Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-199/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: xidmət müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-4441/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 16 nömrəli xidmət müqaviləsi bağlanmış, iddiaçı cavabdehə reklam xidməti göstərmişdir. Müqaviləyə xx.xx.2021- ci il tarixli 1 saylı əlavə dən görünür ki, “X8” yaşayış kompleksinin binasında yerləşdirilən reklam xidmətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6 ay üçün göstərilməsi nəzərdə tutulmuş, yekun ödəniləcək məbləğ ƏDV daxil 21884,28 manat müəyyən edilmişdir. “X8” parkinqdə laytbokslarda reklamlar yerləşdirilməsi məqsədi ilə İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmış, reklam yerlərinə görə ƏDv xaric aylıq 2300 manat ödənilməsi nəzərdə tutulmuşdur.
2. Cavabdeh tərəfindən iddiaçıya razılaşdırılmış məbləğin bir hissəsi ödənilmiş, 2022-ci ilin mart, aprel, may ayları üzrə reklam xidmətinə görə 10620 manat pul ödənilməmişdir.
3. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda sifarişçi xidmət müqaviləsinin 2.2-ci bəndinə istinad edərək bildirmişdir ki, xidmətlərin göstərildiyi ilk gündən stendlərdə olan qüsurları onlara bildirməklərinə baxmayaraq nöqsanlar aradan qaldırılmamışdır. 3 iş günü ərzində göstərilən xidmətlərdəki qüsurlar tam aradan qaldırılmadığı təqdirdə müqavilənin 2.2 və 3.1.3-ci bəndlərinə əsasən müqaviləyə xitam veriləcəkdir. xx.xx.2022-ci il tarixli məktubda “stendlərdə qüsur”, “xidmətlərdəki qüsur” kimi ümumi ifadələr qeyd olunmuş, qüsurun nədən ibarət olması konket göstərilməmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qüsurun tərkibi və açıqlamasının bildirilmədiyi qeyd olunaraq, hər iki tərəfin nümayəndələrinin iştirakı ilə reklam qurğusuna baxış keçirilməsi və qüsur aktı hazırlanması icraçı tərəfindən təklif olunmuş, qüsur aktı hazırlandıqdan sonra 3 iş günü və ya əgər qüsurun aradan qaldırılmasına daha çox vaxt lazım olarsa razılaşma yolu ilə müddət təyin edib müqavilədə olan öhdəliyin yerinə yetiriləcəyi bildirilmişdir.
5. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktdan tərəflərin nümayəndələrinin iştirakları ilə reklam qurğusuna baxış keçirildiyi, heç bir nöqsan aşkar edilmədiyi, baxışda iştirak edən sifarişçinin İlkin adlı nümayəndəsinin aktı imzalamaqdan imtina etdiyi görünür.
6. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün xidmətlərin göstərilməsinə dair sənədlər sifarişçiyə göndərilərək 10620 manat borcun ödənilməsi xahiş olunmuşdur.
7. xx.xx.2022-ci il tarixli aktdan və xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, aprel və may ayları üzrə xidmətlərin yerinə yetirildiyinə dair akt icraçı tərəfindən təsdiq olunaraq sifarişçinin təsdiq etməsi üçün göndərilmiş, sifarişçiyə hesab-faktura təqdim olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 16 nömrəli xidmət müqaviləsinə əsasən yaranmış 10 620 manat (ƏDV daxil) əsas borcun, əsas borca illik 5% hesablanmaqla 218,44 manat olmaqla, ümumilikdə 10838,44 manat pulun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli 16 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə xx.xx.2022-ci il tarixli 1 Saylı Əlavəyə əsasən xidmətin icra olunma və təhvil müddəti 01 dekabr 2021-ci il tarixindən 31 may 2022-ci il tarixə qədər olmuşdur. Göstərilən xidmətin müqabilində 01 dekabr 2021-ci il tarixdən 28 fevral 2022-ci il tarixə qədər olan xidmət haqqı tam ödənilmiş, 01 mart 2022-ci il tarixdən 31 may 2022-ci il tarixə qədər olan 3 aylıq xidmət haqqı, yəni 10.620 manat isə ödənilməmişdir. 3 aylıq ödənişin Cavabdeh QSC tərəfindən ödənilməməsinə əsas olaraq Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlan 04 aprel 2022-ci il tarixli 04/077 nömrəli məktubda bildirilmişdir ki, müqavilənin 1 saylı Əlavəsində göstərilən xidmətlərdəki qüsurlar İddiaçı MMC tərəfindən tam aradan qaldırılmadığı təqdirdə həmin müqaviləyə Cavabdeh QSC tərəfindən xitam veriləcəkdir. Lakin qeyd olunan məktubda stendlərdə olan qüsurun tərkibi və açıqlaması bildirilməmişdir. Onlar tərəfindən həmin məktuba cavab olaraq Cavabdeh QSC-yə xx.xx.2022-ci il tarixli 017 nömrəli məktub ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, göstərilən qüsurun aradan qaldırılması tələb olunur, lakin məktubda qüsurun tərkibi və açıqlanması bildirilməmişdir. Stendlərə yerində baxış keçirilmiş, lakin həmin vaxt qüsurun nədən ibarət olması baxışda iştirak edən Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi tərəfindən qeyd edilməmişdir. Bundan başqa, "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2019-cu il tarixli ABM 18/2 nömrəli icarə müqaviləsinə əsasən X8 Parkingde ekskluziv olaraq laytbokslarda reklamlar yerləşdirilməsi məqsədilə "xxxx" MTK həmin sahəsini İddiaçı MMC-yə istifadəyə verib, onlar müqavilədə göstərilən şərtlərə əsasən reklamları həmin sahəyə yerləşdirilməsi və bunun müqabilində müəyyən məbləğdə "xxxx" MTK-ya ödəniş edilməsi öhdəliyini üzərlərinə götürmüşlər. İddia ərizəsinə əlavə edilən elektron qaimələrdən də müəyyən edilir ki, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən həmin elektron qaimələr üzrə "xxxx" MTK-ya ödənişlər edilmişdir. Beləliklə, tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlər Cavabdeh QSC-yə göstərilmiş, lakin cavabdeh tərəfindən Müqavilə və müqaviləyə əlavə əsasında ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmişdir. Pulun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik hesablanan 5 faiz məbləği xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər hesablanmalıdır və həmin məbləğ 218,44 manat təşkil edir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4441/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi qismən təmin edilərək İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 10620 (on min altı yüz iyirmi) manat əsas borc, 137 (yüz otuz yeddi) manat 17(on yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 10757 (on min yeddi yüz əlli yeddi) manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, işdə olan sübutlarla icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli, 16 nömrəli xidmət müqavilə bağlandığı, müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən xidmətlərin göstərilməsi müddəti xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək müəyyən edildiyi, 6 ay üçün xidmət haqqı 21240 ( 18000 manat xidmət haqqı+ 3240 manat ƏDV olmaqla) manat razılaşdırıldığı, cavabdeh tərəfindən dekabr, yanvar, fevral ayları üçün ödənişlər həyata keçirildiyi təsdiq edilmişdir. Xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixli 4 saylı Əlavəyə əsasən müəyyən edilmişdir ki, tərəflər mart ayı üçün qiymət təsbit etmişdir. Tərəflərin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli 4 saylı aktdan isə görünür ki, icraçı mart ayı üzrə reklamların yerləşdirilməsinə görə bütün öhdəliklərini yerinə yetirmişdir.
12. Məhkəmə hesab etmişdir ki, mart ayı üzrə icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsi sifarişçi tərəfindən təsdiq olunduğundan və bu mötəbər sübutlarla öz təsdiqini tapdığından həmin ay üçün xidmət haqqı ödənilməlidir.
13. Cavabdehin iddiaya etirazını əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda göstərilən xidmətdə ilk gündən qüsur olduğunu qeyd etsə də, dekabr, yanvar, fevral, mart ayları üzrə xidmətin nəticəsinin sifarişçi tərəfindən qəbul edildiyi və icraçının bütün öhdəliklərini icra etdiyi işdə olan sübutlarla öz təsdiqini tapır. Belə olan halda xidmətdə ilk gündən qüsurun olması barədə cavabdehin məktubda qeyd etdiyi arqument əsaslı sayıla bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xidmətdə olan qüsurlarla bağlı dekabr ayının sonuna qədər tərəflər arasında yazışmanın olduğunu qeyd etsə də, həmin aydan sonrakı üç ay üçün sifarişçi tərəfindən xidmətin nəticəsinin qəbul edilməsi bir daha təsdiq edir ki, cavabdehin etirazının qeyd olunan əsası əsassızdır.
14. Məhkəmə qeyd etmişdir ki, müqavilədə göstərilən xidmətdə qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunarsa müqaviləyə birtərəfli qaydada xitam verilməsi imkanı nəzərdə tutulsa da, bu imkan qüsur, nöqsan və ya çatışmazlığın aradan qaldırılması və ya xidmətlərin yenidən göstərilməsi üçün sifarişçi tərəfindən müəyyən müddət təyin edilməsi, bu müddət ərzində qeyd olunan hallar aradan qaldırılmazsa müqaviləyə birtərəfli xitam verilə bilməsi şərti ilə şərtləşdirilmişdir. xx.xx.2022-ci il tarixli məktubda “stendlərdə qüsur”, “xidmətlərdəki qüsur” kimi ümumi ifadələr qeyd olunmuş, qüsurun nədən ibarət olması konket göstərilməmişdir. İddiaçı tərəf bildirir ki, qüsurun nədən ibarət olmasının müəyyən olunması üçün həm xx.xx.2022-ci il tarixli məktubla, həm də şifahi qaydada dəvət olunsa da, cavabdeh stendə baxış keçirilməsi üçün nümayəndəsinin iştirakını xx.xx.2022-ci il tarixdə təmin etmişdir. Məhkəmə iclasında X6 reklam qurğusuna onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə baxış keçirildiyini, reklamın üzərində toz olduğunu, işıqlandırmanın zəif olduğunu bildirmişdir. Reklam qurğusuna gec baxış keçirilməsinin səbəbi kimi bildirmişdir ki, onlar iddiaçı ilə əməkdaşlıqlarını daha 2 ay davam etdirmək niyyətində olublar, ona görə qeyd olunan tarixdə baxış üçün gedib. Göründüyü kimi cavabdeh müqavilənin xitamı əsası olaraq istinad etdiyi müqavilə şərtinə əməl etməmiş, qüsurun nədən ibarət olmasını icraçıya bildirməmiş, qüsurun müəyyən olunması üçün reklam qurğusuna baxışda nümayəndəsinin iştirakını reklamın yayımının razılaşdırılmış son tarixinə (xx.xx.2022) az bir müdət qalmış, yəni xx.xx.2022-ci tarixdə təmin etmişdir. Xidmətdə qüsurun olması ilə bağlı hər hansı akt tərtib olunmamış, baxışdan sonra icraçıya bununla hər hansı müraciət olmamışdır.
15. Məhkəmə MM-nin 770-ci maddəsinə istinad edərək hesab etmişdir ki, sifarişçi yerinə yetirilmiş işi qəbul etməli və göstərilmiş xidmətlərə görə şərtləşdirilmiş pulu ödəməli idi.
16. Cavabdeh tərəfindən 10620 manat pulun ödənilməsi gecikdirildiyindən məhkəmə hesab edir ki, iddiaçının borclunun icranı gecidirməsi səbəbindən əsas borca illik 5% həcmində pul tələb etmək hüququ yaranmış və məhkəmə qaydasında irəli sürülmüş həmin tələb qanuni və əsaslıdır. Lakin iddianı həmin hissədə qismən əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, müqavilədə hesablaşma qaydasının Əlavə ilə müəyyən olunduğu qeyd olunmuş, müqaviləyə Əlavədə isə ödənişin edilməsinin dəqiq tarixi müəyyən olunmamışdır. Əvvəlki aylar üzrə ödənişlər müxtəlif tarixlərdə edilmişdir. İddiaçı 5%-in 28 iyul 2022-ci il tarixədək hesablanmasını tələb edir, 1 ay üçün xidmət haqqı isə 3540 manat təşkil edir. Ödənişlərin edildiyi əvvəlki tarixləri nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mart ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5% 125 gün, aprel ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5% 95 gün, iyun ayında göstərilən xidmətə görə ödənilməmiş əsas borca illik 5% 64 gün üçün hesablanıb tutula bilər. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş əsas borca görə gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 137,17 ((3540x5%):100% (1 illik 177 manat) : 365 gün ( 1 gün 0,********** manat) x 284 (125+95+64)) manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
17. Məhkəmə “Mediasiya haqqında” Qanunun 36.1. 36.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4441/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh QSC-nin sifarişinə və aralarda bağlanmış xidməti müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh QSC-yə yüksək keyfiyətli reklam işi yayımlayacaq idi. Lakin bu belə olmamışdır. İddiaçı MMC tərəfindən çox keyfiyyətsiz iş icra olunmuşdur. Reklam posterinin şəkillənməsi çox aşağı səviyyədə icra olunmuşdur. Cavabdeh QSC nümayəndələri tərəfindən İddiaçı MMC-nin iş icraçıları ilə uzun müddət yazışmalar olub və nəhayət İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə məktub ünvanlamış və orada birmənalı qeyd olunmuşdur ki, işin keyfiyyəti düzəlməsə Cavabdeh QSC aralarında imzalanmış xidməti müqaviləyə xitam verəcək. İddiaçı MMC tərəfindən heç bir düzəliş aparılmamış və iş keyfiyyətsiz davam etdirilmişdir. Buna cavab olaraq Cavabdeh QSC birtərəfli olaraq müqaviləyə xitam verərək, ödənişlərin aparılmasını dayandırmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdfiə etmiş və təmin edilməsini xahiş etmişdir.
21. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir.
22. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddə -podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 770-ci maddə-əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-cü maddəsi-əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 427.3-cü maddə-əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2-ci maddə-aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddə- Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qətnamıənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan aydın olur ki, qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4441/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 16 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək reklam xidməti göstərilmiş, xidmətin dəyəri 6 ay üçün ƏDV daxil 21884,28 manat müəyyən edilmiş, cavabdeh tərəfindən 2022-ci ilin mart ayınadək xidmətin dəyəri ödənilmiş, 2022-ci ilin mart, aprel, may ayları üçün ödəniş həyata keçirilməmişdir.
26. Cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətində qeyd edir ki, reklamda ilk gündən qüsur olduğu qarşı tərəfə bildirilsə də aradan qaldırılmadığından son 3 ay ödəniş həyata keçirilməmişdir.
27. Cavabdeh bu dəlilin əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda qüsurların aradan qaldırılması tələb edilsə də, konkret olaraq qüsurun nədən ibarət olduğu qeyd edilməmiş, iddiaçı xx.xx.2022-ci il tarixli məktubla qüsurların nədən ibarət olduğunun reklam qurğusuna baxış keçirilməklə və qüsur aktı tərtib edilməklə rəsmiləşdirilməsini xahiş etsə də, cavabdeh tərəfin nümayəndəsi reklam qurğusuna xx.xx.2022-ci il tarixdə baxış keçirmişdir. Cavabdehin reklam qurğusuna baxış keçirmiş nümayəndəsi X6 işə birinci instansiya qaydasında baxılarkən dindirilmiş, reklam qurğusuna onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə baxış keçirildiyini, reklamın üzərində toz olduğunu, işıqlandırmanın zəif olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, nümayəndənin qeyd etdiyi qüsurlar ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, əvvəla qüsurlar barədə yalnız may ayında, yəni öhdəliyin icra müddəti başa çatdıqdan sonra məlumat verilmiş və iddiaçının cavabdehin nədən narazı olması barədə məlumatı olmamışdır.
28. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, mülki qanunvericilikdə xidmət müqaviləsi kimi müqavilə növü nəzərdə tutulmadığından mübahisəyə qanunun analogiyası qaydasında podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən sifarişçi aprel ayınadək yerinə yetirilmiş işi (hazırda xidməti) qəbul etməyə və dəyərini ödəməyə borcludur. Hazırkı halda cavabdeh 2022-ci ilin aprel ayınadək qarşı tərəfə qüsurlar barədə pretenziya bildirmədiyindən, xx.xx.2022-ci il tarixli məktubda isə qüsurların nədən ibarət olduğu qeyd edilmədiyindən ödənişin həyata keçirilməsindən imtinası əsassızdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi konkret qüsurlar barədə məlumat verməklə müddət müəyyən etməli, bu müddət ərzində qüsur aradan qaldırılmaqsa müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik idi.
30. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən 137 (yüz otuz yeddi) manat 17(on yeddi) qəpik faiz borc və 200 manat mediasiya xərci tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4441/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4441/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.