Məhkəmə qərarları › İş №2-2(103)-222/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-222/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-222/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-2(113)- 4149/2022 saylı əlavə qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən 16.020,86 (on altı min iyirmi manat səksən altı qəpik) manat ödənilməmiş xidmət haqqı və 200 (iki yüz) manat mediasiya haqqı, 2010 (iki min on) manat vəkil üçün ödənilən haqq olmaqla, cəmi 18.230,86 (on səkkiz min iki yüz otuz manat səksən altı qəpik) manatın cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-4149/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-dən 116/17/SA saylı, 30 oktyabr 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən 16.020,86 (on altı min iyirmi manat səksən altı qəpik) manat və 200 (iki yüz) manat mediasiya xərci, 2010 (iki min on) manat vəkil üçün ödənilən haqq olmaqla, cəmi 18.230,86 (on səkkiz min iki yüz otuz manat səksən altı qəpik) manatın İddiaçı MMCnin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində qismən ləğv edərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-2(113)-4149/2022 saylı əlavə qətnaməsi ilə iddia tələbinin Cavabdeh MMC-dən 3072,96 (üç min yetmiş iki manat doxsan altı qəpik) manat faiz borcu tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Əlavə qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək əlavə qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin həmin hissədə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı MMC ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş, apellyasiya icraatına xitam verilməsini və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, İddiaçı MMC tərəfindən verilmiş ərizəni araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apelyasiya şikayətindən imtina etməsi və həmin iş üzrə apellyasiya icraatına xitam verilməsi işdə iştirak edən şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-2(113)-4149/2022 saylı əlavə qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı iddiaçıya münaibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İddiaçı eyni zamanda məhkəməyə göndərdiyi ərizədə tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını da xahiş etmişdir. Apellyasiya şikayətindən görünür ki, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırda iddiaçı Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2- 2(113)-4149/2022 saylı əlavə qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verildiyindən apellyasiya şikayəti verilərkən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-2(113)-4149/2022 saylı əlavə qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı MMC-yə münasibətdə xitam verilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar