Məhkəmə qərarları › İş №2-2(103)-212/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-212/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-212/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac protokolu, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7536/2024 nömrəli qərardadından Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4883,1 kv.m olan qeyri-yaşayış səhəsinin 75%-dən ibarət «B» tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələri (ü/s-1252 kv.m) və 264,7 kv.m zirzəmidən ibarət qeyri-yaşayış binasına dair "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2023-ci il tarixli 46/01 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və eyni tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, adıçəkilən qeyri-yaşayış binasına dair Cavabdeh3 ASCnın mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış 16 dekabr 2010-cu il tarixli ipoteka müqaviləsin əsasən həmin qeyri-yaşayış binası üzərində Cavabdeh3 ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi və ipoteka yüklülüyünə dair qeydin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbindən imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7536/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac protokolu, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçının iddiadan imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7536/2024 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7536/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2- 2(113)-7536/2024 nömrəli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının 26 dekabr 2024-cü il tarixə, saat 12:40-a təyin edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7536/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır: Ərizənin məhkəməyə təqdim edilməsindən sonra onun verilməsi barədə müvafiq məlumat İddiaçı elektron məhkəmə sistemində olan elektron kabinetinə göndərilmişdir. Elektron sistemin tətbiqi, prosesual şəffaflığı və tərəflər arasında məlumat mübadiləsini təmin etmək məqsədi daşıyır. Lakin həmin müddət ərzində, yəni 13 (on üç) gün ərzində nə iddiaçı, nə də onun nümayəndəsi tərəfindən qarşı tərəfə və müvafiq olaraq məhkəməyə bu ərizənin məzmunu və onun hüquqi nəticələri barədə hər hansı məlumatın verilməməsi ciddi prosessual suallar yaradır. Belə bir vəziyyət qarşı tərəf olaraq cavabdeh üçün anlaşılmaz və müəmmalı qalır. Xüsusilə, etibarnaməyə xitam verilməsinin 15 noyabr 2024-cü il tarixində baş verməsinə baxmayaraq, etibarnamə verilmiş şəxsin 18 noyabr 2024-cü il tarixində ərizə təqdim etməsi, həmin etibarnamənin hüquqi qüvvəsini itirdiyi halda belə hərəkətin hansı əsaslarla həyata keçirildiyi barədə məntiqi və hüquqi izah tələb edir. Məhkəmə iddiaçının elektron məhkəmə sistemində elektron kabinetinin olmasını və iddaçının həmin kabinet vasitəsilə qanunvericiliyə uyğun olaraq tez və effektiv şəkildə məlumat vermək imkanını nəzərə almamışdır. Qeyd edilən bu faktlar bir daha təsdiq edir ki, hazırda şikayət olunan qərarda maddi və prosesual normaların tələblərinə riayət olunmadan çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi hüquqi mübahisələrdə tərəflərin öz iddialarını dəstəkləyən dəlilləri təqdim etməli olduqlarını müəyyən edir. Bu prinsip mülki prosessual hüququn əsas prinsiplərindən biridir və ədalətli məhkəmə mühakiməsinin təmin olunmasında mühüm rol oynayır. Tərəflər təqdim etdikləri sübutların düzgünlüyünü və etibarlılığını göstərməli və bununla əlaqədar olan bütün faktları müvafiq şəkildə əsaslandırmalıdırlar. Məhkəmə tərəflərdən gələn dəlilləri qiymətləndirərək, hansı sübutların daha inandırıcı olduğunu və hansı faktların əhəmiyyətli olduğunu müəyyən edir. İddiaçı şikayətində bildirib ki, nümayəndəyə etibarnamənin ləğv olunması barədə məlumat verib. Lakin iddiaçı bununla bağlı şikayətinə əlavə etdiyi hər hansı bir sübut təqdim etməmişdir. Bu, xüsusilə vacibdir, çünki mülki qanunvericiliyə və müvafiq normalara əsasən, etibarnamənin ləğv edilməsi barədə məlumat vermək yalnız etibarnaməni ləğv edən şəxsin öhdəliyində olan bir məsuliyyətdir. Mülki Məcəllənin 366.1-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs, etibarnaməni ləğv etdikdən sonra bu barədə etibarnamə verilmiş şəxsə, həmçinin etibarnamə vasitəsilə təmsil olunduğu üçüncü şəxslərə məlumat verməkdən məsuldur. Burada diqqət yetirilməli olan əsas məsələ, etibarnaməni ləğv edən tərəfin öz vəzifəsini yerinə yetirməsidir. Yəni etibarnaməni ləğv edən şəxs bu qərarı müvafiq olaraq tərəfdaşlarına, təmsil olunduğu şəxslərə və digər üçüncü şəxslərə bildirərək, onların hüquqlarını qorumağa borcludur. Beləliklə, iddiaçının təqdim etdiyi şikayətdə, nümayəndəyə etibarnamənin ləğv olunması barədə məlumat verdiyini bildirməsi, lakin bu iddianı sübut etməməsi hüquqi baxımdan vacib bir məsələdir. Mülki qanunvericiliyə əsasən, etibarnaməni ləğv edən şəxs bu məlumatı öz üzərinə götürərək, tərəflərə və digər şəxslərə bildirməlidir. Əgər iddiaçı bu məlumatı verdiyini sübut edə bilmirsə, nümayəndənin etibarnamə ilə təmsil olunması hələ də qüvvədə sayılacaqdır. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, etibarnamənin ləğvi barədə tərəflərə məlumatın verilməsi, etibarnaməni ləğv edən şəxs üçün qanunvericiliyin tələbinə əsasən mühüm əhəmiyyət kəsb edən hərəkətdir. Bu öhdəlik tərəflər arasında hüquqi əlaqələrin şəffaflığını və hüquqların müdafiəsini təmin etmək məqsədini daşıyır. Lakin məhkəmə öz qərardadında bu məsələyə səthi yanaşaraq, qanunun tələb etdiyi qaydada araşdırma aparmamışdır. Bu, nəticə etibarilə, qəbul edilmiş qərardadın hüquqi əsaslarını itirməsinə və ədalətli mühakimə prinsiplərinin pozulmasına səbəb olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixli qərardaddan verilən şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-212/2025 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, həmin şikayət qeyrimümkün hesab edilməli, mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, iş üzrə icraatın təzələnməsi qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, işə mahiyyəti üzrə baxılması barədə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, MPM-in 264.0.7-ci maddəsinin ziddinə olaraq qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verilməsi imkanının nəzərdə tutulduğunu göstərmiş, eləcə də verilmiş şikayətə baxmaqla onu həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də, şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normasını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaransa da, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyrimümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qərardadı “İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 Saylı Bakı Ərazi İdarəsinə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac protokolu, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7536/2024 nömrəli qərardadından Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi” hissəsində ləğv olunsun. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-646/2025 nömrəli iş üzrə 13 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar