Məhkəmə qərarları › İş №2-2(103)-208/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-208/2022

17.01.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-208/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının ASC "xxxx" Sığorta Şirkətinin (bundan sonra - SŞ) müflis elan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qərardadlarından Kreditor2 MMC, ləğv prosesində olan SŞ-nin ləğvetmə komissiyası (bundan sonra - SŞ ləğvetmə komissiyası) və “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqı (bundan sonra - İSB) tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi AR Mərkəzi Bankı SŞ-nin müflis elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, SŞ müflis elan edilmişdir.

1. Ərizəçi3 (bundan sonra - ZİC LTD) ərizə ilə məhkəməyə müraciət edərək, onun tələbini rədd edən SŞ ləğvetmə komissiyasının 13.04.2021-ci il tarixli 169 nömrəli məktubunun etibarsız hesab edilməsini və tələbinin qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, SŞ ləğvetmə komissiyasının ZİC LTD-nin kreditor tələbinin rədd edilməsinə dair qərarı ləğv edilmiş, ZİC LTD-nin 1.157.665,06 manat məbləğdə kreditor tələbi qəbul edilmiş 9-cu növbəli tələb kimi SŞ kreditor tələblərin reyestrinə daxil edilmişdir. Qərardadla razılaşmayan Kreditor2 MMC, SŞ ləğvetmə komissiyası və İSB ondan şikayətlər verərək, hər üçü qərardadın ləğv edilib, Kreditor2 MMC ZİC LTD-nin kreditorların reyestrindən çıxarılmasını, SŞ ləğvetmə komissiyası ZİC LTD-nin ərizəsinin rədd edilərək, kreditorların reyestrinin SŞ ləğvetmə komissiyasının təqdim etdiyi formada təsdiq edilməsini, İSB ZİC LTD-nin ərizəsinin rədd edilməsini xahiş etmişlər. 1.1. Kreditor2 MMC-nin şikayətinin dəlillərinə görə, ZİC LTD ilə SŞ arasındakı münasibətləri əks etdirən müqavilələrin əsli təqdim edilmədiyindən ləğvetmə komissiyası həmin müqavilələr üzrə irəli sürülən tələbin, cəmiyyətin fəaliyyəti dövründə fərqli yanaşma sərgilənməsinə baxmayaraq, əsaslı olub-olmamasına münasibət bildirə bilmir. Nəzərə alınmalıdır ki, ZİC LTD rəhbər işçilərinin sərgilədiyi mövqe SŞ ləğvetmə komissiyası üçün məcburi göstəriş kimi dəyərləndirilməməlidir. Ləğvetmə komissiyası üçün önəmli olan tələbin hüquqi əsasını təşkil edən sənədlərin mövcudluğudur. Odur ki, ZİC LTD alt sənədləri təqdim etmədən ləğvetmə komissiyasına müraciətinin təmin edilməmiş qalması tam əsaslı olmuşdur. Belə ki, ləğvetmə komissiyası yalnız borcun mövcudluğunu təsdiq edən sənədləri təhlil etməklə onları kreditorların reyestrinə daxil edilməsi məsələsini qanunauyğun həllinə nail ola bilər. ZİC LTD istinad etdiyi SŞ ilə imzaladığı müqavilə əsasən tərəflər arasında əməkdaşlığın ümumi parametrlərini müəyyən edir və təkrarsığortaçı arasında müntəzəm şəkildə və ya vaxtaşırı bağlanan fakültativ ötürmələrin şərtlərini müəyyən edir. Yəni ZİC LTD tərəfindən təqdim edilən sığorta şəhadətnamələrinin surətlərinin tərəflər arasında öhdəliklərin yaranmasına əsas verəcəyi şübhə altındadır. Lakin məhkəmə tərəflər arasında bağlanacaq təkrarsığorta müqavilələrinin şərtləri müəyyən edilən təkrarsığorta çərçivə müqaviləsində təkrarsığorta müqaviləsinin qüvvəyə minməsinin təkrarsığorta haqqının ödənilib-ödənilməməsindən asılı edilmədiyini vurğulayır. Əksinə, həmin müqavilədə onun imzalandığı tarixdən qüvvəyə minməsi barədə müddəanın yer aldığını qeyd edir. Lakin nəzərə almaq lazımdır ki, məhkəmə ümumi müqaviləyə münasibət bildirərək, hər bir təkrarsığorta şəhadətnaməsi verilmiş müqavilələrin müddəalarını dəyərləndirmir. Odur ki, SŞ tərəfindən ZİC LTD-yə təkrarsığorta haqqı ödənilmədiyindən, təkrarsığorta münasibətləri yaranmamışdır. Belə olan halda ZİC LTD-nin tələbi əsassız olduğundan, SŞ kreditorların reyestrinə salınması əsassızdır. Əlavə olaraq, ZİC LTD tərəfindən məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulan 21 gün müddət də ötürülmüşdür. Məhkəmə əsassız olaraq ZİC LTD-yə iddia qaydasında məhkəməyə müraciət etməyini şikayətin vaxtında verilməsi kimi dəyərləndirmişdir. 1.2. SŞ ləğvetmə komissiyasının şikayətinin dəlillərinə görə, ZİC LTD-nin müraciətinə SŞ ləğvetmə komissiyası tərəfindən 14.04.2021-ci il tarixdə LTD-nin kreditor tələbinin qeydə alınmadığına dair məlumat verildikdən sonra, “Müflisləşmə və iflas haqqında” AR Qanununun 45.3-cü maddəsinin tələbinə əsasən, 21 gün müddətində ləğvetməyə nəzarəti həyata keçirən məhkəməyə şikayət verilə bilərdi. Lakin ZİC LTD belə şikayət verməmiş, kreditor tələbinin qeydə alınmasından imtina barədə ləğvetmə komisisyasının qərarının etibarsız hesab edilməsinə dair iddia icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. İddia üzrə icraata xitam verilməsinə dair qərardaddan sonra LTD hakim L.Əliyevaya ərizə ilə müraciət edərək, kreditor tələbinin qeydə alınmasını xahiş etmişdir ki, bu da Qanunun 45.3-cü maddəsinin tələbinin pozulmasıdır. Məhkəmə LTD tərəfindən prosessual (məhkəməyə şikayət verilməsi üçün 21 gün) müddətin üzrlü səbəbdən ötürülməsi və bərpasına dair ərizəsi olmadığı halda, hesab etmişdir ki, LTD tərəfindən müddət ötürülməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 133-cü maddəsinin tələbləri baxımından, yalnız tərəfin buraxılmış müddətin bərpasına dair ərizəsi olduqda və müddətin buraxılmasını üzrlü hesab etdikdə, LTD-nin şikayətinə mahiyyəti üzrə qərardad qəbul edə bilərdi. Əks təqdirdə, necə ki, LTD tərəfindən buraxılmış müddətin bərpasına dair ərizə daxil olmamışdır, Məhkəmə LTD-nin ərizəsini (şikayətini) geri qaytarmalı idi. Məhkəmə nəzərə almamışdır ki, ZİC LTD 16.11.2020-ci ildə SŞ ləğvetmə komissiyasına kreditor tələb ilə müraciət etmiş, həmin ərizəsində cəmi 1.157.665,06 manat məbləğdə tələbini qeyd etmiş, tələbin faktiki və hüquqi əsaslarını təqdim etməmişdir. Faktiki əsas dedikdə, hesab edirlər ki, ZİC LTD tələbini təsdiq edən sənədləri lazımi qaydada təqdim etməli idi. Lakin LTD hər hansı müqavilə və təkrarsığorta münasibətini təsdiq edən sənədləri təqdim etmədiyindən, SŞ ləğvetmə komissiyası haqlı olaraq LTD-nin müraciətinin qanunvericiliyin tələbinə uyğun olmadığından qəbul edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə iclasında da dəfələrlə bildirilmişdir ki, LTD-nin təqdim etdiyi müqavilələrin əsli və ya lazımınca təsdiq edilmiş surəti belə ləğvetmə komissiyasına və ya məhkəməyə təqdim olunmamışdır. Belə olduğu halda LTD-nin tələbinin təmin olunması mümkünsüzdür. Ləğvetmə komissiyası tələbin hüquqi əsaslarını yoxlamadan hər hansı tələbi qəbul edə bilməz. Tələbin hüquqi əsasının yoxlanılması üçün isə ilk növbədə faktiki əsaslar - müvafiq təsdiqləyici sənədlər olmalıdır. Belə sənədlər isə iş materiallarında mövcud deyil. Məhkəmə iclasında da qeyd edildiyi kimi, 2019-cu ildə və ya ondan əvvəlki dövrdə, fəaliyyətdə olan SŞ əməkdaşlarının yazışmaları, həm də həmin yazışmalar mötəbər olmadığı halda, ləğvetmə komissiyası üçün əsas sayıla bilməz. Qanunvericiliyin tələbinə görə, ləğvetmə komissiyası iflas prosedurunda olan hüquqi şəxsin kreditorlarının tələblərini müstəqil surətdə yalnız qanunauyğun sənədlərin mövcudluğu halında qəbul edilib-edilməməsi məsələsini həll etməlidir. Ləğvetmə komissiyasının nümayəndəsi məhkəmə iclasında sözügedən yazışmalara münasibətini belə bildirmişdir ki, səlahiyyəti olmayan əməkdaşın borcun olmasına dair təsdiqləyici məktubuna ləğvetmə komissiyası münasibət bildirə bilməzdi. Belə məktub LTD-nin kreditor tələbinə əlavə olunmamışdır, yalnız 11.10.2021-ci il tarixli iclasda təqdim olunmuşdur, həmçinin, əsli olmayan sənədə münasibət odur ki, tələbin qəbul edilməsi üçün mötəbər sənəd hesab edilə bilməz. Göstərilənlərlə yanaşı, məhkəmə istinad etdiyi maddi hüquq normalarını yanlış təfsir etmişdir. Eyni zamanda, məhkəmə mövcud olmayan, kserosurətdə təqdim edilmiş müqavilənin bəndini qanundan üstün tövsif edərək, hesab etmişdir ki, tərəflər arasında təkrarsığorta münasibəti yaranmışdır. Halbuki, SŞ ilə ZİC LTD arasında bağlandığı iddia olunan təkrarsığorta müqaviləsi üzrə SŞ tərəfindən sığorta haqqı təkrarsığortaçı olan ZİC LTD-yə ödənilmədiyindən, Mülki Məcəllənin təkrarsığorta münasibətlərini tənzimləyən müvafiq müddəalarının tələbinə görə təkrarsığorta müqaviləsi qüvvəyə minməmişdir və tərəflərin arasında təkrarsığorta münasibəti yaranmamışdır. Beləliklə, yuxarıda istinad olunan hüquq normalarının qarşılıqlı əlaqəsindən belə nəticəyə gəlinir ki, təkrarsığorta haqqı ödənildikdən sonra təkrarsığorta müqaviləsi qüvvəyə minir və yalnız qüvvəyə minmiş müqavilə üzrə təkrarsığortaçı ilə ilkin sığortaçı və sığortalı arasında münasibətlər yaranmış olur. Qeyd olunduğu kimi, SŞ ilə ZİC LTD arasında təkrarsığorta müqaviləsinin bağlanmasına dair fakültativ çərçivə müqavilələrinin olması ehtimalında belə SŞ tərəfindən qanunla müəyyən olunmuş müddətdə təkrarsığorta haqqı ödənilməmişdir. İş materialında belə ödənişi təsdiq edən hər hansı mötəbər dəlil mövcud deyildir. ZİC LTD tərəfindən ləğvetmə komissiyasına və ya məhkəməyə belə mötəbər sənəd təqdim olunmamışdır. Həmçinin, təkrarsığorta müqaviləsinin nəzərdə tutulduğu müddətdə sığorta hadisəsi də baş verməmişdir. Belə olduğu halda, bağlandığı belə şübhə ilə ehtimal olunan müqavilənin qüvvəyə minmədiyi aşkardır, işin mübahisəsiz halıdır. Ona görə də ZİC LTDnin kreditor tələbinin qəbul edilməsindən imtina qanuni və əsaslı olmuşdur. Məhkəmənin isə ZİC LTD-nin kreditor tələbini qəbul olunmuş sayaraq reyestrə daxil edilməsinə dair qərardadı qanunsuz və əsassızdır. 1.3. İSB-nin şikayətinin dəlillərinə görə, ZİC LTD ləğvetmə komissiyasına qanunvericiliklə müəyyən edilmiş müddətdə kreditor tələbi ilə müraciət etməsinə baxmayaraq, müəyyən olunmuşdur ki, SŞ ilə ZİC LTD arasında bağlanmış təkrarsığorta müqaviləsi üzrə SŞ tərəfindən sığorta haqqı təkrarsığortaçı olan ZİC LTD-yə ödənilmədiyindən, Mülki Məcəllənin təkrarsığorta münasibətlərini tənzimləyən müvafiq müddəalarının tələbinə görə təkrarsığorta müqaviləsi qüvvəyə minməmişdir və tərəflərin arasında təkrarsığorta münasibəti yaranmamışdır. Beləliklə, Mülki Məcəllənin normalarının qarşılıqlı əlaqəsindən belə nəticəyə gəlinir ki, təkrarsığorta haqqı ödənildikdən sonra təkrarsığorta müqaviləsi qüvvəyə minir və yalnız qüvvəyə minmiş müqavilə üzrə təkrarsığortaçı ilə ilkin sığortaçı və sığortalı arasında münasibətlər yaranmış olur. SŞ ilə ZİC LTD arasında təkrarsığorta müqaviləsi bağlansa da, SŞ tərəfindən qanunla müəyyən olunmuş müddətdə təkrarsığorta haqqı ödənilməmişdir. Həmçinin, təkrarsığorta müqaviləsinin nəzərdə tutulduğu müddətdə sığorta hadisəsi də baş verməmişdir. Belə olduğu halda, bağlanmış müqavilənin qüvvəyə minmədiyi aşkardır. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli qərardadı ilə Kreditor2 MMC-nin, 05.11.2021-ci il tarixli qərardadı ilə SŞ ləğvetmə komissiyasının, 11.11.2021-ci il tarixli qərardadı ilə İSB-nin şikayətləri işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

2. SŞ ləğvetmə komissiyası 02.09.2021-ci il tarixdə ərizə ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edərək, iflas proseduru çərçivəsində ləğvetmə prosesində olan SŞ-nin kreditorlarının reyestrinin təsdiq edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı ilə SŞ kreditor tələblərin reyestrinə dəyişikliklər edilmiş, birinci növbəli tələb kimi reyestrə daxil edilmiş İSB-nin 5.087.479,97 manat məbləğdə kreditor tələbi reyestrdən çıxarılmış, İSB-nin 2.393.337,98 manat məbləğdə kreditor tələbi qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərin reyestrinə daxil edilmiş, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş SŞ kreditor tələblərin reyestri dəyişdirilmiş formada təsdiq edilmişdir. Qərardadla razılaşmayan Kreditor2 MMC və İSB ondan şikayətlər verərək, hər ikisi qərardadın ləğv edilib, Kreditor2 MMC İSB-nin kreditorların reyestrindən çıxarılmasını, İSB 5.104.325,19 manat məbləğdə kreditor tələbinin reyestrdə birinci növbəli tələb kimi təsdiq edilməsini xahiş etmişlər. 2.1. Kreditor2 MMC-nin şikayətinin dəlillərinə görə, bəlli olduğu kimi SŞ öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə iflas elan olunmuş və keçən müddət ərzində cəmiyyət tərəfindən imzalanmış icbari sığorta müqavilələri üzrə ödənişlər İSB tərəfindən qarşılanmışdır. Qeyd edilən imperativ normanın məzmunundan göründüyü kimi, kompensasiya ödənişinin həyata keçirilməsi üçün əsas şərt - həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının, eləcə də ödənişi tələb etmək hüququna malik olan şəxsin Büroya təqdim etdiyi yazılı müraciətin olmasıdır. Lakin İSB-nin apardığı və hazırda SŞ-nin kreditorlar siyahısına daxil edilən məbləğlər həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının mövcudluğuna əsaslanmır. Yalnız bu şərtə riayət edilməklə kompensasiya ödənişini həyata keçirmiş İSB-nin sığortaçının ləğvetmə komissiyasına qarşı tələb hüququ yaranır. İş materiallarına əlavə edilmiş sənədlərdən də bəlli olur ki, İSB tərəfindən aparılmış ödənişlər qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsaslanmamış və sadəcə icbari sığorta müqaviləsi üzrə baş vermiş bütün hadisələr üzrə ödənişlər aparılmışdır. Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur. Göründüyü kimi, təminat depozitindən və təqvim haqlarından formalaşan ehtiyat fondu hesabına ödənilən kompensasiya ödənişləri İSB-nin LPO SŞ-yə qarşı “İcbari sığortalar haqqında” Qanunun 25.4-cü və 33.1-ci maddələrində nəzərdə tutulan qaydada tələb hüququnun yaranmasını nəzərdə tutsa da, həmin sığorta şirkəti tərəfindən İSB-yə ödədiyi 4 milyon manatdan artıq vəsaitin mövcudluğu İSB-nin həmin məbləğ çərçivəsində kreditorların reyestrinə salınmasını ehtiva etmir. 2.2. İSB-nin şikayətinin dəlillərinə görə, “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 119.1.1.-ci maddəsinə əsasən, sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisələri üzrə tələbləri birinci növbədə ödənilir. Məhkəmə icbari sığorta müqavilələrinin bağlandığı tarixdən etibarən 12 ay qüvvədə olmasını, bu müqavilələrə əsasən fiziki və hüquqi şəxslərə baş vermiş sığorta hadisələri ilə bağlı sığorta tələbi üzrə kompensasiya ödənişlərinin mütəmadi olduğu nəzərə almalı idi. Bununla bağlı məhkəməyə mütəmadi məlumatlar verilmiş, son olaraq isə 14.09.2020-ci il tarixdən 31.08.2021 tarixədək İSB tərəfindən SŞ ilə icbari sığorta müqaviləsi üzrə qeydə alınmış 4.943 fiziki və hüquqi şəxslərə sığorta hadisələrinə görə ümumilikdə 5.087.479,97 manat məbləğində və 14.09.2020-ci il tarixdən 30.09.2021-ci il tarixədək Büro tərəfindən SŞ ilə icbari sığorta müqaviləsi üzrə qeydə alınmış 4.958 fiziki və hüquqi şəxslərə sığorta hadisələrinə görə ümumilikdə 5.104.325,19 manat məbləğdə kompensasiya ödənişlərinin həyata keçirilməsi barədə yazılı ərizələr təqdim olunmuşdur. Lakin məhkəmə bu tələbləri üzrə 08.10.2021-ci il tarixli müraciətlərini nəzərə almadan, tələblərini əsaslandırdıqları sübutları düzgün qiymətləndirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli qərardadı ilə Kreditor2 MMC-nin, 11.11.2021-ci il tarixli qərardadı ilə İSB-nin şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

3. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini MPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. 3.1. Məhkəmə kollegiyası əvvəlcə Bakı Kommersiya Məhkəməsinin ZİC LTD-nin kreditor tələbinin qəbul edilmiş kreditor tələblərinin reyestrinə daxil edilməsi barədə 11.10.2021-ci il tarixli qərardadından Kreditor2 MMC-nin şikayətinə dair bildirir ki, ZİC LTD, SŞ ləğvetmə komissiyasının kreditor tələbinin reyestrə daxil edilməsindən imtina məktubunu 14.04.2021-ci il tarixdə almış və həmin tarixdən 21 gün müddətində Bakı Kommersiya Məhkəməsinə elektron sistem vasitəsilə, lakin iddia ərizəsi ilə müraciət etmiş, Məhkəmənin qərardadı ilə iddia ərizəsi üzrə icraata xitam verildikdən sonra ZİC LTD yenidən ərizə ilə müraciət etmiş, lakin bu dəfə “Müflisləşmə və iflas haqqında” Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan 21 günlük müddət ötürülmüş olmuşdur. MPM-in 130-cu maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Lakin işdən müəyyən edilir ki, ZİC LTD qanunla müəyyən edilmiş müddəti ötürdüyü halda həmin prosessual müddətin bərpası barədə vəsatət verməmiş, birinci instansiya məhkəməsi də buraxılmış müddətin bərpası haqqında ərizə olmadan, “qanunla nəzərdə tutulmuş müddətinin buraxılmış hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir” qənaətinə gəlmişdir. Şikayətin tələb olunan sənədlərin surətlərinin təqdim olunmaması barədə dəlilinə gəldikdə isə, MPM-in 89.3-cü maddəsi tələb edir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. 3.2. Bu baxımdan, məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin ZİC LTDnin kreditor tələbinin qəbul edilmiş kreditor tələblərinin reyestrinə daxil edilməsi barədə 11.10.2021-ci il tarixli qərardadından SŞ ləğvetmə komissiyasının şikayətinin Kreditor2 MMC-nin şikayətinin müzakirə olunan dəlilləri ilə eyni olan dəlilləri ilə də razılaşır. 3.3. Bakı Kommersiya Məhkəməsinin ZİC LTD-nin kreditor tələbinin qəbul edilmiş kreditor tələblərinin reyestrinə daxil edilməsi barədə 11.10.2021-ci il tarixli qərardadı Kreditor2 MMC-nin və SŞ ləğvetmə komissiyasının şikayətləri əsasında ləğv edilməli olduğundan, məhkəmə kollegiyası İSB-nin şikayətinə əlavə münasibət bildirilməsinə lüzum görmür. Məhkəmə kollegiyası yalnız onu diqqətə çatdırır ki, İSB-nin şikayətinin dəlilləri əsasən Mülki Məcəllənin 903-cü maddəsinin təfsiri və mübahisəyə tətbiqi ilə bağlı olsa da, ZİC LTD-nin kreditor tələbinin qəbul edilməsi barədə 11.10.2021-ci il tarixli qərardaddan şikayətə baxılan 11.11.2021-ci il tarixli qərardadda bununla əlaqədar heç bir mövqe bildirilməmiş, “Məhkəmə ilk növbədə mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan hüququn müəyyən edilməsini zəruri sayır.” cümləsindən sonra da bu barədə hər hansı dəyərləndirmə aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, birinci instansiya məhkəməsinin qərardadından, ZİC LTD, SŞ ləğvetmə komissiyasının 13.04.2021-ci il tarixli 169 nömrəli məktubunun etibarsız sayılmasını tələb etdiyi halda, həmin aktın ləğv edilməsinin səbəbləri də aydın olmur. 3.4. Məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin İSB-nin kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərin reyestrinə daxil edilməsi, kreditor tələblərin reyestrinin dəyişdirilmiş formada təsdiq edilməsi barədə 11.10.2021-ci il tarixli qərardadından Kreditor2 MMC-nin şikayətinə dair sonrakıları bildirir. “İcbari sığortalar haqqında” Qanunun: 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir; 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda; 33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir (məhkəmə kollegiyasının qeydi: 28 noyabr 2014-cü il tarixli 1113-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 33.1-ci maddədə “şəxsin” sözündən sonra “həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi” sözləri əlavə edilmişdir); 33.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin. Hazırkı vəziyyətə 21 cilddən ibarət olan kommersiya mübahisəsi materiallarının böyük əksəriyyəti İSB tərəfindən həyata keçirilən kompensasiya ödənişləri barədə sənədlərdən ibarət olsa da, işdə həmin ödənişlərin, ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında ödənildiyini təsdiq edən hər hansı sənəd yoxdur. Birinci instansiya məhkəməsi İSB-nin kreditor tələbinin qəbul edilməsi barədə 11.10.2021-ci il tarixli qərardaddan Kreditor2 MMC-nin şikayətinə baxılan 02.11.2021-ci il tarixli qərardadında da bu dəlilə heç bir hüquqi qiymət verməmişdir. 3.5. Bakı Kommersiya Məhkəməsinin birinci növbəli tələb kimi reyestrə daxil edilmiş İSB-nin 5.087.479,97 manat məbləğdə kreditor tələbinin reyestrdən çıxarılaraq, 2.393.337,98 manat məbləğdə kreditor tələbi qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərin reyestrinə daxil edilməsi barədə 11.10.2021-ci il tarixli qərardadından İSB-nin şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, təqdim edilmiş kreditor tələblərinin reyestrindən göründüyü kimi, həmin reyestrdə İSB 5.087.479,97 manat məbləğdə tələblə birinci növbədə qeydə alınmışdı. Məhkəmə kollegiyası qeyd edir ki, sığortaçının ləğv edilməsi halında tələblərin ödənilməsi növbəliliyi “Sığorta fəaliyyəti haqqında” Qanunun 119-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir: 119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər; 119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri; 119.1.5. altıncı növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri; 119.1.6. yeddinci növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar; 119.1.7. səkkizinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir; 119.1.8. doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar; 119.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Göründüyü kimi, normanın tələblərinə əsasən, sığortaçı ləğv edildiyi halda kreditor tələblərin reyestrinə birinci növbə üzrə yalnız icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər daxil edilir. Hazırkı halda İSB-nın SŞ-yə qarşı tələbetmə hüququ isə icbari sığorta müqavilələrinə əsasən deyil, qanun əsasında - Büronun “İcbari sığortalar haqqında” Qanunun 32.1-ci maddəsinin tələblərinə uyğun olaraq kompensasiya ödənişlərini həyata keçirilməsi vəzifəsini icra etməsi nəticəsində yaranmışdır. İSB-nın birinci növbəli kreditor kimi reyestrə daxil edilməli olması barədə mövqeyini əsaslandırmaq üçün SŞ ləğvetmə komissiyasının istinad etdiyi “Banklar haqqında” AR Qanununun tələblərinə əsasən Əmanətlərin Sığortalanması Fondunun birinci növbəli kreditor və həmin qanunun analogiya üzrə hazırkı hüquq münasibətlərinə tətbiq edilməli olması barədə dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Lakin hazırkı mübahisəli hüquq münasibətlərini tənzimləyən xüsusi norma mövcud olduğundan, analogiya üzrə “Banklar haqqında” Qanunun 82-ci maddəsinin tətbiq edilməsi istisna edilir. Belə olan halda isə, İSB-nin birinci növbəli kreditor, eləcə də daha əvvəlki növbəli kreditor kimi reyestrdə qeydiyyata alınması üçün əsaslar müəyyən edilmir. Kreditor tələbinin həcminə gəldikdə isə, işdən görünür ki, İSB kreditor tələbinin qəbul edilməsi ilə bağlı iki dəfə - 03.11.2020-ci il tarixdə 2.393.337,98 manat məbləğdə və 31.08.2021-ci il tarixdə 5.087.479,97 manat məbləğdə tələblə SŞ ləğvetmə komissiyasına müraciət etmişdir. “Müflisləşmə və iflas haqqında“ Qanunun 43-cü maddəsinə görə, kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Normanın tələbinə görə, kreditor tələblərinin irəli sürülə biləcəyi son müddət həddi - 60 günlük müddətin bitdiyi tarix kreditorların reyestrinə tələblərin daxil edilməsinin son günü olmaqla yanaşı kreditor tələblərinin reyestrinin bağlandığı tarix hesab edilir. Lakin işdən məlum olur ki, kreditor tələblərinin reyestrinə İSB-nin kreditor tələblərinin reyestrinin bağlandığı tarixədək irəli sürdüyü 2.393.337,98 manat məbləğdə tələblə yanaşı kreditor tələblərinin reyestrinin bağlandığı tarixdən sonra SŞ ləğvetmə komissiyası qarşısında irəli sürülən kreditor tələbi də (cəmi 5.087.479,97 manat) daxil edilmişdir. Halbuki, kreditor tələblərinin reyestrinin bağlandığı tarixə İSB istinad edilən məbləğdə kompensasiya ödənişləri həyata keçirməmişdi, yəni həmin tarixə İSB-nin reyestrə daxil edilmiş 5.087.479,97 manat məbləğdə kreditor tələbinin bir hissəsi yaranmamışdı.

“Müflisləşmə və iflas haqqında” Qanunun 46-cı maddəsinin 5-ci bəndinə görə, kreditor reyestrdə təsbit edilmiş öz tələblərinin həcmini, habelə digər kreditorların tələblərinin həcmini və hüquqi əsasını məhkəmə qaydasında mübahisələndirə bilər. MPM-in: 264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi; 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;

399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Kreditor2 MMC-nin, SŞ ləğvetmə komissiyasının və İSB-nin şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin ZİC LTD-nin kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi barədə qərardadı ləğv edilməli, Kreditor2 MMC-nin şikayəti qismən təmin edilərək, İSB-nin kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi və SŞ kreditor tələblərinin reyestrinin dəyişdirilmiş formada təsdiq edilməsi barədə qərardad ləğv edilməli, İSB-nin həmin qərardaddan 5.104.325,19 manat məbləğdə kreditor tələbinin reyestrdə birinci növbəli tələb kimi təsdiq edilməsi tələbinə dair şikayəti təmin edilməməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

1. Kreditor2 MMC-nin, ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının və “İcbari Sığorta Bürosu” hüquqi şəxslərin ittifaqının şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə “ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının Ərizəçi3-nin kreditor tələbinin rədd edilməsinə dair qərarının ləğv edilməsi, LTD-nin 1.157.665,06 manat məbləğdə kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi” barədə 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin.

2. Kreditor2 MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə “İcbari Sığorta Bürosu HŞİ-nin 2.393.337,98 manat məbləğdə kreditor tələbinin qəbul edilmiş 9cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərinin reyestrinin dəyişdirilmiş formada təsdiq edilməsi” barədə 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin.

3. “İcbari Sığorta Bürosu” HŞİ-nin, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1575/2020 nömrəli iş üzrə “İcbari Sığorta Bürosu HŞİ-nin 2.393.337,98 manat məbləğdə kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərinin reyestrinin dəyişdirilmiş formada təsdiq edilməsi” barədə 11 oktyabr 2021-ci il tarixli qərardadından, 5.104.325,19 manat məbləğdə kreditor tələbinin reyestrdə birinci növbəli tələb kimi təsdiq edilməsi tələbinə dair şikayəti təmin edilməsin. İş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar