Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-191/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icra edilməsi, pul tələbi, alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5729/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İcraçı İddiaçı MMC və Sifarişçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi arasında bağlanmış 19 may 2020-ci il tarixli, 01190520 nömrəli Xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, Sifarişçi isə bu ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barədə öhdəlik götürür, 1.2-ci bəndinə əsasən, mallar və xidmətlərin təsviri, miqdarı, keyfiyyət tələbləri, qiymətlər, çatdırılma və ya yerinə yetirilmə şərləri və müddəti, malların və xidmətlərin alış sifarişi üzrə tədarükünə dair digər təfsilatlar tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış sifarişində əksini tapır. 1.3-cü bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqaviləyə xitam verilənədək tərtib edilmiş qaimə-fakturaların hesablanmış ümumi dəyərindən ibarətdir. Hesab-Faktura tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymət təklifinə uyğun olaraq həmin günün AR Mərkəzi Bankının məzənnəsinə əsasən AZN ilə təqdim ediləcəkdir. 2.1-ci bəndinə əsasən, təchiz edilmiş mallar və göstərilmiş xidmətlərin yoxlanılmasından sonra tərəflər malın keyfiyyəti və miqdarına dair məlumatın əksini tapdığı “təhvil-təslim aktı” imzalayacaqlar. 2.4-cü bəndinə əsasən, malın alış sifarişi əsasında müvafiq sənədlərlə birlikdə Sifarişçiyə çatdırılmasından sonra mala zərər dəyməsi və ya itirilməsi ilə bağlı risk Sifarişçiyə keçir. 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olma müddətində icraçının sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanır. 4.1-ci bəndinə əsasən hazırkı müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər və ya 1 (bir) il müddətinə qüvvədə sayılır.
2. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təqdim edilmiş EBBO seriyalı 158757 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 40,12 manat, EBBT seriyalı 428561 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 1.262,60 manat, EBBT seriyalı 903625 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 516,84 manat, EBBV seriyalı 244255 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 160,48 manat, EBCB seriyalı 708928 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 1.263,78 manat, EBCC seriyalı 951930 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 206,50 manat təşkil etmişdir. Qeyd edilən elektron qaimələrin hər biri proqram təminatl tərəfindən təsdiq olunmuşdur.
3. xx.xx.2022-ci il tarixli, ******* saylı razılaşma protokolu əsasında 19 may 2020-ci il tarixli, 01190520 nömrəli müqavilə üzrə dəyəri malların yekun məbləği 206,50 manat olan, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 1263.78 manat, xx.xx.2021-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 40.12 manat, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 1262.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında yekun məbləğ 516.84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı razılaşma protokolu əsasında isə yekun məbləğ 160.48 manat təşkil etmişdir. Qeyd edilən razılaşdırma protokolları birtərəfli qaydada – yalnız iddiaçı tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2022-ci il tarixli hesab faktura (qaimə) üzrə malların dəyəri 1070 manat, xx.xx.2022-ci il tarixli faktura üzrə malların dəyəri 136 manat, xx.xx.2022-ci il tarixli hesabfaktura əsasında malların dəyəri 1071 manat, xx.xx.2022-ci il tarixli hesab-faktura əsasında malların dəyəri 175 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli fakturada malların ayrı-ayrılıqda adları və qiymətlləri göstərilsə də yekun məbləğ qeyd olunmamışdır. Qeyd edilən fakturalarda göndərən qrafasında “Dərnəgül” yaxud “Xocasən” adları qeyd olunmuşdur.
5. “Bank Respublika" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli 019/2338 nömrəli məktubdan görünür ki, İddiaçı MMC-nin hesabına “Azərterminalkompleks” Birliyi tərəfindən 2022-ci il ərzində 10 dəfə olmaqla, ümumilikdə 5600 manat vəsait daxil olmuşdur. Vəsaitlər məktubda göstərilən tarix və məbləğlərdə olmaqla nağdsız olaraq hesaba daxil olmuşdur.
6. ********** nömrəli 23 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 88,23 manat dövlət rüsumu ödənilmişdir.
7. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, EM-1937VK- 2608/24 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3 450.32 manat, illik gecildirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 371.03 manat, sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1%-i həcmində cərimə ödənişi olaraq 2701.33 manat, hüquqi yardımın göstərilməsinə görə 300 manat, 88.23 manat dövlət rüsumunun, ümumilikdə 6910.91 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi arasında 19 may 2020-ci il tarixli, 01190520 nömrəli Xidmət Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya Xidmətləri tədarük etmək, Sifarişçi isə bu ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barədə öhdəlik götürür. Müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, İcraçı 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1%-i həcmində cərimə ödənilməsini Sifarişçidən tələb edir. Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, Müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olma müddətində icraçının Sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanır. Tərəflər arasında imzalanmış elektron-qaimələrə əsasən aşağıda dəyəri qeyd olunmuş Mallar və göstərilmiş Xidmətlər İcraçı tərəfindən Sifarişçiyə təhvil verilmiş və Sifarişçi tərəfindən təhvil alınmışdır: 1. 14 dekabr 2021-ci il tarixli, EBBO seriyalı, 158757 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 34.00 manat, ƏDV 6.12 olmaqla, ümumilikdə 40.12 manat, 2. 28 mart 2022-ci il tarixli, EBBT seriyalı, 428561 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 1.070.00 manat, ƏDV 192.60 olmaqla, ümumilikdə 1 262.60 manat, 3. 04 aprel 2022-ci il tarixli, EBBT seriyalı, 903625 №-li elektron qaiməyə əsasən əsas məbləğ 438.00 manat, ƏDV 78.84 manat olmaqla, ümumilikdə 516.84 manat, 4. 27 aprel 2022-ci il tarixli EBBV seriyalı, 244255 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 136.00 manat, ƏDV 24.48 manat olmaqla, ümumilikdə 160.48 manat; 5. 10 avqust 2022-ci il tarixli, EBCB seriyalı, 708928 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 1.071.00 manat, ƏDV 192.78 manat olmaqla, ümumilikdə 1 263.78 manat; 6. 01 sentyabr 2022-ci il tarixli, EBCC seriyalı, 951930 №-li elektron-qaiməyə əsasən əsas məbləğ 175.00 manat, ƏDV 31.50 manat olmaqla, ümumilikdə 206.50 manat. 3 450.32 manat dəyərində borc məbləği Sifarişçi tərəfindən İcraçıya bu günədək ödənilməmiş və Sifarişçi tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Həmçinin, 12 may 2023-cü il tarixli, ******* №-li və 15 fevral 2024-cü il tarixli ******* №-li məktublarla borcun ödənilməsi tələbi ilə müraciət olunmasına baxmayaraq, bugünkü günədək cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5729/2024 saylı qərardadı ilə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.
12. Etiraz onunla əsaslandırmışdır ki, müqavilənin 1-ci bəndinin şərtləri yerinə yetirilməyərək sifarişçi və icraçı arasında qarşılıqlı şəkildə malların alış sifarişi və qiyməti razılaşdırılmamış, müvafiq qaydada tərəflər arasında təsdiq edilməmişdir. Sifarişçiyə tədarük edilən malların dəyərinin ödənilməsi İcraçı və Sifarişçi arasında xx.xx.2020-ci il tarixli 01190520 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Alış sifarişinə əsasən həyata keçirilməlidir. Sözügedən müqavilənin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müqavilənin X1 müvafiq qaydada tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməmiş, bununla da, satılan malların dəyəri razılaşdırılmamışdır. Cərimə məbləği ilə bağlı qeyd edilmişdir ki, 19 may 2020-ci il tarixli, 01190520 nömrəli müqavilədə illik 5% həcmində cərimə faizlərinin, hər hansı bir dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. İcraçı tərəfindən tədarük edilən malların qiyməti və digər təfsilatları tərəflər arasında razılaşdırılmamış, bununla da nəzərdə tutulmuş ödəmə şərtləri təsdiq edilməmişdir. Bu səbəbdən 0.1 faiz həcmində cərimənin hesablanması əsassızdır. Həmçinin qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə olunan sənədlərdə Birliyin nümayəndəsinin malları təhvil alması barədə sənədləri müqavilənin şərtlərinə və müddəalarına uyğun tərtib edilməmiş, həmin sənədlərdə malların razılaşdırılmış dəyəri göstərilməmişdir.
13. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim etmiş, etirazda 19 may 2020-ci il tarixli, 01190520 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçı qarşısında öhdəlik götürmədiyini, onun iddiaya cavab verməli şəxs olmadığını, cavabdehin onun tabeliyində olan qurumların bağladıqları müqavilələrə görə məsuliyyət daşımadığını qeyd etmiş və İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5729/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdehin İddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı hazırkı mübahisə tərəflər arasında bağlanmış 19 may 2020ci il tarixli, 01190520 nömrəli müqavilədən irəli gəlir. Belə ki, həmin müqavilə əsasında İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya xidmətləri təqdim etməyi, Sifarişçi isə Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı 19 may 2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 6 elektron qaimə əsasında ödəniş edilmədiyini iddia edərək ümumilikdə 3450.32 manat məbləğində pulun ödənilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə İddiaçı tərəfindən iddia edilən mallara dair tərəflər arasında razılıq olmadığını, qeyd edilən adda, məbləğdə malların Cavabdeh tərəfindən təhvil alınmadığı üçün iddia tələbinin əsassız olduğunu bildirir. xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərində tərəflər, mallar və xidmətlərin miqdarı və qiymətinin tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış sifarişində əks olunması (1.2), təchiz edilmiş mallar və göstərilmiş xidmətlərin yoxlanılmasından sonra tərəflər arasında “təhvil-təslim aktı”nın imzalanacağı (2.1), malın alış sifarişi əsasında müvafiq sənədlərlə birlikdə Sifarişçiyə çatdırılması (2.4), müqavilənin ümumi dəyərinin İcraçının Sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanacağı (3.1), Hesab-Faktura tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymət təklifinə uyğun olacağı barədə razılığa gəlmişlər. Belə ki, İddiaçı sözügedən müqavilə üzrə təhvil verdiyinə istinad etdiyi malların dəyərini tələb etdiyindən, Cavabdeh isə həmin mallara dair tərəflər arasında razılaşma əldə olunmadığını bildirdiyindən, AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə malların təhvil verilməsini sübut etmək vəzifəsi İddiaçının üzərinə düşür. Lakin İddiaçı dəyəri 3450.32 manat təşkil edən mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Alış sifarişi, təhvil-təslim aktları və müvafiq fakturaları) məhkəməyə təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. Elektron qaimələr ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin qaimələrin avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, həmin elektron-qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə təqdim edilmiş digər sübutlarla birlikdə təhlil edilməlidir. İş materiallarına əlavə edilən razılaşma protokollarına münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlər birtərəfli qaydada İddiaçı tərəfindən imzalanaraq təsdiq edildiyindən, Cavabdeh isə həmin malları sifariş etmədiyini bildirdiyindən həmin razılaşma protokolları Cavabdeh tərəfindən malın sifariş edilməsi faktını təsdiq etmək üçün kifayət etmir. Əlavə olaraq məhkəmə iclasında İddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq tərəflər arasında formalaşmış işgüzar adətlərə əsasən sifarişin şifahi formada verildiyini bildirmişdir. İddiaçının malların təhvil verilməsinə dair istinad etdiyi hesab-fakturalar ilə bağlı məhkəmə qeyd edir ki, həmin sənədlərdə malı təhvil verən və təhvil alan şəxslərin adları qeyd olunmamış, “kimdən” qrafasında İddiaçının adı deyil, “Dərnəgül” yaxud “Xocasən” adları qeyd edilmiş, sonuncuların isə "xxxx" MMC-yə aidiyyəti məhkəmə tərəfindən müəyyən olunmamışdır.
16. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 163, 385.1, 386.1, 398.1, 399.1, 442.1, 467, 567, 577, 579, 581.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5729/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərterminalkompleks Birliyi arasında bağlanmış 19 may 2020-ci il tarixli, 01190520 saylı Müqavilə əsasında 2020-ci ildən 2022-ci il tarixinədək tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən Azərterminalkompleks Birliyinin əməkdaşı olan X4 üzrə şifahi qaydada telefonla əlaqə saxlayaraq malları sifariş etmiş və mallar hazırlanmış, daha sonra isə buna müvafiq olaraq malların sifariş sənədləri və təhviltəslim aktları tərəfimizdən imzalanaraq qarşı tərəfə göndərilmiş daha sonra isə həmin sənədlərin bir nüsxəsi onlar tərəfindən imzalanaraq Flitstok MMC-yə qaytarılırdı. Tərəflər arasında aparılan əməliyyatlara diqqət etsək görürük ki, tərəflər arasında 22 dəfə eqamilərə imza atılmaqla mal təslim edilib və 21 dəfəsinin pulu ödənilmişdir.Yalnız bir qaimənin – 14 dekabr 2021-ci il tarixli, 158757 saylı qaimənin pulu ödənilməmişdir. Hansı ki, həmin e-qaimədə də digərləri kimi “təhvil verdim” və “təhvil aldım” xanasında tərəflərin təhvil-təslim etdiyi görünür. Həmçinin 2022-ci ildə də analoji qaydada 15 dəfə e-qaimə ilə mal təslim edilmiş və 10 dəfəsində e-qaimələrin dəyəri ödənilmiş, lakin hazırkı iş üzrə mübahisə predmeti olan 5 e-qaimənin ödənişi həyata keçirilməmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsində tərəflər arasında bağlanmış Müqaviləyə istinad edərək qeyd edir ki, tərəflər arasında sifariş tərtib edilməli və müvafiq təhvil-təslim aktı imzalanmalıdır. Məhkəmənin qeyd edilən mövqeyi iddianın rəddi üçün əsas deyil. Əvvəla qeyd etmək istərdik ki, iddia tələbində göstərilən və ödənilməsi tələb edilən 6 ədəd e-qaimədə təhvil alınma və təhvil verilmə ilə bağlı imzalar mövcuddur. Yəni Məhkəmənin malların təhvil-təsliminə ilişkin formal-hərfi mənadan yanaşaraq forma olaraq Təhvil-təslim Aktı olmadığına görə malların təhvil verilmədiyi qənaətinə gəlməsi əsassızdır. Digər tərəfdən Məhkəmə öz qətnaməsində qeyd edir ki, tərəfimizdən təqdim edilən anbar sənədi olan hesab-fakturalar malı təhvil verən və təhvil alan şəxslərin adları qeyd edilmədiyindən həmin hesab-fakturaların iddiaçıya aidiyyəti sübut olunmamışdır. Məhkəmə yenə təqdim edilən sübutlara-hesab-fakturalar formal yanaşmış, sübutları hərətərəfli təqdim etməmişdir. Belə ki, həmin hesab-fakturalar və e-qaimələr tutuşdurulduqda aydın olur ki, e-qaimələr və hesab-fakturalarda (əsas borc məbləği ədv-siz) ödənilməli məbləğlər eynidir. Eyni zamanda e-qaimə və hesab-fakturalarda təqdim edilən malların eyni mal olduğu məhkəmənin nədənsə diqqətindən qaçmış və həmin hesab-fakturaları sübut kimi qiymətləndirə bilməmişdir. Bütün yuxarıda qeyd edilən nüanslar iddianın əsasız olaraq təmin edilmədiyini deməyə əsas verir. Məhkəmə tərəflər arasında olan işgüzar münasibətləri, işin hallarını müqavilə üzrə hərəkətləri nəzərə almadan sübutları formallıq nöqteyi nəzərindən dəyərləndirmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
20. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Qətnamə İddiaçı MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı hazırkı mübahisə tərəflər arasında bağlanmış 19 may 2020ci il tarixli, 01190520 nömrəli müqavilədən irəli gəlir. Belə ki, həmin müqavilə əsasında İcraçı Sifarişçiyə Alış Sifarişində nəzərdə tutulan malları və ya xidmətləri təqdim etməyi, Sifarişçi isə Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı 19 may 2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 6 elektron qaimə əsasında ödəniş edilmədiyini iddia edərək ümumilikdə 3450.32 manat məbləğində pulun ödənilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia edilən mallara dair tərəflər arasında razılıq olmadığını, qeyd edilən adda, məbləğdə malların cavabdeh tərəfindən təhvil alınmadığı üçün iddia tələbinin əsassız olduğunu bildirir. xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərində tərəflər, mallar və xidmətlərin miqdarı və qiymətinin tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış sifarişində əks olunması (1.2), təchiz edilmiş mallar və göstərilmiş xidmətlərin yoxlanılmasından sonra tərəflər arasında “təhvil-təslim aktı”nın imzalanacağı (2.1), malın alış sifarişi əsasında müvafiq sənədlərlə birlikdə Sifarişçiyə çatdırılması (2.4), müqavilənin ümumi dəyərinin İcraçının Sifarişçiyə təqdim etdiyi hesab-fakturaların cəminin yekun məbləği olaraq hesablanacağı (3.1), Hesab-Faktura tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymət təklifinə uyğun olacağı barədə razılığa gəlmişlər. Belə ki, iddiaçı sözügedən müqavilə üzrə təhvil verdiyinə istinad etdiyi malların dəyərini tələb etdiyindən, cavabdeh isə həmin mallara dair tərəflər arasında razılaşma əldə olunmadığını bildirdiyindən, AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə malların təhvil verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı dəyəri 3450.32 manat təşkil edən mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Alış sifarişi, təhvil-təslim aktları və müvafiq fakturaları) məhkəməyə təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. Elektron qaimələr ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin qaimələrin avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, həmin elektron-qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə təqdim edilmiş digər sübutlarla birlikdə təhlil edilməlidir. İş materiallarına əlavə edilən razılaşma protokollarına münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlər birtərəfli qaydada iddiaçı tərəfindən imzalanaraq təsdiq edildiyindən, cavabdeh isə həmin malları sifariş etmədiyini bildirdiyindən həmin razılaşma protokolları cavabdeh tərəfindən malın sifariş edilməsi faktını təsdiq etmək üçün kifayət etmir. İddiaçının malların təhvil verilməsinə dair istinad etdiyi hesab-fakturalar ilə bağlı məhkəmə qeyd edir ki, həmin sənədlərdə malı təhvil verən və təhvil alan şəxslərin adları qeyd olunmamış, “kimdən” qrafasında İddiaçının adı deyil, “Dərnəgül” yaxud “Xocasən” adları qeyd edilmiş, sonuncuların isə "xxxx" MMC-yə aidiyyəti məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda təhvil verilməsi müəyyən edilməyən malların dəyərinin cavabdehdən tutulması ədalətli və qanuni deyil.
26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyi üçün kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, apellyatorun şikayətdə qeyd etdiyi qaimələrdəki imzaların kimə məxsus olması, ümumiyyətlə həmin qaimələrdəki malların cavabdeh tərəfindən təhvil alınması müəyyən edilmir. Malların təhvil verilməsi ilə bağlı sübutlar kifayət qədər aydın, təkzibedilməz və şübhədən kənar olmalıdır. Belə sübutların olmadığı təqdirdə, iddiaçının öz iddiasını əsaslandırmadığı halda cavabdehin üzərinə təhvil almadığı mallara görə borcun ödənilməsi öhdəliyini qoymaq yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb və əsaslı hesab edilə bilməz.
27. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.