Məhkəmə qərarları › İş №2-2(103)-211/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-211/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-211/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı şirkətinin Azərbaycan filialının cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 209/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m ü ə y y ə n е t d i: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" şirkəti arasında bağlanmış “boru məhsullarının alqı-satqısı”na dair PUR/BOC 032/20 saylı, xx.xx.2020-ci il tarixli Müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən şərtləşdirilmiş və Müqavilə bağlanan tarixdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" şirkətinə ödənilməsi üçün Şirkətin "xxxx" ASC-də olan hesabından köçürülmüş 424000 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalaması Fondu tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı "xxxx" şirkəti ilə aralarında bağlanmış “boru məhsullarının alqı-satqısı”na dair PUR/BOC 032/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən müqavilə bağlanan tarixdə, özünün "xxxx" ASC-də olan hesabından "xxxx" şirkətinin hesabına şərtləşdirilmiş 424000 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X2 27 aprel 2020-ci il tarixli qərarı ilə ləğv prosesində olmuş "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, daha sonra isə 12 may 2020-ci il tarixindən etibarən bankın lisenziyası ləğv edilərək müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin müvafiq qərarından sonra Fond Bankın ləğvedicisi təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 424000 ABŞ dolları məbləğində ödənişin təsdiq edilərək şirkətin AZ36AZEG**********8955 900001 nömrəli hesabından silinməsi bank tərəfindən avtorizasiya edilməklə bankın avtomatik elektron sistemindən çıxarışlarında əks olunsa da, xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" ASC-də bütün bank əməliyyatlarının dayandırılması səbəbindən şirkət tərəfindən ödənilmiş 424000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" şirkətinin hesabına köçürülməsi ilə bağlı Şirkətə heç bir rəsmi sənəd, yəni SWİFT sistemindən heç bir təsdiqetmə sənədi təqdim edilməmişdir. Həmin pul məbləğinin Şirkətin "xxxx" ASCnin hesabından "xxxx" şirkətinin hesabına köçürülməməsi sonuncunun Şirkətə ünvanladığı məktubunda da öz əksini tapmışdır. Belə ki, "xxxx" şirkəti İddiaçı şirkətinə 04 may 2020-ci il tarixli məktub ünvanlayaraq, Müqavilənin 01/20 saylı, xx.xx.2020-ci il tarixli Spesifikasiyasına əsasən tərtib edilmiş 2034 saylı, xx.xx.2020-ci il tarixli invoys üzrə ödənişi əldə etmədiyini və mövcud situasiyada şərtləşdirilmiş ödəniş məbləğinin ən azından 50 faizinin ödənilməsini, əks təqdirdə tərəflər arasında bağlanılmış Müqaviləni birtərəfli qaydada ləğv edəcəyini bildirmişdir İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti AZEN X8.Vi. və SOCAR-ın Ortaq Neft Şirkəti arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Hasilatın pay bölgüsü haqqında” Saziş və 01 sentyabr 2005-ci il tarixli “X4”i əsasında qanuni sahiblik və istifadəsinə verilmiş Saziş ərazisi hüdudları daxilində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üzrə hüquq və təminatlar əldə etmişdir. Sazişin 8.6.-cı maddəsinə əsasən Şirkət Podratçı tərəflərin neftqaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək yalnız bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, "xxxx" şirkətindən boru məhsullarının alınması Şirkət tərəfindən həyata keçirilən neft-qaz əməliyyatlarının effektivliyinin və fasiləsizliyinin təmin edilməsi və qorunması məqsədi ilə zəruri əhəmiyyət daşıyır. Bundan əlavə boru məhsulunun vaxtında çatdırılması 600-dən çox işçinin əmək funksiyalarının icra edilməsi üçün zəruri bir şərtdir. Həmin boruların əldə edilməməsi əməliyyat şirkəti qismində çıxış edən İddiaçı şirkətinin beynəlxalq Sazişlər əsasında üzərinə götürdüyü öhdəliklərin lazımınca və tam səviyyədə həyata keçirilməsinə maneçilik törətməklə, Şirkətin ağır maliyyə vəziyyəti və mənfi iqtisadi nəticələrlə üzləşməsinə səbəb olur. Şirkət tərəfindən dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər edilməsinə baxmayaraq, müraciətləri nəticəsiz qalmış və nə Şirkətin "xxxx" ASC-nin hesabından "xxxx" şirkətinin hesabına köçürdüyü 424000 ABŞ dolları məbləğində pul vəsaitinin aqibəti barədə Şirkətə heç bir rəsmi məlumat verilməmiş, nə də ki, həmin məbləğ Şirkətə geri qaytarılmamışdır. Şirkətin "xxxx" ASC-dəki hesabından "xxxx" şirkəti üçün köçürdüyü 424000 ABŞ dolları məbləğində pul vəsaitinin nə lazımi məqsəd üçün ödənilməsi, nə də ki, Şirkətə geri qaytarılması istiqamətində görülmüş tədbirlər barədə Şirkətə məlumat verilmədiyindən, həmçinin "xxxx" şirkətinin Şirkətə ünvanladığı məktubunda qeyd olunanlara görə həmin vəsaiti "xxxx" şirkəti əldə etmədiyindən və hazırda "xxxx" ASC mövcud olmadığından, sözügedən pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mənimsənilmişdir. Hazırda hansı məqsədlər üçün istifadə olunduğu və harada saxlanıldığı bəlli olmayan sözügedən pul vəsaitin Şirkət üçün gələcəkdə böyük risklər yaratması ehtimalı da vardır. X7, həm də məhkəmə qərarına əsasən "xxxx"-ın ləğvedicisi olaraq təyin edilmiş Əmanətlərin Sığortalaması Fondunun üzərinə Qanunvericilikdə nəzərdə tutulmuş müəyyən öhdəliklər qoyulmuşdur və həm Mərkəzi Bank, həm də Fond Şirkətlə "xxxx" arasında mövcud olmuş müqaviləyə əsasən Bankın icra etməli olduğu məsələləri tənzimləməli və həyata keçirməli idi. Lakin, göründüyü kimi hər iki cavabdeh banka aid olan, şirkətə pul məbləğinin qaytarılması barədə məsələnin tənzimlənməsi və ya qaytarılması istiqamətində heç bir tədbir görməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2358/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən iddia tələbi ləğv etmə prosesində olan banka qarşı yönəldiyindən iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(103)-674/2020 saylı qərardadı ilə iddia tələbinin ləğv etmə prosesində olan banka deyil cavahdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna yönəlməsi səbəbiylə şikayət təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, e-2-2(113)-2358/2020 saylı qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinc instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-209/2021 nömrəli qətnaməsi ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “Tələbin məzmunundan görünür ki, X6” şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabı "xxxx" ASC-də olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüşdür və hazırki tələb də faktiki olaraq "xxxx" ASC-yə qarşı yönəldilmişdir. Lakin "xxxx" ASC ləğvetmə prosesində olduğuna görə tələb Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir. Şirkətin ona məxsus olan pul vəsaitinin qaytarılması barədə tələbi ləğvetmə prosesində olan banka qarşı deyil, həmin bankın hesabında olan, lakin bank müflis elan edildikdən sonra onun əmlakının idarə edilməsi həvalə olunmuş cavabdehlərə qarşı qaldırılmışdır. Göründüyü kimi əgər bank ləğv edilmişdirsə və bu səbəbdən onun bütün əmlakı və vəsaitləri ləğvediciyə keçmişdirsə, belə olan halda həmin şirkət ƏSF və Mərkəzi Banka qarşı pulun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi Beynəlxalq Sazişdə nəzərdə tutulan İddiaçı şirkətinin təminat və öhdəliklərini nəzərə almamış, həmçinin Şirkətin neft-qaz əməliyyatlarının aparılması məqsədilə həyata keçirdiyi pul vəsaitini qaytarmamaqla şirkətə böyük ziyan vurulmasının ciddiliyini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-685/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-209/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-511/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-685/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin göstərişlərinin mahiyyəti ondan ibarət olmuşdur ki, hazırki iş üzrə tam və obyektiv nəticənin əldə olunması üçün iddiaçı tərəfindən bank vasitəsi ilə pul vəsaitinin onun “Saziş” əsasında fəaliyyəti ilə bağlı köçürülüb-köçürülmədiyi, həmin vəsaitin hansı səbəbdən iddiaçıya qaytarıla bilməməsi nüanslarına aydınlıq gətirilməli və iddiaçının “Saziş” əsasında həyata keçirdiyi fəaliyyəti zamanı onun itkilərinin Azərbaycan Höküməti tərəfindən kompensasiya edilməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlərin nümayəndələri izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli 0097 saylı ödəniş tapşırığına əsasən 424.000 ABŞ dolları X6 şirkətinin Azərbaycan Respublikasındakı filialının "xxxx" ASC-də olan hesabından “Verio Group LTD” şirkətinin hesabına köçürülmüşdür. - Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli 22/1 nömrəli qərarı ilə "xxxx" ASCyə verilən xx.xx.1992-ci il tarixli 13 nömrəli bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)-132/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərarında qeyd etmişdir ki, “tələb məhz “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində müəyyən olunmuş qaydada irəli sürülmədiyindən hazırkı vəziyyətdə iddia nə Azərbaycan Respublikasının Mərkəzi Bankına, nə də Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin oluna bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.7-ci maddəsinə əsasən Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır; “Bankın müflis elan olunmasının nəticələri” adlı 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbindən göründüyü kimi iddiaçının pul vəsaitinin onun "xxxx" ASC-də olan hesabından üçüncü şəxsin bank hesabına köçürülməsi tələbinin qanuni əsasını MM-in 973.1-ci maddəsi təşkil etsə də, bu norma ləğv prosesində olan banklara, o cümlədən iş üzrə "xxxx" ASC-yə tətbiq oluna bilməz. Çünki, qanunverici bankların iflas proseduruna xüsusi hüquqi rejimin tətbiq olunmasının tələb etmiş, bu məqsədini “Banklar haqqında” Qanunun 72.1-ci maddəsində açıq bildirmişdir. Bu baxımdan, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hər nə qədər bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirsə də, onun bu səlahiyyətlərinin dəqiq siyahısı “Banklar haqqında” Qanunun 71.7-ci maddəsində əks olunmuşdur ki, bunlar da əsasən iflas prosesinin qısa müddətdə və uğurla başa çatdırılmasına yönəlmişdir. “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Həmin Qanunun 87-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına əsasən müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımndan hesab etmişdir ki, belə vəziyyətdə olan banka qarşı iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarı) Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında müflis elan olumuş banka qarşı tələblərə (iddialara) görə fərqləndirici əlamətlər baxımından iki əsas qrupla bağlı hüquqi mövqe ortaya qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə iddiaçının bankın kreditoru olması ilə bağlı münasibətdən deyil, iddiaçı tərəfindən bank vasitəri ilə pul vəsaitinin digər müəssisənin hesabına ödənilməməsi və iddiaçıya geri qaytarılmaması ilə bağlı olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə, bank ləğv edildikdən sonra onun əmlakının idarə edilməsi ləğvediciyə həvalə olunur və yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" ASC xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə həmin tarixdən sonra banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməli idi. Belə ki, "xxxx" ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Ancaq iddiaçı hazırki tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyünə görə birinci instansiya məhkəməsində məhz sözügedən cavabdehlərə qarşı kreditor tələbi ilə bağlı iddialara baxıla bilər, lakin, iddiaçı tələbini əsl cavabdeh olan "xxxx" ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyyət daşımasının əsasları işdən müəyyən edilmir. X5 tərəfindən saxlanılması barədə dəlilinə dair isə heç bir mötəbər sübut təqdim olunmamışdır. İş materiallarında hazırkı mübahisə üzrə, konkret olaraq xx.xx.2020-ci il tarixli 0097 saylı ödəniş tapşırığının icra edilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə hər hansı göstəriş və ya tapşırıq verildiyi təsdiq edilmir, buna dair zəruri sübutlar işdə olmadığından iddiaçının buna dair dəlilləri hazırkı halda qeyri müəyyəndir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, müştərinin pul vəsaiti üzərində verdiyi sərəncamı icra etmək Mərkəzi Bankın deyil, məhz onunla müqavilə münasibətlərində olmuş "xxxx" ASC-nin vəzifəsi idi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini əsl cavabdeh olan "xxxx" ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddia təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin qərarında öz əksini tapmış iddiaçı tərəfindən Bank vasitəsilə pul vəsaitinin onun Saziş əsasında fəaliyyəti ilə bağlı köşürülüb-köçürülməməsinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən məbləğ Şirkətin adına kreditor tələb kimi "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunda “Qəbul edilmiş kredior tələblər Siyahısında” qeydə alınmışdır. Sazişin 8.6-cı bəndinə əsasən X6 Şirkəti əməliyyatçı kimi fəaliyyət göstərməklə Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş hamılıqla tanınmış Beynəlxalq standartlara uyğun olaraq öhdəliyin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən müvafiq təminat və öhdəliklərlə təmin olunmuşdur. Saziş üzrə verilən Təminat və Öhdəliklərin 2-ci bəndinin “h” yarımbəndinə əsasən, podratçının sazişdə nəzərdə tutulan əməliyyatları aparmaq və valyuta dəyişdirmək hüququna əmək olunmasını, o cümlədən podratçıya karbonhidrogenlər ixracından və yaxud satışından əldə etdiyi bütün gəliri Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda sərbəst surətdə saxlamaq, eləcə də bunların sərbəst sərəncamçısı olmaq hüququ, neft-qaz əməliyyatları ilə bağlı fəaliyyətdən əldə etdiyi bütün sərbəst və qeyri-məhdud surətdə podratçının vətəninə qaytarmaq hüququ təmin edilir. Saziş üzrə verilən Təminat və Öhdəliklərin 2-ci bəndinin “i” yarımbəndinə əsasən, Saziş və Təminat üzrə podratçının (və ya onun hüquq varislərinin) əldə etdiyi hüquqlar və mənafelər podratçının qabaqcadan razılığı olmadan dəyişdirilməməli və ya azaldılmamalıdır. Azərbaycan Respublikasının hər hansı müqaviləsi, hökümətlərarası sazişi, qanunu, fərmanı və ya inzibati sərəncamı o cümlədən vergi qanunvericiliyində, qaydalarda və ya inzibati təcrübədə hər hansı dəyişikliklər daxil olmaqla, Sazişin və yaxud Təminatın müddəalarına uyğun gəlmədikdə və ya zidd olduqda, Saziş və yaxud Təminat üzrə podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Hökümət bunun nəticəsində hər hansı mənfəətin itirilməsi, iqtisadi şəraitin pisləşməsi, zərər və ya itki dəyməsi müqabilində podratçıya kompensasiya ödəməlidir. Göründüyü kimi, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutapa, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Qanun statuslu Saziş mövcuddur, iddiaçı isə həmin “Saziş” üzrə əməliyyatçı şirkət kimi müəyyən edilməklə podratçı olaraq ona müstəsna səlahiyyətlər verilmişdir. Sazişə əsasən, podratçıya bank əməliyyatlarından istifadəyə dair geniş hüquqlar verilmiş, podratçının sazişin icrası ilə bağlı maraqlarına toxunan, onların zərər etməsinə səbəb olan, əmlakının qəsbi və digər mənfi nəticələr doğuran hallarla bağlı, habelə Azərbaycan Respublikasının hər hansı müqaviləsi, hökümətlərarası sazişi, qanunu, fərmanı və ya inzibati sərəncamı o cümlədən vergi qanunvericiliyində, qaydalarda və ya inzibati təcrübədə hər hansı dəyişikliklər daxil olmaqla, Sazişin və yaxud Təminatın müddəalarına uyğun gəlmədikdə və ya zidd olduqda, Saziş və yaxud Təminat üzrə podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Azərbaycan Hökümətinin öhdəlikləri müəyyən edilmiş və podratçının zərərinin kompensasiyasının ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, İddiaçı Şirkəti cavabdeh Əmanətlərin Sığortalanması Fonduna kreditor tələb kimi qeydə alınmış məbləgin növbədənkənar ödənilməsi ilə bağlı müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-209/2021 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutub q ə t е t d i: İddiaçı şirkətinin Azərbaycan filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 209/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar