Məhkəmə qərarları › İş №2-2(103)-226/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-226/2023

04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-226/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4106/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

2. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı da əhatə edən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 154 nömrəli sərəncamı ilə "xxxx" MTK-nın istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Sərəncamın 2.6-cı bəndinə əsasən həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli 154 nömrəli sərəncamı ilə istifədəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli Ayrıc aktı tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli xx.xx.2014-cü il tarixli inşaat pasportu hazırlanmışdır.

4. “Bakı Şəhər İcra Hakimiyyəti Başçının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncama əsasən İddiaçı MTK-nın xx.xx.2018-ci il tarixli, 01 saylı müraciəti və "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 173 saylı razılıq məktubu nəzərə alınaraq Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli, xx.xx.2021-ci il tarixli Tİ-53/21 nömrəli və xx.xx.2022-ci il tarixli, Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrinə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə müvafiq olaraq 1 saylı, 1a saylı, 3 saylı və 2 saylı binaların tikintisinə icazə verilmişdir.

6. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi K.Balakişiyev və Ş.Mirzəyev küçələrinin qovuşduğu yerdə yerləşir.

7. 16.06.2022-ci il tarixli, 1708 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən, sahəsi 19276 kv.m olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MTK-ya icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində İddiaçı MTK tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə adıçəkilən qeyri-yaşayış sahəsindən 20 faiz böyük qeyriyaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən adıçəkilən ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. Sözügedən binanın sakinlərindən biri də cavabdeh olmuşdur. Cavabdehə qeyd olunan binada 1 saylı mənzil məxsus olmuşdur. Həmçinin cavabdeh binanın birinci mərtəbəsində mağaza kimi istifadə edilən və onun mənzilinə bitişik sahənin də ona məxsus olduğunu bildirmişdir. ünvan 2 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmaqla onun adına çıxarış olsa da, həmin çıxarış iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 78 kv.m qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar cavabdehlə dəfələrlə danışıqlar aparılsa da, razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdeh ilə razılıq alına bilməməsi bina tikintisini uzatmaqla, digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesinin uzadır, nəticədə həmin şəxslərin hüquqları pozulur. Beləliklə, cavabdeh öz hüquq və vəzifələrindən sui-istifadə etmiş, qanunvericiliyin tələblərini pozmuş və nəticədə iddiaçıya ziyan vurulmuş və o, əmlak hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, hazırda iddiaçı cavabdehin mülkiyyət hüququnu pozmur, əksinə cavabdehi istismarı başa çatmış köhnə tikilidə olan qeyri-yaşayış sahəsinin əvəzində cavabdehin mülkiyyətində olan sahədən daha böyük və yeni tikili olan qeyri-yaşayış sahəsi ilə təmin edir. Yəni, iddiaçı tərəfindən cavabdehin mülkiyyəti yaxşılaşdırılır. Həmçinin cavabdeh yeni inşa ediləcək qeyri-yaşayış sahəsi ilə təmin edildikdən sonra mülkiyyətindən olan qeyri-yaşayış sahəsinin boşaldılması və yeni ünvana köçürülməsinə belə yardım edir. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına istinad edilmişdir.

10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisə predmeti olan bina iki mərtəbəli 7 yaşayış sahəsi, 1 qeyri-yaşayış sahəsindən ibarət olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Əvvəlcə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın sökülməsi və yerində yeni yaşayış binasının tikilməsi nəzərdə tutulmuş, sonradan sözügedən bina sürüşdürülmüş və hal-hazırda digər yerdə tikilir, sonuncu layihədə cavabdehin obyektinin yerində də obyekt tikilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehə nə üçün məhz həmin yerdə yeni obyektin verilməməsi aydın deyil. Tikilməsi nəzərdə tutulan bina sürüşdürüldüyü halda, mövcud ikimərtəbəli binanın aqibəti barədə iddiaçı tərəfdə vahid fikir yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında məhz əvvəlcə sakinlərin razılıqlarının alınması nəzərdə tutulmuş, lakin ikimərtəbəli binanın bəzi sakinləri, o cümlədən cavabdeh ilə razılıq alınmamışdır. Eləcə də iddaçının mübahisəli binanın istismar müddətinin başa çatması, qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən verilmiş hər hansı rəyi mövcud deyildir. O cümlədən, cavabdeh tərəf iddiaçının qeyri-yaşayış sahəsində tikiləcək hər hansı obyekt ilə bağlı tikintiyə icazə, inşaat sənədləri ilə tanış ola bilmir, bu isə qarşılıqlı etimad yaranmasını əngəlləyir. Həmçinin məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etmişdir ki, o, pul yox, məhz qeyri-yaşayış sahəsi istəyir. Razılıq əldə olunsa, qeyri-yaşayış sahəsindən çıxmağa hazırdır. Ona məxsus qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşir, iddiaçının tikintiyə icazəsini aldığı binalar əlverişsiz yerdə yerləşir, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyi isə qeyri-müəyyəndir, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacaqdır.

11. Məhkəmənin barışıq təklifinə münasibət bildirən iddiaçının nümayəndəsi razılıq olunacağı təqdirdə 30 faiz artıqlaması ilə qeyri-yaşayış sahəsinin verilə biləcəyini bildirmiş, qeyri-yaşayış sahəsinin yerinin seçilməsini isə (hazır olan binalar arasından) cavabdehin mülahizəsinə buraxmışdır. Cavabdeh isə bildirmişdir ki, hazır olan binalar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əlverişsiz yerdədir, bu səbəbdən də bu minvalda razılıq qeyri-mümkündür, lakin onun qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək qeyri-yaşayış sahəsindən yer verilməsinə razıdır, bu şərtlə ki, mövcud qeyri-yaşayış sahəsindən cavabdehin əldə etdiyi gəlirlər tikinti başa çatanadək kompensasiya edilsin, veriləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi yer dəqiq müəyyən olunsun. Daha sonra iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin mənzilinin yerləşdiyi və alqı-satqı əsasında alınan yerdə tikilmiş yeni binadan (3 saylı bina) qeyri-yaşayış sahəsi cavabdehə verilə bilər. Cavabdeh isə 3 saylı binanın onun əvvəlki mənzilinin yerləşdiyi bina olduğunu, həmin binanın əlverişsiz yerdə yerləşdiyini, sahibkarlıq üçün yararsız olduğunu qeyd edib bununla razı olmadığını bildirmişdir. Lakin hazırkı qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən yeni obyektin verilməsinə razılığını ifadə etmişdir. İddiaçının nümayəndəsi isə bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməyib, icazəsi alınmayıb və bu səbəbdən də qeyd edilən yerdə hazırda cavabdehə qeyri-yaşayış sahəsi verilə bilməz. Həmçinin iddiaçı pul yox, yalnız qeyri-yaşayış sahəsi təklif edir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4106/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X3 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

18. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir.

20. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

22. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

23. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə.

24. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri, Mülki Məcəllənin 6.1-ci, 152.1-ci maddələri baxımından, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunsa da, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər.

28. Lakin, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar).

30. Lakin hazırki işdə mülkiyyət hüququna müdaxilə edilməsi üçün qanuni əsaslar mövcüd deyil.

31. Belə ki, əmlakın mülkiyyətçidən məcburi alınması əsasları Mülki Məcəllənin 203.3-cü maddəsində göstərilmişdir.

32. Lakin hazırki işdə həmin əsaslardan heç biri mövcüd deyil.

33. İddiaçı tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına istinad edilməsinə dair isə kollegiya qeyd edir ki, həmin Qərarın 1 və 1.1-ci hissələrinə əsasən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin Qərarın 5-ci hissəsinə görə, bu qərar imzalandığı gündən qüvvəyə minir.

34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarın 3 və 4-cü hissələrindən isə aydın olur ki, 86 nömrəli Qərar ləğv edilmiş və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi, ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini və s. tapşırılmışdır.

35. Göründüyü kimi, 86 nömrəli Qərar 25 fevral 2016-cı il tarixdə qüvvəyə minmiş, həmin qərarla Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 10 aprel 2014-cü il tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür.

36. Beləliklə, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, həmin qərarların icrasına cavabdehin maneçilik törətməsi ilə bağlı dəlilləri əsassızdır.

37. Bundan başqa, işin hallarına əsasən iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsində fərdi sahibkar olan cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

38. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).

39. Həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsindən göründüyü kimi qanunvericiliklə sahibkarlıq fəaliyyətinin müstəqil həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu müstəqillik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin qanunvericiliklə yol verilən istənilən faəliyyət növü ilə məşğul olmasında, həmçinin gəlirləri və xərclərinin riskini sahibkarın özünün daşımasında təzahür edir. Belə olan halda, şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququna müdaxilə zamanı onun sahibkarlıq mənafelərinin də nəzərə alınması mütənasibliyin tələblərindəndir.

40. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir.

41. Mübahisə predmeti qeyri-yaşayış sahəsi olub sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutur və qeyd olunan qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.

42. Cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı dəlillər də əsassızdır.

43. Belə ki, iddiaçı cavabdehin yalnız və yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçının təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçı və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmiş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyri-müəyyənlik mövcuddur.

44. Bundan başqa, iş materiallarında olan fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından aydın oldu ki, yaşayış binası artıq inşa edilmiş və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələri inşa edilməsi planlaşdırılır. Göründüyü kimi cavabdehin hərəkətləri digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesinin uzatmır və onların hüquqlarını pozmur.

45. Ona görə də, cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi təsdiqlənmir və sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia rədd edilməlidir.

47. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4106/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar