Məhkəmə qərarları › İş №2-2(103)-237/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-237/2023

13.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-237/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xətti üzərində mülkiyyət hüququnun tanınması, qanunsuz qoşulmaların ləğv edilməsi, dövlət rüsumunun tutulması tələbinə dair Açar söz: elektrik xətti üzərində mülkiyyət hüququnun tanınması, qanunsuz qoşulmaların ləğv edilməsi, dövlət rüsumunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xətti üzərində mülkiyyət hüququnun tanınması, qanunsuz qoşulmaların ləğv edilməsi, hava xəttinin pasportunun ləğv edilməsi, xəttin təhvil verilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4946/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. X4 26 mart 2004-cü il tarixli 91 nömrəli qərarına əsasən Göyçay Aqrokoopuna balanslarında olan yardımçı təsərrüfatın əmlakının 1.400.000 manat dəyərində razılaşdırılmış qiymətlə payçı İddiaçı satılmasına razılıq verilmişdir. Qərarın məzmununda qeyd olunur ki, Təsərrüfatda olan bina və qurğuların ilk balans dəyəri 128 milyon manat təşkil edir, bunun 112,6 milyon manatı balıqçılar üçün nohur işıq xətti və yol çəkilinin dəyərindən ibarətdir.

2. 29 mart 2004-cü il tarixli aktla təsdiq edilir ki, X4 26 mart 2004-cü il tarixli 91 nömrəli qərarına əsasən Göyçay Aqrokoopunun (ümumi dəyəri 128.000.000 manat olan) yardımçı təsərrüfatında olan obyektlər (3 otaqlı ev, balıq yetişdirmək üçün göl, yüksək gərginlikli elektrik xətti-transformatorla birlikdə və obyektdə göstərilən işlər – 5x15 m/2-lik tövlə, yol çəkilişi, su xətti çəkilişi) Göyçay Aqrokoopunun yardımçı təsərrüfatının maddiməsul işçisi İddiaçı 1.400.000 manata satılmışdır. Akt Aqrokoopun (direktorunun, baş mühasibinin, mühasibin) imzası və möhürü ilə təsdiq edilmişdir.

3. X7 Rayon Elektrik Şəbəkəsinə ünvanladığı xx.xx.2004- cü il tarixli məktubdan görünür ki, idarənin balansında olan yardımçı təsərrüfat, oranın məsul işçisi İddiaçı X4 26 mart 2004-cü il tarixli 91 nömrəli qərarı əsasında satılmışdır. Yardımçı təsərrüfat olan yüksək gərginlik olan elektrik xətti və transformator onun hesabına keçirilmişdir. Həmin elektrik xəttindən başqa şəxslərlə bağlanmış müqavilə etibarsız sayılmalı və həmin xətlər xətlərindən ayrılmalıdır.

4. Göyçay “Aqrartikinti” filialının iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Göyçay “Aqrokop” təşkilatının Göyçay çayının yuxarı sahilində, şəhərdən 4 km uzaqlıqda olan yardımçı təsərrüfatına çəkilən 10 kV gücündə elektrik xətti və yardımçı təsərrüfatda olan bütün elektrik işləri Göyçay 8 nömrəli X2 dəstə tərəfindən 1987-ci ildə çəkilmişdir. Həmin elektrik quraşdırma işləri tərtib olunmuş və X10 ilə razılaşdırılmış layihə-smeta sənədləri və texniki şərtlər əsasında görülmüşdür. 8 nömrəli X1 dəstə "xxxx" ASC-nin 02 saylı 16.08 nömrəli X1 dəstə "xxxx" ASC-nin 02 saylı xx.xx.1998-ci il tarixli əmrinə əsasən "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialına çevrilib.

5. X6 İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 149 nömrəli məktubdan görünür ki, tələbinin yerinə yetirilməsi üçün texniki şərtin, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktının və balans məsuliyyəti aktının surətləri X8 təqdim edilməlidir.

6. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 6- 02/06/C-066/2495 nömrəli məktubdan görünür ki, İddiaçı Göyçay şəhər ərazisində yardımçı təsərrüfata 1987ci ildən çəkilən 3 km uzunluğunda elektrik veriliş xəttinin onun balansına keçirilməsi üçün KTM-in texniki şərtinin, istismara buraxılış aktının və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi tövsiyə olunmuşdur.

7. Cavabdeh "xxxx" ASC (X10) tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli hava xətinin pasportundan və “Mərkəzi Aran” RETSİ-nin xidməti məlumatından görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində İddiaçı obyektinə gedən 35/10 kV-luq “Çörək zavodu yarımstansiyasından qidalanan 10 kV-luq 3-cü “Şəhər” hava xətti 1970-ci ildən istismara verilmiş, hava xəttinin uzunluğu 12,8 km, hava xəttinin naqilinin markası AS-35dir. İddiaçı obyektinə gedən xəttin budaqlanması Göyçay EŞ-nin balansındadır. Hava xəttinin budaqlanmasından 4 ədəd komplekt transformator məntəqəsi (Göyçay EŞ, “Ferma” KFT, “Daş karxanası” KTM, İddiaçı məxsus obyekt) qidalanır. 2016-2017-ci illərdə xəttin dayaqlarında təmir işləri aparılmışdır. Pasporta xəttin sxemi əlavə edilmişdir.

8. İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ildə tərtib edilmiş pasportun ləğv edilməsi, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yardımçı təsərrüfatından ümumi xəttə qədər olan 3 km-lik yüksək gərginlikli elektrik xəttinin üzərində mülkiyyət hüquqlarının tanınması, həmin xəttin ona təhvil verilməsi, qanunsuz qoşulmaların ləğv edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərittifaq” İdarə Heyətinin 26 mart 2004- cü il tarixli 91 saylı qərarı ilə Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində yerləşən, Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatı aşağıda adları göstərilən obyektləri ona satılmışdır. Həmin obyektlər aşağıdakılardır: 3 otaqlı ev; Balıq yetişdirmək üçün göl; yüksək gərginlikli elektrin xətti-transformatorla birlikdə; obyektdə göstərilən işlər – 5x15m/2-lik tövlə. Göyçay “Aqrokoop” qeyd olunan yardımçı təsərrüfata 1987-ci ildə çəkilən 3 km uzunluğunda olan elektrik xəttinin çəkilməsi icazəsini "xxxx"dən aldıqdan sonra qeyd olunan 3 km uzunluğunda yüksək gərginlikli elektrik xətti transformatorla birlikdə “Aqrokoopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən çəkilmişdir. Məlum olmuşdur ki, öz vəsaitləri hesabına Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatına çəkdikləri uzunluğu 3 km olan hava elektrik xəttinə Göyçay EŞ-si onun icazəsi və xəbəri olmadan ərazidə fəaliyyət göstərən daş karxanası, asfalt zavod və su sistemləri idarəsinin yardımçı təsərrüfatlarına 3 ədəd transformator qoşulmuşdur. Lakin ona məxsus xəttə Göyçay EŞ tərəfindən qanunsuz qoşulma ilə bağlı Göyçay EŞ-yə xx.xx.2019-cu il tarixdə ünvanladığı məktuba şəbəkənin baş mühəndisi Mövsüm Ağayev xx.xx.2020-ci il tarixli, 149 saylı cavab məktubunda bildirmişdir ki, tələbin yerinə yetirilməsi üçün texniki şərtin, Dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktının və balans məsuliyyəti aktının surətlərini təqdim etməlidirlər. O, tələb edilən sənədlərin həmin zaman - 2004-cü ildə Göyçay EŞ-yə təqdim etdiyini və həmin sənədlərin onların idarəsində olduğunu bildirmişdir. İdarənin baş mühəndisi Mövsüm Ağayev idarənin arxivi 2006-cı ildən hansı səbəblərə görə məhv edildiyini diqqətinə çatdırmışdır. Məsələ ilə bağlı "xxxx" ASC-yə ünvanladığı məktuba 28 mart 2022-ci il tarixli, № 6-02/06/C-066/2495 saylı cavab məktubunda da elektrik veriliş xəttinin onların balansına keçirilməsi üçün KTM-in texniki şərtini, istismara buraxılış aktını, balans məsuliyyət aktını və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim olunması tövsiyə olunduğu qeyd edilmişdir. Göyçay EŞ-nin, həm də "xxxx" ASC-nin Texniki Departament direktorunun tələb etdiyi həmin sənədlər vaxtında Göyçay EŞ-yə təqdim olunduğu halda o tələb olunan sənədləri yenidən təqdim edilə bilməz. Vaxtında lazım olan müvafiq sənədlər təqdim olunmasaydı “Azərittifaq” İdarə Heyəti 265 mart 2004-cü il tarixli 91 saylı qərarı ilə Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatının mülkiyyətində olan yüksək gərginlikli elektrik xəttini transformatorla birlikdə ona sata bilməzdir. Bu sənədlərin idarənin arxivində saxlanılması onun vəzifəsi deyil. Belə çıxır ki, "xxxx" ASC texniki şərtin, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktı və balans məsuliyyəti aktı olmadan onun xəttini özününküləşdirə bilər, o isə öz vəsaitləri hesabına çəkdiyi xəttdən istifadə edə bilməz.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2015-ci il tarixli hava xətinin pasportun ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4946/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları – mübahisəli elektrik verilişi xətti üzərində mülkiyyət hüququnun yaranması üçün əsasların mövcud olmasını, o cümlədən həmin xəttin “Aqrokoopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən çəkilməsinin, eləcə də sonradan xəttin mülkiyyətçisi tərəfindən ona satılmasını sübuta yetirə bilməmişdir.

14. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, mübahisəli elektrik verilişi xəttinin onun balansında olmasını təsdiq edə biləcək sənədlər - KTM-in texniki şərti, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktı, balans məsuliyyəti aktı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi elektrik veriliş xəttinin iddiaçıya satılması barədə Göyçay Aqrokoopun vəzifəli şəxsləri və İddiaçı tərəfindən imzalanmış 29 mart 2004-cü il tarixli akt və “Göyçay Aqrokoop”un xx.xx.2004-cü il tarixli məktubuna gəldikdə məhkəmə qeyd edir ki, “Göyçay Aqrokoop”un mübahisəli elektrik verilişi xətti üzərində hər hansı hüquqa malik olması iş materiallarına əsasən müəyyən edilmədiyindən həmin sənədlər iddianın əsaslığını müəyyən etmək üçün yetərli deyillər.

16. Məhkəmə son olaraq qeyd etmişdir ki, mübahisəli elektrik verilişi xəttinin mülkiyyətçisi olması və ya qanuni əsasla həmin xəttə sahiblik etməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı mülkiyyət hüququna əsaslanaraq hazırkı iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4946/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə ünvanladığı məktuba 28 mart 2022-ci il tarixli, № 6-02/06/C-066/2495 saylı cavab məktubunda da elektrik veriliş xəttinin onların balansına keçirilməsi üçün KTM-in texniki şərtini, istismara buraxılış aktını, balans məsuliyyət aktını və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim olunması tövsiyə olunduğu qeyd edilmişdir. Həmin cavab məktubu ona rəsmi şəkildə poçt vasitəsi ilə 08 aprel 2022-ci il tarixdə verilmişdir. Göyçay EŞ-nin, həm də "xxxx" ASC-nin Texniki Departament direktorunun tələb etdiyi həmin sənədlər vaxtında Göyçay EŞ-yə təqdim olunduğu halda o tələb olunan sənədləri yenidən təqdim edilə bilməz. Vaxtında lazım olan müvafiq sənədlər təqdim olunmasaydı “Azərittifaq” İdarə Heyəti 265 mart 2004-cü il tarixli 91saylı qərarı ilə Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatının mülkiyyətində olan yüksək gərginlikli elektrik xəttini transformatorla birlikdə ona sata bilməzdir. Bu sənədlərin idarənin arxivində saxlanılması onun vəzifəsi deyil. Belə çıxır ki, "xxxx" ASC texniki şərtin, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktı və balans məsuliyyəti aktı olmadan onun xəttini özününküləşdirə bilər, o isə öz vəsaitləri hesabına çəkdiyi xəttdən istifadə edə bilməz. Şikayəti ilə bağlı ona ünvanladıqları cavabları qanunsuz və ədalətsiz hesab etdiyindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova şikayət məktubu ünvanlamışdır. Lakin həmin şikayət məktubu araşdırılmaq əvəzinə yenidən araşdırılması üçün "xxxx" ASC-nin Texniki Departamentinə göndərilmiş, həmin idarə də heç bir araşdırma aparmadan ünvanına təkrarən qanunsuz cavab ünvanlamışdır. “Aqrokoopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən 1987ci ildə çəkilmiş 3 km uzunluğunda olan elektrik xəttinin çəkilməsi icazəsini "xxxx"dən aldıqdan sonra qeyd olunan 3 km uzunluğunda yüksək gərginlikli elektrik xətti transformatorla birlikdə dəyərini ödəməklə əldə etdiyindən həmin xəttin mülkiyyətçisi hesab olunur. Onun mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmaqdadır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

21. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddə-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddə- mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddə-mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4946/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla (“Azərittifaq”ın İdarə Heyətinin 26 mart 2004-cü il tarixli 91 nömrəli qərarı, 29 mart 2004-cü il tarixli akt və s) təsdiq edilir ki, Göyçay Aqrokoopun (ümumi dəyəri 128.000.000 AZM olan) yardımçı təsərrüfatında olan obyektlər 3 otaqlı ev, balıq yetişdirmək üçün göl, obyektdə göstərilən işlər – 5x15 m/2-lik tövlə, yol çəkilişi, su xətti çəkilişi, o cümlədən yüksək gərginlikli elektrik xəttitransformatorla birlikdə ) Göyçay Aqrokoopunun yardımçı təsərrüfatının maddi-məsul işçisi İddiaçı 1.400.000 manata (AZM) satılmışdır. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu, X12 kəndində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

25. İşdəki hava pasportundan və xidməti məlumatdan məlum olur ki, iddiaçının üzərində mülkiyyət hüququnun tanınmasını tələb etdiyi 10 kV-luq yüksək gərginlikli elektrik xətti hazırda X6 balansındadır.

26. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, işdə olan sübutlar iddia tələbinin təmin edilərək sözügedən elektrik xətti üzərində iddiaçının mülkiyyət hüququnun tanınması üçün kifayət deyil. Belə ki, X4 26 mart 2004-cü il tarixli 91 nömrəli qərarı, 29 mart 2004-cü il tarixli təhvil-təslim aktında iddiaçıya satılmış elektrik xəttinin uzunluğu qeyd edilmədiyi üçün ümumi uzunluğu 12,8 km olan xəttin hansı hissəsinin yardımçı təsərrüfata aid xətt olaraq özgəninkiləşdirildiyi aydın olmur. Həmin xəttin uzunluğunun 3 km olduğu yalnız Göyçay rayon X3 iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilsə də, bu məlumatın məktubda hansı sənədə istinad edilməklə qeyd edildiyi məlum deyil. 27.Bundan əlavə iddiaçıya satdığı elektrik xətti üzərində “Azərittifaq”ın özünün mülkiyyət hüququna malik olması iddiaçının müraciətinə cavab məktublarından başqa digər mötəbər sübutlarla təsdiq olmadığından, həmin məktubların isə hansı sənədlər əsasında tərtib edildiyi məlum olmadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4946/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4946/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar