Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-209/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4640/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" ASC cavabdehlərdən 480 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat, həmçinin 10 manat məbləğində dövlət rüsumunun məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və X2 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami 77 ünvanında yerləşən “Marka” mağazası sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixdə qeyd edilən mağazanı su xəttinin partlaması səbəbdən su basmışdır. Baş vermiş hadisə nəticəsində 480 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən faktı 48 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktla təsdiq olunmuşdur. Ödənilmiş 480 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Daha sonra iddiaçının nümayəndəsi cavabdehlər Cavabdeh2 ASC-dən, Cavabdeh1ndən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 ünvanında baş vermiş subasma hadisəsi nəticəsində subroqasiya ödənişi ilə bağlı 480 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat, həmçinin 10 manat məbləğində dövlət rüsumunun məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırmışdır ki, "xxxx" ASC cavabdehlər Cavabdeh2 ASC-yə, Cavabdeh1nə, 48 saylı Mənzil Komunal İstismar Sahəsi və elektron məhkəmə sistemində qeyd edilən, Nəsimi rayon Mənzil Kommunal Təssürüfat Birliyinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanında baş vermiş subasma hadisəsi nəticəsində subroqasiya ödənişi ilə bağlı 480 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat, həmçinin 10 manat məbləğində dövlət rüsumunun məbləğinin iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə prosesi getdiyi dövrdə cavabdehlər qismindən 48 saylı Mənzil Komunal İstismar Sahəsi və elektron məhkəmə sistemində qeyd edilən, Nəsimi rayon Mənzil Kommunal Təssürüfat Birliyinin çıxarılmasını, həmçinin subasma hadisəsinin baş verdiyi ünvanın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 kimi qeyd edilməlidir
5. Cavabdeh2 ASC-nin təqdim etdiyi etiraz onunla əsaslandırlmışdır ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək Cavabdeh2 ASC-dən 480 manat məbləğin, 20 manat mediasiya xərcinin, həmçinin 10 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda baş vermiş su basma hadisələri ilə bağlı sığorta ödənişlərini Cavabdeh2 ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin Cavabdeh2 ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. Cavabdeh2 ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci maddələrinə əsasən: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək. “Sudan istifadə Qaydaları”nın 4.1, 4.1.4-cü maddələrinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Cavabdeh2 ASC-nin sözügedən iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlər bir daha sübut edir ki, iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir.
6. Bakı şəhəri Cavabdeh1 məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırılmışdı ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanda yerləşən yaşayış binanın balansaxlayıcısı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyidir. Lakin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin və ya qeyri-yaşayış sahəsinin) kimin mülkiyyətində olması barədə məlumat Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə tərəfindən alına bilər. Cavabdeh1 və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi bu işdə cavabdeh qismində cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə: Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verilsin”. Beləliklə su sayğaca qədər su axıdılması hadisəsi baş veribsə Cavabdeh2 ASC cavabdehdir, su sayğacından sonra su axıdılması hadisəsi baş veribsə mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisi cavabdehdir. Həmçinin, Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi və digər təyinatlı tikililər yoxdur. Azərbaycan Respublikasının Prezdentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil- kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Qeyd olunanları nəzərə alaraq Cavabdeh1 və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair cavabdelər sırasından çıxarılması məqsədə müvafiqdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4640/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 ASC-dən subroqasiya ödənişi ilə bağlı 480 manat pul vəsaiti, mediasiya xərcinin əvəzi olaraq 20 manat, dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir.
8. Cavabdeh2 ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-4640/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsini qismən təmin edilmiş hissəsində ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. Balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını Cavabdeh2 ASC həyata keçirir. Cavabdeh2 ASC balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Bina daxili xətlərin Cəmiyyətin balansında olmaması barədə məhkəməyə Nəsimi Sukanal İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Məhkəməyə tərəflərindən xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli inventarizasiya aktları və yaranmış borc ilə bağlı abonent məlumat vərəqəsi təqdim edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. İddia ərizəsindən də göründüyü kimi xx.xx.2022-ci il tarixində Nəsimi rayonu, Nizami 77 ünvanında yerləşən “Marka” mağazasında subasma hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində vətəndaş X2 mağazasına ziyan dəymişdir. Məhkəmə iddianın təmin edilməsi üçün 48 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş aktı əsas olaraq götürmüşdür. Lakin hadisənin baş verməsini sübut edən heç bir görüntü (fotoşəkil, video) məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq da bildirirlər ki, akt birtərəfli qaydada tərtib olunmuş və aktın tərtib edilməsində Cavabdeh2 ASC-nin nümayəndələri iştirak etməmişdir. Digər tərəfdən isə hadisənin baş verməsi, harada baş verməsi (obyektin daxilində və ya kənarda), hadisənin baş verməsinə səbəb və s. bu kimi suallar araşdırılmadan qətnamə çıxarılmışdır. Bu kimi halların araşdırılması üçün ekspertizanın keçirilməsi zəruridir. İş materiallarından da göründüyü kimi iddiaçı baş vermiş hadisə ilə bağlı əsaslı heç bir sübut təqdim etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh2 ASC nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi
12. İddiaçının və Cavabdeh1 nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
21. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, “Daşınmaz əmlakın icbari sığortası” BB/618470 seriyalı şəhadətnaməsinə əsasən X2 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi sığortalanmış və 48 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktına əsasən ünvan 8 evin 1-ci mərtəbəsində yerləşən “Marka” mağazasının müdiri X2 xx.xx.2022-ci ildə müraciəti əsasında yerində baxış keçirilmiş və binanın su xəttinin partlaması nəticəsində obyektə su axıntısı baş vermiş, bunun nəticəsində obyektin tavanı və laminat döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir.
22. Əmlak üzrə ekspert X1 xx.xx.2022-ci il tarixli 1405 nömrəli dəymiş zərərin hesabatına əsasən ünvan 5 ünvanında daşınmaz əmlaka dəymiş ziyanın yekün məbləği 680 manat müəyyən edilmişdir.
23. 11.05.2022-ci il tarixli, CFİ-0059/2022-AKT2494/22 saylı sığorta aktına əsasən sığortalı X3 məxsus olan Bakı şəhəri, Nizami 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə subasma hadisəsi baş verdiyi, dəymiş ziyan 680 manat müəyyən edildiyi, azadolma məbləği 150 manat və hesablanmış sığorta ödənişi 480 manat müəyyən edildiyi qeyd olunmuşdur.
24. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X3 480 manat məbləğində ödəniş edilmişdir.
25. Dəymiş zərər məbləğinin razılaşdırılması və müqaviləyə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, S-015/22 saylı sazişə əsasən xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən geyim mallarının satışı mağazasında baş vermiş subasma hadisəsini və daşınmaz əmlaka 630 manat məblğində zərərin dəyməsini tərəflərin təsdiqlədiyi, sığorta olunan daşınar əmlaka 630 manat məbləğində dəymiş zərərin müəyyən edilmiş həcmi və müqavilədə göstərilmiş 150 manat azad olma məbləği çıxıldıqdan sonra 480 manat məbləğində sığorta ödənişi barədə razılıq əldə edildiyi, razılıq əldə olunmuş zərər üzrə sığorta ödənişi həyata keçirildikdən sonra sığortalı və sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış edərək müqavilənin vaxtından əvvəl xitamı ilə bağlı tələbə əsasən BB/618470 seriyalı blankla, seriyalı, xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur.
26. 48 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktına əsasən ünvan 8 evin 1-ci mərtəbəsində yerləşən “Marka” mağazasının müdiri X2 xx.xx.2022-ci ildə müraciəti əsasında yerində baxış keçirildiyi və binanın su xəttinin partlaması nəticəsində obyektə su axıntısının baş verdiyi. Bunun nəticəsində obyektin tavanı və laminat döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir. Beləliklə, bu aktdan müəyyən olunur ki, partlamış su xətti hər hansı istehlakçının mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahəsinin su xətlərində deyil, ümumi binanın su xəttinin partlaması nəticəsində baş vermişdir.
27. “Sudan istifadə Qaydaları”dan görünür ki, balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələrinə aid edilmişdir.
28. Kollegiya hesab edir ki, ünvan 8 ünvanında yerləşən su xətti Cavabdeh2 ASCnin balansında olduğundan və həmin xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək Cavabdeh2 ASC-nin vəzifəsi olduğundan iddiaçı "xxxx" ASC sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti olan Cavabdeh2 ASCdən tələb etməkdə haqlı olmuşdur.
29. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 480 manat dəymiş zərərin Cavabdeh2 ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
30. Bundan başqa, hazırda iş üzrə ekpertizanın təyin edilməsi üçün də əsaslar müəyyən edilmir.
31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4640/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova