Məhkəmə qərarları › İş №2-2(103)-203/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-203/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-203/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi açar sözlər: əsassız borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-4166/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh İB tərəfindən Azərbaycan Respublikasının Kiçik və X5 Agentliyinə ünvanlanmış 21 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan İddiaçı (abonent kodu: **********00020) hesabında müraciət etdiyi tarixdən, yəni 01 oktyabr 2023-cü il tarixindən Vüsal Qasımovun (abonent kodu: **********00120) hesabında müraciət etdiyi tarixdən, yəni 05 noyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı" sahələri üzrə 22 qəpik olmaqla qərarına əsasən "Azəriqaz” X1 uçotu sistemində dəyişdirilmişdir. Vəsaitin geri qaytarılması və ya debitor borcla əvəzləşməsi məsələsi ilə bağlı qeyd edilmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkünsüzdür.

2. Azərbaycan Respublikasının Kiçik və X5 Agentliyinin İddiaçı ünvanlanmış 01 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətində o, çörəkbişirmə müəssisənizdə istehlak edilən qazın dəyərinin artıq hesablandığını qeyd edərək, təbii qazdan istifadəyə görə artıq ödənilmiş vəsaitin geri qaytarılmasına müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Müraciətində qeyd olunanların ətraflı araşdırılması məqsədilə Agentlik tərəfindən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Cavabdehnə müvafiq məktubla müraciət olunmuşdur. Sözügedən qurumdan Agentliyə daxil olmuş cavab məktubunda (surəti əlavə olunur) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 saylı Qərarına əsasən "Azəriqaz" X1in uçotu sistemində sənaye və kənd təsərrüfatı sahələri üzrə təbii qazın pərakəndə satış tarifinin bir kub metr üçün 22 qəpik müəyyənləşdirildiyi qeyd olunmuş, lakin ötən illərin hesabat dövrünün yekunlaşması səbəbindən ödənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir.

3. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 01 mart 2024- cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh X1 uçotu sistemində Kürdəmir rayonu Atakişili kəndində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə aid hesab kodu üzrə (kod: **********00020) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı” sahələri üzrə 22 qəpik olmaqla hesablanması, bundan əvvəl daxil olmuş müraciətinə əsasən, yəni 01 okyabr 2023-cü il tarixindən aparılır. Müraciətində qeyd olunan vəsaitin geri qaytarılması məsələsi ilə bağlı qeyd etmək istəyirik ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkünsüzdür.

4. İddiaçı (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli, AMX-3786/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kub metr üçün 0,25 manat məbləğində müəyyən edilmişdir.

5. Abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək qazın sərfiyyatı 59577 m3, 2022-ci il üçün qazın sərfiyyatı 113591 m3, 2023-cü ilin yanvar ayından oktyabr ayınadək qazın sərfiyyatı 80379 m3 olmaqla cəmi 253547 m3 olmuş, 2021-ci ilin iyul ayından 23-cü ilin oktyabr ayına kimi həmin sərfiyyata görə 62321,75 manat məbləğ hesablanmış, 63134 manat ödəniş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 7616 manat məbləğin qaz sayğac balansına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon, Atakişili kəndində yerləşən özünə məxsus olan qeyri-yaşayış sahəsində çörək sexində çörək bişirməklə sahibkar olaraq məşğul olur. Hər ay istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmişdir. Bu yaxınlarda təxminən 2023-cü ilin oktyabr ayında ona məlum oldu ki, ona məxsus olan çörək sexində istifadə etdiyi qazın dəyəri 0.25 qəpiklə hesablanır. Halbuki Tarif şurasının qərarına əsasən sənaye və kənd təsərüfatı müəssiələri üçün 1000 m3 qazın dəyəri 1 m3 0,22 qəpik olmaqla hesablanmalıdır. Lakin Azəriqaz tərəfindən ona məxsus olan şörək sexində istifadə etdiyi qazın dəyəri 0,25 qəpiklə hesablanmşdır. Bu hal xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək davam etmişdir. O bu barədə məlumat alan kimi dərhal aidiyyəti üzrə Ağsu regional qaz idarəsinə müraciət etmişdir. Müraciətindən onun tərəfindən artıq ödəniş edilmiş 0,03 qəpik dəyərində əlavə ödədiyi 7616 manat pulun geri qaytarılmasını (qaz hesabına) xahiş etsə də, bu günə qədər həmin məbləğ geri qaytarılmır. Ancaq müracəti ilə əlaqədar olaraq hal-hazırda 2023-cü ilin noyabr ayından hesablama 0,22 qəpiklə aparılır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əlavə ödəniş etdirilmiş 0,03 qəpik qazın həcmini 7616 manatı 3 gün ərzində qaytarmağı tələb edir. Əks halda bununla bağlı aidiyyəti məhkəməyə müraciət etmək məcburiyyətindədir.

8. Cavabdeh İB iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı məxsus olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən Çörək sexinin qaz xətti üzərində quraşdırlmış G-25 markalı,75137052 nömrəli qaz sayğacı quraşdırılmaqla **********00020 nömrəli abonent kodu açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 6.1.4. bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə və 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda abonentin qaz təminatı dayandırılır. Eyni zamanda, əlavə ödəniş edilmiş qaz həcmini abonent hesabına qaytarılması barədə müraciətinizə cavab olaraq bildirmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün qeyd olunan vəsaitin hesaba qaytarılması mümkünsüzdür. İddiaçı iddia tələbi tamamilə əsassız olduğundan, təmin edilməməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4166/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış qaz sərfiyyatı üzrə artıq ödənilmiş 7606 (yeddi min altı yüz altı) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaitinin iddiaçının cavabdehdə olan qaz sayğacı balansına geri qaytarılması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli məbləğ Cavabdeh İB tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində olan çörək sexində qazdan istifadəyə görə sərfiyyat məbləğinin Tarif (qiymət) Şurasının müvafiq qərarlarına uyğun olmayaraq iddiaçıya 0,25 qəpikdən hesablanması ilə bağlıdır. Belə ki, Tarif Şurasının yuxarıda qeyd olunan qərarlarına əsasən sənaye və kənd təsərrüfatı sahələrində istifadə olunan təbii qazın 1 m3 dəyəri 2021-ci ilin 1 iyul tarixindən 0,20 manat, 01 noyabr tarixindən isə 0,22 manat müəyyən olunmasına baxmayaraq, cavabdeh iddiaçının yeyinti sənayesi olduğunu nəzərə almadan 2021-ci ilin iyul ayından 2023-cü ilin oktyabr ayına qədər istifadə olunan 1 m3 təbii qazın dəyərini qeyri-əhali üzrə digər sahələr kimi 0,25 manatla hesablamışdır. Hətta tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə də təbii qazın 1 m3 dəyəri 0,25 manat qeyd edilmiş, lakin cavabdeh öz cavab məktubunda iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən sənayə sahəsi olaraq təbii qazın 1 m3 dəyərinin 0,22 manatdan hesablandığını, ötən illərin hesabat dövrünün yekunlaşması səbəbindən ödənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığı qeyd etmişdir. Bu isə dolayısı ilə cavabdehin, iddiaçıya verdiyi təbii qazın dəyərini düzgün hesablamadığını etiraf etdiyini, sadəcə hesabat dövrü bitdiyi üçün vəsaiti geri qaytara bilmədiyini təsdiq edir. Cavabdeh tərəfindən qazın həcminin və ona uyğun olaraq dəyərinin hesablanması ilə bağlı tərəflər arasında olan əvvəlki müqavilənin və zəruri məlumatların məhkəməyə təqdim olunacağı bildirilsə də, məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. 2021-ci ilin iyul ayından 2023-cü ilin oktyabr ayınadək Tarif Şurasının qərarına uyğun olaraq təbii qazın 1 m3 qiyməti, iddiaçı sənaye və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyi üçün 0,22 qəpikdən hesablanmalı idi. Lakin abonent saldosu məlumatlarından göründüyü kimi 2021-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək qazın sərfiyyatı 253547 m3 olmaqla bir kub metrin dəyəri 0,25 qəpikdən hesablanaraq 62321,75 manat müəyyən edilmişdir. Belə olan halda 253547 m3 qaz sərfiyyatına görə ödənilməli olan məbləğ üzrə hər kub metr üçün 0,03 manat fərq nəzərə alındığı zaman (253547 m3 x 0,03 manat = 7606,41) iddiaçı tərəfindən 7606,41 manat pul vəsaitinin artıq ödənildiyi müəyyən olunur. İddiaçı iddia tələbində 7616 manat məbləğin geri qaytarılmasını tələb etmiş, halbuki aparılmış hesablama nəticəsində cavabdeh tərəfindən 7606,41 manat məbləğin artıq hesablandığı müəyyən olunmuşdur.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR Konstitusiyasının 26, 60-cı maddələrini, Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh İB Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4166/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qanunun tövsifinə əsasən İddiaçı məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən “Çörək sexi” nin **********00020 nömrəli abonent koduna hesablanaraq vurulmuş və iddiaçı tərəfindən silinməsi xahiş edilən 7616 manat müəsisədə istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ”Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” nin 3.1. bəndinə əsasən istehlakçıya satılan təbii qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1(bir) m üçün 0.20 manat müəyyən edilmişdir. Həmin müqavilənin 7.2. bəndinə əsasən bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1(bir) il müəyyən edilmişdir. Həmin müqavilənin 7.3. bəndinə əsasən İstehlkaçı (hazırkı iş üzrə İddiaçı) müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə 1(bir) ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən Paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, Müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab edilir. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. Həmin Müqavilənin 3.2. bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. Həmin Müqavilənin 3.4. bəndinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin Müqavilənin 2.2. bəndinə əsasən İstehlakçı tərəfindən istifadə edilmiş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək Paylayıcının hüquqlarına daxildir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəfimizdən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olmamasını xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İstehlakçı hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 13.3-cü maddəsinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 13.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır. 13.5-ci maddəsinə əsasən əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, G.İsmayılzadənin şikayəti üzrə xx.xx.2016 tarixli qərarlarında qeyd olunur ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4166/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli məbləğ Cavabdeh İB tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində olan çörək sexində qazdan istifadəyə görə sərfiyyat məbləğinin Tarif (qiymət) Şurasının müvafiq qərarlarına uyğun olmayaraq iddiaçıya 0,25 qəpikdən hesablanması ilə bağlıdır. Belə ki, Tarif Şurasının yuxarıda qeyd olunan qərarlarına əsasən sənaye və kənd təsərrüfatı sahələrində istifadə olunan təbii qazın 1 m3 dəyəri 2021-ci ilin 1 iyul tarixindən 0,20 manat, 01 noyabr tarixindən isə 0,22 manat müəyyən olunmasına baxmayaraq, cavabdeh iddiaçının yeyinti sənayesi olduğunu nəzərə almadan 2021-ci ilin iyul ayından 2023-cü ilin oktyabr ayına qədər istifadə olunan 1 m3 təbii qazın dəyərini qeyri-əhali üzrə digər sahələr kimi 0,25 manatla hesablamışdır. Hətta tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə də təbii qazın 1 m3 dəyəri 0,25 manat qeyd edilmiş, lakin cavabdeh öz cavab məktubunda iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən sənayə sahəsi olaraq təbii qazın 1 m3 dəyərinin 0,22 manatdan hesablandığını, ötən illərin hesabat dövrünün yekunlaşması səbəbindən ödənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığı qeyd etmişdir. Bu isə dolayısı ilə cavabdehin, iddiaçıya verdiyi təbii qazın dəyərini düzgün hesablamadığını etiraf etdiyini, sadəcə hesabat dövrü bitdiyi üçün vəsaiti geri qaytara bilmədiyini təsdiq edir. 2021-ci ilin iyul ayından 2023-cü ilin oktyabr ayınadək Tarif Şurasının qərarına uyğun olaraq təbii qazın 1 m3 qiyməti, iddiaçı sənaye və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyi üçün 0,22 qəpikdən hesablanmalı idi. Lakin abonent saldosu məlumatlarından göründüyü kimi 2021-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək qazın sərfiyyatı 253547 m3 olmaqla bir kub metrin dəyəri 0,25 qəpikdən hesablanaraq 62321,75 manat müəyyən edilmişdir. Belə olan halda 253547 m3 qaz sərfiyyatına görə ödənilməli olan məbləğ üzrə hər kub metr üçün 0,03 manat fərq nəzərə alındığı zaman (253547 m3 x 0,03 manat = 7606,41) iddiaçı tərəfindən 7606,41 manat pul vəsaitinin artıq ödənildiyi müəyyən olunur.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 21 fevral 2024-cü il tarixli məktubuna əsasən iddiaçıya müraciət edildiyi tarixdən 0.22 qəpik tarifi tətbiq edilib, lakin hesabat dövrü bağlandığına görə əvvəlki ödənişin geri qaytarılması mümkün olmadığı müəyyən edilir. Cavabdeh bu məktubla iddiaçıya əvvəlki tətbiq edilən tarifin düzgün tətbiq edilmədiyini etiraf etmiş sayılır. Belə ki, əgər çörək sexi kənd təsərrüfatı və sənaye istehsalı sayılmırdısa idddiaçının müraciət edildiyi tarixdən ona tarif dəyişikliyinin tətbiq edilməsi ağlabatan deyil. Həmin məktubda həmçinin hesabat dövrünün bağlandığına görə ödənişin geri qaytarılmaması qeyd olunur. Göründüyü kimi, cavabdehin etiraz etdiyi hal yalnız hesabat dövrünün bağlandığına görə ödənişin geri qaytarılmamasıdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi ilə bağlı əsas yoxdur.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4166/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyin andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar