Məhkəmə qərarları › İş №2-2(103)-229/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-229/2021

26.01.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-229/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından Kreditor MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankı ərizə ilə məhkəməyə müraciət edərək, ASC “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1575/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Kreditor MMC ərizə ilə ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyasına müraciət edərək, 155.744,02 ABŞ dolları məbləğində sığorta ödənişi və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun Kreditor MMC-nin ASC “xxxx” Sığorta Şirkətinə qarşı kreditor tələbi kimi təsdiq edilməsini və ASC “xxxx” Sığorta Şirkətinin kreditorlar tələbləri reyestrinə daxil edilməsini xahiş etmişdir. ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə kreditor tələbindən imtina edilmişdir. Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini, YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsinə əsasən 155.744,02 ABŞ dolları məbləğində sığorta ödənişi və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun Kreditor MMC-nin ASC “xxxx” Sığorta Şirkətinə qarşı kreditor tələbi kimi təsdiq edilməsini və ASC “xxxx” Sığorta Şirkətinin kreditorlar tələbləri reyestrinə daxil edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Kreditor MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Kreditor MMC həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1, 45.2, 45.3, 45.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 395.1, 395.1.1, 395.1.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, kreditor tələbinin rədd edilməsi barədə qərarın ləğvi barədə ərizə üzrə qəbul edilən məhkəmə qərardadından şikayət verməsi, nə iflas barədə işləri baxılmasının spesifik prosessual qaydaları müəyyən edən “Müflisləşmə və iflas haqqında” qanunda, nə də MPM-də nəzərdə tutulmamışdır. Beləliklə, kreditorun mübahisələndirdiyi məhkəmə qərardadından şikayət verilməsi imkanının qanunvericilikdə xüsusi olaraq göstərilmədiyini, eləcə də qeyd olunan məhkəmə qərardadının işin sonrakı hərəkətinə mane olmadığını, belə olan halda isə MPM-nin yuxarıda göstərilən tələblərinə baxımından həmin qərardadın şikayət verilə bilməyən qərardadlara aid edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi kreditor tələbinin rədd edilməsinə dair qərarın ləğvi ilə bağlı verilmiş ərizənin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsi, nə iflas barədə işləri baxılmasının spesifik prosessual qaydaları müəyyən edən “Müflisləşmə və iflas haqqında” qanunda, nə də Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Bununla yanaşı kollegiya hesab edir ki, həmin qərardad işin sonrakı hərəkətinə mane olur. Belə ki, tələbini kreditor kimi qeyd etmək istəyən şəxsin öz hüquqlarının müdafiəsi imkanları tükənmiş olur. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadından verilmiş şikayətə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməlidir. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və xx.xx.2020-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Kreditor MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Kreditor MMC tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar