Məhkəmə qərarları › İş №2-2(103)-202/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-202/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-202/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh “NBA Technologies İnternational” LTD-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3625/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh “NBA Technologies İnternational” LTD tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. Sifarişçi “NBA Technologies İnternational” LTD ilə icraçı İddiaçı MMC arasında bağlanmış AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsindən görünür ki, “İcraçı" xidmət haqqı müqabilində yükü (bundan sonra “Yük" adlanacaq) “Sifarişçi"dən və ya "Sifarişçi”in göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı və “Sifarişçi”nin özünə (yük alanın hüquqlarına malikdir), onun göstərdiyi yük alana təhvil verməyi və ya gömrük rəsmiləşdirilməsini yerinə yetirməyi öhdəsinə götürür, “Sifarişçi” isə daşımaya görə "İcraçı”ya bu müqavilə, onun əlavəsi və ya təhvil-təslim aktı ilə müəyyən olunan məbləğdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi öhdəliklərinə yükü lazımınca qablaşdırılmış şəkildə (əgər uyğundursa) “icraçı"ya təhvil verir; Yükün qaiməsini və müşayiətedici digər sənədləri "Daşıyıcı"ya təhvil verir; Daşımaya görə bu müqavilə ilə müəyyən edilən məbləğdə və qaydada “icraçı”ya daşıma haqqını ödəyir; Bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmamasını öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilədə xidmət haqqının ödəniş müddəti invoys və təhvil-təslim aktı təqdim olunandan sonra 30 təqvim günü təşkil edir. Hər gecikdirilən gün üçün icraçıya invoys məbləğinin 1%-i həcmində dəbbə pulu ödənilməsi şərtləşdirilmişdir. Müqavilənin 7.1-ci və 7.2-ci bəndlərinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisə və ixtilaflar qarşılıqlı anlaşma qaydasında dinc yolla həll edilir. Qarşılıqlı anlaşma qaydasında həll edilməyən mübahisə və ixtilafların həlli üçün maraqlı tərəf Azərbaycan Respublikasının aidiyyatı məhkəməsinə müraciət edə bilər. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə və ondan irəli gələn məsələlər Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir.

2. “NBA Technologies İnternational” LTD ilə “NBA İnternational Logistics" MMC arasında imzalanmış 04 fevral 2022-ci il tarixli Partnyorluq müqaviləsindən görünür ki, Müqavilənin predmetini tərəflər arasında əldə olunmuş razılıq üzrə partnyorluq münasibətlərinin tənzimlənməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında əldə olunmuş razılığa əsasən NBA Tech NBA Logistics-in kommersiya məqsədləri üçün və onun tapşırığı ilə NBA Logistics tərəfindən yönləndirilmiş, iqtisadi cəhətdən səmərəlilik baxımından ən uyğun qiymətlərlə xidmət göstərən şirkətlər ilə müqavilələr bağlayır. Həmin müqavilələrin şərtləri NBA Logistics tərəfindən müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən NBA Logistics-in öhdəliklərinə aid olmuşdur: Partnyorluq münasibətlərinin davamlı inkişafına dəstək olmaq, iqtisadi cəhətdən səmərəlilik baxımından NBA Tech-ə ən uyğun şirkətləri yönləndirmək, Müqavilənin məqsədləri üçün fəaliyyət göstərməkdən ötrü NBA Tech-ə zəruri məlumat və sənədləri təqdim etmək, müqavilənin məqsədləri üçün NBA Tech ilə əməkdaşlıq edən şirkətlər ilə danışıqlar aparmaq, müqavilə bağlanması, yazışmaların aparılması və proseslərin idarə olunması məqsədi ilə daşıma, gömrük rəsmiləşdirilməsi sahəsi üzrə ixtisaslaşmış işçilərini cəlb etmək, NBA Tech-in müqavilənin məqsədləri üçün əməkdaşlıq etdiyi şirkətlər tərəfindən göstərilən xidmətlərin (xüsusilə daşıma, gömrük rəsmiləşdirilməsi və digər xidmətlər) dəyəri bazar qiymətlərindən 5% və daha yuxarı olduğu təqdirdə, NBA Tech tərəfindən ödənilmiş olduqda və ya üçüncü şəxslər tərəfindən NBA Tech-dən ödənilməsi tələb edildikdə həmin xidmətlərin ümumi dəyərini NBA Logistics NBA Tech-ə və ya üçüncü şəxslərə ödəmək, NBA Tech-in müqavilənin məqsədləri üçün əməkdaşlıq etdiyi şirkətlər ilə yaranan bütün mübahisələrə (məhkəmə və digər dövlət orqanlarının icraatında olan işlər üzrə) görə NBA Logistics tam məsuliyyət daşımaq, NBA Tech tərəfindən bağlanan müqavilələrin icrasına nəzarət etmək, müqavilə üzrə öhdəliklərini razılaşdırılmış şərtlərlə icra etmək.

3. CMR 27092023-02 saylı X3 görünür ki, yükgöndərən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

4. CMR 27092023-05 saylı X3 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

5. CMR 27092023-03 saylı X3 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

6. CMR 27092023-06 saylı X3 görünür ki, yükgöndərən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

7. CMR 27092023-07 saylı X3 görünür ki, yükgöndərən GRG Banking Equipment (HK) CO. LTD adından “NBA Technologies İnternational” LTD tərəfindən “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

8. CMR 27092023-08 saylı X3 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD adından “NBA Technologies İnternational” LTD tərəfindən “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

9. CMR 27092023-01 saylı X3 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD adından “NBA Technologies İnternational” LTD tərəfindən “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

10. CMR 27092023-04 saylı X3 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD adından “NBA Technologies İnternational” LTD adından “NBA Technologies İnternational” LTD tərəfindən “ “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

11. CMR 27092023-04 saylı X3 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD adından “NBA Technologies İnternational” LTD tərəfindən “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir.

12. İddiaçı MMC 110000 ABŞ dolları məbləğində göstərilmiş xidmətin dəyərinin ödənilməsi üçün “NBA Technologies İnternational” LTD-yə İNV/2023/0901 saylı xx.xx.2023-cü il tarixli hesab-faktura təqdim etmişdir.

13. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığından görünür ki, “NBA Technologies İnternational” LTD tərəfindən İNV/2023/0901 saylı hesab-faktura sənədinə əsasən İddiaçı MMC-nin Kapital bank hesabına 55000 ABŞ dolları ödəniş edilmişdir.

14. xx.xx.2023-cü il tarixli Səlahiyyət məktubundan görünür ki, “NBA Technologies İnternational” LTD tərəfindən GRG Banking Equipment (HK) Co., Limited şirkətinə xx.xx.2023-xx.xx.2023 tarixli və GRGHK-SC-2023-0623 kontrakt nömrəli yükün daşınmasını C5-Rm601, Zhonghao new Town, BanTian Sub-District, Longgang, Shenzen, P.R. Chine ünvanında rəsmi qeydiyyatda olan VİVO Logistics Co. LTD, şirkətinə etibar etmişdir.

15. 22 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Asad AirCargo ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Nümayəndə3 məxsus Elektron ünvan ünvanına müraciət edərək, 8 ədəd yük maşını üçün qiymət təklifinin 103.000 USD təşkil etdiyi, marşrut: Çin-Qazaxıstan- Özbəkistan, tranzit müddəti təqribən 30-35 gün qeyd olduğu qeyd edilmişdir.

16. 22 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Nümayəndə3 məxsus Elektron ünvan ünvanından Asad AirCargo ünvanına müraciət edərək, qiymətin təsdiqləndiyi qeyd olunmuşdur.

17. 27 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Javid Mamedov ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Nümayəndə3 məxsus Elektron ünvan ünvanına müraciət edərək, prosedurlara başlamaq üçün onlara 50% avans ödəniş tələb olduğu, qalan 50% isə, Daşkənddə təhvil alındıqdan sonra ödənilməli olmasının nəzərə alınması qeyd edilmişdir.

18. 27 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Nümayəndə3 məxsus Elektron ünvan ünvanından Javid Mamedov ünvanına müraciət edilərək, danışdıldığı kimi, tarifin təsdiqləndiyi, onun tərəfindən yükgöndərən ilə yazışmalara əlavə ediləcəyi, malların yerləşdirilməsini təşkil edilməsi xahiş olunmuş və yenilənmiş faktura və digər sənədlər çatdıqda, təqdim edəcəyi, Javid Mamedov tərəfindən isə cavab olaraq 50% məbləğində avans ödənişinin edilməsi, 50 %-in isə yük Daşkəndə çatdıqdan sonra ödənilməli olması bildirilmişdir.

19. 03 oktyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Asad AirCargo ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Nümayəndə3 məxsus Elektron ünvan ünvanına invoys və CMR-lərin surətləri göndərilmişdir.

20. 13 noyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Asad AirCargo ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Nümayəndə3 məxsus Elektron ünvan ünvanına müraciət edərək, bütün yük maşınlarının boşaldıldığını, ödəniş barədə məlumat verilməsinin xahiş etdiyini qeyd edilmişdir.

21. 17.05.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 400 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

22. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə yaranan 55000 ABŞ dolları pul vəsaiti, həmin vəsaitin ödənilməsi gecikdirildiyi üçün hesablanan 5500 ABŞ dolları dəbbə pulu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla), habelə dövlət rüsumu üçün ödənilmiş 393 manat pul vəsaitinin cavabdeh “NBA Technologies İnternational” LTD-dən (LLC-dən) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2023-cü il tarixdə bir tərəfdən “NBA Technologies İnternational” LTD, direktoru Anar Şıxəliyev şəxsində, digər tərəfdən, İddiaçı, direktoru Həmidov Təmraz şəxsində AC2023065 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti “İcraçı”-İddiaçı MMC xidmət haqqı müqabilində yükü “Sifarişçi”-“NBA Technologies İnternational” LTD-nin göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı, onun göstərdiyi yük alana təhvil verməyi, “Sifarişçi” isə daşımaya görə “İcraçı”ya bu Müqavilə və İNV/2023/0901 nömrəli, 02 oktyabr 2023-cü il tarixli hesab-faktura ilə müəyyən olunan 110000 USD məbləğli xidmət haqqının 50%-i öncədən, 50%-i isə yük ünvana çatdırılmadan sonra ödənilməsindən ibarət olmuşdur. Qeyd olunan məbləğin 50 %-i 55000 USD məbləğ 04 oktyabr 2023-cü ildə köçürmə yolu ilə “İcraçı”nın bank hesabına köçürülmüşdür. Yüklər 13 noyabr 2023-cü il tarixində təyinat yerinə çatdırılmış, “Sifarişçi”nin göstərdiyi tərəfə təhvil verilmiş və bu barədə “Sifarişçi”yə dərhal epoçt vasitəsilə yazılı bildiriş verilmişdir. Yük təhvil verildikdən sonra dəfələrlə xəbərdarlıqlara baxmayaraq, “Sifarişçi” invoys üzrə nəzərdə tutulmuş məbləğin 50 %-i ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən ödəniş müddəti 30 təqvim günü təşkil edir. “NBA Technologies İnternational” LTD sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. Cavabdeh xarici hüquqi şəxs olduğundan pretenziya məktubunu elektron qaydada göndərmək qeyrimümkün olmuş və pretenziya məktubu poçt vasitəsi 11 aprel 2024-cü il tarixdə cavabdehə göndərilmiş, müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq cavabdeh həmin məbləği ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385.1, 386.1, 389.1, 425.2, 430.1, 442.1, 443.1, 443.3, 445.1, 445.2.1, 445.7, 462-ci maddələrinə istinad olunmuşdur

24. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə etiraz təqdim edilərək qeyd edilmişdir ki, "NBA Technologies İnternational" LTD (bundan sonra - cavabdeh) və iddiaçı arasında AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixdə daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin 2.4-cü yarımbəndində icraçının, yəni iddiaçının müqavilə üzrə öhdəlikləri qeyd olunmuşdur. 2.4cü yarımbənddə sadalanan öhdəliklər İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı cavabdehə bazar qiymətlərindən həddindən artıq yuxarı qiymətlərin əks olunduğu EQF-lər təqdim etmişdir. Cavabdeh həmin qiymətlərlə aşkar şəkildə razı olmadığı üçün həmin sənədləri, göstərilən xidmətləri qəbul etməmiş və təhvil-təslim aktlarını imzalamaqdan imtina etmişdir. Müqavilənin 4.1-ci yarımbəndinə əsasən tərəflər bu müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İddiaçının qarşı tərəfin razılaşmadığı və təhvil-təslim aktlarını imzalamadığı təqdirdə xidmət haqqı tələb etməsi, hətta şişirdilmiş qiymətlərlə tələb etməsi absurddur. Odur ki, İddiaçı MMC müqavilə münasibətlərinə zidd şəkildə hərəkət edərək Müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozduğu üçün cavabdeh ilə bağlanan AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsinin icrasından imtina edilmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3625/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı MMC ilə “NBA Technologies İnternational” LTD arasında AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən icraçı müvafiq yükləri sifarişçi tərəfindən göstərilən təyinat yerinə daşımağı və sifarişçinin özünə və ya onun göstərdiyi yük alana təhvil verməyi və ya gömrük rəsmiləşdirilməsini yerinə yetirməyi öhdəsinə götürmüş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olub-olmamadığını aydınlaşdırmağı zəruri hesab etmişdir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab etmişdir ki, tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş razılaşma şərti müqavilənin 7.2-ci bəndində nəzərdə tutulduğundan Mülki Prosessual Məcəllənin 450.1-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Cavabdeh etirazın əsası kimi “NBA İnternational Logistics" MMC-nin “NBA Technologies İnternational” LTD əməkdaşlıq etdiyi şirkətlər ilə müqavilənin məqsədləri üçün danışıqlar apara bilməsinin qeyd olunmasının müqavilə şərtlərinin razılaşdırılıb təsdiq olunması səlahiyyətinin “NBA İnternational Logistics" MMC-yə ötürülməsi mənasına gəlmədiyini, digər tərəfdən CMR sənədlərinin İddiaçı MMC-yə heç bir aidiyyatı olmadığını, daşımaların İddiaçı MMC tərəfindən həyata keçirilməsinin heç bir yerdə yazılı sənəddə qeyd edilmədiyini bildirmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş beynəlxalq əmtəə nəqliyyat qaimələrində (CMR-lərdə) yükün iddiaçı tərəfindən daşınmasını təsdiq edən qeyd olmadığını, iddiaçıya heç bir sifariş vermədiklərini qeyd etsə də, həmin CMR sənədlərin görünür ki, göndərilən yüklər mal sahibi olaraq “NBA Technologies İnternational” LTD sifarişi əsasında Çin-Qazaxıstan- Özbəkistan marşrutu üzrə çatdırılmışdır. CMR-in iş üzrə iddiaçıda olması faktı dolayısı ilə malların cavabdehin göstərişi ilə üçüncü şəxsə çatdırılması halını da təsdiq edir. Çünki Mülki Məcəllənin 854.1-ci maddəsinə görə əksi sübuta yetirilənədək qaimə yük göndərən ilə daşıyıcı arasında müqaviləni, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunmasını və yük alan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Həmçinin 02 oktyabr 2023-cü il tarixli mail yazışması ilə də malların şərtləşdirilmiş qaydada çatdırılması təsdiq olunur. Qeyd edilməlidir ki, iddiaçının göstərdiyi xidmətlərlə bağlı cavabdehlə deyil, "xxxx" MMC ilə yazışmaların aparılması və müqavilə üzrə şərtlərin müəyyən edilməsi, cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 04 fevral 2022-ci il tarixli Partnyorluq müqaviləsi birbaşa əlaqəlidir. Belə ki, həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən "xxxx" MMC müqavilənin məqsədləri üçün “NBA Technologies İnternational” LTD ilə əməkdaşlıq edən şirkətlərlə danışıqlar aparmaq, müqavilə bağlanması, yazışmaların aparılması və proseslərin idarə olunması məqsədi ilə daşıma, gömrük rəsmiləşdirilməsi sahəsi üzrə ixtisaslaşmış işçilərini cəlb etməyi öhdəsinə götürmüşdür. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə müqavilənin mühüm şərtlərin müəyyən edilməsi və rəsmiləşdirilməsindən sonrakı mərhələlərdə müqavilənin icrasından irəli gələn hərəkətlərin aparılmasında "xxxx" MMC-yə lazımi səlahiyyətlərini ötürmüş, müqavilə imzalanmasından sonra daşınma ilə bağlı bütün hərəkətlər (sifarişlərin verilməsi, zəruri məlumalar və s.) sonuncu ilə aparılmışdır. Göründüyü kimi iddiaçı malların sifariş olunması, qiyməti və çatdırılması ilə bağlı bütün danışıqları "xxxx" MMC-nin əməkdaşı Nümayəndə3 ilə aparmışdır. Nəzərə alınsa ki, həmin Partnyorluq müqaviləsi məhz cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmişdir, demək onda, həqiqətən iddiaçının, "xxxx" MMC vasitəsi ilə “NBA Technologies İnternational” LTD-nin sifarişlər verməsi və bütün danışıqları aparması barədə dedikləri doğrudur. Çünki həmin müqavilədə bu məsələlər birbaşa qeyd edilmişdir. Həmçinin İddiaçı MMC göstərilmiş xidmətlərə görə “NBA Technologies İnternational” LTD-yə xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığı təqdim etmiş, cavabdeh tərəfindən 55000 ABŞ dolları məbləğində ödəniş edilmiş, lakin cavabdeh həmin ödənişin avans olaraq ödənildiyini, sonradan daşınma qiymətləri ilə razılaşmadıqları üçün sifariş vermədiklərini qeyd etsə də, bunu təsdiq edə bilməmiş, həmçinin keçən müddət ərzində ödədiyi məbləği geri tələb etməmişdir. Bu da o deməkdir ki, həqiqətəndə iddiaçının təklif etdiyi qiymətlə cavabdeh razılaşaraq avans ödəniş etmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini icra edərək, daşıma xidmətləri həyata keçirmiş, cavabdeh tərəfindən də iddiaçının göstərdiyi xidmətlər və qiymətlər qəbul edilmiş, buna görə də cavabdeh ödədiyi məbləği bu günə qədər geri tələb etməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə iddiaçının ekspeditor olaraq daşınmaya görə muzd almaq hüququ var və o, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək daşınmanı həyata keçirdiyi üçün yük göndərən olan cavabdehdən xidmət haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə üzrə göstərilmiş daşınma xidmətinə görə 55000 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu, tərəflər arasında müqavilədən əvvəlki və sonrakı hərəkətləri və münasibətləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 55000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 5500 ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2750 ABŞ dolları müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, tərəflər arasında xidmət haqqının dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir.

27. Cavabdeh “NBA Technologies İnternational” LTD həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilənin 2.4cü yarımbəndində icraçının, yəni iddiaçının müqavilə üzrə öhdəlikləri qeyd olunmuşdur. 2.4-cü yarımbənddə sadalanan öhdəliklər iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı cavabdehə bazar qiymətlərindən həddindən artıq yuxarı qiymətlərin əks olunduğu elektron qaimə-fakturalar təqdim etmiş və cavabdehə heç bir xidmət təqdim etməmişdir. Cavabdeh həmin qiymətlərlə aşkar şəkildə razı olmadığı üçün iddaçıdan heç bir xidmət sifariş etməmişdir. Müqavilənin 4.1-ci yarımbəndinə əsasən tərəflər müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İddiaçının qarşı tərəfin sifariş etmədiyi, xidmətlərin təklif edilən qiymətləri ilə razılaşmadığı və heç bir xidmət təhvil vermədiyi təqdirdə xidmət haqqı tələb etməsi, hətta şişirdilmiş qiymətlərlə tələb etməsi absurddur. Odur ki, iddiaçı müqavilə münasibətlərinə zidd şəkildə hərəkət edərək müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozduğu üçün cavabdeh ilə bağlanan 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsi qeyd edir ki, “Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassirvə i.a.) bəlli ola bilər. Bu maddədən görünür ki, təmsilçinin səlahiyyətlərini təsdiq edən cəmi 2 sənəd növü var: etibarnamə və müvafiq akt. Qanunvericilik tərəflər arasında olan hər hansı müqaviləni təmsilçinin səlahiyyətlərini təsdiq edən sənəd kimi tanımır və ona belə bir qüvvə vermir. Örnəyi vəkillə bağlanmış müqaviləni, avtomobilin icarəsinə dair müqaviləni və sair müqavilələri göstərmək olar ki, tərəflər arasında müqavilənin olmasına baxmayaraq təmsilçilik üçün etibarnamənin mövcud olmasını şərt kimi göstərir. Ən geniş təfsirdə belə şərti olaraq müqaviləni təmsilçilik üçün NBA İnternational logistics MMC-yə verilmiş bir səlahiyyət kimi qəbul etsək belə, bu hüquqi şəxslə bağlanmış bir müqavilədir və səlahiyyət yalnız NBA İnternational logistics MMC-nin qanuni təmsilçisi tərəfindən etibarnaməsiz həyata keçirilə bilərdi, əks halda istənilən əməkdaşa yenə də etibarnamə verilməli idi. Qeyd edilən normanın tələblərini pozmaqla məhkəmə tərəflərindən təqdim edilmiş sübutları yetərincə tədqiq etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilənin 2.4-cü yarımbənddə sadalanan öhdəliklər iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən bu pozuntuya hüquqi qiymət verilməmiş və yekun məhkəmə aktı çıxarılmışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə cavabdehin xidmətlər sifariş etdiyini, o cümlədən iddiaçının xidmətlər göstərdiyini təsdiq edən heçbir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində NBA İnternational logistics MMC ilə NBA technologies İnternational MMC arasında 04 fevral 2022-ci il tarixli müqavilənin olmasını əsaslardan biri kimi göstəmişdir. Həqiqətən də tərəflər arasında belə bir müqavilə mövcuddur, lakin məhkəmə bir fakta diqqət yetirməmişdir ki, nə NBA İnternational Technologies MMC, nə də NBA İnternational Logistics MMC bu müqaviləni iddiaçıya təqdim etməmişdir və iddiaçı əməliyyatları apararkən bu müqavilənin mövcudiyyətindən xəbərsiz olmuşdur. Belə ki, məhkəmənin gedişində “Sizə NBA İnternational Technologies MMC tərəfindən yaxud da NBA İnternational Logistics MMC tərəfindən sizinlə yazışmalara NBA İnternational Logistics MMC-yə səlahiyyət verildiyinə dair hər hansı bir sənəd yaxud etibarnamə təqdim edilmişdirmi ?” sualına iddiaçının nümayəndəsi “xeyr” cavabını vermişdir. Məhkəmədə verdikləri ifadələrdə də qeyd etdikləri kimi, bu müqavilənin məqsədi NBA İnternational Technologies MMC ilə NBA İnternational Logistics MMC arasında tamamilə kənar və bu münasibətlərə aid olmayan məsələlərin tənzimlənməsi məqsədi ilə imzalanmışdı. Bunu hətta iddiaçı özünün məhkəməyə təqdim etdiyi “Yazılı mülahizəsində də etiraf etmişdir:” İş materiallarında göründüyü kimi, mübahisə predmeti təşkil edən müqavilə cavabdeh və iddiaçı arasında bağlanmışdır və həmin subyektlər arasında hüquq və öhdəliklər yaradır. Cavabdehin müqavilənin tərəfi olmayan digər şəxslə bağladığı müqavilənin müddəalarının iddiaçıya aidiyyəti yoxdur.”Fikrimizcə iddiaçının özünün 04 fevral 2022-ci il tarixli müqavilənin iddiaçı ilə cavabdehin münasibətlərinə aidiyyətinin olmamasını iddiaçının yazılı etirafından dəqiq heç nə ifadə edə bilməzki, məhkəmə də bu faktı nəzərə almamışdır. Məhkəmənin qəbul etdiyi qanunsuz qətnaməni əsaslandırdığı digər sənəd yükdaşımaya dair təqdim olunmuş CMR-lərdir (Qaimələr). Həmin CMR-lərin heç birində yükün iddiaçı tərəfindən daşınmasına dair kiçik də olsa bir qeyd yoxdur. CMRlərdən də göründüyü kimi onların yükləri tamamilə kənar bir Çin şirkəti tərəfindən daşınmışdır. Məhkəmənin gətirdiyi bütün arqumentlərə “Beynəlxalq yükdaşımalara dair konvensiya”-nın 9-cu maddəsi (CMR əksi sübut olunmayıbsa tərəflər arasında müqavilənin mövcud olmasını və yükün qəbul edilməsini təsdiq edən sənəddir) və AR Mülki Məcəlləsinin 854-cü (Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtibedilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1.yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2.bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3.yük alan tərəfindən yükün qəbul edilməsi…) maddələri tam cavab verir. Müddəalar göstərir ki, qaimələr onunla daşıyıcı Çin şirkəti arasıda müqavilənin olmasını və onun yükünün həmin şirkət tərəfindən təyinat yerinə çatdırmasını təsdiq edir, başqa da bir təyinatı yoxdur bu sənədlərin. Yəni onların yükü daşınıb, lakin iddiaçının burda rolu nədən ibarət olub bu suala məhkəmə heç bir sübutla cavab verə bilmir. Məhkəmənin bu absurd yanaşmasını əsas göstərən dünyadakı istənilən daşınma şirkəti eyni uğurla onlara qarşı iddia qaldırıb yükləri onun daşımasını iddia edə bilər. Məhkəmənin istinad etdiyi üçüncü məqam “NBA İnternational Logistics MMC ilə iddiaçı arasında yüklərə dair yazışmalardır. İddiaçının öz sözləri ilə desək “iddiaçının müqavilənin tərəfi olmayan digər şəxslə apardığı yazışmaların cavabdehə aidiyyəti yoxdur”. Məhkəməyə təqdim etdikləri məhkəmə qətnaməsindən də göründüyü kimi tərəflər özləri arasında kifayət qədər sıx əməkdaşlıq edib yükdaşımaları həyata keçirmişlər. Həmin yazışmaların ümumiyyətlə hansı yüklərə aid olması məlum deyil və o yazışmalar onlar üçün hər hansı öhdəlik yaratmır. Məhkəmə bu faktı müəyyən etmək üçün bu anlaşılmazlığı yaradan, əsas mübahisə predmeti olan işlərə birbaşa aidiyyəti olan NBA İnternational Logistics MMC-ni məhkəməyə cəlb etməklə bütün olanlara aydınlıq gətirə bilərdi, lakin onlara məlum olmayan səbəbdən bu hal baş verməmişdir. Təkrar olaraq bildirir ki, NBA İnternational Logistics MMC-nin onların adından hər hansı sifarişlər vermək (əgər veribsə) yaxud qiymət razılaşdırmaq kimi bir səlahiyyəti olmayıb və onlar bununla bağlı iddiaçıya hər hansı bildiriş verməmişlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

30. Tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

31. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

32. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

33. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili izahatında bildirmişdi ki, həmin dövrdə “NBA Technologies İnternational” LLC-nin adından iddiaçı ilə danışıqlarda iştirak etmiş Nümayəndə3 hazırda “NBA İnternational Logistics MMC-nin direktorudur, Əvvəllər direktor başqa şəxs olub, Nümayəndə3 həmin direktorun tapşırıqlarına əsasən yazışmaları aparıb. Eyni zamanda “NBA İnternational Logistics MMC iddiaçı ilə başqa şirkətlərin tapşırığına əsasən də yükdaşımaların həyata keçirilməsi ilıə bağlı yazışmalar da aparmışdır və e-maillərdə istinad edilən edilən invoys və CMR-lər cavabdehin sifariş etdiyi yükdaşımalarla deyil, başqa şirkətlərin sifarişləri ilə bağlı ola bilər. Avans məbləğinin kimin tərəfindən ödənilməsi barədə məlumatı yoxdur. Tətbiq edilən hüquq:

34. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

35. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. -450.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

1. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

Apellyasiya baxışının hədləri

36. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “NBA Technologies İnternational” LTD Gürcüstan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan, eləcə də mübahisəli yükdaşıma bir neçə dövlətin ərazisindən keçməklə həyata keçirilmiş beynəlxalq yükdaşıma olduğundan hazırkı mübahisə bir neçə dövlətin hüquq sistemi ilə bağlı olan xarici elementli mübahisədir.

1. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı tələb tərəflər arasında bağlanmış yükdaşıma və gömrük təmsilçiliyi barədə müqavilədən irəli gəlir. Həmin müqavilədə isə tərəflər müqavilədən irəli gələn mübahisələrin AR Məhkəmələrində həll edilməsi barədə razılaşmışlar. Odur ki, MPM-in 450.1-ci maddəsinə əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmağa dair beynəlxalq səlahiyyətə malikdirlər.

2. İkinci həll edilməli məsələ mübahisəyə hansı ölkənin hüququnun tətbiq edilməli olması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər aralarında bağlanılmış yükdaşıma müqaviləsində həmin müqavilədən irəli gələn münasibətlərinə AR qanunvericiliyinin tətbiq edilməli olması barədə razılaşmışlar, odur ki, “Beynəlxalq xüsusi hüquq” haqqında AR qanununun 24.1-ci maddəsinə əsasən mübahisə AR qanunvericiliyi əsasında həll edilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, İddiaçı MMC (icraçı) ilə cavabdeh “NBA Technologies İnternational” LTD (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli AC2023065 saylı yükdaşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC mübahisəli müqavilə üzrə cavabdehə 2023-cü ilin oktyabrında 110.000 ABŞ dolları dəyərində yükdaşıma xidmətlərini göstərməsini, lakin cavabdehin həmin xidmətlərin müqabilində yalnız 55.000 ABŞ dolları məbləğində avans ödəməsini, 55.000 ABŞ dolları məbləğində xidmət haqqının isə ödənilməmiş qalmasını əsas göstərərək həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçı ilə yükdaşıma müqaviləsi bağlasa və həmin müqavilə üzrə avans olaraq 55.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəsə də, sonradan qiymət yüksək olduğundan yükdaşımanı sifariş vermədiyini və cavabdeh tərəfindən mübahisəli müqavvilə üzrə hər hansı yükdaşıma xidmətinin həyata keçirilmədiyini bildirərək iddiaya etiraz edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İşin mübahisəli halları mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya yükdaşımanın sifariş edilib-edilməməsi və iddiaçı tərəfindən həmin yükdaşımanın həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. İddiaçı cavabdeh tərəfindən yükdaşımanın sifariş edilməsi və həmin sifariş əsasında yükdaşımanın həyata keçirilməsini sübuta yetirmək üçün məhkəməyə e-mail yazışmalarını təqdim etmişdir. Məhkəmə iclasında baxış keçirilmiş həmin yazışmalara əsasən müəyyən edilir ki, cavabdehin adından müstəqil tələb irəli sürməyən "xxxx" MMCnin işçisi Nümayəndə3 ilə iddiaçının nümayəndələri arasında yükdaşıma müqaviləsinin bağlanması, həmin müqavilə üzrə yükdaşıma sifarişinin (8 ədəd yük maşını vasitəsilə) verilməsi, qiymətin razılaşdırılması, avansın ödənilməsi, daşımanın həyata keçirilməsi ilə bağlı yazışmalar aparılmış, yazışmalarda cavabdehin nümayəndəsi iddiaçının qiymət təklifini qəbul etdiklərini bildirmiş, iddiaçı isə yüklərin göndərilməsini təsdiq edən CMR-lərin və invoysun surətini cavabdehin nümayəndəsinə göndərmiş, 50% ödəmənin qabaqcadan, qalan ödəmənin isə yük çatdırıldıqdan sonra ödənilməli olmasını qeyd etmiş, 8 ədəd yük maşınının Özbəkistan sərhədini keçməsi barədə məlumat vermiş və daha sonra yükün çatdırıldığını bildirmişdir. Bununla bağlı yazışmalarda iddiaçı ilə danışıqlar aparılarkən "xxxx" MMC ilə aralarında bağlanmış 04 fevral 2022-ci il tarixli partnyorluq müqavilənin artıq ləğv edilməsi və belə olan halda həmin danışıqlarda cavabdehin adından iştirak etmiş "xxxx" MMC-nin işçisi Nümayəndə3 onları təmsil etmək səlahiyyətinin olmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin adından "xxxx" MMC-nin işçisi tərəfindən aparılmış danışıqların nəticəsi olaraq iddiaçı ilə cavabdeh arasında hər iki tərəfin imzası və möhürü ilə imzalanmış yükdaşınma müqaviləsi bağlanmış, bundan sonra həmin müqavilə əsasında iddiaçı tərəfindən təqdim edilmiş invoysa istinad edilməklə cavabdeh tərəfindən iddiaçıya avans ödənilmişdir. Göstərilən faktlar isə ona dəlalət edir ki, "xxxx" MMC-nin və onun işçisi olan Nümayəndə3 cavabdehin adından danışıqqlar aparmaq səlahiyyətinin olmaması ehtimal edilsə belə cavabdehin nümayəndəsi qismində Nümayəndə3 ilə iddiaçı arasında danışıqlar cavabdehin məlumatı və razılığı ilə aparılmaqla həmin danışıqlar nəticəsində əldə edilmiş razılaşmalar cavabdeh tərəfindən təsdiq edilmişdir (bəyənilmişdir). Bundan başqa iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında hər hansı yükdaşımanın həyata keçirilməməsi, iş materiallarında olan CMR-lərdə daşıyıcı qismində iddiaçının adının göstərilməməsi, həmin CMR-lər əsasında cavabdehin sifarişi ilə digər daşıyıcı tərəfindən həyata keçirilməsi barədə dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, birincisi, cavabdeh mübahisəli yükdaşınmanı başqa bir daşıyıcıya sifariş etməsini, bununla bağlı həmin daşıyıcıya hər hansı ödəniş etməsini təsdiq edən sübutları təqdim etməmişdir. İkincisi, mübahisəli CMR-lərin iddiaçıda olması, iddiaçının nümayəndəsi tərəfindən yükün yola salınmasını təsdiq etmək üçün həmin CMR-lərin cavabdehi təmsil edən Nümayəndə3 göndərilməsi kimi faktlar dolayısı ilə həmin CMR-lər əsasında daşınmaların məhz iddiaçı tərəfindən (və ya iddiaçının tapşırığı ilə digər daşıyıcı şirkət tərəfindən) həyata keçirilməsini sübuta yetirir. Bununla bağlı o da qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatda Nümayəndə3 göndərilmiş CMR-lərin başqa şirkətlərin sifarişləri ilə bağlı CMR-lər olmasını bildirsə də, məhkəmə iclasında elektron poçt yazışmalarına keçirilmiş baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən email vasitəsilə Nümayəndə3 göndərilmiş CMR-lərin məhkəməyə təqdim edilmiş CMR-lərlə eynilik təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən olunur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya yükdaşıma xidmətləri göstərmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini tam şəkildə həyata keçirməmiş, nəticədə cavabdehin iddiaçıya 55000 ABŞ dolları borcu yaranmışdır.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən cavabdehdən 55000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

41. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi cavabdeh “NBA Technologies İnternational” LTD tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 2750 ABŞ dolları dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “NBA Technologies İnternational” LTD tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3625/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar