Məhkəmə qərarları › İş №2-2(103)-212/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-212/2023

25.01.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-212/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MTK-ya qarşı «xalis mənfəətin bölüşdürülməsi və sairə» tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5454/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqlarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 14 noyabr 2012-ci il tarixindən etibarən Cavabdeh Mənzil Tikinti Kooperativinin xalis mənfəətindən iddiaçıların payının müəyyən edilməsi; iddiaçıların pay haqlarına uyğun olaraq mənfəətin onlara çatacaq hissəsinin pul şəklində cavabdehdən tutulması, bu mümkün olmadıqda əvəzinə ünvan 1 ünvanında inşa edilmiş 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasından və 20 mərtəbəli (zirzəmi daxil olmaqla) “A” bloklu yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə məhkəməyə “iddia ərizəsinə əlavə” adlı ərizə təqdim edərək gəlir və xərcin müəyyən olunması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5454/2022 saylı qərardadı ilə (hakim Ülkər Həsənova) iddiaçıların “iddia ərizəsinə əlavə” adlı ərizəsi geri qaytarılmışdır. İddiaçılar həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-5454/2022 saylı qərardadının ləğv edilməsini, iddiaçıların iddia ərizəsinə əlavənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında göstərmiş olduğu nəticələr işin hallarına uyğun gəlmir. İddiaçıların iddia tələbinin əvvəli və sonrası bir əsasa bağlıdır. Belə ki, birinci tələbdə - 14 noyabr 2012-ci il tarixindən etibarən Cavabdeh Mənzil Tikinti Kooperativinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin müəyyən edilməsi, kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqqımıza uyğun olaraq Cavabdeh MTK-dan tutularaq iddiaçılar Ayhan Çalbaya və İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə verərək ikinci tələbdə - 14 noyabr 2012-ci il tarixindən etibarən Cavabdeh Mənzil Tikinti kooperativinin xalis mənfəətindən iddiaçılar Ayhan Çalbay və İddiaçı1 payının müəyyən edilməsi, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 pay haqlarına uyğun olaraq mənfəətin onlara çatacaq hissəsinin pul şəklində Cavabdeh MTKdan tutulması, bu mümkün olmadıqda əvəzinə ünvan 1 ünvanında inşa edilmiş 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasından və 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, daha sonra iddiaçılar iddia tələbinin təkrar dəqiqləşdirilməsinə dair iddia ərizəsinə Əlavə verərək - gəlir və xərcin müəyyən olunması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının Cavabdeh MTK-nın sədrinin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi hər üç tələbdə: birinci növbədə - mənfəətin müəyyən olunması durur, ikinci növbədə - iddiaçılara payları nisbətində ödənişin edilməsi durur, üçüncü növbədə bu tələblərin icra olunması üçün MTK-nın sədri tərəfindən növbədənkənar ümumi yığıncaq keçirilməlidir ki, bu da 3-cü iddia ərizəsinə əlavədə qeyd edilmişdir. Məhkəmə ikinci iddia ərizəsinə əlavəni qəbul etsə də, üçüncü iddia ərizəsinə əlavəni başqa bir yeni tələb olduğunu əsas gətirərək qəbul etməmiş və geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Məhkəmə bu qənaəti ilə iddiaçıların pozulmuş hüquqlarının bərpasını məhdudlaşdırmışdır. Məhkəmə qərardadı qəbul edərkən iddiaçıların Cavabdeh MTK-da 24.75 % səs hüquqlarının olmasını, MTK-nın Nizamnaməsində və Azərbaycan Respublikası Mülki Məcəlləsində hüquq və vəzifələrini nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5454/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Şikayətə cavabdeh tərəfindən yazılı etiraz verilərək təmin edilməməsi xahiş edilmişdir. Etirazda qeyd edilir ki, iddiaya əlavədə irəli sürülmüş yeni tələb ilkin mediasiya sessiyasında irəli sürülmədiyindən məhkəmənin qərardadı qanuni və əsaslıdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5454/2022 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddiaya əlavəni geri qaytararkən iki əsasa istinad etmişdir: irəli sürülmüş tələbdə həm əsasın, həm də predmetin fərqli olduğuna, müdiasiya sessiyasında irəli sürülmədiyinə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, ““Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayiş etdirdiyi hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, mediasiya mərhələsi tərəflər arasında mübahisənin alternativ həlli üsullarından biri kimi heç bir halda iddiaçının məhkəmə iddia qaldırdıqdan sonra qanunla nəzərdə tutulmuş prosessual hüquqlarını məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsi iddiaçıya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa hüquq verdiyindən iddiaçı hazırlıq mərhələsində və ya qanuni əsaslar olduqda məhkəmə baxışı mərhələsində tələbin həcmini artırmağa, o cümlədən mediasiyada irəli sürülmüş iddiasının əsasını və ya predmeti dəyişməyə haqlıdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi bu əsas düzgün olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, “İddia ərizəsinə əlavə” adlı ərizədə iddiaçılar yeni tələblər irəli sürərək gəlir və xərcin müəyyən olunması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, fərqli subyektiv hüquqa əsaslanmış, iddiaya yeni predmet əlavə etmiş, yeni iddia tələbləri irəli sürmüşlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında da eyni mövqedən çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər; - hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; - iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Hazırkı halda iddiaçıların həm ilk iddia ərizəsindəki, həm də iddiaya əlavələrdəki tələblərinin əsasında onların Mənzil Tikinti Kooperativinin üzvləri olaraq kooperativin mənfəətindən pay almaq hüququ dayanır. Birinci instansiya məhkəməsi iddiaya əlavədə irəli sürülmüş tələbin əsasında fərqli subyektiv hüquq dayandığını göstərsə də, bu hüququn hansı hüquq olduğunu göstərə bilməmişdir. Göstərilənlərə əsasəm məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaya əlavənin icrata qəbul edilməsinin mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5454/2022 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2in şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5454/2022 nömrəli qərardadı ləğv edilsin. İş materialları Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar