Məhkəmə qərarları › İş №2-2(103)-208/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-208/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-208/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Şirkətinin cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4567/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Şirkəti cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh A & B Paint” MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 180000 ABŞ dolları əsas borc, 119880 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 299880 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli boya və lak məhsullarının satışı üzrə distributorluq müqaviləsinə əsasən, Cavabdeh2 MMC-nin iddiaçıya 382000 ABŞ dolları məbləğində borcu yarandığını bəyan etmiş, sonuncu isə yuxarıda qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçıya 382000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Həmçinin Cavabdeh2 MMC 382000 ABŞ dolları məbləğində borc pulu sözügedən müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş qaydada 15 aprel 2019-cu il tarixdən 15 dekabr 2022-ci il tarixədək hissələrlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, cavabdeh Nümayəndə2 adıçəkilən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə zidd olaraq, cavabdehlər öhdəliklərini icra etməmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəflər arasındakı razılaşmaya əsasən, iddiaçının sözügedən pul borcunu tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən mübahisənin mediasiya vasitəsilə həll edilməsinə cəhd edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01224 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, ilkin mediasiya sessiyasında yalnız iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. İddiaçı tərəfindən cavabdehlərə qarşı “pul” tələbinə dair məhkəmədə daha əvvəl də iddia qaldırılmışdır. Cavabdehlər isə qarşılıqlı iddia ərizəsi verərək, 18 may 2019-cu il tarixində notariat qaydasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilənin, həmin müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 382 000 ABŞ dolları məbləğində əsas, 3820 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385 820 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 202000,00 ABŞ dolları məbləğində əsas borc, 2020,00 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə, 204020 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi ilə tutularaq, "xxxx" Şirkətinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə, habelə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-1/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 05 aprel 2022-ci il tarixdə 2-2(103)-313/2021 saylı icra vərəqəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda istinad olunan qətnaməsi ilə müəyyən edilmişdir ki, borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan əlavəyə əsasən hazırkı günə icra edilməli olan borcu, cəmi 202 000,00 ABŞ dolları təşkil edir (borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021-ci il tarixində çatır). 382 000 ABŞ dolları məbləğində ümumi borcun 15 iyun 2021-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək hissələrlə ödənilməli olan 180000 ABŞ dolları məbləğində olan qalan hissəsi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə müvafiq olaraq əsas borcla yanaşı, hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0,1% məbləğində dəbbə pulu da hesablanmalıdır.

3. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək göstərilmişdir ki: iddiaçı bundan əvvəl də məhkəmədə aldatma və etibardan sui-istifadə etmə yolu ilə bağlanmış olan xx.xx.2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə istinadən iddia qaldıraraq həmin məbləğdən 202000 ABŞ dolları məbləğində əsas borc və 2020 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 204020 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə tutulmasına dair qərar qəbul edilməsinə nail olmuşdur. Həmin məhkəmə mübahisəsi dövründə adıçəkilən mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin, müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmin qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı qismində "xxxx" Şirkətinin istinad etdiyi 18 may 2019-cu ildə bağlanmış müqavilə, müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi real həqiqəti əks etdirmədiyindən və iddiaçının təmsilçilərinin xahişi əsasında Türkiyə Respublikasında bankdan kredit alınması üçün təqdim ediləcəyi ilə əlaqədar bağlandığından və formal xarakterli olduğundan həmin müqavilənin, müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırılması zərurəti yaranmışdır. Mübahisə üzrə işin qısa mahiyyəti ondan ibarətdir ki, "xxxx" Şirkətinin təsisçiləri və sahibləri Türkiyə Respublikası vətəndaşları Feyzoğlu Veysel və Küçükali Selçuk ilə 2000-ci ilin əvvəllərindən işgüzar münasibətlər yaranmış və bu illər ərzində etibarlı partnyorlar olaraq boya məhsullarının ticarəti həyata keçirilmişdir. Türkiyə Respublikasından onlar tərəfindən göndərilən boya məhsulları Azərbaycan Respublikasında realizə edilmiş və razılaşdırılmış qiymətlər əsasında hesablaşmalar həyata keçirilmişdir. Bu zaman hər hansı bir narazılıq və anlaşılmazlıq yaranmamışdır. 01 yanvar 2016-cı ildə cavabdeh şirkətlə boya və lak satışı üzrə distributorluq müqaviləsi bağlanıb və həmin il üçün müqavilənin toplam dəyəri minimum 900000 ABŞ dolları məbləğində müəyyənləşdirilib. Həmin müqaviləyə uyğun olaraq alınmış boya məhsullarının dəyəri 315367,59 ABŞ dolları məbləğində ödənilmişdir. Sonradan iddiaçının yuxarıda qeyd edilən təsisçiləri və sahibləri Feyzoğlu Veysel və Küçükali Selçukun təklifi ilə Cavabdeh2 MMC-nin təsisçisi və mülkiyyətçisi Nümayəndə2 arasında əslində formal xarakter daşıyan və sadəcə kağız üstündə reallaşan 18 aprel 2017-ci il tarixli ******* manat məbləğində kredit müqaviləsi bağlanılmış və borc alana faktiki olaraq ödənilməmiş kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak – Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 69B ünvanında yerləşən 16 və 17 saylı mağazalar ******* manat məbləğində dəyərləndirilərək 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur. Göstərilən şəxslərlə birgə fəaliyyət dövründə yaranmış olan borc məbləğinin bağlanması məqsədi ilə ipotekaya qoyulmuş həmin əmlak faktiki dəyərindən 5 dəfə ucuz qiymətə ipoteka saxlayan yuxarıda qeyd edilən şəxslərin razılığı əsasında iddiaçı "xxxx" Şirkətinin digər təsisçisi X4 bağlanılmış 13 iyun 2018-ci il tarixli AN-1 №0694681 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonradan qaytarmaq şərti ilə onlara verilmişdir. Yaranmış isti və etibarlı münasibətdən istifadə edən həmin şəxslər maddi durumlarının yaxşı olmaması ilə əlaqədar müraciət edərək Türkiyə Respublikasında banklardan kredit alınması üçün istifadə edəcəkləri adı ilə guya Cavabdeh2 MMC-nin "xxxx" Şirkətinə 382000 ABŞ dolları məbləğində borcu olması barədə (həmin məbləğ əvvəllər müxtəlif vasitələrlə cavabdehə ödənilmişdir və bu barədə müvafiq sənədlər də mövcuddur) müqavilə bağlamağı xahiş etdilər və hazırda borc olaraq tələb etdikləri 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlandı. Həmin müqaviləyə daha dolğun hüquqi ifadə verilməsi üçün müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Qarşılıqlı iddia üzrə dəlillər kifayət qədər əsaslı olsa da, məhkəmə araşdırması dövründə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılarkən iddiaçının nümayəndəsi tərəfindən aldadılmağının və etibardan sui-istifadə edilmələrinin guya sübuta yetirilməməsi və qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin müqavilənin mübahisələndirilmədiyi səbəbindən qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən çıxarılmış qətnamədən verilən apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməsə də, qətnamə qismən dəyişdirilmiş, iddia tələbi qismən təmin edilərək iddia tələbi yuxarıda qeyd edilən həcmdə (ümumilikdə 509206 ABŞ dolları məbləğində tələbdən 204020 ABŞ dolları məbləğində) təmin edilmişdir. Məhkəmə tərəfindən təmin edilmiş məbləğlə bağlı icra mərhələsində müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh2 MMC və Nümayəndə2 ödəmə iqtidarında deyildirlər. Hazırda qaldırılmış iddia tələbi ilə bağlı qeyd edilməsi zəruridir ki, iddiaçı əvvəlki məhkəmə qərarlarına əsaslansa da, “əsas borc”dan əlavə, 119880 ABŞ dolları məbləğində dəbbə pulu da tələb etmişdir. Hazırkı iddia tələbi ilə bağlı iddiaçı tərəfindən qaldırılmış ilkin iddia ilə əlaqədar əvvəl keçirilmiş məhkəmə proseslərində obyektiv, ədalətli və hərtərəfli araşdırma aparılmadığından və təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilmədiyindən iddiaçı müəyyən nəticəyə nail olmuş və bu iddianı da əsassız qərarlara əsaslanaraq qaldırmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında boya məhsulları ilə bağlı distributorluq fəaliyyəti üzrə əməkdaşlıq olmuş və həmin fəaliyyətlə əlaqədar iddiaçı tərəfindən göndərilən və alınmış malların dəyəri tamamilə ödənilmiş və heç bir borc qalmamışdır. İddiaçının istinad etdiyi mücərrəd borcun etirafı haqqında müqavilə formal xarakter daşımışdır. Həmin müqavilənin formal xarakter daşımasının sübut edən hallar Bakı Kommersiya Məhkəməsinin əvvəlki iddia tələbi üzrə xx.xx.2020-ci il tarixli e-2-2(113)-1231/2020 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinə əlavədə əsaslandırılmış formada göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4567/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Şirkəti ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 180000 (yüz səksən min) ABŞ dolları əsas borc, 5400 (beş min dörd yüz) ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 185400 (yüz səksən beş min dörd yüz) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlər Nümayəndə2 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 399 (üç yüz doxsan doqquz) manat 80 (səksən) qəpik məbləğində pul cavabdehlər Nümayəndə2 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməsi qət edilmişdir.

5. Cavabdehlər Nümayəndə2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4567/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hazırda mübahisələndirilən məhkəmə qətnaməsi iş üzrə əvvəl qəbul edilmiş, qanuni qüvvədə olan və hazırki iş üzrə preyudusiyal xarakter daşıyan məhkəmə qərarına əsaslansa da, əvvəlki məhkəmə qərarını qeyri-obyektiv və ədalətsiz hesab etdiklərindən məhkəmənin bu qətnaməsini də qəbul etmirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

11. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir

12. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

13. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

14. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarları). S

17. Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

21. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia tələbi əsaslıdır.

24. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi” və Cavabdeh2 MMC arasında bağlanan 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi” bəyan edir ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin ona 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh2 MMC yuxarıda qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi”nə 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcun olduğunu etiraf edir. Cavabdeh2 MMC bu müqavilədə göstərilən məbləği, yəni 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borc pulu müqavilənin 3-cü maddəsində nəzərdə tutulan şərtlərlə xx.xx.2020-ci il tarixədək hissələrlə “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi” nə ödəməyi öhdəsinə götürmüşdür. “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi”, "xxxx" MMC və Nümayəndə2 arasında bağlanan 18 may 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin-Nümayəndə2 “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi” ilə "xxxx" MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. “Bianca Boya Sanayi Dış Ticaret Limited Şirketi” və Cavabdeh2 MMC arasında bağlanan 18 may 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci maddəsinə əsasən 382000 (üç yüz səksən iki min) ABŞ dolları borc məbləği Cavabdeh2 MMC tərəfindən “Bianca” ya əlavə ilə müəyyən edilən ödəmə cədvəlinə uyğun formada ödəniləcəkdir. Bu əlavə 18 may 2019-cu il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin ayrılmaz tərkib hissəsi sayılır və tərəflər arasında hesablaşmaya əsas verir. Hazırki müqavilənin imza tarixinə manatın (1) ABŞ dollarına olan məzənnəsi 1.70 manat təşkil edir. Müqavilə müddəti ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında ABŞ dollarının məzənnəsində artış olarsa, tərəflər ödəniş ediləcək ən yüksək məzənnə həddini 1.90 (bir manat doxsan qəpik) manat olaraq qəbul edirlər. Artışdan sonra manatın ödəniş gününə ABŞ dollarına olan məzənnəsi 2 manatdan yüksək olsa da, borc məbləğinin ödənişində məzənnə 2 manat olaraq qəbul ediləcəkdir. Bununla tərəflər qəbul edirlər qəbul edir ki, Azərbaycanda baş verəcək devalivasiya və infliyasiya bu müqaviləyə şamil olunmayacaqdır.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1231/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Şirkəti cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin xeyrinə cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 382000 ABŞ dolları məbləğində əsas borc, 127206 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509206 ABŞ dolları məbləğində pul borcunun tutulması barədə, qarşılıqlı iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkəti ilə Cavabdeh2 MMC adından Nümayəndə2 arasında 18 may 2019-cu ildə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək reyestrdə 3M-496 nömrə ilə qeydə alınmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin, həmin müqaviləyə 1 saylı əlavənin və 18 may 2019-cu ildə Nümayəndə2 ilə həmin notariusda bağlanmış və reyestrdə 3M-497 nömrə ilə qeydə alınmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qətnamə qəbul edilməsini xahiş etmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 382000 ABŞ dolları məbləğində əsas, 3820 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385820 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

26. Həmin qətnamədən görünür ki, "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Şirkəti aralarında bağlanmış xx.xx.2016-cı il tarixli boya və lak məhsullarının satışı üzrə distributorluq müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin ona 382 000 ABŞ dolları məbləğində borcu olduğunu bəyan etmiş və Cavabdeh2 MMC də qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə "xxxx" Şirkətinə 382 000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Eyni zamanda "xxxx" Şirkəti, Cavabdeh2 MMC və Nümayəndə2 arasında 18 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır ki, zamin Nümayəndə2 "xxxx" Şirkəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin 18 may 2019-cu il tarixdə "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır ki, bu əlavə ilə borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC-dən və Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1231/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMCdən və Nümayəndə2 müştərək qaydada 202 000,00 ABŞ dolları məbləğində əsas borc, 2020,00 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə, 204020,00 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi ilə tutularaq, "xxxx" Şirkətinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə, habelə qarşılıqlı iddia təmin edilməmişdir.

28. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, müqavilənin qeyd olunan imperativ şərtindən göründüyü kimi, hər hansı ay üzrə ödəniş gecikdirildiyi təqdirdə, kreditor borcludan 382000 ABŞ dolları ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb edə bilər. İş materiallarından görünür ki, borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan əlavəyə əsasən hazırkı günə icra edilməli olan borcu, cəmi 202.000,00 ABŞ dolları təşkil edir (borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021ci il tarixində çatır).

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)- 1/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Şirkəti” aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distributorluq müqaviləsi”nə əsasən Cavabdeh2 MMC-nin ona 382 000 ABŞ dolları məbləğində borcu olduğunu bəyan etmiş və Cavabdeh2 MMC də qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə "xxxx" Şirkətinə 382000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Eyni zamanda "xxxx" Şirkəti, Cavabdeh2 MMC və Nümayəndə2 arasında 18 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır ki, zamin Nümayəndə2 "xxxx" Şirkəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin 18 may 2019-cu il tarixdə "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır ki, bu əlavə ilə borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə hər hansı ay üzrə ödəniş gecikdirildiyi təqdirdə, kreditor borcludan 382000 ABŞ dolları ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb edə bilər. Borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan əlavəyə əsasən xx.xx.2021-ci il tarixə icra edilməli olan borcu, cəmi 202000,00 ABŞ dolları təşkil etmişdir (borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021-ci il tarixində çatır).

31. Hazırda, iddiaçı digər məhkəmə mübahisəsi üzrə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial olduğuna istinad edərək 18 may 2019-cu il tarixli müqavilə üzrə cavabdehlərdən müştərək qaydada qalan 180000 ABŞ dolları əsas borcun tutulmasını tələb edir.

32. "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında bağlanan 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə 1 saylı Əlavəyə əsasən, 15 iyun 2021-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək ödənilməli olan məbləğ 180000 ABŞ dolları təşkil edir.

33. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 1231/2020 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(103)-313/2021 nömrəli qətnaməsi preyudisialdır. Həmin iş üzrə işdə iştirak edən şəxslər hazırkı iş üzrə iddiaçı və cavabdeh kimi çıxış edir (preyudisiallığın subyektiv həddi), 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin və zaminlik müqaviləsinin etibarlılığı, məzmunu hər iki üzrə sübutetmə predmetinə daxildir (preyudisiallığın obyektiv həddi).

35. Odur ki, cavabdehlərin mübahisələndirildiyi hallara qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq qiymət verildiyindən və 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və zaminlik müqaviləsi etibarlı müqavilə hesab edildiyindən həmin arqumentlərə işin faktiki halları baxımından yenidən hüquqi qiymət verilməsi mümkün deyildir.

36. Hazırkı iş üzrə müəyyən edilməli hal iddia olunan məbləğin cavabdeh tərəfindən ödənilib-ödənilməməsidir.

37. Cavabdehlər həmin məbləği ödədiklərinə dair hər hansı sübut təqdim etməmişlər, əksinə ödəmə qabiliyyətlərinin olmamasına görə həmin məbləği ödəyə bilmədiklərini qeyd etmişlər.

38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun ödənilməsi hissəsində iddianı tam təmin edilməklə, 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 180000 ABŞ dolları cavabdehlər Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

39. Cərimə ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin, cavabdehlər müqavilə üzrə öhdəliyini 15 iyun 2021-ci il tarixdən başlayaraq hər növbəti ay üçün sonuncusu 15 dekabr 2022-ci il olmaqla icra etməsələr də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023- cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

43. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq düzgün olaraq cavabdehlərdən tutulmalı cərimə məbləğinin 5400 ABŞ dolları həddində müəyyənləşdirməsi ağlabatan və ədalətli olmuşdur.

44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehlərin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4567/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar