Məhkəmə qərarları › İş №2-2(103)-20/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-20/2020

08.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-20/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X3 və iddiaçının vəkili İddiaçı1, Cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı «xxxxx» Kiçik Müəssisəsinin Cavabdehnə qarşı Bakı şəhəri, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 0,1391 ha torpaq sahəsinin boşaldılması, cavabdehin oradan çıxarılması və ərazinin iddiaçıya təhvil verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-604/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-604/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə «xxxxx» Kiçik Müəssisəsinin Cavabdehnə qarşı Bakı şəhəri, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 0,1391 ha torpaq sahəsinin boşaldılması, cavabdehin oradan çıxarılması və ərazinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisəli torpaq sahəsinin “xxxxx” kiçik müəssisəsinin istifadəsinə verilməsinə dair sərəncamlar, habelə aidiyyəti icarə müqaviləsinin Bakı Şəhər İcra hakimiyyəti başçısının aktı ilə ləğv edildiyi, həmin ərazinin sərəncam və ayrıc aktı ilə cavabdeh təşkilata ayrılmış layihələndirmə və tikinti aparmaq üçün icazə verildiyindən iddianın rədd edilməli olması qənaətinə gəlməklə məhkəmə düzgün qənaətə gəlməmişdir. Eyni zamanda, məhkəmə bununla prosessual hüquq normalarını da pozmuşdur. Məhkəmənin sübut kimi istinad etdiyi mübahisəli torpaq sahəsinin “xxxxx” kiçik müəssisəsinin istifadəsinə verilməsinə dair sərəncamların, habelə aidiyyəti icarə müqaviləsinin Bakı Şəhər İcra hakimiyyəti başçısının aktı ilə ləğv edilməsi” barədə sübuta istinad etməklə artıq mövcud olmayan və hüquqi və faktiki baxımdan ləğv olunmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qanunsuz və əsassız hesab edilmiş hallara istinad etməklə iddianı rədd etməsi prosessual pozuntu kimi qəbul olunmalıdır. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi də daxil olmaqla 8.1824 ha torpaq sahəsi (hazırkı mübahisəli 0.1391 ha torpaq sahəsi də daxil olmaqla) artıq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1997-ci il tarixli 1332 saylı Sərəncamı ilə Xətai Rayonu Nobel prospekti 2207-ci məhəllədə torpaq sahəsi “xxxxx” kiçik müəssisəsinin istifadəsində olmuşdur. Yəni torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1997-ci il tarix 1332 saylı Sərəncamı ilə “xxxxx” kiçik müəssisəsinin istifadəsində olduğu halda x xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamla həmin torpaq sahəsinin də daxil olduğu ümumi sahəsi 221.4000 ha ərazi Cavabdeh ММС-nə ayrılmışdır. Bu isə məhkəmənin diqqətini cəlb etməmişdir. Bakı Şəhər İcra hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, 4 nömrəli qərarı və Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti başçısı aparatının 7-3827/17 saylı xx.xx.2018-cil tarixli rəsmi məktubu ilə AR 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2inz(81)-1977/2013 saylı Qərarı, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1(103)-834/2014 saylı Qərarı, AR Ali Məhkəmənin xx xxxxxx 2014-cü il tarixli, 2- 1(102)-1136/2014 saylı Qərarlarının nəzərə alınması və həmin qərarların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi “Bakı Ağ Şəhər” Layihəsinin rəhbərliyinə həvalə edilmişdir. Bununla bağlı qərarlarının nəzərə alınması dedikdə, Bakı Şəhər İcra hakimiyyətinin məhkəmənin qərarları ilə özünün qərarının ləğv edilməli olmasını qəbul etdiyini, yəni məhkəmənin qərarı ilə razılaşdığını qeyd etməklə yanaşı, həmin qərarların icrası bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin “Bakı Ağ Şəhər” Layihəsi rəhbərliyinə həvalə etməklə hazırkı ərazinin boşaldılması və “xxxxx” kiçik müəssisəsinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə isə bütün bu halları nəzərə almamaqla prosessual pozuntulara yol vermişdir. Göstərilən vəziyyətdə torpaq sahəsinə hüququn olmasını, həmin torpaq sahəsini “xxxxx” kiçik müəssisəsinin istifadəsində olduğu halda cavabdehə ayrılması, bu barədə məhkəmə qərarları və iş üzrə təqdim edilmiş digər çoxsaylı sübutlarla iddianın həm faktiki və həm də hüququ əsasını məhkəmədə tam sübut etmişlər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı «xxxxx» Kiçik Müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 0,1391 ha torpaq sahəsinin boşaldılması, cavabdehin oradan çıxarılması və ərazinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz (81 )- 707/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı2 KM-nin icarəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz hərəkətlərə son qoyulması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 067 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamının ləğv edilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2014 saylı, xx xxxx 2014-cü il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1136/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, məhkəmə qərarlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 067 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamı qanunsuz hesab edilərək ləğv edilmiş və İddiaçı2 KM-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 0,1391 ha torpaq sahəsi özünə qaytarılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmədiyindən Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasına qanunla müəyyən edilmiş qaydada müraciət edilmiş, nəticədə xx xxxxx 2017-ci il tarixdə, 04 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən İddiaçı2 KM-nin şikayəti qismən təmin edilmiş, lakin, həmin qərarla qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası həyata keçirilməmişdir. Göstərilən səbəbdən həmin qərardan Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müvafiq qaydada şikayət verilmişdir. Şikayətin nəticəsi olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının qərarı ləğv olunmuş və qeyd edilmişdir ki, İddiaçı2 KM-nin şikayəti ilə bağlı bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılsın, nəticəsindən asılı olaraq qanuni ədalətli qərar qəbul edilsin, bu barədə şikayətçiyə və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına məlumat verilsin. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası xx xxxxx 2018-ci il tarixli, 4 saylı qərar vermişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-707/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı nəzərə alınsın, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi “Bakı Ağ Şəhər” Layihəsinin rəhbərliyinə həvalə edilsin. Lakin həmin qərar və məhkəmə qərarları icra edilmədiyindən «xxxxx» KM-nin hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin hallarından müəyyən olunur ki, xx xxxxxx 2007-ci il tarixli, 574 nömrəli və ona dəyişiklik edilməsi haqqında xx xxxxxx 2008-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən "xxxx" MTK-ya ayrılmış, (Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 165 saylı sərəncamı ilə) kottec tipli evlərin tikintisinin layihələndirilməsi üçün Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 8,1824 ha torpaq sahəsi icarə əsasında, həmin məqsədlə "xxxxx" KM-nin istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 335 nömrəli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 574 saylı və xx.xx.2008-ci il tarixli, 45 nömrəli sərəncamına əsasən Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə yaşayış və kottec tipli evlərin tikintisi üçün "xxxxx" KM-nə ayrılmış 8,1824 ha torpaq sahəsinin 8,0433 ha hissəsi eyni məqsədlə icarə əsasında "xxxxxxxxxx" MMC-nin adına rəsmiləşdirilmiş, 0,1391 ha hissəsi isə "xxxxx" KM-nin istifadəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 355 saylı sərəncamına əsasən, "xxxxx" KM-nə 1391 kv.metr torpaq sahəsi ayrılmışdır. Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxxx" KM arasında xx xxxxxx 2009-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli, 067 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 335 nömrəli sərəncamının 1.2-ci bəndi (Xətai rayonu, Nobel prospekti 220-ci məhəllədə yaşayış və kottec tipli evlərin tikintisi üçün "xxxxx" KM-nə ayrılmış 8,1824 ha torpaq sahəsinin 8,0433 ha hissəsi eyni məqsədlə icarə əsasında "xxxxxxxxxx" MMC-nin adına rəsmiləşdirilmiş, 0,1391 ha hissəsi isə "xxxxx" KM-nin istifadəsində saxlanılmışdır) və xx xxxxxx 2009-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, Xətai rayonu, Nobel prospekti boyunca abadlaşdırma və kommunikasiya işlərinin aparılması "Cavabdeh" MMC-nə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1977/2013 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, "xxxxx" KM-nin icarəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz hərəkətlərinə son qoyulması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 067 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamının ləğv edilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2014 saylı, xx xxxx 2014-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1977/2013 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1136/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 834/2014 saylı, xx xxxx 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2017-ci il tarixli, 4 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxxx" KM-nə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "D" yaşayış sahəsi, "Lukoil" yanacaqdoldurma məntəqəsinin cənub hissəsində 0,14 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının xx xxxx 2017-ci il tarixli qərarı ilə, Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2017-ci il tarixli, 4 nömrəli qərarı ləğv edilmiş və işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılaraq qərar qəbul edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasına tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, 4 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2inz(81)-1977/2013 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-1(102)- 1136/2014 saylı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.12.2-14-cü il tarixli 2inz(81)-1977/2013 saylı qərarlarının nəzərə alınması və həmin qərarların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi "Bakı Ağ Şəhər" Layihəsinin rəhbərliyinə həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamına əsasən Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "Cavabdeh" Azərbaycan İnkişaf Şirkətinə icazəverilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 07/121 nömrəli Ayrıc Aktın”dan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamına əsasən Xətai rayonu, Babək prospekti, Y.Əliyev; Nobel prospekti ilə Xəzər dənizi arasındakı məhəllələr cizgidə göstərilən sərhədlər çərçivəsində 221,4000 hektar ərazi yaşayış binaları və ictimai obyektlərin tikintisi üçün "Cavabdeh" Azərbaycan İnkişaf Şirkətinə verilmişdir. Beləliklə, işin sadalanan faktiki halları ilə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2007-ci il və xx xxxxxx 2008-ci il tarixli sərəncamları ilə kottec tipli evlərin tikintisinin layihələndirilməsi üçün Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə yerləşən 8,1824 ha torpaq sahəsi icarə əsasında "xxxxx" KM-nin istifadəsinə verilmiş, xx xxxxxxxx 2009-cu il tarixli sərəncamla isə həmin torpaq sahəsinin 0,1391 ha hissəsi iddiaçının istifadəsində saxlanılmış və Bakı Şəhər İcra Hakimiyyəti ilə sonuncu arasında xx.xx.2009-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli sərəncamı ilə "Cavabdeh" Azərbaycan İnkişaf Şirkətinə iddiaçıya ayrılmış torpaq sahəsi də əhatə olunmaqla, müəyyən ərazidə bina və obyektlər massivinin layihələndirilməsi və tikintisinə icazə verilmiş, habelə müvafiq qurumun ayrıc aktı ilə həmin ayrılmış torpaq sahəsi cavabdehə göstərilən məqsədlər üçün verilmişdir. xx xxxx 2013-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə, iddiaçı ilə bağlanmış icarə müqaviləsi və aidiyyəti sərəncamın mübahisəli torpaq sahəsinin onun istifadəsində saxlanılmasına dair müvafiq bəndi ləğv edilmişdir. "xxxxx" KM bu sərəncamı mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən mübahisəli torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz hərəkətlərə son qoyulması və sözügedən xx.xx.2013-cü il tarixli sərəncamın ləğv olunması Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələri müvafiq olaraq xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli qərarlarla həmin nəticəni dəyişdirilmədən saxlamışlar. Bununla belə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarı icra olunmadığından, yəni mübahisəli torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin ləğvi məhkəmə qərarı ilə ona həvalə edilmiş xx.xx.2013-cü il tarixli sərəncamı cavabdeh tərəfindən ləğv edilmədiyindən, iddiaçı bu qurumun apelyasiya şurasına, onun aktından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası tərəfindən xx.xx.2018-ci ildə məhkəmə qərarlarının nəzərə alınması və onların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi “Bakı Ağ Şəhər” layihəsinin rəhbərliyinə həvalə edilmişdir. Hazırki tələbində iddiaçı məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli sərəncamının ləğv edilməsinin nəzərdə tutulduğunu, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə dair qanuni istifadə hüququnun bərpa olunduğunu iddia edərək, cavabdehin sözügedən ərazidən çıxarılması və həmin sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsini mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kollegiya qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində (qanuni istifadəsində) olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir və bu tələbin təmin olunması üçün 3 hal sübut olunmalıdır: 1) əmlakın mövcud olması; 2) əmlakın iddiaçıya məxsus olması; 3) əmlakın cavabdehin sahibliyində olması. 1 və 3-cü hal mübahisə predmeti deyil, işin hallarından da müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi icra hakimiyyətinin müvafiq sərəncamı ilə ayrılmaqla hazırda cavabdehin sahiblik və istifadəsindədir. Bununla əlaqədar Kollegiya, ilk növbədə, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında, eləcə də apelyasiya şikayətində qeyd edilmiş iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsinin daxilində olub-olmaması ilə bağlı dəlilinin yoxlanılması ilə bağlı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə texniki-yerqurluşu ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı sual qoymuşdur: - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 355 saylı sərəncamı ilə İddiaçı2 KM-nə ayrılmış Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə 0,1391 ha torpaq sahəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 62 saylı sərəncamı ilə layihələndirilməsi ücün Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsinin kordinatları daxilində yerləşmə yeri müəyyən edilsin? Ekspertizanın mübahisəli ərazidə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Torpaq Kadastrı və Ünvan Reyestri Xidmətinin “GPS” elektron ölçü aparatına malik mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəsəssis rəyindən görünür ki, tədqiq edilmiş ayrıc aktına, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Elektron kadastr bazasında aparılmış araşdırmaya və hazırlanmış sxemlərə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 355 saylı sərəncamı əsasında "RAN.” KM-nə verilmiş xx.xx.2012-ci il tarixdə 31854 nömrə ilə qeydiyyata alınmış AN-409322 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən "RAN." KM-nə ayrılmış torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınması nəzərdə tutulan (sifarişçi tərəfindən təqdim edilmiş mövcud obyektlərin siyahısına əlavə edilməmiş) layihələşdirilmiş ərazinin hüdudlarından kənarda yerləşir, halhazırda mövcud yolların və yeraltı qurğuların üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 355 saylı sərəncamı ilə "RAN.” KM-nə ayrılmış torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınması nəzərdə tutulan (sifarişçi tərəfindən təqdim edilmiş mövcud obyektlərin siyahısına əlavə edilməmiş) layihələşdirilmiş ərazinin hüdudlarından kənarda yerləşir. Hal-hazırda sözügedən torpaq sahəsinin hüdudları daxilində iki tərəfli mövcud yol və yeraltı komimunikasiya xətlərinin yerləşdiyi müəyyən edildi. Məhkəmə Ekspertizası Mərkəzinin 29853 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 355 saylı sərəncamı ilə "RAN.” KM-nə ayrılmış 0,1391 ha torpaq sahəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 62 saylı sərəncamı ilə layihələndirilməsi üçün Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. Qeyd edilən ekspert rəyi və iş materialları ilə iddianın predmeti olan torpaq sahəsinin cavabdehə ayrılmış ərazi daxilində yerləşməsi öz təsdiqini tapmışdır. Hazırki iş üzrə mübahisəli məqam 2-ci halla, yəni torpaq sahəsinin iddiaçıya məxsus olması (və ya onun qanuni istifadə hüquqlarının olması) ilə bağlıdır. İşin qeyd edilən halı ilə bağlı məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair sərəncamlar, icarə müqaviləsi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq aktı ilə ləğv edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə icra hakimiyyətinin qeyd edilən sərəncamının ləğv edilməsi bilavasitə icra hakimiyyətinin özünə həvalə edilsə də, həmin qurum tərəfindən sözügedən akt ləğv edilməmiş, dolayısı ilə iddiaçının istifadə hüququ bərpa olunmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Qeyd olunanlardan göründüyü kimi iddiaçı yalnız mövcud hüquq və qanunla qorunan maraqlarının pozulduğu hallarda həmin pozuntularından qorunma tədbirləri görə, eləcə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinə dair iddiaçının qüvvədə olan hüquqmüəyyənedici sənədləri olmadığından həmin əmlakı özgənin sahibliyindən geri tələb etmək hüququ da yaranmamışdır. Üstəlik, qeyd edilən torpaq sahəsi icra hakimiyyətinin müvafiq sərəncam və ayrıc aktı ilə cavabdeh təşkilata ayrılmış, layihələndirmə və tikinti aparmaq işlərinə icazə verilmişdir. Dolayısı ilə sözügedən torpaq sahəsinin qanuni əsaslarla cavabdehin istifadəsində olması müəyyən olunmuşdur. Digər tərəfdən, Bakı Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, 4 nömrəli qərarından görünür ki, məhkəmənin qanuni qüvvəsini almış qərarlarının nəzərə alınması və həmin qərarların icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi "Bakı Ağ Şəhər" Layihəsinin rəhbərliyinə həvalə edilmişdir. Kollegiya məhkəmənin o mövqeyi ilə razılaşır ki, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezdentinin xx xxxxxx 2016-cı il tarixli, 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”-nin 3.0.1-ci və 3.0.3-cü maddələrinin məzmunundan görünür ki, Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hüquqi və fiziki şəxslərə sorğular göndərilə, zəruri sənədlər və məlumatlar alına bilər. Şura yazılı göstərişləri nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra hakimiyyəti orqanının vəzifəli şəxslərinə vermək hüququna malikdir. Sözügedən qərarın icrası bilavasitə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh MMC həmin qərarın icra edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi tapşırılan səlahiyyətli subyekt deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspert tədqiqatına görə xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «xxxxx» Kiçik Müəssisəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-604/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. «xxxxx» Kiçik Müəssisəsinin hesabından 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədiiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CREAZ22) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar