Məhkəmə qərarları › İş №2-2(103)-200/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-200/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-200/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı kommersiya işi Açar söz: turizm xidməti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3790/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 10/22 nömrəli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı aldığı tapşırıq əsasında, aviabilet, otel və digər müvafiq turizm xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürmüş, cavabdeh isə öz növbəsində onun tapşırığı əsasında icraçı tərəfindən təqdim edilmiş biletlərin və digər tur xidmətlərin dəyərinin hazırki müqavilənin şərtlərinə müvafiq şəkildə ödənilməsini öz öhdəliyinə götürmüşdür.

2. Müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə əlaqədar sifarişçi sifarişi əsasında təqdim olunan biletlərin, turizmlə əlaqədar hər bir sifarişin və xidmətlərin dəyərini təqdim olunmuş hesab-faktura və e-qaimə əsasında 5 iş günü ərzində icraçının hesabına köçürür.

3. Müqaviləyə 01 saylı razılaşma protokolundan görünür ki, xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərinə iddiaçı və cavabdeh 13212 manat məbləğində xidmətin göstərilməsini razılaşdırmışlar.

4. xx.xx.2022-ci il tarixli 70/22 nömrəli hesab fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 19529 manat (10 ədəd aviabiletlərin dəyəri 16950 manat, 1 ədəd əlavə biletin dəyəri 1820 manat, sığorta ödənişi 759 manat) məbləğində hesab faktura göndərilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə EBDG 839555 nömrəli xx.xx.2023-cü il tarixli 19529 manat məbləğində elektron qaimə təqdim edilmişdir.

6. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə dəyəri ödənilmiş xidmətlə bağlı cavabdehə göndərilmiş EBBZ 672703 nömrəli xx.xx.2022-ci il tarixli (13212 manat məbləğində) elektron qaimə təqdim edilmişdir.

7. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında alınmış avia biletlər işə əlavə edilmişdir.

8. İşdəki elektron səyahət sığortası şəhadətnamələrindən görünür ki, cavabdehin tapşırığı ilə adları qeyd edilmiş şəxslər "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər şengen ərazisi üzrə sığorta edilmişlər.

9. xx.xx.2022-ci il tarixli 61/22 nömrəli invoysdan və xx.xx.2022-ci il tarixli 206OPEX221890031 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə EBBZ 672703 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 13212 manat məbləğində pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2022-ci il tarixli 10/22 saylı müqavilə üzrə 19529 manat pul məbləğinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərci üçün ödənilmiş vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 07 iyul 2022-ci il tarixli, 10/22 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, “İcraçı” “Sifarişçi”dən aldığı tapşırığı əsasında aviabilet, otel və digər müvafiq turizm xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. 2022-ci ilin sentyabr ayında “Boccia İdman Federasiyası” İB sifarişi əsasında xx.xx.2022-ci il tarixinə İctimai Birliyin 11 üzvünə avia bilet və sığorta şəhadətnamələri yazılmışdır. Həmin 11 nəfər İddiaçı MMC tərəfindən yazılmış avia biletlərdən istifadə etmiş, lakin bü günə qədər avia biletlərin və sığorta şəhadətnamələrinin dəyəri 19529 manat “Boccia İdman Federasiyası” İB tərəfindən ödənilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin “Boccia İdman Federasiyası” İB tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Bundan başqa, tərəflərindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bununla da, mediator tərəfindən MŞB/13/2023-00855 saylı, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Qeyd olunan mediasiya üçün nəzərdə tutulan xərc, yəni 200 manat iddiaçı tərəfindən ödənilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə işə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3790/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında 07 iyul 2022-ci il tarixli 10/22 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

15. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, cavabdeh iddiaya dair yazılı etirazında xidmətlərin dəyərinin ödənildiyini bildirsə də, iş materiallardan görünür ki, yazılı etiraza əlavə edilmiş ödəniş sənədi daha əvvəlki sifarişə aid olmuş, ödəniş hazırkı tələb üzrə deyil, EBBZ 672703 nömrəli xx.xx.2022-ci il tarixli 13212 manat məbləğində olan elektron qaimə üzrə edilmişdir. Cavabdeh eyni zamanda, etirazda xidmətlərin dəyərinin razılaşdırılmadığını bildirmiş, həmin sifarişə dair ayrıca razılaşma protokolunun olmadığına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin həmin dəlili də əsassızdır.

16. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi İ.Məhərrəmov cavabdehin əməkdaşlarının xarici ölkədə təşkil edilən yarışda iştirak etdiyini, iddia ərizəsinə əlavə edilmiş avia biletlər üzrə uçuşların həyata keçdiyini təsdiq etmiş, əməkdaşların sığorta edilməsi öhdəliyinin iddiaçının üzərinə düşdüyünü, iddiaçının təqdim etdiyi vatsap yazışmalarında cavabdehin əməkdaşı olan Ruhin Cəfərovun cavabdehin göstərişi əsasında hərəkət etdiyini göstərmişdir.

17. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi vatsap yazışmalarından görünür ki, iddiaçı cavabdehin sifarişi əsasında aviabiletlərin alınmasına tələb edilən vəsaitin 10 nəfər üçün 1695 manat, bir nəfər üçün isə 1820 manat olmasını bildirmiş, cavabdeh buna etiraz etməmiş, bundan əlavə, cavabdeh iddiaçının göstərdiyi xidmətlərdən istifadə etmiş, həmin xidmətlərlə bağlı hər hansı irad bildirməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3790/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 07 iyul 2022-ci il tarixli, 10/22 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən “İnterlux Travel MMC” tərəfindən “Boccia İdman Federasiyası” İctimai Birliyindən alınan tapşırıq əsasında aviabilet, otel və digər müvafiq turizm xidmətlərinin göstərilməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin düzgün qiymətləndirilməmiş halı ondan ibarətdir ki, tərəflər arasında 07 iyul 2022-ci il tarixli, 10/22 saylı müqaviləyə görə sifarişlər və həmin sifarişlərlə bağlı ödənişlərin müqavilənin əlavəsi hesab edilən razılaşma protokollarına əsasən aparılma qaydası müəyyən olunmuşdur. İddiaçı “İnterlux Travel MMC” tərəfindən məhkəməyə təqdim edilmiş hesab faktura, qaimə və aviabiletlər, eləcə də elektron səyahət sığortası şəhadətnamələri əsasında cavabdehin öhdəliyinin icra edilib-edilməməsi qiymətləndirilməzdən əvvəl tərəflər arasında bu xidmətlərin göstərilməsi və ödənişlərin edilməsi ilə bağlı razılığın, iradə ifadəsinin mövcudluğu yoxlanılmalıdır. Hazırki mübahisə üzrə tərəflərin iradə ifadəsinin təsdiqi qismində razılaşma protokolları çıxış edir, buna görə də iddiaçı tərəfindən xidmətlərin göstərilməsi və cavabdeh tərəfindən bunun müqabilində ödənişlərin həyata keçirilməsi müvafiq olaraq razılaşma protokolu ilə öz təsdiqini tapmalıdır. İş materiallarında olan “Boccia İdman Federasiyası” İctimai Birliyi ilə “İnterlux Travel MMC”arasında xx.xx.2022-ci il tarixli 1 saylı razılaşma protokolu xx.xx.2022-ci il tarixində cavabdehin 11 üzvünün aviabilet və sığorta şəhadətnamələri ilə təmin edilməsini özündə nəzərdə tutmamaqla birlikdə, tərəflər arasında belə bir razılaşmanın olması nə tərəflərin əvvəlcədən müəyyənləşdirdiyi qaydaya uyğun olaraq xx.xx.2022-ci il tarixinə aid razılaşma protokolu, nə də digər iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə öz mövqeyini cavabdehin nümayəndəsinin hazırlıq iclasında ona ünvanlanmış yönəldici suallara onun tərəfindən verilmiş cavablar əsasında formalaşdırmış və bu halı iş üzrə əhəmiyyət kəsb edən hallar, iş materialları, eləcə də cavabdehin özü tərəfindən təqdim edilmiş etiraz, onun tələbini əsaslandıran digər sübutlarla birlikdə qiymətləndirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilik və tərəflərin iradə ifadələri düzgün başa düşülməmiş, onlar arasında müqavilə öhdəliklərinin icrası üzrə mövcud olan razılaşma və praktika nəzərə alınmamış, iş üzrə həlledici olan bu hal ilə bağlı qiymətləndirilmə aparılmamış, buna görə də qeyd edilən halın nəzərə alınmaması məhkəmənin iş materiallarında olan və tərəflərin tələblərini əsaslandıran sübutların mötəbərliliyinin də düzgün qiymətləndirilməməsinə gətirib çıxarmış, sadalanan nöqsanlar məhkəmənin mövqeyininin cavabdehin nümayəndəsinə ünvanlanan yönəldici suallara verilən cavab əsasında formalaşdırılması kimi daha bir pozuntu ilə birlikdə cavabdehin hüquq və qanunla qorunan mənafelərinin əsassızca pozulması ilə nəticələnən qətnamənin çıxarılması ilə nəticələnmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı onun iddianı etiraf etməsi kimi qəbul edilə bilməz. Çünki, MPM-nin 191-ci maddəsinin mənasına görə cavadeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3.). Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1.). Göründüyü kimi mülki prosessual qanunvericilik iddianın etirafı ilə bağlı iki qayda müəyyən etmişdir. Etiraf ərizəsinin işə baxan məhkəməyə ünvanlanması və ya etirafın məhkəmə iclas protokoluna yazılması. Lakin iş materiallarından görünür ki, cavabdehin belə bir ərizəsi yoxdur, hesab edirik ki, MPM-nin 52.5-ci maddəsinə əsasən ərizə mövcud olmalı və qiymətləndirilməlidir. Belə ki, yalnız bir dəfə məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin ona ünvanlanmış suallarına emosional şəkildə cavab verərək, emosional olaraq həssaslıq nümayış etdirmiş, bəzi hallarda nə deyəcəyini bilməmişdir. Hətta o, ifadələrində, məhkəmə iclasının təxirə salınmasını istəmişdir. Dolayısı ilə ifadələrinin məntiqi nəticəsindən aşkar şəkildə anlamaq mümkündür ki, o, iddianın mahiyyətindən xəbərdar deyil, məhkəmənin və iddiaçı tərəfin verdiyi sualları cavablandırmaqda çətinlik çəkir. Odur ki, cavabdehin nümayəndəsinin məhkəmə hazırlıq iclasında verdiyi ifadə əsasında qeyd olunanlar məhkəmə tərəfindən təsdiq edilməməli idi. Onu da qeyd etmək zəruridir ki, MPM-in 167-ci maddəsi baxımından məhkəmə hazırlıq iclasında tərəflər yalnəz təqdim edilmiş sübutlar barədə izahlar verir. Tərəflərin məhkəmə hazırlıq iclasında mahiyyəti üzrə izahat vermək hüququ mövcud deyil. Cavabdehin nümayəndəsinində qeyd etdikləri prosessual baxımdan izahatı kimi qəbul edilə bilməz. Bunun üçün məhkəmə hazırlıq iclasının audio-video yazısına baxmaq kifayətdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.

21. Cavabdehə məhəkəm iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

22. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddə- müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

89.1-ci maddə-yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.3-cü maddə-tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Qətnamə cavabdeh tam mübahisələndirdiyindən tam hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3790/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 07 iyul 2022-ci il tarixli 10/22 saylı turizm xidmətinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Bu müqavilə Mülki Məcəllədə tapşırıq müqavilənin şərtlərinə uyğun gəlir. İddiaçı həmin müqavilə əsasında İB-in tapşırığı ilə adları təqdim edilmiş 11 idmançıya Bakı-İstanbul-Roma-Bakı istiqamətində avia bilet almış və səyahət sığortası etdirmiş, xidmətin dəyəri olaraq 19529 manat (18770 manat aviabiletlərin dəyəri+759 manat sığorta haqqı) cavabdeh tərəfindən ödənilməmişdir.

26. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə tələb edilən məbləğlə bağlı razılaşma protokolu təqdim edilməmişdir. Halbuki bundan əvvəlki sifariş bu qaydada rəsmiləşdirilmiş və dəyəri ödənilmişdir. Cavabdehin nümayəndəsinin dəyəri tələb edilən xidmətlərdən istifadə edildiyinə dair hazırlıq iclasında verdiyi izahat məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, nümayəndənin iddianın mahiyyəti barədə məlumatı olmamışdır. Bundan əlavə izahatlar işə mahiyyəti üzrə baxılarkən alınmalı idi.

27. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən cavabdehin nümayəndəsi Nümayəndə1 suallara cavablandıraraq bir daha təsdiq etmişdir ki, iddiaçı tərəfindən avia bilet alınmış 11 nəfər idmançı Federasiyanın xətti ilə xaricə səfər etmişdir. Lakin xidmətin dəyəri barədə razılaşma protokolu olmadığından hesab edirlər ki, ödənişi həmiş şəxslər özləri həyata keçirilməlidir.

28. Məhkəmə kollegiyası iddiaçıya sifarişin cavabdeh tərəfindən verildiyi və xidmətdən istifadə edildiyi məhkəmə araşdıması zamanı təsdiq edildiyindən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş “whatsapp” proqramı vasitəsilə həyata keçirilmiş yazışmalardan görünür ki, 11 nəfər idmançı üçün aviabiletlərin alınması barədə sifariş cavabdehin əməkdaşı olmuş “Ruhin Cəfərov” adlı şəxs tərəfindən verilmiş, uçuş reysi və digər şərtlər dəqiqləşdirilmiş, bilet alınmalı olan şəxslərin xarici pasportları R.Cəfərov adlı şəxs tərəfindən iddiaçıya göndərilmişdir. Eyni zamanda alınmış aviabiletlərin surəti iş materiallarına əlavə edilmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə əqd bağlanarkən tərəflər arasındakı telefon danışıqları, digər yazışmaların sübut kimi nəzərə alınmasında hər hansı qanun pozuntusu yoxdur.

29. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında cavabdehin xx.xx.2023-cü il tarixli etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (Birliyin vitse-prezidenti) X1 ilə 11 nəfər şəxsin (iddiaçının izahatına əsasən onlardan 10 nəfəri Federasiyanın idmançıları və bir nəfər əməkdaşı olmuşdur) uçuşunun həyata keçirildiyini, onların yarışda iştirak üçün getdiklərini təsdiq etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, “whatsapp” proqramı vasitəsilə həyata keçirilmiş yazışmalar Federasiyanın əməkdaşı R.Cəfərov tərəfindən aparılmış və həmin şəxs onun göstərişi ilə hərəkət etmiş, sığortanın da iddiaçı tərəfindən edilməsi razılaşdırılmışdır. Apellyasiya şikayətində cavabdeh nümayəndəsinin mübahisə barədə məlumatsız olduğunu qeyd edərək izahatının məhkəmə tərəfindən faktın etirafı kimi nəzərə alınmasına etiraz bildirsə də, məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, nümayəndə X4 “Boccia İdman Federasiyası” İctimai Birliyinin hər hansı bir işçisi deyil, vitse prezidenti olduğundan və özünün verdiyi izahata əsasən sifarişlər iddiaçıya məhz onun göstərişi ilə R.Cəfərov adlı əməkdaş tərəfindən verildiyindən nümayəndənin mübahisə barədə məlumatsız olması həqiqətə uyğun deyil.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, yalnız razılaşma protokolunun imzalanmaması əsası ilə verilmiş tapşırıq əsasında iddiaçı tərəfindən əldə edilmiş aviabiletlərin və sığorta haqlarının ödənilməsindən cavabdehin imtinası əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən cavabdehə xidmətin dəyəri ilə bağlı göndərilmiş xx.xx.2023-cü il tarixli elektron qaimə də ləğv edilməmiş, həmin qaimə ilə bağlı qarşı tərəfə etiraz bildirilməmişdir. Göstərilmiş xidmətin və ödənilmiş sığorta haqlarının dəyəri ilə bağlı isə tərəflər arasında mübahisə mövcud deyil.

31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edildiyindən, işə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual pozuntuya yol verilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3790/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3790/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar