Məhkəmə qərarları › İş №2-2(103)-201/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-201/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-201/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6978/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” görə ödənilməmiş 50971,19 (əlli min doqquz yüz yetmiş bir manat on doqquz qepik) məbləğində ödənilməmiş əsas borcun; 5097,20 manat (beş min doxsan yeddi manat iyirmi qəpik) məbləğində gecikdirilmiş günlər üzrə qanun üzrə faiz borcunun; 10000 (on min) manat əldən çıxmış fayda məbləğinin; 6913,24 manat (altı min doqquz yüz on üç manat iyirmi dörd qəpik) şirkətin hesabından silinmiş penya məbləğlərinin; Hüquqi yardım üçün ödənilmiş 2500 (iki min beş yüz) manat məbləğində xidmət haqqı; Mediasiya təşkilatına müraciət edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat rüsum olmaqla; ümumilikdə 75881,63 manat (yetmiş beş min səkkiz yüz səksən bir manat altmış üç qəpik) məbləğində pulun və 318 (üç yüz on səkkiz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6978/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialından xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 50971,19 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 2550 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 1000 manat və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 254 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6978/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehə qarşı yüksək miqdarda pul tələbi ilə çıxış edən tərəf iddiaçı olduğu üçün o tələbinin əsası kimi istinad etdiyi faktları mötəbər sübutlar vasitəsilə təsdiq etmək öhdəliyi daşıyırdı. Lakin ümumiyyətlə məhkəməyə məhdud sayda olan təhvil-təslim aktlarının sadəcə surəti elektron qaydada təqdim edilmişdir. Digər tərəfdən, qarşı tərəf öz iddia ərizəsində məhkəməyə təqdim etdiyi maliyyə arayışlarına və cədvəllərinə əsaslanmışdır ki, bu sənədlər sadəcə İddiaçı şirkətin özü tərəfindən təsdiqlənmiş, Cavabdehin imzası və möhürü olmayan sənədlərdir. Buna görə də, iddianın sübut edilməsində etibarlı mənbə kimi rol oynaya bilməzdi. AR Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin əsaslandırması əsasən təqdim edilmiş elektron-qaimə fakturaların malların alışını təsdiq edən sənəd hesab edilməsi üzərində qurulmuşdur. Qətnamənin 25-32-ci bəndlərində vergi qanunvericiliyinin müvafiq müddəalarına və “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına istinad verilsə də həmin qanunvericilik aktlarının müddəaları məhkəmə tərəfindən doğru şəkildə tətbiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, həmin istinad edilmiş qaydalar sahibkarlıq fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı vergitutma münasibətlərini tənzimləyir. Göründüyü kimi, qeyd edilən qanunvericilik aktları, vergi inzibatçılığının tənzimlənməsi, vergi ödəyicilərinin təqdim edilmiş mallara münasibətdə vergi orqanlarını məlumatlandırma baxımından intizamlandırılmaq və bununla da vergidənyayınma hallarının qarşısının alınması məqsədilə qəbul edilmişdir. Buna görə də, qaimə faktura AR Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş alğı-satqı müqaviləsindən doğan münasibətlər üzrə malların təhvil verilib-verilmədiyini təsdiqedici fakt olaraq çıxış edə bilməz. Belə ki, AR Nazirlər Kabineti 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göründüyü kimi, heç bir halda qüvvədə olan qanunvericilik aktlarına əsasən, elektron-qaimə fakturalar malın təqdim edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Çünki qarşı tərəfin təqdim etdiyi qaimə faktura 5 gün ərzində avtomatik sistem tərəfindən təsdiqlənirsə bu sənəd malların təqdim edilməsini təsdiq edən təhvil-təslim aktını əvəz edə bilməz. Əks halda, vergi orqanına məxsus sistem üzərindən vurulan və avtomatik 5 gün ərzində təsdiq olunan elekron-qaimə faktular qarşı tərəfdə suni şəkildə borc yaratmaq üçün digər vergi ödəyiciləri tərəfindən sui-istifadə edilə bilər. Belə ki, alqısatqı müqaviləsində malların təqdim edilməsinə dair münasibətlər Mülki Məcəllənin 568- 570-ci maddələrinə və müqavilədə tərəflərin öz aralarında nəzərdə tutduğu şərtlərə uyğun şəkildə həyata keçirilir. AR NK-nin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarında Ciddi hesabat blanklarına dair tələblər müəyyən olunmuşdur. Belə ki, həmin qaydaların 1.4-cü maddəsində əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarının 57 nömrəli əlavəsinə əsasən, ciddi hesabat blankı olan “Malların təhvil-qəbul aktı”nın forması müəyyənləşdirilmişdir. Bu onu göstərir ki, elektron-qaimə faktura malların təhvil verilməsini təsdiq edən ciddi hesabat blankı kimi birmənalı şəkildə qəbul edilməmişdir, ilk növbədə ona görə ki, ciddi hesabat blankı olan malların təhvil-qəbul aktında hər iki tərəfin imzası yer almalıdır, halbuki elektron-qaimə fakturalar qısa müddət ərzində elektron sistem tərəfindən avtomatik təsdiqlənə bilir. Buna görə də, hər hansı səbəbdən; müvafiq işçinin məzuniyyətdə olması, işçi çatışmazlığı və ya sadəcə vergi ödəyicisinin vergi orqanındakı şəxsi kabinetin üzrlü səbəblərdən mütəmadi izlənilməməsi nəticəsində elektron qaimə fakturaların təsdiqlənmiş olması vergi ödəyicisi üçün öhdəlik yarada, onun tərəfindən malların faktiki olaraq prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) qəbul edildiyini təsdiq edən hal kimi çıxış edə bilməz. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi öz qətnaməsində əsas məbləğ kimi 50971,19 AZN dəyərində malların təqdim edildiyi qənaətinə gəlsə də, bu hal birinci instansiya məhkəməsində proses zamanı sübuta yetirilməmiş, qanunvericiliyə əsasən ümumiyyətlə malların təqdim edilib-edilməməsi baxımından sübut hesab edilə bilməyəcək, vergi tutma məqsədləri üçün istifadə edilən, sistem tərəfindən təsdiqlənmiş elektron-qaimə fakturalara əsaslanılaraq qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətini bu cür əsaslandırmışdır ki, iddiaçı iddi tələbini sübut etməmişdir, süburlar elektron qaimə və iddiaçı tərəfindən imzalanmış maliyyə cədvəli və digər sənədlərdir. Eyni zamanda iddiaçı tərəfindən məhdud sayda elektron qaimələr məhkəməyə təqdim edilmişdir. Cavadehin apellyasiya şikayəti formal xarakter daşıyır. Belə ki, apellyasiya şikayəti zamanı cavabdeh iddiaçının iddia tələbi üzrə ödənilməmiş bütün təhvil-təslim aktlarını, elektron qaimələri məhkəməyə təqdim etmişdir. Yalnız ödənilmiş qaimələr məhkəməyə təqdim edilməmişdir. Buna isə zərurət yoxdur, çünki iddia tələbimiz bu hissədə olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən müxtəlif tarixlərdə təhvil təslim aktlarının imzalanıb geri qaytarılması ilə bağlı elektron poçtla edilmiş müraciətlər də cavabsız qalmışdır. Cavabdeh müxtəlif tarixlərdə təhvil-təslim aktları göndərilmiş xidmərlərə görə aktı təsdiq etməmiş, həmin aktları geri qaytarmamış, lakin buna baxmayaraq həmin qaimələr üzrə ödənişləri tam həyata keçirmişdir. Buna misal olaraq EBDH 503061 saylı, EBDJ 452952 saylı elektron qaimələri göstərmək olar. Ümumilikdə müqavilənin qüvvədə olduğu müddət və sonrakı dövrlərdə müqavilə üzrə xidmətlərin vaxtında və lazımı keyfiyyətdə göstərilməməsi ilə bağlı cavabdeh tərəfindən rəsmi yaxud qeyri-rəsmi heç bir irad bildirilməmişdir. Bundan əlavə elektron qaimələrin məhdud gün ərzində onlar tərəfindən qəbul edilmək zərurətində olduğunu göstərmiş, həmin müəyyən olunmuş müddət bitdikdən sonra isə qaimələr avtomatlaşdırılmış qaydada qəbul edildiklərini bildirmişlər. Lakin, elektron qaimələrin təqdim edilməsindən sonra nə müəyyən olunmuş müddət ərzində nə də ki, bundan sonra hər hansı bir etiraz bildirilməmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində elektron qaimələrin malların təhvil verilməsi ilə bağlı olduğunu, alğı-satqı müqaviləsinin olmasını qeyd etsələr də, tərəflər arasında olan mövcud müqavilə xidmətlərin göstərilməsinə dair müqavilə olmuşdur. İddiaçı tərəfindən cavabdehə hər hansı mallar təqdim edilməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq müəyyən olunmuş qaydada, vaxtda və keyfiyyətdə xidmətlər göstərilmişdir. Qeyd olunan hal da, apellyasiya şikayətinin formal olaraq verildiyini bir daha təsdiq edir. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsində bir dəfə olsun belə iştirak etməmiş, iddiaya münasibətlərini və etirazlarını bildirməmişlər. Əksinə olaraq, məhkəmə prosesi zamanı barışıq sazişinin bağlanması ilə bağlı təkliflə çıxış etmiş, lakin sonradan əlaqə saxlamamış və tərəfimizdə onlarla əlaqə yaradılması mümkün olmamışdır. Bu da, bir daha apellyasiya şikayətinin formal olduğunu bir daha təsdiq edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

16. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə əsasında cavabdehə müqavilə şərtlərinə uyğun xidmətlər göstərilmişdir. Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş vaxtda və keyfiyyətdə xidmətlər almasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, xidmətlər üzrə nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş vaxtda etməmişdir. Belə ki, bu günə göstərilmiş xidmətlərin əvəzi olaraq 15 ədəd, ümumilikdə 595.057,78 manat məbləğində ƏDV daxil elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 544.086,59 manat ƏDV daxil ödəniş edilmiş, 50.971,19 manat ƏDV daxil hissəsi isə bu günə qədər ödənilməmişdir.

24. Belə ki, işdə olan “Daşkəsən rayonu, Çovdar inşaat” sahəsində test və laboratoriya xidmətlərinin aparılması üzrə mart 2023 il tarixə yerinə yetirilmiş işlərin xx.xx.2023-cü il tarixli qəbulu aktına əsasən görülmüş işlərin məbləği 34.220 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

25. İşdə olan İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDD651596 saylı e-qaimə üzrə 34220 manat dəyərində (ödənilib 26035,61 manat qalıq borc 8185 manat),xx.xx.2023-cü il tarixli EDJ4533151 saylı e-qaimə üzrə 8566,80 manat dəyərində (qalıq borc 8566,80 manat) və xx.xx.2023-cü il tarixli, EBDL299120 saylı eqaimə üzrə 34220 manat dəyərində (qalıq borc 34220 manat) e-qaimələr göndərilmiş və cəmi qalıq borc 50971,19 manat müəyyən edilmişdir.

26. İşdə olan xx.xx.2024-cü il tarixli, 14/24 saylı maliyyə arayışına əsasən bu günə qədər göstərilmiş xidmətlərin əvəzi olaraq hazırkı tarixədək icra edilməmiş 3 ədəd, ümumilikdə 77006.8 manat manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 26035.62 manat manat ödəniş edilmiş, 50971.19 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır.

27. Göstərilənlərə əsasən, “Maqro Construction" ilə İddiaçı MMC arasında L-XM- 061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” üzrə yerinə yetirilmiş işlərə görə göndərilmiş elektron qaimələr üzrə ƏDV daxil 50971,19 manat (əlli min doqquz yüz yetmiş bir manat on doqquz qəpik) ödənilməmiş əsas borc, həmin borcun ödənilməməsi səbəbindən işsizlikdən sığorta haqqı, İcbari Tibbi sığorta haqqı və Məcburi dövlət sosial sığorta haqqı vaxtında ödənilmədiyi üçün hesablanmış penyalar 6913,24 manat) təşkil edir.

28. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş xidmətlərin təhvil-təslimi aktı, elektron qaimələr və qismən ödənişlər ilə öz təsdiqini tapır.

29. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 27. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 28. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

31. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ən azı bununla bağlı öz etirazlarını bildirə bilərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

33. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergi hesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair aktı ilə də təsdiqini tapır.

34. İddiaçı, yaranmış borcun gecikdirilməsinə görə həmin məbləğə 5% ilə hesablanan 5097,20 manatlıq faiz borcunun cavabdeh tutulmasını da məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə illki 5% ilə iki il müddətinə faiz borcu hesablasa da iş materiallarından görünür ki, cavabdehə göndərilən e-qaimələrin tarixi aprel, iyul, avqust 2023-cü il tarixidir, yəni borcun ödənişinin gecikdirilməsinin təxmini müddəti iki deyil, bir ildir. Beləliklə, cavabdeh tərəfindən qalıq 50971,19 manat məbləğində borcun ödənilməsi gecikdirdiyi üçün, həmin məbləğə illik 5% hesablanmaqla 2550 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbini sübut etməmişdir, sübutlar elektron qaimə və iddiaçı tərəfindən imzalanmış maliyyə cədvəli və digər sənədlərdir. Eyni zamanda iddiaçı tərəfindən məhdud sayda elektron qaimələr məhkəməyə təqdim edilmişdir. E-qaimələr təhvil-təslim aktını əvəz edə bilməz. Lakin məhkəmə bu halı araşdırmayıb. Məhkəmə yalnız e-qaimələrə istinad etməklə qərar qəbul edib.

36. Eyni zamanda iddiaçı tərəfindən müxtəlif tarixlərdə təhvil-təslim aktlarının imzalanıb geri qaytarılması ilə bağlı elektron poçtla edilmiş müraciətlər də cavabsız qalmışdır. Cavabdeh müxtəlif tarixlərdə təhvil-təslim aktları göndərilmiş xidmərlərə görə aktı təsdiq etməmiş, həmin aktları geri qaytarmamış, lakin buna baxmayaraq həmin qaimələr üzrə ödənişləri tam həyata keçirmişdir. Buna misal olaraq EBDH 503061 saylı, EBDJ 452952 saylı elektron qaimələri göstərmək olar.

37. Ümumilikdə müqavilənin qüvvədə olduğu müddət və sonrakı dövrlərdə müqavilə üzrə xidmətlərin vaxtında və lazımı keyfiyyətdə göstərilməməsi ilə bağlı cavabdeh tərəfindən rəsmi yaxud qeyri-rəsmi heç bir irad bildirilməmişdir. Bundan əlavə elektron qaimələrin geri qaytarılmamış və avtomatlaşdırılmış qaydada qəbul edilmişdir. Lakin, elektron qaimələrin təqdim edilməsindən sonra nə müəyyən olunmuş müddət ərzində nə də ki, bundan sonra hər hansı bir etiraz bildirilməmişdir.

38. Eyni zamanda cavabdeh apellyasiya şikayətində elektron qaimələrin malların təhvil verilməsi ilə bağlı olduğunu, alğı-satqı müqaviləsinin olmasını qeyd etsələr də, tərəflər arasında olan mövcud müqavilə xidmətlərin göstərilməsinə dair müqavilə olmuşdur. İddiaçı tərəfindən cavabdehə hər hansı mallar təqdim edilməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq müəyyən olunmuş qaydada, vaxtda və keyfiyyətdə xidmətlər göstərilmişdir. Qeyd olunan hal da, apellyasiya şikayətinin əsassızlığını təsdiq edir. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş, iddiaya münasibətlərini və etirazlarını bildirməmişdir.

39. İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDD651596 saylı eqaimə üzrə 34220 manat dəyərində (ödənilib 26035,61 manat qalıq borc 8185 manat),xx.xx.2023-cü il tarixli EDJ4533151 saylı e-qaimə üzrə 8566,80 manat dəyərində (qalıq borc 8566,80 manat) və xx.xx.2023-cü il tarixli, EBDL299120 saylı e-qaimə üzrə 34220 manat dəyərində (qalıq borc 34220 manat) e-qaimələr göndərilmiş və cəmi qalıq borc 50971,19 manat müəyyən edilmişdir.

40. xx.xx.2023-cü il tarixli xidmətin təhvil-təslim aktına əsasən görülmüş işlərin məbləği 34.220 manat müəyyən edilmiş və cavabdeh borcu qəbul etmiş, EBDD651596 saylı e-qaimə üzrə 26035,61 manat ödəmiş, qalıq borc 8185 manat qalmışdır. Qeyd edilən digər e-qaimə üzrə borc ödənilməmişdir.

41. Hazırkı halda iddiaçı cavabdehə təqribən dörd ay ərzində 3 elektron qaimə göndərsə də, cavabdeh onun birini aktla təsdiq etmiş və qismən ödəniş etmiş, sistem tərəfindən təsdiq edilmiş digər qaimələrlə bağlı isə cavabdehin iddiaçıya hər hansı etiraz bildirməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh bununla bağlı etirazını elektron kabinet vasitəsilə belə göndərməmişdir.

42. Cavabdeh işdə tərəflər arasında mövcud olan işgüzar təcrübəyə zidd olaraq təhvil-təslim aktının göndərilməməsinə istinad etməsi əsassız olmuşdur. Belə ki, işdən görünür ki, xx.xx.2023-cü il tarixli məktubla iddiaçı cavabdehə müraciət edərək ona göndərdiyi təhvil-təslim aktlarının verilməsini istəmişdir. Lakin bu müraciət cavabsız qalmışdır. Göründüyü kimi apellyasiya şikayətində qeyd edilən xüsusatlar təsdiq olunmur.

43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6978/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar