Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-227/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili X6 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, e-2-2(113)-774/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Firması Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” Firması, X7 və Bank arasında bağlanmış 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi üzrə ipotekaya və “xxxx” firması ilə Bank arasında bağlanmış 117869-G_RAN- 109 saylı 04 oktyabr 2013-cü il tarixli Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, 22 iyul 2019-cu il tarixli qərardadına əsasən cavabdehin vəsatəti təmin edilmiş, iddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair (İş № e-2- 2(81)-986/2019) iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASCnin cavabdehlər X4, “xxxx” firmasına və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair (İş № 2(060)-35/2019) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. 01 avqust 2019-cu il tarixdə iddiaçının nümayəndəsi şikayət ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, 22 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 986/2019 saylı, 22 iyul 2019-cu il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı “xxxx” Firması 07 avqust 2019-cu il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, 22 iyul 2019-cu il tarixli və 02 avqust 2019-cu il tarixli qərardadlarının ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə baxılması üçün şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, 20 avqust 2019cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” firması tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-480/2019 saylı 13 noyabr 2019cu il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin e-2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2470/2020 saylı 16 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3188/2020 saylı 18 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.11.2020-ci il tarixli 2-2(113)-774/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-2(113)-774/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 ilə Cavabdeh ASC arasında bağlanmış 117836-1-9130 saylı, 04 oktyabr 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən, X4 04 oktyabr 2023-cü ilədək 5 000 000 (beş milyon) ABŞ dolları həcmində kredit xətti açılmışdır. Baş kredit razılaşmasının təminatı kimi, “xxxx” Firması, X7 və Bank arasında 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və tam mülkiyyət hüququ ilə “xxxx” firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175.92 kv.m. ümumi, 2159.01 kv.m. əsas, 2016.92 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi (kommersiya və iaşə obyekti) ipoteka qoyulmuşdur. Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi, “xxxx” firması ilə Bank arasında 117869-G_RAN-109 saylı, 04 oktyabr 2013-cü il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. Bundan sonra, X7 ilə Bank arasında bağlanmış 117836-1-9130/1 saylı, 04 oktyabr 2013-cü il tarixli Kommersiya krediti müqaviləsinə əsasən, X4 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 1 910 000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə kredit xətti müqaviləsi olan Baş kredit razılaşmasına müqavilə kimi deyil, niyyət razılaşması kimi yanaşmışdır. Ödəniş cədvəli bir neçə dəfə dəyişdirilib və öhdəliyin həcmi də artmışdır. Lakin zaminin və ipotekaya qoyanın bununla bağlı da razılığı alınmamışdır. “xxxx” firması ilə Bank arasında bağlanmış Zaminlik və İpoteka müqavilələri Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi bağlanmışdır. Belə ki, 117869-G_RAN-109 saylı, 04 oktyabr 2013-cü il tarixli Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar X7 və “Bank” arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli, 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan “Kredit Müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik “Bank”la “Kredit alan” arasında Bakı şəhərində bağlanmış 04 oktyabr 2013-cü il tarixli, 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan “Kredit Müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də “Bank”la “Kredit alan” arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn “Bank”ın “Kredit alan”a qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti “Kredit alan”la “Bank” arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yəni kredit müqavilələri bağlanarkən Zamin və ya İpoteka qoyanın razılığı olmalı idi. Kredit xətti müqavilələri, habelə gələcək tələblər üzrə ipoteka təminatı ilə bağlı müraciətlərdə qaldırılan məsələyə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd edilməlidir ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Bakı Kommersiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-2(113)-774/2020 saylı qətnaməsi ləğv edilməli, Baş Kredit Razılaşmasında (kredit xətti) faiz dərəcəsi qeyd olunmadığından, Kommersiya Krediti Müqaviləsi bağlanarkən faiz dərəcəsi ilə bağlı Zaminin və İpoteka qoyanın razılığı alınmadığından və Zaminlik və İpoteka müqavilələrində mühüm şərtlər qeyd olunub razılaşdırılmadığından, “xxxx” Firması, X7 və Bank arasında 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi üzrə ipotekaya və “xxxx” firması ilə Bank arasında 117869- G_RAN-109 saylı, 04 oktyabr 2013-cü il tarixli Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, “xxxx” Firması 23.03.1998-ci il tarixdə qeydiyyata alınmışdır. 26.07.2013-cü il tarixə qədər 100% təsisçisi X7 olmuş, 26.07.2013-cü il tarixən sonra 100% təsisçisi X3r. Cavabdeh ASC ilə X7 arasında 04 oktyabr 2013-cü il tarixdə 117836-1-9130 nömrəli baş kredit razılaşması imzalanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən X4 5.000.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin razılaşmanın 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqaviləsi (ləri) ilə müəyyən edilir. Həmin razılaşmanın 5.1-ci bəndinə əsasən, Kredit üzrə faizlərin miqdarı, ödənilməsi şərtləri və ödənişlərin silinməsi növbəliliyi tərəflər arasında bağlanacaq kredit müqaviləsi (ləri) ilə müəyyən ediləcək. Eyni tarixdə Cavabdeh ASC və X7 arasında 04 oktyabr 2013-cü il tarixli 117836-1- 9130/1 saylı kommersiya krediti müqaviləsi bağlanmışdır. Müqavilə 04 oktyabr 2013-cü il tarixli 117836-1-9130 saylı Baş Kredit Razılaşmasına uyğun olaraq bağlanmışdır. Müqaviləyə əsasən bank X4 60 ay müddətinə 12 faiz dərəcəsi ilə 1.910.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 04 oktyabr 2013-cü il tarixdə Cavabdeh ASC ilə ipoteka qoyan “xxxx” firması və kredit alan X7 arasında 117869-NEDVİJ-1780 nömrəli daşınmaz əmlak ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m əsas, 2016,91 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti) kredit alanın bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilmiş öhdəliklər Bankla kredit alan arasında Bakı şəhərində bağlanmış 04 oktyabr 2013-cü il tarixli 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan Baş Kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn Bankın Kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti Kredit alanla Bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, yuxarıda göstərilən Baş Kredit Razılaşmasına əsasən kredit alan bank tərəfindən açılmış 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində kredit xəttini, 120 ay müddətində istifadə etməyi və müvafiq ödəniş cədvəl(lər)inə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri Baş kredit Razılaşması və onun ayrılmaz hissəsi(ləri)olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onların ayrılmaz tərkib hissələri olan əlavələri ilə tənzimlənir. 04 oktyabr 2013-cü il tarixdə Cavabdeh ASC ilə zamin “xxxx” firması arasında 117869- G_RAZ-109 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin 2.2-ci bənddə göstərilən öhdəlik üzrə kredit alanın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar X7 şəxsində bundan sonra kredit alan adlanacaq və bank arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli 117836-1-9130 saylı Baş kredit Razılaşmasından və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. Müqavilənin 2.5-ci bəndinə əsasən, Bank və kredit alan arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli 117836-1-9130 saylı Baş kredit Razılaşmasının və qeyd olunan Baş kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsinin, Bank qarantiyasının verilməsinə dair Razılaşmasının, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kredit alan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə Bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kredit alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. İddiaçının tələbi ipotekaya və zaminliyə xitam verilməsidir. İddia tələbinin və apellyasiya şikayətinin əsası kimi isə qeyd edir ki, zaminlik və ipoteka müqavilələri bağlanarkən Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi bağlanmışdır. Kredit müqaviləsi bağlanarkən Zamin və İpoteka qoyanın razılığı olmalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının qəbul edilməsinin məqsədi ipoteka qoyan və zaminləri üzərlərinə öhdəlik götürmədikləri, banklar tərəfindən sui-istifadə olunaraq onlar üçün vəziyyətlərini ağırlaşdıracaq məsuliyyətdən azad etməkdir. Hazırkı işin hallarından görünür ki, həm baş kredit müqaviləsi, həm kredit müqaviləsi, həm də zaminlik və ipoteka müqavilələri eyni gündə 04.10.2013-cü il tarixdə bağlanmışdır. İddiaçı “xxxx” firmasının əvvəlki yeganə təsisçisi borcalan X7 olmuşdur. 26.07.2013-cü il tarixdən sonra yeganə 100% təsisçi X3r. İş materiallarına əlavə edilmiş “xxxx” firmasının təsisçilərinin 27.09.2013-cü il tarixli qərarının surətindən görünür ki, X7 tərəfindən perekreditovka və təmir üçün Cavabdeh ASCdən 1.910.000 ABŞ dolları məbləğində 60 aylıq kreditin alınmasına “xxxx” Firması tərəfindən zəmanət verilməsi, “xxxx” Firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının (kommersiya və iaşə obyekti) Cavabdeh ASCyə girov qoyulması, girov qoyulması və zamin durulması ilə əlaqədar olaraq müvafiq sənədlərin imzalanması üçün X1 verilməsi qərara alınmışdır. Həmin qərar X5 tərəfindən imzalanmışdır. Yəni iddiaçı Baş kredit razılaşması ilə eyni gündə imzalanan Kommersiya Krediti müqaviləsindən, həmçinin ipoteka və zaminlik müqavilələrindən, hansı məbləğdə kreditin hansı müddətə, hansı məqsədlə götürülməsindən xəbərdar olmuşdur. Belə olan halda apellyasiya şikayətində qeyd edilən Konstitusiya Məhkəməsinin mövqeyinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. İş materiallarından da görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi götürülmüş borcun qaytarılmasından əsassız olaraq yayınmaqdır. Belə ki, X7 daha əvvəl də 04.10.2013-cü il tarixli Baş kredit razılaşmasının, Kommersiya Krediti müqaviləsinin, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti edilmədiyindən MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-774/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-227/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-227/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver