiaçı icra edilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin, pretenziyanı aldıqdan sonra da cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir və ödəməkdən imtina edir.

14. Birinci instansiya məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 2022-ci il 23 aprel tarixdən yayımlanmağa başlanmış, tərəflər arasında bağlanmış müqaviləyə isə göstərilən tarixdən 5 gün əvvəl, yəni 2023-cü il 18 aprel tarixində xitam verilmiş, iddiaçı tərəfindən müqaviləyə cavabdeh tərəfindən xitam verilməsinin əsasları mübahisələndirilməmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı, müqavilə üzrə xidmətlərin göstərildiyini bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni “X2”nda nəzərdə tutulan xidmətləri göstərməsini təsdiq edən hər hansı bir sübutu (təhvil- təslim aktları və s.) təqdim etməmişdir.

17. Məhkəmə vurğulamışdır ki, iddiaçı tərəfindən CD-Diskdə məhkəməyə təqdim edilmiş video görüntülərdə cavabdehin məhsulları ilə bağlı çəkilişlərin aparıldığı təsdiq edilsə də, bu işlər “X2”nda nəzərdə tutulan xidmətlərə daxil olmadığından həmin dəlil xidmətlərin göstərildiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz. İddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialının yayımlandığı zaman ATV telekanalının efirində cavabdehə məxsus brendə aid reklam blokları cavabdehin sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli R- 01012022/10 nömrəli müqaviləyə əsasən yayımlanmışdır ki, bunun da iddiaçıya aidiyyəti yoxdur.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 11.1-ci, 390.1-ci, 390.4-cü, 442-ci, 448.1-ci, Mülki Prosessual Məcəllənin 13.4-cü, 13.5-ci, 14.1-ci, 14.2-ci, 77.1-ci, 119.1-ci, 218.3-cü maddələrinə istinad etmişdir.

a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini irəli sürmüşdür.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 12 iyun 2024cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Tərəflər arasındakı mübahisə 02 mart 2023-cü il tarixdə bağlanmış 01/133 nömrəli baş sponsorluq barədə müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə əlaqədar yaranmışdır. Mülki Məcəllədə xidmət müqaviləsi növündə müqavilə növü olmadığından məhkəmə hesab etmişdir ki, mübahisə oxşar, yəni podrat münasibətlərini tənzimləyən normalar və müqavilənin ləğvi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin cavabdeh tərəfindən pozulduğunu iddia edərək serialın hər bölümündə yayınlanması üçün cavabdehin reklamı ilə bağlı hissələrin çəkilməsi ilə əlaqədar bütün müqavilə məbləğini dəymiş zərər olaraq tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulduğundan müəyyən olunur ki, müqavilənin ləğvi Mülki Məcəllənin 421.1-ci maddəsinin tələbinə uyğundur. Cavabdehin müqavilədən imtina etmək hüququ olduğundan və bununla hər hansı müqavilə şərtini pozmadığından, iddiaçının MM-in 424.5-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmır. Belə ki, həmin normaya əsasən iddiaçının xeyrinə zərərin tutulması üçün qarşı tərəfin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması tələb olunur. Mülki Məcəllənin 759.2-ci maddəsində qeyd edilir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı halda sifarişçi iddia edir ki, müqaviləyə xitam verilməsinin əsas səbəbi iddiaçı tərəfindən onlara razılaşdırılmış qaydada media planın təqdim edilməməsi və "Ofis işi” serialının razılaşdırılmış saatda "ATV” kanalında yayımlanmasının təmin edilməməsi olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, razılaşmaya əsasən "Ofis işi” serialı saat 21.30-da yayınlanmalı, bu şərt media planda öz əksini tapmalı idi. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, icraçının qəsdi və ya təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində xidmətin başlama və ya təhvil verilmə, həmçinin qüsurların (hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavəyə uyğun olmaması) aradan qaldırılması müddətində gecikməyə yol verdiyi təqdirdə sifarişçi icraçıya heç bir ödəniş etmədən (ödəniş edildiyi təqdirdə isə onun qaytarılmasını tələb etməklə sifarişdən imtina edə və/və ya müqaviləyə xitam verə bilər. İcraçı sifarişçinin bu tələbi ilə qeyd şərtsiz razılaşmalı və dərhal icra etməlidir. 5.4-cü bəndində qeyd edilir ki, icraçı özündən asılı olmayan istənilən səbəblərə (rəsmi olaraq fors-major hal kimi qeydə alınmayan, lakin öhdəliyin icrasına əngəl yaradan digər hallar, üçüncü şəxslərin hərəkət/hərəkətsizliyi və s.) görə, hazırkı müqavilənin əlavələrindən kənaraçıxmalara (o cümlədən gecikmələrə) yol verərsə, bu öhdəliyin tam və layiqincə icra olunmaması hesab olunacaqdır. İcraçı istənilən halda sifarişçidən layiqincə, tam və zamanında icra olunmamış öhdəlik üçün xidmət haqqı tələb edə bilməz. Cavabdeh tərəfindən maddi sübut qismində flaş diskdə məhkəməyə tərəflər arasındakı vatsap proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalar (görüntü və səsli olaraq) təqdim edilmiş, iddiaçı tərəf həmin yazışmaların həqiqiliyini mübahisələndirməmişdir. İddiaçı tərəfindən icraçı direktor olduğu qeyd edilən Nərgiz adlı xanımla cavabdeh tərəfindən Vəfa adlı xanım arasında gedən həmin danışıqlardan görünür ki, iddiaçının əməkdaşı müqaviləyə əsasən ödənişin həyata keçirilməsini tələb etmiş, cavabdehin nümayəndəsi isə media planın təqdim edilməsini xahiş etmişdir. Nərgiz xanım media planın təqdim edilməli olduğu ilə razılaşaraq media planın ilkin variantını göndərir və yekun variant üçün nümunə göndərilməsini xahiş edir. Bundan sonra cavabdehin əməkdaşı əvvəlki danışıqlara və iddiaçının təqdimatına istinad edərək qeyd edir ki, razılaşmaya əsasən serial 4-cü gün saat 21-30-da yayınlanmalı olduğu halda, qarşı tərəfin təqdim etdiyi media planın təsdiq edilməmiş ilkin variantında yayın vaxtı 22-45 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərgiz xanım bildirir ki, "ATV” kanalından yayının 22-30-da olacağı bildirilmişdir. Yayın vaxtının cavabdeh üçün bu qədər əhəmiyyətli olacağını bilmirdilər. Yayın vaxtını təyin etmək onlardan yox, kanaldan asılı olan məsələdir. Lakin çalışırlar ki, vaxt məsələsini həll edib yekun media planı göndərsinlər. Buna cavab olaraq Vəfa xanim bildirir ki, rəhbərlik bu məsələnin bu qədər uzanmasından narahatdır. Media planın razılaşdırılmış qaydada, yəni serialın saat 21-30-da yayınlanması şərti ilə təsdiq edilərək təqdim edilməsi üçün aprel ayının 10-dək vaxt müəyyən edilir, əgər bu vaxtadək bu qaydada təqdim edilməzdə baş sponsor olmaqdan imtina edəcəklər. Flaş diskdə eyni zamanda iddiaçının qarşı tərəfə təqdim etdiyi təqdimat öz əksini tapmış, həmin təqdimatda həqiqətən serialın 4-cü gün saat 21-30-da yayınlanacağı qeyd edilmişdir. Müqaviləyə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolunun” 3-cü bəndində qeyd edilir ki, icraçı xidmətin icrasını hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq və tərəflərin rəsmi qaydada təsdiq etdikləri media plan əsasında həyata keçirəcəkdir. Qeyd edilən şərtdən görünür ki, yalnız media plan təsdiq edildikdən sonra iddiaçının göstərəcəyi reklam xidməti ilə bağlı bütün standart şərtlər razılaşdırılmış hesab olunacaqdır”.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sübuta əsasən müəyyən etmişdir ki, iddiaçının göstərəcəyi reklam xidməti ilə əlaqədar qarşı tərəfə təqdim etdiyi təqdimatda öz əksini tapmış şərtlərdən fərqli şərtlərlə media plan təqdim edildiyindən sifarişçi müqavilədən imtina etməyə haqlı olmuşdur.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, reklamının hansı saatda yayınlanacağı sponsor üçün mühüm şərt olduğundan (daha gec saatlarda yayımlanan serialın daha az izləyici tərəfindən izlənməsi ehtimalı nəzərə alınaraq) iddiaçının əvvəlcədən təklif edilmiş saatı dəyişdirməklə media plan təqdim etməsi müqavilənin ləğvinin əsaslı səbəbi kimi qiymətləndirilə bilər.

24. Apellyasiya kollegiyası vurğulamışdır ki, müqavilə şərtlərinə əsasən, iddiaçı media plan təsdiq edildikdən sonra sifarişçiyə reklam xidməti göstərməli olmadığından və faktiki olaraq reklam xidməti göstərilmədiyindən sifarişçidən hər hansı ödəniş tələb etməyə haqlı deyil. İddiaçının təqdim etdiyi video diskdəki serialın bölümlərində yayınlanmalı olan reklam çəkilişləri bağlı kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən yayına verilməmiş reklam çəkilişlərinə sifarişçinin hər hansı marağı olmadığından və cavabdehin məhsullarının reklamını serialın yayını zamanı digər şirkət həyata keçirdiyindən həmin çəkilişlərə görə müqavilə qiymətinin tam ödənilməsi barədə iddiaçının tələbi əsassızdır.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 11.1-ci, 404.1-ci, 404.2-ci, 417.1-ci, 418.1-ci, 418.2-ci, 421.1-ci, 421.3-cü, 424.2-ci, 424.5-ci, 752.1-ci, 759.1-ci, 759.2-ci, “Reklam haqqında” Qanunun 1.1-ci, 2-ci, 3-cü, 13.2-ci, 13.6cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Kassasiya instansiyası məhkəməsindəki icraat

26. Qətnamədən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, onlara məcmu halda qiymət verməmiş, iddiaçı tərəfindən müqavilə üzrə icra edilməli olan öhdəliklərin vaxtında və tam şəkildə icra edildiyi, lakin cavabdehin heç bir əsas olmadan müqaviləni ləğv etməklə iddiaçının hüquqlarını pozduğu və öz öhdəliklərinin icrasından yayındığı iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, bu sübutlara əhəmiyyət verməyərək qanunsuz qətnamə çıxarmış, müəyyən etdiyi faktları şərh etməmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 12 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

28.2. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. 28.3. Məhkəmə kollegiyası razılaşır ki, tərəflər arasında bağlanmış müqavilə "Xidmət müqaviləsi” adlandırılsa da, həmin müqavilə ilə iddiaçı müəyyən işlərin görülərək cavabdehə təhvil vermək, cavabdeh isə görülmüş işlərə görə muzd ödəmək öhdəliklərini üzərilərinə götürdüklərindən, mübahisə podrat münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə həll edilməlidir. 28.4. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, müqavilənin şərtlərinə (8.2-ci bəndinə) əsasən cavabdehin bu müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ verilmiş və o, həmin hüququndan istifadə edərək, iddiaçını qabaqcadan yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermişdir. 28.5. Lakin hazırkı mübahisə müqavilənin ləğvi nəticəsində iddiaçıya vurulmuş ziyanla bağlıdır. Belə ki, iddiaçı müqaviləyə xitam verilənədək öhdəliklərini icra etdiyinə istinad etməklə, müqavilə üzrə nəzərdə tutulan muzdun ona ödənilməsini tələb etmişdir. 28.6. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçının göstərməli olduğu reklam xarakterli işlər müqavilənin şərtlərinə uyğun icra edilmədiyindən ("Ofis işi” serialının yayımlanma saatları razılaşdırılan vaxtdan gec saatlarda yayımlanması nəzərdə tutulduğundan), habelə cavabdehin görülmüş işdə marağı qalmadığından iddiaçının cavabdehdən ödəniş tələb etməsi əsassız olmuşdur. 28.7. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bu hissədə razılaşmır. 28.8. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinin ikinci cümləsinə görə müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hazırkı iş üzrə tərəflərin arasında bağlanmış müqavilədə və ona əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”nda müqavilənin predmeti olan reklam xarakterli məhsulun hansı saatlarda yayımlanacağı müqavilənin mühüm şərti kimi bilavasitə razılaşdırılmamış, həmçinin bunun mühüm şərt olması "Reklam haqqında” Qanunda və Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Halbuki, yayımın saatı cavabdeh üçün əhəmiyyətli olmaqla, müqavilənin mühüm şərti olduğu halda Məcəllənin 401.1-ci maddəsinə əsasən bu tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi. Tərəflərin əməkdaşları arasında aparılan telefon danışıqlarında yayımın saatı barədə müzakirələrin aparılması, o cümlədən cavabdehin əməkdaşının saatın dəyişməsindən cavabdeh MMC-nin rəhbərliyinin narahat olmasını bildirməsi, serialın yayımlanma saatlarının müqavilənin mühüm şərti olması anlamına gətirilməsini apellyasiya məhkəməsi müvafiq maddi hüquq normaları ilə əsaslandırmamışdır. 28.9. Digər tərəfdən, 2022-ci il 02 mart tarixli müqaviləyə əlavə olan “X2”nda iddiaçı üzərinə "Ofis işi” serialında 11 bənd üzrə öhdəliklər götürmüşdür. Lakin həmin bəndlərin heç birində ATV kanalının günlük media planının təsdiq edilməsinin iddiaçı tərəfindən öhdəlik kimi üzərinə götürməsi qeyd olunmamışdır. Belə ki, "ATV” telekanalı ("Azad Azərbaycan” MTRK) müstəqil hüquqi şəxs olmaqla, müqavilənin tərəfi olmamış və iddiaçı sonuncunun fəaliyyəti ilə bağlı üzərinə hər hansı bir öhdəlik götürmək imkanında da olmamışdır. 28.10.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi müqavilənin podratçı olan iddiaçının bilavasitə hərəkətləri nəticəsində baş verən səbəbə görə xitam verildiyinə və cavabdehin görülən işlərdə marağı qalmadığına görə, onun yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ olmaması nəticəsinə gəlməklə, Mülki Məcəllənin 759.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin normanın şərtinə əsasən sifarişçi görülən işlərin haqqını ödəməkdən imtina üçün: sifarişçi müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya belə hərəkətlərlə bağlı olan səbəblərə görə xitam verməli; sifarişçinin podratçı tərəfindən görülən işlərdə marağı qalmamalıdır. 28.11. Hazırkı işdə isə qeyd olunan normanın birinci şərtinin mövcudluğuna apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun hüquqi qiymət verilməmişdir. 28.12.Həmçinin, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən görülən işlərin mahiyyətini də nəzərə almamışdır. Belə ki, müqaviləyə görə cavabdehin sponsorluğu ilə bağlı reklam xarakterli məlumatlar "Ofis işi” serialında yayımlanmalıdır. Bəllidir ki, televiziya serialının çəkilməsi böyük insan və vaxt resurslarını tələb edir. 28.13.İddiaçı iddia edir ki, müqavilə üzrə işlər onun tərəfindən görülmüş, serialda cavabdehlə bağlı reklam spotları yer almışdır. 28.14.Lakin serialın yayımlanması 23 aprel 2022-ci il tarixdə nəzərdə tutulduğu halda, cavabdeh müqaviləyə 18 aprel 2022-ci il tarixdən xitam vermişdir. Apellyasiya məhkəməsi cavabdehin görülən işdə marağının qalmamasını göstərsə də, iddiaçının müqaviləyə xitam verildiyi tarixdən sonrakı qısa müddət ərzində serialda müvafiq dəyişikliklərin mümkünlüyünü, serialın yayıma verilərkən reklam xarakterli səhnələrin, anonsların və TV bantların qalıb-qalmamasını, qaldığı halda serialın neçə bölümündə olmasını, həmin bölümlərin hansı tarixlərdə yayımlanmasını araşdırmamışdır. 28.15.Qeyd olunmalıdır ki, “X2”na əsasən müqavilə üzrə ümumi məbləğ (ƏDV daxil) 63 720 manat, aylıq 21 240 manat nəzərdə tutulmuşdur. 28.16.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, serialın müqaviləyə xitam verildiyi tarixədək çəkilmiş bölümlərdə müqavilə üzrə göstərilən öhdəliklərini yerinə yetirdiyi və müqavilənin ləğvindən sonra reklam xarakterli məlumatlar yayıldığı halda, cavabdehin görülən işlərə münasibətdə öhdəliyin icrasından imtinası hüquqdan suiistifadə kimi qiymətləndirilə bilər. 28.17.Bu səbəbdən ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaya Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələblərinə uyğun da hüquqi qiymət verilməlidir. 28.18.Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 28.19.Apellyasiya məhkəməsi tərəfindən iddiaçının podrat müqaviləsinə xitam verildiyi tarixədək gördüyü işlərin dəyərini tələb etmək hüququna malik olmaması qənaətinə gəlməklə, maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

Apellyasiya şikayətinə qarşı etiraz

29. Cavabdehin direktoru apellyasiya şikayətinə qarşı aşağıdakı məzmunda yazılı etiraz göndərmişdir: “...Ali Məhkəmənin Kommersiya kollegiyasının hüquqi əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, Ali məhkəmə hüquqi əsaslandırma zamanı Mülki Məcəllənin 405.1-ci maddəsinin ikinci cümləsinə istinad etmişdir. Həmin normaya əsasən, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hazırkı iş üzrə tərəflərin arasında bağlanmış müqavilədə və ona əlavə olan Qiymətlərin razılaşdırılması protokolunda müqavilənin predmeti olan reklam xarakterli məhsulun hansı saatlarda yayımlanacağı müqavilənin mühüm şərti kimi bilavasitə razılaşdırılmamış, həmçinin bunun mühüm şərt olması “Reklam haqqında” Qanunda və Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Halbuki, yayımın saatı cavabdeh üçün əhəmiyyətli olmaqla, müqavilənin mühüm şərti olduğu halda Məcəllənin 405.1-ci maddəsinə əsasən bu tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi. Məsələ ilə bağlı bildirmək istərdik ki, sözügedən maddənin tam halına görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. İddiaçı ilə cavabdeh arasındakı münasibətlər də özündə iddiaçının göstərəcəyi xidməti hərtəfərli əks etdirən (serialın efirə veriləcəyi günlər və saatlar da daxil olmaqla) təqdimata əsaslanan müqavilə ilə başlamışdır. Və həmin təqdimatda qeyd olunan efir vaxtı qiymət razılaşma protokolunda da qeyd edildiyi kimi, müqavilənin əlavəsi olan və ayrılmaz tərkib hissəsi sayılan media planda göstərilməli idi. Göründüyü kimi, nəinki qiymət razılaşma protokolu, həmçinin media plan da müqavilənin ayrılmaz tərkib hissəsidir. Bildiyimiz qədəriylə, Mülki Məcəllədə müqavilənin mühüm şərtlərinin müqavilənin tərkib hissəsi sayılan əlavələrində göstərilməsini qadağan edən və ya buna məhdudiyyət qoyan hər hansı norma mövcud deyildir. Həmçinin müqavilənin əlavələrinin onun tərkib hissəsi olmaması, əlavəyə aid olduğu müqavilədən ayrı baxılması və ya əlavənin müqavilə hesab olunmaması ilə bağlı da heç bir müddəa yoxdur. Çünki müqavilə onun bütün əlavələri ilə birlikdə tam bir sənəd sayılır və ona yalnız belə halda onu düzgün təfsir etmək və ona düzgün hüquqi qiymət vermək olar. Xüsusən vurğulamaq istədik ki, Mülki Məcəllədə də əks olunan bəzi tip müqavilələr var ki, onların predmeti müqavilənin birbaşa özündə deyil, əlavəsi(ləri)ndə göstərilir. Məs.: əşyaların nisyə satışı üzrə alqı-satqı müqavilələri və bankların vəsait ayırması ilə bağlı kredit müqavilələri üzrə ödəniş müqavilənin mühüm şərti olsa da, o, müəyyən qrafik üzrə aparılaraq ayrıca cədvəl şəklində müqavilənin əlavəsində göstərilir. Digər bir misal, podrat müqaviləsi üzrə müzd, işin smetası və icra qrafiki də müqavilənin mühüm şərti olsa da, eyni qayda ilə müqavilənin əlavəsində göstərilir. Məsələyə Ali məhkəmənin hüquqi əsaslandırmasında bildirdiyi prizmadan yanaşsaq, gərək ölkədə bağlanmış əlavələri olan bütün müqavilələr (xüsusən kredit müqavilələri) mühüm şərtləri birbaşa müqavilədə deyil, əlavələrində göstərilməsi səbəbindən etibarsız hesab olunsun. Bu isə özlüyündə yeni və əsassız-qanunsuz presidentin yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək istərdik ki, MM-in 404-cü maddəsinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məcəllənin 417.1-ci maddəsinə əsasən isə, Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Bu Məcəllənin 418.1 -ci maddəsinə görə, Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Məcəllənin 441 -ci maddəsinə görə isə, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 447.4-cü maddəsinə görə isə, müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər”.

Təkrar apellyasiya baxışı, izahatlar

30. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

33. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

39. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

42. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

43. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

44. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

45. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

49. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

50. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

51. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

52. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

53. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

54. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

55. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

56. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

57. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

58. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu

59. Maddə 2.0.1. Reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.

60. Maddə 2.0.5. reklamverici – reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxsdir.

61. Maddə 2.0.6. reklam yaradıcısı – reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxsdir.

62. Maddə 2.0.7. reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxsdir.

63. Maddə 2.0.8. reklam agenti – reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxsdir.

64. Maddə 2.0.9. reklam yayıcısı – reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir.

65. Maddə 13.2. Sponsor reklamı - şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır.

66. Maddə 13.6. Sponsor reklamı sponsorla reklam istehsalçısı, reklam agenti və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) təqdim olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

70. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

75. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

78. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

80. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

81. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

82. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

83. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

84. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

85. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 40, 41).

86. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

87. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 50-58) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

88. Podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir.

89. Mülki Məcəllənin 762.2-ci maddəsinin (§ 54) məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.

90. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.

91. Göstərilən yanaşmaları əsas götürərək kollegiya hesab edir ki, qüsurun müəyyən edilməsi üçün müqavilənin şərtləri, eləcə də tərəflərin məqsədi və gözlədikləri hüquqi nəticələr araşdırılmalıdır.

92. İşin hallarından görünür ki,cavabdeh tərəfindən müqavilənin ləğvinə dair bildirişin verilməsinə səbəb, serialın həftə içi İV gün saat 21:30-da yayımlanacağı ilə bağlı media-planın təqdim edilməməsi olmuş, cavabdeh bu halı müqavilə öhdəliyinin iddiaçı tərəfindən pozuntusu olaraq qiymətləndirmişdir.

93. Halbuki, kassasiya instansiyası məhkəməsinin də vurğuladğı kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə iddiaçının günlük media planını təsdiq etmək öhdəliyi nəzərdə tutulmamış, habelə, hazırkı işin halları baxımından müqavilənin mühüm şərti sayıla biləcək “serialın yayımlanma saatları ilə bağlı razılaşma (şərt)” təsbit olunmamışdır. Hansı ki, cavabdeh, yayımın saatını müqavilənin mühüm şərti hesab edirdisə, bu xüsusat tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi.

94. Digər tərəfdən, “Kontakt home” mağazasının ("xxxx" MMC) sifarişi ilə "xxxx" MMC və Şahid2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli R-01012022/10 nömrəli müqavilədə müxtəlif anlayışların izahı verilmiş, "xxxx" MMC və Şahid1 MTRK - “reklam yayıcısı”; Şahid2 MMC – “reklam satıcısı”; reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs ("xxxx" MMC) – “reklam sifarişçisi”; reklam məhsullarının yayıma buraxılması üçün əmtəə nişanı, tarix, vaxt, xronometraj və s. mütləq göstəricilərin cədvəlini əks etdirən rəsmi sənəd – “Media-plan”; reklam məhsulunu televiziya və radio efirində yerləşdirilməsi üçün reklam məhsulunun adı, əmtəə nişanı, yerləşdirmə şərtləri, məbləği və s. mütləq göstəriciləri özündə əks etdirən və “Reklam satıcısı” ilə “Reklam sifarişçisi” arasında razılaşdırılmış və təsdiq edilmiş rəsmi sənəd (media-plan və ya brift) – “Sifariş” olaraq definisya olunmuşdur.

95. Göründüyü kimi media-plan, reklam satıcısı qismində Şahid2 MMC ilə reklam sifarişçisi qismində "xxxx" MMC arasında razılaşdırılması (təsdiq edilməsi) mümkün olan rəsmi sənəddir və həmin sənədin tərtib olunmamasına görə iddiaçının məsuliyyət daşıyacağı nəzərdə tutulmamışdır.

96. Beləliklə, tərəflər arasında bağlanmış xidmət müqaviləsini və onun tərkib hissəsi olan əlavəni, eləcə də “Kontakt home” mağazasının ("xxxx" MMC) sifarişi ilə "xxxx" MMC və Şahid2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləni təhlil edən kollegiya hesab edir ki, tərəflər serialın yayımlanma saatlarını, həmçinin iddiaçının media-plan adlandırılan sənədi hazırlamaq öhdəliyi götürdüyünü razılaşdırmamışlar.

97. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 32) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

98. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan subyektlər olaraq müqavilənin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görüləcək işin keyfiyyəti, yaxud spesifik xüsusiyyətləri ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.

99. Həmin ümumi qaydalara görə tərəflər keyfiyyəti şərtləşdirmədikdə (§ 54), görülən işin qüsursuz sayılması üçün podratın nəticəsi müqaviləyə uyğun istifadə oluna bilməli və ya adi istifadə üçün yararlı olmalıdır. Eyni zamanda, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

100. Şərh olunan meyara əsasən cavabdeh, yuxarıda göstərilən hallardan birini sübut etməlidir – hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.

101. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

102. Məhkəmə kollegiyası işin materiallarını təhlil edərək hesab edir ki, cavabdeh yuxarıdakı meyara uyğun olaraq qüsur halını sübuta yetirə bilməmişdir.

103. Başqa sözlə, cavabdehin görülən işlərin haqqını ödəməkdən imtina üçün əsası olmamışdır – çünki belə əsasın mövcudluğu üçün, sifarişçi müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya belə hərəkətlərlə bağlı olan səbəblərə görə xitam verməli; sifarişçinin podratçı tərəfindən görülən işlərdə marağı qalmamalıdır (§ 52).

104. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, İddiaçı MMC tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində 23 aprel 2022-ci il tarixindən yayımlanmağa başlanmış, "xxxx" MMC müqavilənin ləğvinə dair xx.xx.2022-ci il tarixdə bildiriş ünvanlasa da, 21 may 2022-ci il tarixində saat 22:22:37-də “Kontakt Home” ("xxxx" MMC) brendinə aid 15 saniyəlik video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında, 04 iyun 2022-ci il tarixində 22:33:29-da “Kontakt home” brendinə aid 60 saniyəlik TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialında yerləşdirilmişdir.

105. Qeyd olunmalıdır ki, televiziya serialının çəkilməsi böyük insan və vaxt resurslarını tələb edir, cavabdehin müqaviləyə xitam verdiyi tarixdən sonrakı qısa müddət ərzində serialda müvafiq dəyişikliklər aparılması, reklam xarakterli səhnələrin, anonsların və TV bantların yeniləri ilə əvəzlənməsi üçün də kifayət qədər xərcin çəkilməsi qaçınılmazdır.

106. Həmçinin müəyyən edilən odur ki, iddiaçı serialın bütün bölümlərinin və bölümlərdə müqavilə üzrə yer almalı olan reklam xarakterli məlumatların çəkilməsini həyata keçirmiş, lakin cavabdeh müqaviləyə serialın yayınlanmağa başlanılmasına 5 gün qalmış xitam verəcəyini bildirmişdir – bu hal isə, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, cavabdehin hüquqdan sui-istifadəsi olaraq qiymətləndirilməlidir.

107. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, xx.xx.2022-ci il tarixli 01/133 saylı müqavilə üzrə ödəməli olduğu 63 720 (altmış üç min yeddi yüz iyirmi) manat xidmət haqqı (ƏDV daxil olmaqla) Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

108. Kollegiya iddiaçının, “400 manat mediasiya xərcinin və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulub ona ödənilməsi” tələbini də əsaslı hesab edir; belə ki, iddiaçının həmin xərcləri çəkdiyi təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.

109. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

110. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMC-nin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2024 saylı iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin "xxxx" MMC-nə qarşı “borcun, habelə mediasiya və hüquqi yardım xərcinin ödənilməsi” tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli 01/133 saylı müqavilə üzrə ödəməli olduğu ƏDV daxil olmaqla 63 720 (altmış üç min yeddi yüz iyirmi) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci və 800 (səkkiz yüz) manat məbləğində hüquqi yardım xərci olmaqla cəmi 64 920 (altmış dörd min doqquz yüz iyirmi) manat Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-nə ödənilsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 (yüz qırx bir) manat Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Sabit Bəhrəmzadə

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar