Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-25/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: işdə iştirak etməyən şəxs, apellyasiya şikayətinin geri qaytarılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2- 2(119)-339/2020 nömrəli qərardadından işdə iştirak etməyən şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə 12 yanvar 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)- 339/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və qanuni qüvvəsini almış həmin Qətnamə müvafiq qaydada icraya yönəldilərək, icra olunmuşdur.
2. 18 oktyabr 2023-cü ildə həmin iş üzrə işdə iştirak etməyən (proses iştirakçısı və yaxud, tərəf olmayan) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır.
4. İşdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankı Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etsə də, Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı ilə həmin şikayət təmin edilməmiş və işdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankının Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadından şikayəti iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2-2(105)-148/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının şikayəti təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılmasına dair 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı ləğv edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsindən işdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxılması üçün e-2-2(119)-339/2020 nömrəli kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2-2(102)-148/2023 nömrəli qərardadı ilə verilən göstəriş əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsindən işdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxılması üçün 08 dekabr 2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir (həmin iclasda apellyasiya şikayəti vermiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi iştirakı etmişdir).
7. Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadı ilə (hakim Zülfüqar Sadiqov) işdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır.
8. İşdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankı Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadı ilə işdə iştirak etməyən Azərbaycan Respublikası Mərkəzi Bankının Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Ərizəçi1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli və xx.xx.2016-cı il tarixli, KBS16-1853 nömrəli kredit müqavilələri üzrə Mərkəzi Bank tərəfindən verilmiş kreditlərin təminatı qismində Ç.R.Əsədullayevə məxsus, "xxxx" ASCnin nominal dəyəri 2 (iki) manat olan 23.891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhm (MDM-nin xx.xx.2014-cü il tarixli 86577 saylı X6) Mərkəzi Bankın xeyrinə girov qoyulmuşdur. xx.xx.2016-cı il tarixli, GBS16-1853/2 nömrəli sonrakı girov müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, "xxxx" ASC-yə məxsus əmlakın ümumi dəyəri (torpaq sahəsi və qeyri-yaşayış binaları) müstəqil qiymətləndirici tərəfindən 8.000.000 (səkkiz milyon) manat məbləğində qiymətləndirilmişdir. Əmlakın Ç.R.Əsədullayevə məxsus səhm paketinə aid hissəsi 7.000.000 (yeddi milyon) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məhkəmənin bu qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Belə ki, Konstitusiya normalarından irəli gəlməklə onları inkişaf etdirən Mülki Məcəllənin müddəalarında da mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, həmçinin pozulmuş hüquqların bərpa edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də müqavilə tərəfləri və ya üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin. Azərbaycan Respublikası Konstitusiyasının 125 və 127-ci maddələrinin məzmununa əsasən məhkəmə təminatının həmçinin məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus siyahıya alınmış cəmi 13729,15 m2 sahəsi olan 15 ədəd ofis və binalar vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq məcburi dövlət ödənişləri üzrə yaranan borcun ödənilməsi məqsədilə ixtisaslaşdırılmış açıq hərracda satılmış və buna dair məhkəmə tərəfindən qəbul edilən qətnamə cəmiyyətin yalnız səhmlərinə münasibətdə girov saxlayan olan Mərkəzi Bankın maraq və mənafelərinə toxunması halı kimi qiymətləndirilə bilməz. Bundan başqa, "xxxx" ASC-nin adi adlı səhmləri 08 iyun 2017-ci il tarixədək girov Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsi apellyasiya şikayəti üzrə işə baxarkən nəzərə almamışdır ki, "xxxx" ASC-nin verg borcu müqabilində daşınmaz əmlakının satılması üçün açıq hərraca çıxarılması barədə qəbul edilmiş məhkəmə qətnaməsi Mərkəzi Bankın girov saxlayan kimi hüquqlarını reallaşdırmaq imkanlarını məhdudlaşdırır. LPO "xxxx" ASC-nin kredit müqavilələrindən irəli gələn öhdəlikləri icra edilmədiyindən Məhkəmə "xxxx" ASC-yə məxsu səhmlərin girov saxlayanı kimi Mərkəzi Bankın digər bütün kreditorlara nisbətən üstün qaydada təminat almaq hüququnun olmasını yoxlamadan, əksinə qətnamədə Mərkəzi Bankın hüquq və vəzifələrinə toxunmasının müəyyən olunmamasına əsaslanmaqla apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, X4 məxsus "xxxx" ASC üzrə nominal dəyəri 2 (iki) manat olan 23891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd adi adlı səhm 08 iyun 2017-ci il tarixədək girov saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə yüklü edilmişdir. Məhkəmənin qeyd edilən hala əsaslanmasına səbəb Mərkəzi Bankın apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən yüklülüyün qeydə alınmasına dair verilmiş 23 dekabr 2016-c il tarixli GQS/xx/xx-0029 nömrəli 1 nömrəli Əlavə olmuşdur. Məhkəmə qərardadını bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edən dövrdə yüklülüyün müddəti bitdiyindən "xxxx" ASC-nin səhmləri Mərkəzi Bankın xeyrinə yüklü olmamış və buna görə də, Mərkəzi Bankın hüquqlarına toxunulma halları müəyyən edilmir. Məhkəmənin qərardadında qeyd etdiyi yanaşmadan bu nəticəyə gəlmək olur ki, Milli Depozit Mərkəzi tərəfindən yüklülüyün qeydə alınmasına dair verilmiş 1 nömrəli Əlavədə yüklülüyün müddəti qətnamənin qəbul etdiyi tarixədək bitməmiş olsaydı qətnamə Mərkəzi Bankın hüquq və vəzifələrinə toxunmuş olardı. Göründüyü kimi məhkəmənin qərardadında əsaslandığı halla gəldiyi nəticə faktiki zidiyyət təşkil etməklə üst-üstə düşmür. “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydaları”nın 5-ci bəndində qiymətli kağızlar üzrə girov hüququna xitam verilməsinin əsasları sırasında məhkəmənin qərardadında qeyd edilən hal qeyd edilməmişdir. Məhkəmə yüklülüyün müddətini deyil, girov müqavilələrinin qüvvədə olub-olmamasını araşdırmalı olduğu halda qanunsuz və əsassız bir yanaşma etmişdir. Belə ki, Mərkəzi Bank ilə LPO "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin müddəti 08 iyun 2017-ci il tarixində bitdiyindən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən 1 nömrəli Əlavədə yüklülüyün bitmə müddəti xx.xx.2017-ci il qeyd edilmişdir. Yüklülüyün qeydə alınmasına dair verilmiş 1 nömrəli Əlavədə yüklülük müddətinin qeyd edilməsi girov müqaviləsinin qüvvədən düşməsi və ya səhmlər üzrə girov hüququna xitam verilməsi kimi qiymətləndirilə bilməz və bunu tənzimləyən hər hansı norma da mövcud deyildir. Qeyd edilən hal Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən yüklülüyə dair 1 saylı Əlavədə məlumat xarakterli qeyd edilmiş və heç bir hüquq nəticə yaratmır. Göründüyü kimi, Mərkəzi Bank tərəfindən verilmiş kreditlərin təminatı qismində "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhm Mərkəzi Bankın xeyrinə girov qoyulmuşdur. "xxxx" ASC-nin vergi borcu müqabilində daşınmaz əmlakının satılması üçün açıq hərraca çıxarılması barədə qəbul edilmiş məhkəmə qətnaməsi Mərkəzi Bankın girov saxlayan kimi hüquqlarını reallaşdırmaq imkanlarını məhdudlaşdırır. Məhkəmə "xxxx" ASC-yə məxsus siyahıya alınmış əmlakın hərrac yolu ilə satılmasına dair işə baxarkən səhmdar cəmiyyətinin səhmlərinə münasibətdə üçüncü şəxslərin girov hüququnun olub-olmamasını və qəbul ediləcək qətnamə ilə onların maraqlarına hansı dərəcədə təsir edib-etməyəcəyinə qiymət verməli idi. Səhmdar cəmiyyətinin mülkiyyətindəki siyahıya alınmış əmlakın məhkəmə qaydasında qiymətləndirmə aparılmadan satışına dair qərar qəbul edilməsi səhmlərin dəyərinə ciddi təsir göstərməklə və girov hüququnun reallaşdırılması zamanı həmin səhmlərin real subyektlər tərəfindən hərracdan əldə edilməsinə marağın əhəmiyyətli şəkildə azalmasına gətirib çıxarır. Mərkəzi Bank kommersiya işi üzrə işdə iştirak edilməyə cəlb edilməsə də, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli qətnamə Mərkəzi Bankın girov saxlayan kimi hüququ və vəzifələrinə birbaşa toxunur. Beləliklə, məhkəmə qəbul edilmiş qətnamənin Mərkəzi Bank hüquq və vəzifələrinə toxunması hissəsində tam araşdırma aparmadan Mülki Prosessaul Qanunvericiliyin tələblərinə zidd olaraq apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Əvvəlki şikayətdə də qeyd edildiyi kimi, kredit müqaviləsinin təminatı qismində Ç.R.Əsədullayevə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhmin girov götürməsinə səbəb, həmin dövrdə ASC-yə məxsus əmlakın ümumi dəyərinin (torpaq sahəsi və qeyri-yaşayış binaları) müstəqil qiymətləndirici tərəfindən 8.000.000 (səkkiz milyon) manat məbləğində qiymətləndirilməsi olmuşdur (kredit müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir). Həmin dövrdə ASC-nin xalis aktivləri (torpaq sahəsi və qeyri yaşayış binaları) yüksək olduğundan ASC-nin yuxarıda adları sadalanan əmlaklarına münasibətdə deyil səhmlərə münasibətdə girov müqaviləsi bağlanmışdır. Hesab edilmişdir ki, kredit öhdəliyinin icra edilməməsi riski yaranacağı təqdirdə girov predmetinə tutma yönəldilməklə öhdəliyin icrası təmin eldiləcəkdir. Məlum olduğu kimi, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Bu səbəbdən də qanunverici ipoteka (girov) saxlayanın ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstün hüququnu müəyyən etmişdir. Bundan başqa, 2016-cı il tarixdə bağlanmış girov müqaviləsində tərəflər "xxxx" ASC-yə məxsus əmlakın ümumi dəyərin (torpaq sahəsi və qeyri-yaşayış binaları) müstəqil qiymətləndiricinin rəyi əsasında 8.000.000 (səkkiz milyon) manat məbləğində qiymətləndirdikləri halda üzərindən 4 ilə yaxın bir müddət keçəndən sonra apellyasiya şikayətində mübahisələndirilən qətnamədə ASC-nin 207.266,03 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ASC-yə məxsus Dövlət Vergi Xidməti tərəfindən siyahıya alınmış cəmi 13729,15 m2 sahəs olan 15 (on beş) ədəd ofis və binalar (daş) daşınmaz əmlakların borc həddinə yaxın bir qiymətlə 220.000 (iki yüz iyirmi min) manat qiymətləndirilməsi reallığı əks etdirmir və qiymətləndirmənin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə aparılmasını şübhə altına alır. Yuxarıda qeyd edilən əmlakların dəyərindən qat-qat aşağı məbləğdə qiymətləndirilərək açıq hərracdan satılması Mərkəzi Bankın xeyrinə girov qoyulmuş səhmlərin real dəyərinin azalmasına səbəb olmuş və səhmlərin realizə edilməsini çətinləşdirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilən göstərişlərə riayət edilməmiş, məhkəmə iclasında hərtərəfli araşdırma aparılmamış, apellyasiya şikayətinə əlavə olunmuş sənədlərə lazımi hüquqi qiymət verilməmiş və son nəticədə girov saxlayan Mərkəzi Bankın maraqlarına toxunan nəticəyə gəlməklə mübahisələndirilən qərardadı qəbul etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadında iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktları araşdırmamış, məhkəmə həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəni şərh etməmiş, habelə qərardadda göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə qəbul etdiyi geri qaytarma barədə qərardadında qətnamənin Mərkəzi Bankın maraqlarına toxunmadığını formal olaraq əsaslandırmışdır. Hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-339/2020 nömrəli qərardadı ləğv edilməli, Mərkəzi Bankın prosessual hüquqları bərpa edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Maddə 357. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər və üçüncü şəxslər, xüsusi icraat işlərində isə ərizəçilər və maraqlı şəxslər və yaxud, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər apellyasiya şikayəti verə bilərlər. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir
13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, kommersiya işinin materialları nəzərdən keçirilərkən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 04 may 2020-ci ildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və 07 fevral 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 207266,03 (iki yüz yeddi min iki yüz altmış altı manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "Sumqayıt Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 13729,15 m2 sahəsi olan 15 (on beş) ədəd ofis və binaların (daş) ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, müvafiq qaydada icraya yönəldilmiş və icra olunmuşdur.
16. Azərbaycan Respublikası Mərkəzi Bankı Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsinin maraqlarına toxunduğunu iddia edərək apellyasiya şikayəti vermişdir.
17. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mərkəzi Bankının Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini geri qaytarmışdır.
18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia tələbi üzrə qəbul edilmişdir. Hazırda apellyasiya şikayəti vermiş Azərbaycan Respublikası Mərkəzi Bankı həmin işdə proses iştirakçısı, yəni tərəf (cavabdeh və s.) olmamışdır. Eyni zamanda, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi üzrə 19 avqust 2020-ci il tarixli e-2-2(119)- 339/2020 nömrəli qətnamə qəbul edilərkən, həmin qətnamənin Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq və vəzifələrinə toxunması müəyyən olunmur.
19. Məhkəmə hesab etmişdir ki, girov qoyan X5 tərəfindən 09 dekabr 2016-cı il tarixli GBS16-1853/2 nömrəli Girov müqaviləsi üzrə borclu "xxxx" ASC-nin öhdəliyi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə nominal 2 (iki) manat olan 23891 ədəd adi adlı səhm 08 iyun 2017-ci il tarixədək girov saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankında girov qoyulmuş olsa da, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 04 may 2020-ci ildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə məlum iddia ərizəsi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsinə əsasən 07 fevral 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 207266,03 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus siyahıya alınmış cəmi 13729,15 m2 sahəsi olan 15 ədəd ofis və binalar ixtisaslaşdırılmış açıq hərracda satılmışdır. Ona görə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq məcburi dövlət ödənişləri üzrə yaranan borcun ödənilməsi məqsədilə vergi ödəyicisi olan hüquqi şəxsə aid daşınmaz əmlakın açıq hərracda satılması barədə qəbul edilmiş məlum qətnamə ilə həll edilən mübahisənin - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələbləri baxımından, vergi ödəyicisi "xxxx" ASC-nin adi adlı səhmlərini 08 iyun 2017-ci il tarixədək girovda saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqlarına və mənafelərinə toxunması kimi qiymətləndirilə bilməz. Hətta, mübahisəyə baxılan və məhkəmə qətnaməsi qəbul edilərkən baxılan iş və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunmasa da, sonradan yaranmış hər hansı vəziyyət və şəraitlə əlaqədar qətnamənin digər bir şəxsin ehtimal edilən “hüquq və vəzifələrinə toxunması” da - həmin şəxsə məlum Qətnamədən apellyasiya şikayəti vermək və qətnaməni mübahisələndirmək hüququ vermir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X3 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi res judikata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyinəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin.
21. Məhkəmə kollegiyası, qeyd edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın yuxarıda qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
22. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şərh olunan mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, şikayət əsassız hesab edilməli və təmin edilməməlidir.
23. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayət verilə bilməz.